Bığır k. r-nun tarixən ən qədim və ən böyük k.-lərindən biridir. Burada məskunlaşma X əsrə təsadüf edir. Bəzi tarixçilər isə insan təşəkkül tapdığı zamandan bəri burada yaşayış olduğunu deyirlər. Buranın əhalisinin Şamaxının Boğurt qalasından gəldiyini iddia edirlər. Q.Qeybullayevin fikrincə, Azərb.-ın türk toponimlərində elə coğrafi adlara rast gəlirik ki, izahı qədim türk dillərinə gedib çıxır. Yalnız qədim və müasir türk dilləri arasında aparılan paralel araşdırmalar imkan verir ki, bu adların-isimlərin qədim türk dilində olduğunu dəqiqləşdirək. Bığır k.-nin adı da bu cür adlardandır. “Buqur” sözü – donqar, əyri yamac, dağ döşü mənalarını verir. Bığır k.-nin adı məhz bu sözlə izah olunur. Bu fakt deməyə əsas verir ki, Bığır yaşayış məntəqəsinin salınması türk qəbilələrinin buraya yürüşünün ilkin mərhələsinə təsadüf edir.
K.-in ali təhsilli sakini Rəşad müəllimin dediklərinə görə, burada lap qədim zamanlardan məscid olmuşdur. Bizim eşidib-bildiklərimizə görə isə kəndimizdəki ən qədim məscid Allahverdi məscidi olmuşdur. Bu məscid Bığır k. 1 saylı məktəbin ərazisində yerləşirdi. Bu da təxminən 1860-70 illərə təsadüf edir. Daha sonralar isə bu k.-də Hacı Zakir və Hacı Qiyas Əfəndinin tikdirdiyi Cümə məscidi olmuşdur. Bu da 1900 illərə təsadüf edir. 4-5 il əvvələ qədər binanın qalıqları mövcud idi. Hal-hazırda k.-də yeni bir məscid fəaliyyət göstərir. Məscid 1998 ildə İslam İrsinin Dirçəlişi Cəmiyyəti tərəfindən tikilmişdir.
Binanın ümumi sahəsi 108 kv.m-dir. İbadət zalı (7 m x 12 m) 84 kv.m-dir. Bu zalın 2 qiblə tərəfdə, 2 ş.-də, 2 q.-də olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün 2 giriş qapısı vardır. Qapılar şm. hissədəndir. Qapı və pəncərə başları arkalıdır. Məscidin giriş qapısının önündə 2 m enində tac şəkilli sütunlarla bağlanmış məscid boyu uzanan eyvan vardır. Minarə qapının sağında təqribən 10 m hün.-də, 1 şərəfəli binaya bitişik olaraq inşa edilmişdir. Bu minarə səkkizguşəli formada olub, qübbəsinin üstünə dəmirdən hazırlanmış aypara rəmzi qoyulmuşdur. Məscidin damı ağ dəmir örtüklə günbəz şəklində örtülmüşdür. Ümumiyyətlə, məscidin inşasında yerli inşaat materiallarından istifadə olunmuş, başdan-başa mişar daşı ilə tikilmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 62-64.