(1927, Göyçay ş. – 2001, AFR) – pedaqoq, SSRİ Maarif əlaçısı (1976), Azərb. SSR Əməkdar müəllimi (1978).
Orta məktəbi bitirəndən sonra Göyçay pedaqoji məktəbinə daxil olub. Burada təhsilini başa vurub gənc riyaziyyat müəllimi kimi İvanovka k. məktəbinə təyinat alıb.
1952 ildə qiyabi olaraq Bakı Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra tezliklə ailəsilə birgə gənc sənaye şəhəri olan Sumqayıta köçüb. Burada o, əvvəlcə Fəhlə gənclər üçün gecə məktəbində, sonra isə Sumqayıt ş. 12 saylı məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. Tədrisə yaradıcı münasibətlə yanaşan gənc müəllim burada innovativ tədris metodlarını tətbiq edib, çoxlu eksperimentlər aparıb. Tezliklə o, tədris proseslərinin avtomatlaşdırılmasından istifadə etməklə özünün yenilikçi tədris metodikasını yaradıb. Nəticədə 12 saylı məktəbin şagirdləri respublikada keçirilən müxtəlif səviyyəli riyaziyyat olimpiadalarında mükafata layiq görülən yerlər tutur, məzunlar isə çox asanlıqla keçmiş Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrinə qəbul olunurdular. Tədris-tərbiyə işindəki nailiyyətləri sayəsində Bünyadov tezliklə bütün respublikada tanınıb. Onun fəaliyyəti təkcə şəhər rəhbərliyi deyil, respublika rəhbərliyi səviyyəsində və hətta ümumittifaq səviyyəsində də layiq qiymətləndirilib. Bünyadov ictimai işlərlə də məşğul olur və Şəhər Sovetinin deputatı seçilir. O, respublikada gənc nəslin tərbiyə və təhsili işinə verdiyi töhfələrə görə ölkənin ən yüksək mükafatları olan “Oktyabr inqilabı”və iki “Qırmızı Əmək Bayrağı” ordeni, habelə Krupskaya medalı və bir sıra digər fərqləndirici nişanlarla təltif olunub. Y.Bünyadov 1990 illərin əvvəllərində Almaniyaya köçüb. 2001 ildə vəfat edib və Almaniyada dəfn olunub.