(15.7.1925, Göyçay ş. – 3.2.1994, Bakı) – Azərb. müğənnisi (lirik-dramatik tenor), pianoçu.
Azərb. SSR Xalq artisti (1967). Prof. (1972). Moskva Dövlət Konservatoriyasını (1949; K.N.İqumnovun sinfini) və onun aspiranturasını (1952; X.N.Fliyerin sinfini) bitirib.
Vokal üzrə A.V.Nejdanovadan dərs alıb. 1953-94 illərdə Azərb. Dövlət Opera və Balet Teatrının solisti olub.
Əsas partiyaları: Lenski, Vodemon (“Yevgeni Onegin”, “İolanta”, P.İ.Çaykovski), knyaz (“Su pərisi”, A.Darqomıjski), Alfred (“Traviata”, C.Verdi), Almaviva (“Sevilya bərbəri”, C.Rossini), Faust (“Faust”, Ş.Quno), Nemorino (“Məhəbbət şərbəti”, Q.Donisetti), Don Xerom (“Monastırda nişanlanma”, S.S.Prokofyev), Xoze (“Karmen”, J.Bize), Balaş (“Sevil”, F.Əmirov), Bahadır (“Bahadır və Sona”, S.Ələsgərov), Əsgər (“Arşın mal alan”, Ü.Hacıbəyli) və s. Atakişiyevin repertuarında kamera, vokal və estrada musiqisi də geniş yer tutub. Pianoçu kimi F.List, F.Şopen, P.İ.Çaykovski, S.V.Raxmaninov, S.S.Prokofyev, Q.Qarayev və başqalarının əsərlərini ifa edib.
O, bir sıra ölkədə çıxış etmişdir. 1953 ildən Azərbaycan Dövlət Konservatoriyasının fp. kafedrasının müəllimi, 1969 ildən həmin kafedranın müdiri olmuşdur.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: II cild: Argentina-Babilik, Bakı, 2010, s. 212.