(20.9.1934, Göyçay r-nunun Hacalıkənd k. – 24.9.2017, Bakı ş.) – Azərb. hidromelioratoru, kənd təsərrüfatı e.d. (2003), prof. (2014).
AzPİ-nin (indiki AzTU) Hidromeliorasiya fakültəsini hidrotexnika mühəndisi ixtisası üzrə bitirib (1957). Əmək fəaliyyətinə Baş Kür–Araz Sutinkinti İdarəsinin Göyçay r-nunda yerləşən 3 saylı Sutikintiquraşdırma İdarəsində usta kimi başlamışdır. Daha sonra fəaliyyətini Göyçay kənd təsərrüfatını mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda müəllim, metodist və qiyabi şöbə müdiri (1958-65) kimi davam etdirmişdir. 1965 ildə Azərb. Elmi Tədqiqat Hidrotexnika və Hidromeliorasiya İnstitutunun aspiranturasına daxil olmuş, Novoçerkassk Meliorasiya mühəndisləri İnstitutuna göndərilərək orada dünya şöhrətli akademik B.Şumakovun elmi rəhbərliyi ilə aspiranturanı tamamlamışdır. 1968-70 illərdə “AzETN və Mİ”-nin “Suvarma” və “Meliorasiya olunmuş torpaqların mənimsənilməsi” şöbələrində kiçik elmi işçi vəzifəsində çalışmış, 1973 ildə isə həmin şöbədə böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur.
Bəşirov 1972 ildə Novoçerkassk ş.-də “Azərbaycan Respublikasının Şirvan düzü şəraitində pambığın şırımlarla suvarma texnikasının mexanikləşdirilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1975 ildə institutun “Suvarma” şöbəsi nəzdində “Yeni suvarma texnikası” sektorunda damcılarla suvarma texnikası və texnologiyası üzərində elmi tədqiqat işləri aparmağa başlamış, 1976 ildən müsabiqə yolu ilə “Yeni suvarma texnikası” sektorunun müdiri, AzETN və Mİ EİB-nin elmi şurasının üzvü, 1993 ildən ömrünün sonuna qədər isə “Suvarma” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
1996 ildə İran İslam Respublikasında keçirilən elmi-texniki konfransda mütərəqqi suvarma texnikası və texnologiyası üzrə məruzə ilə çıxış etmişdir. O, 2002-05 illərdə Azərb. Dövlət Xəritəçəkmə Komitəsi, Dövlət Torpaq kadastrı və monitorinqi Elmi İstehsalat Mərkəzində “Kür Araz ovalığının 1:100000 miqyasında elektron torpaq xəritəsinin işlənib hazırlanması” mövzusu üzrə Hacıqabul və Ağsu r-nlarında torpaq planlama və xəritəçəkmə işlərini icra etmişdir. Bəşirov 2003 ildə “Azərbaycanın dağ və dağətəyi zonalarında kənd təsərrüfatı bitkilərinin suvarma texnikası və texnologiyası” mövzusunda “Meliorasiya və suvarma əkinçiliyi” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı e.d. alimlik dərəcəsi, 2014 ildə isə prof. elmi adı almışdır. Bəşirov 2005 ildən AzETN və Mİ EİB-nin elmi şurasının “Hidrotexnika və suvarma” bölməsinin sədri, institutun “Elmi əsərlər toplusu” redaksiya heyətinin üzvü, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2013 ildən isə həmin şuranın həmsədri olmuşdur. Bəşirov apardığı elmi tədqiqat işlərinin nailiyyətlərinə görə dəfələrlə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin döş nişanı, “Şərəf nişanı” ordeni, 2014 ildə isə Azərb. Resp. Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bəşirov 110 elmi əsərin və 5 ixtiranın müəllifi olmuş, onlardan 20-si Moskvada, Kiyevdə, Kişinyovda, Daşkənddə və s. ş.-lərdə çap olunmuş elmi məqalə, 2-si monoqrafiyadır. O, 9 fəlsəfə doktorunun elmi rəhbəri olmuş, onlardan 6-sı elmlər doktoru elmi dərəcəsi almışdır.
Məlumat V.Abdullayevdən alınıb.