(15.3.1865, Göyçay ş. – 9.10.1944, Lvov ş.) – görkəmli şərqşünas-alim, AXC-nin DİN nazirinin müavini (1918–1919), general-mayor.
Bakı Real Gimnaziyasını bitirdikdən sonra hərbi peşənin sirlərinə daha mükəmməl yiyələnmək üçün əvvəlcə Konstantin Piyada Qoşun Məktəbində, sonra isə Sankt-Peterburqda Mixaylovski Artilleriya Məktəbində təhsilini uğurla davam etdirən, hətta sonuncu tədris ocağında ekstern imtahan verib 4 illik təhsilini bir ildə başa vuran Sadıq bəy 1887 ildə leytenant rütbəsi ilə Zaqafqaziya Hərbi Dairəsində xidmətə başlayır. Orada çalışdığı 10 il ərzində bir çox döyüşlərin fəal iştirakçısı olur. Onun hərbi sahədəki peşəkarlığı, müdafiə və hücum taktikalarına mükəmməl bələdçiliyi, ağırlıq və təmkinlik, igidlik və mətinlik kimi yüksək mənəvi keyfiyyətləri ən məşhur ordu komandanlarını belə heyrətdə qoyurdu. Təsadüfi deyil ki, o, təcrübəli hərbiçi kimi Rusiyanın Xarici İşlər İdarəsində işləməyə dəvət olunur.
1899 ildə Türkmənistanın Aşqabad ş.-ki hərbi hissədə xidmətə başlayan Sadıq bəy öz vəzifə borcunu layiqincə yerinə yetirməklə bərabər, boş vaxtlarında yerli əhali ilə sıx ünsiyyət şəraitində türkmən dilinin incəliklərinə də mükəmməl yiyələnir. Onların ən qiymətli folklor nümunələrini toplayıb 1904 ildə “Türkmən ləhcəsi (Axal-Tekin dialekti) dərsliyi” adlı ilk kitabını nəşr etdirir. Türkmən ədəbi mühitində böyük sensasiya doğuran bu qiymətli əsərə görə 1913 ildə Buxara əmiri Seyid Alim Xan onu Buxaranın ən ali ordeni ilə təltif edir. Bu əsər onun elm aləmində atdığı ilk uğurlu addım idi. 1914 ildə Birinci Dünya müharibəsi başlananda rus ordusunun tərkibində İranda fəaliyyət göstərən Sadıq bəy 4 ildən sonra hərbi xidmətini başa vurub doğma ata-baba yurdu Göyçaya qayıdanda artıq Azərb. torpağı üzərində ilk müstəqil dövlətimizin bayrağı dalğalanmaqda idi. 1918 ilin 23 oktyabrında AXC hökumətinin qərarı ilə Sadıq bəy DİN nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o, 1919 ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir. Bundan sonra isə AXC rəhbərliyi o vaxt dilçi alimlərimizin “filologiya elminin generalı” adlandırdıqları Məhəmməd Sadıq bəy Ağabəyzadəni maarif naziri vəzifəsinə təyin etmək qərarına gəlir. Hətta bu barədə sərəncam da hazırlanmışdı. Həmin günlərdə imperiya ordusunun Azərbaycanı işğala məruz qoyması hər şeyi alt-üst etdi. Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan Sadıq bəy İstanbulda türk tarixi və ədəbiyyatı üzrə ciddi tədqiqat işləri aparmaqla bərabər, türk xalqının müdrik oğlu Mustafa Kamal Atatürkün ideyalarının ölkə boyu təbliği sahəsində də əsl fədakarlıq nümunələri göstərir. Lakin burada da bəzi düşmən qüvvələrin ağır təhdidləri ilə üzləşən Məhəmməd Sadıq bəy 1924 ildə Parisə gedib oradakı Sarbon Universitetində fars və türk dillərinin tədrisi ilə məşğul olur. Məhəmməd Sadıq bəy Türkiyə və Parisdəki fəaliyyəti dövründə həmin ölkə ziyalıları ilə görüşlərində, nə qədər qorxulu olsa da, bədnam Türkmənçay müqaviləsindən ilk müstəqillik dövrümüzün sonunadək imperiyanın xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətlər, 1915-20 illərdə himayədarlarının fitvası ilə erməni daşnaklarının Bakıda və Azərb.-ın digər bölgələrində törətdikləri vəhşiliklər barədə həqiqətləri söyləməkdən çəkinmirdi. Sadıq bəy həyat yoldaşının vəfatından sonra 1927 ildə Ukraynanın Lvov ş. qayıdır və ömrünün sonunadək orada yaşayır. O həm Lvov Milli Dövlət Universitetinin Fəlsəfə kafedrasında, həm də oradakı Ali Ticarət Məktəbində türk, fars və ərəb dillərinin qrammatikasından dərs keçirdi. Ukraynada şərqşünaslıq məktəbinin ilk təməlçisi, ölkədə yüzlərlə gəncin Şərq dillərinə mükəmməl yiyələnməsində, yeni şərqşünas alimlər və tərcüməçilər nəslinin yetişməsində əvəzsiz xidmətləri olan Sadıq bəy Ukraynada islamşünaslıq elminin tədrisi ilə də ciddi məşğul olurdu. Məhəmməd Sadıq bəyin 1931 ildə polyak dilində nəşr etdirdiyi “Türk dili” dərsliyi həm Ukraynanın, həm də Polşanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Məhəmməd Sadıq bəyin “Müasir ərəb dilinin fonetika və morfologiyası” mövzusunda yazdığı dissertasiya işi universitetin elmi şurası tərəfindən yüksək qiymətləndirilir. Sadıq bəy klassik və müasir osmanlı, fars, ərəb, ingilis, fransız, polyak, türkmən, rus və Ukrayna dillərinin, həmçinin müsəlman dünyası xalqlarının qədim, keşməkeşli tarixinin, zəngin mədəniyyətinin ən mahir bilicilərindən biri kimi şöhrət qazanmışdı. Ukraynalı alimlər Sadıq bəyin Ukrayna tarixinin qədim qaynaqlarına onların özlərindən də mükəmməl bələd olduğunu açıq etiraf edirdilər. O, 1932 ildə “Fars dili”, 1934 ildə isə “Elementar ərəb dili qrammatikası” dərsliklərini nəşr etdirir. Hitler faşizmi Qərbi Ukraynanı işğala məruz qoyanda 78 yaşlı bu qocaman alimin yaşadığı mənzil də ağır top atəşinə məruz qalır. Evi dağıdılıb, var-yoxu əldən çıxan, beyninin məhsulu olan bir çox yarımçıq əsərləri mənzildə yanıb külə dönən Sadıq bəy uçuq-sökük bir daxmaya sığınmaq məcburiyyətində qalır. 1943 ilin şaxtalı qış günlərindən birində ağır xəstəliyə düçar olur. Cəmi bir il sonra, 1944 ildə dünyasını dəyişən Sadıq bəy Ağabəyzadə şəhər ağır mühasirə halqasında olsa belə, minlərlə insanın müşayiəti ilə Lvovun Liçakovski qəbiristanlığında torpağa tapşırılır. Məşhur alimin məzarı Azərbaycanın Ukraynadakı o zamankı səfiri T.Əliyevin və Kiyev Dövlət Universitetinin müəllimi F.Turanlının təşəbbüsü və Lvov Azərbaycan Konqresi üzvlərinin köməyilə yenidən bərpa edilsə də, sonradan baxımsız vəziyyətdə qalan məzarüstü abidə 2017 ildə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Azərb. DİN-in rəhbərliyinin dəstəyilə yenidən qurulub.
Mənbə: Əlyarlı İ.M., Behbudov T.R. Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918-1920-ci illər). Bakı, 1998
Azərbaycan daxili işlər orqanlarının tarixi (ensiklopedik soraq kitabı). I kitab, Bakı, 2003
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s.100.