Göyçay r-nunun k.-ləri arasında Ulaşlı Şıxlı adında bir k.-ə rast gəlmək olar. Məşhur tarixçi M.Artomonov xəzər türk tayfalarından bəhs edərkən kulas qəbiləsinin də adını çəkir. Şimali Qafqazda məskunlaşan kulas qəbiləsi haqqında VI əsrə aid Suriya mənbələrində də məlumat verilir. Q.Qeybullayevin fikrincə, bu etnonim Azərbaycan deyimində Ulaş kimi saxlanılmışdır. Bu ada Dağıstanda, Gürcüstanda və Ermənistanda da rast gəlmək olar.
Ulaşlı Şıxlı k.-də Babadayı ağacı adı ilə məşhur olan inam yeri vardır. Bu ocaq XIX əsrin 70-80 illərində Hacı Allahverdi tərəfindən müqəddəsləşdirilib. Bu inam yeri haqqında müxtəlif rəvayətlər vardır. Həmin rəvayətlərin birində söylənilir ki, bu ağacı Hacı Allahverdi əkib. Məkkə ziyarətinə gedən zaman onun oğlu Babadayı qucaqda olub. Yol üstü Hacı buyurur ki, mənim ağacıma Babadayı sahib olacaq. Hacı ziyarətdən qayıdarkən yolda vəfat edir. İki həmkəndlisi onun torbasını gətirir. Günlərin bir günü Babadayı müqəddəs palıd ağacının işıq saçdığını görür. O zamandan bəri bu palıd ağacı ziyarətgah olur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 103-104.