Kərimov Cavad Mirəliəkbər oğlu (25.9.1943, Masallı r-nunun Qızılavar k.–2006) – din xadimi.
Kərimov Cavad Mirəliəkbər oğlu 25.9.1943 ildə Masallı r-nunun Qızılavar k-nin “Dəlləkoba” (keçmiş Seyyidoba) məhəlləsində, ruhani ailəsində dünyaya göz açmışdır. Ulu babaları Lerik r-nunun Camanşeh k.-in Seyyidlərindən olmuşdur, lakin repressiya zamanı Qızılavar k-nə köçürülmüşlər. Valideynləri – İslam dini üzrə alim Kazımov Mirəliəkbər və Seyyidə Fizzə xanım Haşimilər nəslinə mənsub olmuşlar. İlk təhsilinə hələ 4 yaşından (1947 ildə atasının ciddi səyi nəticəsində) “Dəlləkoba” ibtidai məktəbində başlayan balaca Cavad bir il ərzində iki sinif bitirməklə, təhsilini uğurla davam etdirərək məktəbi tərifnamə ilə başa vurmuşdur. Bununla bərabər Allaha olan inam və məhəbbət onda İslam dinini və onun dahi şəxsiyyətlərini dərindən öyrənmək marağını artırmışdır. Hətta Peyğəmbər (s.ə.s.) və onun tək xanədanə kimi əzəmətli şəxsiyyətlərin onun gündəlik yuxularında görülməsi halları bu işlərə xeyli müsbət təsir göstərmişdir.
1957-58 illərdə Bakı Dəmiryol Texnoloji Texnikumuna sənədlərini təqdim edən Cavad haqsızlığa məruz qalaraq, sənədlərinin oğurlanması kimi acınacaqlı halla üzləşir. Bundan sonra isə o, nəhayət ruhani elminə dərindən yiyələnməyi qarşısına məqsəd qoyur. Bu çətin, məsuliyyətli və olduqca şərəfli işdə valideynlərinin göstərdikləri səylər və verdikləri xeyir-dualar, ustadları, görkəmli alimlər olan molla Hüseyn Əli, molla Əli Fəttah, molla Şeyx Qüdrət, molla Əli Nağı, molla Cəbrayıl (qayın atası) repressiya qurbanı olmuş (keçmiş Puşkin r-nunda yaşamış) şeyx Hüseyn kimi şəxsiyyətlər ona kömək etmişlər. Ona göstərilən səy və etimadı doğruldan Cavad burada fiqh, üsul və bütün şəriət elmlərinə yiyələnmiş, yüksək savad, iman və təqva sahibi olan bir alim kimi yetişmişdir. Malik olduğu yüksək elmi təcrübəyə görə 28.6.1978 ildə mərhum Şeyxülislam Hacı Qəzənfər tərəfindən Göyçay r-nuna axund təyin edilmişdir.
Keçmiş sovetlər imperiyası dövründə İslam dininin kəskin şəkildə təqib olunduğu vaxtlarda – 1984 ildə Sovet İttifaqından Məkkəyə-Müqəddəs Kəbə evinə ziyarətə gedən 14 nəfər zəvarrın tərkibinə Axund Mircavad ağa da daxil olmuş və müqəddəs məkanı ziyarət etmək şərəfinə nail olmuşdur. Son illərdə Ağanın böyük həvəslə Allah (c.c.), Peyğəmbər (s.ə.s.) və onun pak əhli beytinə həsr etdiyi İlahi şeirlər və Ürək Yanğısı kitabı çap olunmuşdur.
Axund kimi çalışdığı illərdən Respublikamızın demək olar ki, bütün bölgələrində dərin hörmət və nüfuz qazanmış Hacı Mircavad ağa İslam həqiqətlərinin, mədəniyyətinin, əxlaqının və islami keyfiyyətlərin xalqa çatdırılmasında gərgin əmək sərf etmişdir. Böyük iman sahibi Hacı Mircavad ağa 2006 ildə haqqın dərgahına qovuşmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 87-89