(5.9.1933, Göyçay ş.–29.10.2018, Bakı ş.) – tanınmış jurnalist, Azərb. SSR-in Əməkdar Jurnalisti, “Qızıl qələm” və H.B.Zərdabi adına mükafatlar laureatı.
O.Cəfərov əvvəlcə Göyçay Pedaqoji Texnikumunu (1952), sonra isə S.M. Kirov adına Azərb. Dövlət Universitetinin Filologiya fakültəsini jurnalist ixtisası üzrəbitirib (1957). 1957-61 illərdə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsində təlimatçı vəzifəsində çalışmış, 1961-67 illərdə “Sosialist Sumqayıtı” qəzetində şöbə müdiri, sonra isə dörd il Sumqayıt Kimya zavodunda “Kimyaçı” qəzetinin redaktoru olmuşdur.
O.M.Cəfərov 1971 ildə Azərb. Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə Göyçay rayonunda çıxan “Yeni Həyat” qəzetinə redaktor təyin olunmuş, lakin 1974 ildə əsassız olaraq Göyçay rayon Partiya Komitəsi rəhbərliyi tərəfindən işdən azad olunmuş, səlahiyyətli orqanların müdaxiləsindən sonra 1975 ildə O.Cəfərova qarşı olan haqsızlığa son qoyulmuşdur. O.M.Cəfərov Azərb. KP MK-nın göstərişi ilə 1975–88 illərdə Azərb. Jurnalistlər İttifaqının nəşri olan “Müxbir” jurnalının redaktoru vəzifəsində çalışıb. O, 1988 ilin avqust ayında Azərb. KP MK-nın tövsiyəsi ilə Dövlət Tikinti və Arxitektura Komitəsinin və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qəzeti olan “İnşaatçı” sahə qəzetinə redaktor vəzifəsinə təyin olunur və 2005 ilə kimi burada ustad redaktorluq edərək qəzetin ölkədə çap olunan mətbu nəşrlər sırasında nüfuzunun artmasına nail olur. O.M.Cəfərov 2005-10 illərdə FHN TTNDA “Azərinşaatlayihə” DBLKT İnstitutunda informasiya üzrə mühəndis vəzifəsində çalışıb. O, Respublika Jurnalistlər Birliyinin katiblərindən biri idi. Oqtay Cəfərov Azərb. Resp. Prezidentinin 21 iyl 2005 il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərb. jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.