(Platanus) – çinar fəsiləsindən bitki cinsi. Sıx və enli çətirli, yarpağıtökülən, hündür ağaclardır. Silindrşəkilli, lay-lay qopan yaşılımtıl-boz qabıqlı gövdəsinin dairəsi 18 m-ə çatır, hünd. 50 m-ə yaxın olur. Xırda çiçəkləri bircinsiyyətlidir. Yarpaqları növbəli, barmaqvari-dilimli, saplağı uzundur. Meyvəsi şarvari meyvə qrupunda toplanır. Tabaşir dövrü süxurlarında qalıqları tapılmışdır. Şimali Amerikada və Şərqi Aralıq dənizi sahilindən Hind-Çinə qədər 10 növü yayılmışdır. Xüsusən erkən yaşlarında tez böyüyür, 2000 ilədək və daha çox yaşaya bilir. Qafqazda, o cümlədən Azərb.-da, Krımda, Orta Asiyada şərq Ç.-ı, Ukraynanın c.-unda və Qafqazın Qara dəniz sahillərində qərb Ç.-ı, Belorus və Ukraynanın c.-unda, Zaqafqaziyada və Orta Asiyada hibrid Ç. bitir.
Zəngilan r-nundakı Bəsitçay vadisində şərq Ç.-ının təbii meşəsinə, Balakən, Oğuz, Qəbələ və İsmayıllı r-nlarında kiçik sahələrdə Ç. meşələrinə təsadüf edilir. Gəncə, Ağdaş və Göyçayda 1000-2500 yaşlı Ç. ağacları var. Yüngül, möhkəm, çizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.
Hazırda Göyçay r.-nu ərazisində mövcud olan 200-dək çinar ağacı 1992 ildə NK-nın qərarı ilə tarixi abidə kimi qorunur. Vaxtilə həmin çinarların üzərinə bu barədə məlumat lövhələri də vurulmuşdu. Yaxşı olardı ki, həmin lövhələr bərpa olunsun. Bu, həm rayon əhalisi, həm r.-numuzun qonaqları üçün Göyçayın tarixi baxımından qiymətli məlumat mənbəyi olardı.
Mənbə: ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 362.