QURBANOV Əsəd Əli oğlu
(1914, Göyçay qəz. Ulaşlı Şıxlı k. – 5.11.1967, Göçay ş.) – Böyük Vətən müharibəsində partizan hərəkatının fəal üzvlərindən biri, Mehdi Hüseynzadənin silahdaşı.
1941 ildə Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra İsmayıllı r-nunun Kürdmaşı k.-də müəllim işləyib. 1942 ildə Göyçay r-n Hərbi Komissarlığından orduya çağırılıb və 31-ci atıcı diviziyasının tərkibində döyüşüb. Həmin ilin aprelində yaralanaraq almanlara əsir düşüb, iki ilə yaxın əsirlikdə olub. 1944 ilin fevralında Mehdi Hüseynzadə (Mixaylo) və Cavad Həkimli ilə əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulub. Qurbanov 12 aprel 1944 ildə döyüşdə yaralanıb, göstərdiyi şücaətə görə ona Yuqoslaviyanın “Cəsarətə görə” medalı təqdim olunub. 1946 il sentyabrın 4-də ordu sıralarından tərxis olunan Qurbanov Ulaşlı Şıxlı k.-də kolxozda işləyib, daha sonra Göyçay elektrik paylayıcı idarəsinin kadrlar şöbəsində çalışıb.
Məlumat A.Kəngərlidən alınıb.