Azərbaycan Respublikası – Cənubi Qafqazın şərqində dövlət. Xəzər dənizinin cənub-qərb sahilində, 38°24′ ilə 41°54′ şimal enlikləri və 44°46′ ilə 50°50′ şərq uzunluqları arasındadır. Ərazisinin uzunluğu qərbdən şərqə 450 km, şimal-qərbdən cənub-şərqə 440 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası (390 km), şimal-qərbdə Gürcüstan (471 km), qərbdə və cənub-qərbdə Ermənistan Respublikası (1007 km) və Türkiyə (15 km), cənubda İran İslam Respublikası (765 km) ilə həmsərhəddir. Rusiya Federasiyası ilə sərhəd xətti Samur çayı, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıx, Qabırrı çayları və Kür ilə Qabırrı çaylarının suayırıcısı təşkil edir. Ermənistan Respublikasından, əsasən, Murquz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran İslam Respublikası ilə dövlət sərhədini çox yerdə Araz, Bolqar, Astara çayları və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir. Azərbaycan Respublikasının quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.
Azərbaycan Respublikası ərazisinin təqribən yarısı dağlıqdır. Şimalda Böyük Qafqaz, cənubda Kiçik Qafqaz dağları və onların arasında Kür çökəkliyi, cənub-şərqdə Talış dağları uzanır. Ölkənin ərazisi faydalı qazıntılarla (neft, qaz, polimetal, dəmir filizi, alüminium, kobalt, mineral sular və s.) zəngindir. Dünyada mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycan Respublikasında müşahidə olunur. Respublika ərazisindən müxtəlif uzunluqda 8300-dən çox çay axır, 250-dən çox göl və su anbarları, zəngin torpaq-bitki örtüyü və heyvanlar aləmi var.
Azərbaycan Respublikası bir palatalı parlamentli (Milli Məclis) prezident respublikasıdır. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün təminatçısıdır. Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918 il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1920 il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991 ildə SSRİ dağılanadək davam etmişdir. 1991 il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995 il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və himni var.
Azərbaycan Respublikası BMT-nin (1992), Avropa Şurasının (2001), MDB-nin (1991) və ATƏT-in (1992) üzvüdür.
Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikasının dövlət orqanları, mədəniyyət, maarif müəssisələri və başqa idarələri Azərbaycan dilinin sərbəst işlədilməsini, kargüzarlığın dövlət dilində aparılmasını təmin edir və onun hərtərəfli tətbiqinə dövlət qayğısı göstərir. Azərbaycan Respublikasında əhalinin danışdığı başqa dillərin də azad surətdə işlədilməsi təmin edilir.
Dövlət hakimiyyətinin ali qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir. Dövlət hakimiyyətinin ali icra və sərəncamverici orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Ali məhkəmə orqanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsidir. Naxçıvan MR-in ali dövlət hakimiyyəti orqanı Naxçıvan MR Ali Məclisi, dövlət hakimiyyətinin ali icra və sərəncam orqanı Naxçıvan MR Nazirlər Kabinetidir. Respublikanın şəhər, qəsəbə və kəndlərində dövlət hakimiyyətinin yerli özünüidarəetmə orqanları bələdiyyələrdir.
Azərbaycan Respublikasının suverenliyi Azərbaycan Respublikası tərəfindən öz ərazisinin hər yerində ali qanunvericilik, icra və məhkəmə fəaliyyətinin respublikanın bütün vətəndaşlarının xeyrinə müstəqil həyata keçirilməsində ifadə olunur.
Azərbaycan Respublikasının ərazisi bölünməzdir və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə respublikanın bütün əhalisi arasında keçirilən xalq səsverməsi (referendum) ilə ifadə edilmiş razılıq olmadan onun sərhədləri dəyişdirilə bilməz.
Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.
Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrüfatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və s. inkişaf etmişdir. Kənd təsərrüfatı, əsasən, pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır.Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı əsas yer tutur.
Azərbaycan Respublikasının tərkibinə 1 muxtar respublika (Naxçıvan MR), 63 rayon, 79 şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 4246 kənd var (2022). Respublika tabeliyində olan şəhərlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Xankəndi, Şuşa, Yevlax, Lənkəran və Naftalandır.
Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km, əhalisi 10156.4 min. nəfərdir (01.01.2022).
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
Azərbaycan Respublikasının milli pul vahidi manatdır.
Əd.:
Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi, Bakı, 2007, s.10-11;
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycanın demoqrafik göstəriciləri (statistik məcmuə), Bakı, 2022, s. 40;
https://files.preslib.az/projects/azerbaijan/gl2.pdf;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası – “İnzibati-ərazi vahidləri”, s. 8.