
Relyefin, iqlim şəraitinin, torpaq örtüyünün rəngarəngliyi Göyçay rayonu ərazisində çoxlu sayda müxtəlif bitkilərin yetişməsinə şərait yaratmışdır. Şirvan düzündə olduğu kimi rayon ərazisində də çala ərazilərdə nəmlənmə şəraiti, qrunt suları ilə əlaqədar olduğu üçün tala-çəmən bitkiləri inkişaf etmişdir.
Dağətəyi maili prolüvial-delüvial düzənlikdə ağot, şiyav, yovşan, taxılkimilər və müxtəlif otlar, cır nar, qaratikan, böyürtkan, iydə və s. bitki qrupları inkişaf etmişdir.
Göyçay çayı gətirmə konusarası çökəkliklərdə qrunt sularının səthə yaxın olmasının təsiri ilə bataqlıq və şoran bitkiləri, söyüd, yovşan, yarğan və qobularda yulğun, böyürtkan və rütubətsevən otlar yayılıb.
Rayonun şoran torpaqlarında əsasən yarımsəhra bitkilərinə rast gəlinir. Dağlıqların yüksək hissələrində bitki bitmir. Rayon ərazisinin torpaqları o qədərdə məhsuldar olmasada, məhsul yetişdirməyə nisbətən yaxşıdır. Belə ərazilərdə bir çox subtropik və texniki bitkilər əkilir.
Yaz və payızda yağışlardan sonar müvəqqəti canlanma nəticəsində Bığır, Qarayazı, Qarabaqqal, Qaraməryam ərazilərinin dağ döşlərində müxtəlif bitkilər inkişaf edir, paxlalı və yem bitkiləri yetişdirilir.
Ümumiyyətlə rayonun cənubunda pambıq, çəltik, üzüm bağları üstünlük təşkil edir.
Dağlıq və dağətəyi ərazilərdə təbii yolla bitən yemişan, əzgil, sumaq, cır nar, zoğal, kəklikotu üstündür. Yuxarı Şirvan kanalının aşağı tərəflərində birillik şorangələr, qışotu, yağlı və sodalı şorəngə, duzlaq coğan qamantus, yovşan, cənub söyüdü, ağyarpaqlı qovaq, qarağac, yulğun, iydəvə s. bitir.
Rayon ərazisində vaxtilə təbii meşələr olmuşdur. Hazırda xeyli azalıb. 1949-50-ci illərdə Göyçay-Ucar arası yolun kənarında meşə zolağı vardı. Burada alma, armud, alça, gavalı, iydə, nar, qoz, palıd, qovaq, ağcaqayın, vələsvə s. bitirdi.
Göyçay rayonu respublikamızda özünün narı, alçası, gilası, ənciri, innabı, heyvası, xurması ilə fərqlənir.
Amma Göyçayı bütün respublikamızda təbii gözəlliyi ilə tanıdan onun xan çinarlarıdır.
Əd.: Göyçay rayon icra hakimiyyəti http://goychay-ih.gov.az/page/13.html