Cəfərov Aqil Abbas oğlu (1.9.1972, Göyçay ş.) – müəllim, şair-publisist, AYB və AJB-nin üzvü.
1989 ildə Nizami adına Göyçay ş. 7 saylı orta məktəbini bitirmişdir. 1989 ildə Göyçay MKS-də işləmişdir. A.Kəngərli 1995 ildə BDU-nun Kitabxanaçılıq, 2002 ildə Azərb. Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirmiş, kitabxançı-biblioqraf və tarix müəllimi ixtisasları almışdır. 1995–2000 illərdə “Press-exo”, “Xalq”, ’’Hürriyyət”, “Millət”, “Azad fikir”, “Hünər” qəzetlərində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləmişdir. 2003-09 illərdə Nizami adına Göyçay ş. 7 saylı orta məktəbdə tarix müəllimi, 2009 ildən isə direktorun tərbiyə işləri üzrə müavini vəzifəsində işləyir. “Bir Allahın eşqinə” adlı ilk kitabı 2004 ildə çap olunmuşdur. “Məni çağır yuxuna”, ’’Yaxın və uzaq tarix”, “Mixaylonun silahdaşı”, “Qəm dünyası”, “Vaxtsız getdi gəncliyim” və s. adlı 12 kitabın müəllifidir.
Onun indiyə kimi mətbuatda 900-dən artıq məqaləsi işıq üzü görmüşdür, A.Kəngərli Türkiyənin İLESAM, SKEF ədəbi birliklərinin və İraq-Türkmən Yazarlar Birliyinin üzvüdür. 2017 ildə ona Prezident təqaüdü verilib. O, “Qızıl qələm”, “Xəmsə”, “H.B.Zərdabi”, “Vicdanlı qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Əsrin ziyalıları” və s. diplom və fəxri fərmanlara layiq görülüb. O, Türkiyənin Antalya şəhərində 23 ölkənin 584 nəfər şair və yazıçısının iştirak etdiyi tədbirin iştirakçısı olub.
Almaniya, Türkiyə, Rusiya və Özbəkistanın qəzet və jurnallarında şeirləri çap edilmişdir. Onun adı “Avrasiya şairləri” Antologiyasına daxil edilmişdir.
Məlumat A.Məmməddən alınıb.