(24.12.1923, Lənkəran qəz., Astara ş. – 21.2.1997, Bakı ş.) – şərqşünas, Sovet İttifaqı Qəhrəmanı (1945), AMEA-nın həqiqi üzvü, tarix e.d. (1964), prof. (1965), Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi (1982), Göyçay ş. Fəxri vətəndaşı.
Z.Bünyadov Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş atası Musa Bünyadovun sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailədə altı uşaqdan ən böyüyü idi. Atası xidməti işi ilə əlaqədar olaraq Göyçaya göndərildiyinə görə Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 ildə indiki Göyçay ş. 3 saylı orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya gedib. Lakin tibb komissiyasından keçə bilmədiyindən yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941 ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.
Sonra onun cəbhə həyatı başlayıb. 1941 ildə Bünyadov xidmət yerinə – Bessarabiyaya göndərilib. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə ilk döyüşünə girib. Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak edib. Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxana qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Göstərdiyi rəşadətə görə 1945 il fevralın 27-də Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Döyüşlər zamanı iki dəfə yaralanmasına və kontuziya almasına baxmayaraq, Bünyadov İkinci Dünya müharibəsi cəbhələrində Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçib.
Müharibə başa çatdıqdan sonra Bünyadov Berlinin ən nüfuzlu r-nu – Pankovda komendantın köməkçisi vəzifəsində işləmişdir (1945-46). Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunub.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunda təhsil almış (1946-50), həmin institutun aspiranturasına qəbul edilmişdir. Bünyadov 1954 ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib həmin ilin avqustunda Bakıya qaydıb. Həmin il o, Azərb. EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib.
Daha sonra ADU-nun Şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləmiş (1958-59), 1964 ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda “Orta əsrlər tarixi” şöbəsinin rəhbəri olmuşdur. Z.Bünyadov “Azərbaycan VII–IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix e.d. elmi dərəcəsi almış (1964), SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona prof. dərəcəsi verilmişdi (1965). Həmin il onun eyniadlı monoqrafiyası çap olunub.
Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərini yazıb. O, bolşevizm terroru nəticəsində 1920-30 illərdə Azərb.-da aparılmış repressiyalar haqqında həqiqətləri aşkara çıxarmış, 1937 ilin qurbanlarını xalqa tanıtdırmış, onlara bəraət qazandırmış, adlarını tarixdə bərpa etdirmiş və beləliklə, o dövrü doğru-düzgün işıqlandırıb. 1966 ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olmuşdur. Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Kurumunun müxbir üzvü (1966) və onun Fəxri üzvü (1988) seçilib.
Alim 1967 ildə Azərb. EA-nın müxbir üzvü, 1976 ildə EA-nın həqiqi üzvü seçilmişdir. Bünyadov 1970 ildə “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunmuşdur. 1970 ilədək onun elmi rəhbərliyi altında artıq səkkiz namizədlik və üç doktorluq işi müdafiə olunmuşdu. O, Xilafət və Azərbaycanın VII–XIII əsrlər tarixinin tədqiqatçılarından biri idi. Bünyadov alban tarixçisi M.Qoşun “Alban xronikası” əsərini 1960 ildə ingilis dilindən, Ə.Bakuvinin “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini 1971 ildə və Nəşəvinin “Sultan Cəlaləddin Mankburnin həyatının təsviri” əsərini 1973 ildə ərəb dilindən rus dilinə tərcümə etmişdir.
Bünyadov 1980 ildə Azərb. Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdir. O, ensiklopediya üçün Azərb. tarixinə aid çoxlu sayda məqalələr yazmışdır. Mənbələrin tədqiqini davam etdirən akademik Z.Bünyadov yeni kitabı – “Azərbaycan Atabəyləri dövləti. 1136–1225-ci illər” üzərində işləməyə başlayır. 1978 ildə monoqrafiya çapdan çıxdıqdan sonra çoxlu müsbət rəylər və yüksək qiymət alıb. Onun bu əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də elm və texnika sahəsində Azərb. SSR Dövlət mükafatına layiq görülüb (1980).
O, 1981-86 və 1988-90 illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışıb. 1982 ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilib.
Bünyadov 1990 ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdir. O, 1991 ildə prof. Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdür. 1992 ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilmişdir.
Bünyadov 1991 ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993 ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülmüşdür.
1990 illərdə Bünyadov Ermənistanın Azərbaycana hərəkətlərinə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən, bu sahədə ən çox söz söyləyən insanlardan biri idi. O öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermişdir.
Bünyadov 1995 ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü seçilmişdir. O, 1997 il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, Fəxri xiyabanda dəfn edilmişdir. Onun xatirəsi uca tutulmaqla Bakıda Şərqşünaslıq İnstitutu və prospekt, Astara ş.-də 2 saylı tam orta məktəb, Göyçay ş.-də 3 saylı tam orta məktəb və ən böyük küçələrdən biri onun adını daşıyır.
2012 ildə BDU-da Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda resp. elmi konfransı keçirilib. Həmin il Bakı ş. Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-in atıcılıq tirlərində onun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı ş. VIII açıq turniri keçirilmişdir.
2015 il mayın 14-də Bakıda Ziya Bünyadovun “Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097–1231” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Alim keçmiş SSRİ-nin və müstəqil Azərb. bir sıra yüksək dövlət orden və medalları, o cümlədən “Lenin” ordeni, “Qırmızı Bayraq” ordeni, “1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı, “İstiqlal” ordeni (ölümündən sonra) və s. təltif olunmuş, Abbasqulu ağa Bakıxanov adına mükafata, Berlinin Pankov rayonunun Fəxri vətəndaşı, Ürgənc şəhərinin ilk Fəxri vətəndaşı, Astara və Göyçay ş. Fəxri vətəndaşı adına layiq görülmüşdür.
Əsərləri:
Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər). Rus dilindən tərc. ed. C.V.Qəhrəmanov. Bakı AMEA Şərqşünaslıq İnstitutu, “Elm”, 1985;
Azərbaycan VII–IX əsrlərdə. Rus dilindən tərcümə edənlər: Cabbar Cabbarov və Həsən Əlizadə. Bakı, “Şərq-Qərb”, 2007, 424 səhifə. ISBN 9789952340853;
Dinlər, təriqətlər, məzhəblər (ensiklopedik soraq kitabı). Bakı, “Şərq-Qərb”, 2007;
Qırmızı terror. Bakı, “Azərnəşr”, 1993;
Xarəzmşahlar-Anuştəkinilər dövləti.
Mənbə: http://www.anl.az/down/meqale/az_muellimi/2012/fevral/233760.htm