Anar Rəsul oğlu Rzayev (14.3.1938, Bakı ş.) – nasir, şair, dramaturq, tərcüməçi, ssenarist, Xalq yazıçısı (1998), AYB-nin sədri (1991).
Azərb.-ın görkəmli şairləri Rəsul Rzanın və Nigar Rəfibəylinin övladıdır. Anası şairə Nigar Rəfibəyli AXC-nin ilk səhiyyə naziri və Gəncə ş.-nin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin qızıdır. Məşhur Rəfibəylilər nəslindən olan Nigar xanım 1913 il iyunun 29-da Gəncədə anadan olub. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” Partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri vəzifəsində çalışıb. 1918 ildə Gəncədə müstəqil Azərb. Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olub, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilib. 1920 il aprel bolşevik çevrilişindən sonra həbs edilib, Gəncə üsyanının təşkilində ittiham edilərək güllələnib.
Anar atası tərəfdən Məmmədxanlılar nəslindəndir. Soyadları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləri ilə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmməd xanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915 ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
Anar 1945 ildə Bakıda 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955 ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinfə qədər gələcək həyat yoldaşı Zemfira Səfərova ilə bir yerdə oxumuşlar. 1955 ildə Anar ADU-nun Filologiya fakültəsinə, Zemfira xanım konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, 1962 ildə evlənmişlər.
Anar və Zemfira xanımın iki övladı var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərb.-ın Əlcəzair Ərəb Resp.-sındakı səfiridir. Qızları Günel isə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. Yazıçı, publisist və jurnalist, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Günel Rzayeva 2018 ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur, bir neçə kitab müəllifidir.
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. Onun “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” adlı ilk hekayələri 1960 ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunub. Anarın geniş oxucu kütləsinin diqqətini cəlb edən, dərin fəlsəfi-mənəvi mətləbləri və müasirliyin aktual ictimai-əxlaqi məsələlərini yüksək bədii səviyyədə əks etdirən, müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. Bu əsərlərdən bir çoxu, o cümlədən “Ağ liman”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Əlaqə”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ qoç və qara qoç” kimi bir çox məşhur əsərləri müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə çap olunub.
Anar həm də kəskin ictimai problemləri əks etdirən satirik nəsr və dram əsərlərinin, milli mənliyimizin, mədəniyyətimizin müxtəlif məsələlərinə həsr olunan esselərin müəllifidir.
Azərb.-ın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub, on bədii filmin (“Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Dədə Qoqud” – ilk ikihissəli Azərbaycan filmi, “Dantenin yubileyi”, “Üzeyir ömrü”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “İmtahan”, “Əlaqə”, “Təhminə”, “Otel otağı”), bir neçə sənədli və televiziya filminin (“Dəniz”, “Qobustan”, “Daş saatın səsi”, “Qədim Gəncə – Yeni Gəncə”, “Bu – Səttar Bəhlulzadədir”, “Bu – Cavaddır”, “Dindirir əsr bizi”, “Evləri köndələn yar”) ssenari müəllifidir. “Dantenin yubileyi” filminin, habelə ikihissəli “Üzeyir ömrü” və “Qəm pəncərəsi” filmlərinin quruluşçu rejissoru olub.
Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şeirlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şeirlərini Azərb. dilinə tərcümə edib.
Vətənpərvər ziyalı olan Anar həm də xalqımızın, ölkəmizin taleyində mühüm əhəmiyyət kəsb edən ümummilli məsələlərə öz mövqeyini bildirən fəal ictimai xadimdir. Onun təşəbbüs və rəhbərliyi ilə sovet dövründən dərc edilən “Qobustan” jurnalı, televiziya kanallarında apardığı verilişlər milli və dərin məzmunu ilə gənclərin maariflənməsində, vətənpərvərlik ruhunda tərbiyəsində, bəşəri mədəni dəyərlərə yiyələnməsində böyük rol oynayıb.
Görkəmli yazıçı Anar həm də ictimai xadimdir, hələ sovet dövründən müxtəlif tribunalardan, o cümlədən parlament kürsülərindən milli maraqlarımızı ifadə edən çıxışları, mərkəzi mətbuatda dərc olunan məqalələri və müsahibələri milli yaddaşımıza və istiqlal tariximizə əbədi həkk olunub.
Anar 1991 ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə AYB-nin sədri seçilib və hazırda bu vəzifəni icra edir. 1991 ildə Azərb. Resp. Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. 1995 və 2000 illərdə 75 saylı Göyçay seçki dairəsindən MM-in deputatı, MM-in mədəniyyət komissiyasının sədri olub. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995 ildə Azərb. Resp. Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014 ildə Türkiyənin Əskişəhər ş.-də keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
XX əsr ədəbiyyatımızda yeni ədəbi hadisə olan “altmışıncılar” nəslinin ən parlaq nümayəndələrindən olan Anar yaradıcılığa yeniyetməlik dövründən başlamış, ancaq ilk mətbu əsərləri 1960 ildə “Azərbaycan” jurnalının dekabr sayında dərc olunan “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” hekayələri olmuşdur.
Bundan sonra Anar dünyanın bir çox dillərinə tərcümə edilib xarici ölkələrdə dərc olunmuş, ədəbiyyatımızda yeni ədəbi-estetik istiqamətin təməlini qoymuş hekayə və povestlər, romanlar yazdı. Anarın bu nəsr əsərləri, bir tərəfdən, lirik.-psixoloji, digər tərəfdən isə, tənqidi-satirik səciyyəli idi və ədəbiyyata yeni qəhrəman – sadə, cəmiyyətin “qabaqcıl” təbəqəsinə aid olmayan fərdi, daxilən zəngin personajları gətirdi. Eyni zamanda onun yaradıcılığında sosialist realizminin ideoloji ehkamları inkar olundu, mahiyyətcə milli və bəşəri ideyalar, mənəvi dəyərlər, sosializmin əxlaq kodeksinə deyil, öz insani mahiyyətinə uyğun davranan fərdi qəhrəmanlar ədəbiyyata gətirildi.
Bununla yanaşı, Anar ictimai mövzulara da biganə qalmayıb, cəmiyyətdəki qüsurları yumor, sarkazm və satira, qrotesk vasitəsilə ifşa edərək tənqid etmişdir.
Onun əsərləri əsasında bir çox filmlər ərsəyə gətirilib. Ssenari müəllifi olduğu filmlər arasında “Gün keçdi”, “Dədə Qorqud”, “Otel otağı”, “Qəm pəncərəsi”, “Üzeyir ömrü” kimi sevilən və tanınan işlər var.
Anarın yaradıcılığı və fəaliyyəti dövlətimiz və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Azərbaycan SSR Dövlət mükafatı laureatı, “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri, “Heydər Əliyev Mükafatı”, “Humay” mükafatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı, “Üzeyir Hacıbəyli” medalı laureatı Anar bu gün də məhsuldar ədəbi yaradıcılıqla məşğuldur.
Məlumat A.Hacılıdan alınıb.