Bu ziyarətgahlar r-n Çayarxı k. qəbristanlığının ərazisindədir. Mövzumuzla əlaqəli olaraq bu ziyarətgahlar haqqında məlumat almaq üçün buranı ziyarət etdik. Kənd camaatının dediyinə görə, bu insanlar buraya Şamaxı r-nunun Nabırlı k-dən gəlib məskunlaşmışlar. Atababa və Şıxzadə baba böyük övliya İtikçi Sofuxa Məmməd babanın oğlanlarıdır. Onlar bu əraziyə 1930-32 illərdə gəlib və bir müddət burada yaşamışlar. Bu qəbirlər üzərində böyük kitabə vardır. Atababa babanın qəbrinin üzəri şıferlə örtülmüş, Şıxzadə babanın qəbrinin üzərində isə kvadrat formada (5 m x 5 m) 4 m hündürlüyündə mişar daşından künbəz ucaldılmışdır. Şıxzadə babanın qəbri üstündə olan kitabənin üzərində onun yaşadığı illər (1860-1936) və aşağıdakı bu şeir yazılmışdır.
Babadan gəlir təsvirim,
Ustadlar bilir hər sirrim.
Məhəmməddir gözəl dinim
O da Allah, Allah deyir
Bu şeir Şıxzadə babanın təriqətə bağlılığını, böyük şeyxlərdən dərs aldığını dəqiqliyi ilə bir daha sübut edir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 111-112