(5.1928, Göyçay ş.–?.5.2016, Bakı ş.) – tibb elmləri namizədi (1966), dosent (1969).
1928 ilin may ayında Göyçay ş.-də anadan olub. Orta təhsilini 1944 ildə başa vurduqdan sonra Fatimat xanım Azərb. Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1949 ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək anadan olduğu Göyçay r-da həkim kimi fəliyyətə başlayıb. Beş il müddətində təcrübi təbabət sahəsində çalışaraq klinik təcrübə toplayıb və 1955 ildə Azərb. Dövlət Tibb institutunun Daxili xəstəliklərin propedevtikası kafedrasının ordinaturasına daxil olub.
Fatimat xanım həmin kafedrada 1957-66 illərdə baş laborant, 1966-69 illərdə assistent kimi fəaliyyət göstərib. O, kafedranın baş laborantı kimi fəaliyyət göstərdiyi illərdə tədqiqat işini müvəffəqiyyətlə başa çatdırıb və 1966 ildə namizədlik dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb. 1969 ildə ona dosent elmi adı verilib və ömrünün sonunadək Azərb. Dövlət Tibb İnstitutunda (sonralar Azərb. Tibb Universiteti) fəaliyyət göstərib. Fatimat xanım uzun illər ərzində görkəmli alim, Azərbaycanda klinik təbabətin banilərindən biri professor Məmməd Əmin Əfəndiyevin rəhbərlik etdiyi, sabahın həkimləri üçün sözün əsl mənasında bilik məbədi və məktəb olmuş Daxili xəstəliklərin propedevtikası kafedrasında öz dövrünün tanınmış peşəkar mütəxəssisləri ilə çiyin-çiyinə çalışıb. O, ömrünün sonunadək həmin məktəbin ənənələrinə sadiq qalaraq gənc həmkarları üçün əvəzolunmaz örnək olub.
Fatimat Adıgözəlova 2016 ilin mayında vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.43