(8.12.1964, Göyçay r-nunun Ləkçıplaq k.) – jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1990). Azərb. Texniki Universitetini bitirib, gənc yaşlarından taleyini nəşriyyatla, mətbuatla bağlayıb. Ali məktəb illərində “Azərbaycan” nəşriyyatında işləyib. Jurnalistika fəaliyyətini “Azərbaycan gəncləri”, “Savalan”, “Mozalan” qəzetlərində davam edib. 1991 ildə SSRİ Jurnalistlər İttifaqı nəzdində açılmış Ümumittifaq Fotojurnalistika fakültəsinin ilk məzunlarından olub. 1992 ildən Azərb. Dövlət Televiziyasında “7…17” musiqili verilişinin yaradıcısı olub. 1995 ilin noyabrında Rusiyanın paytaxtı Moskva ş.-də keçirilən “Uşaq və gənclərin televiziya verilişləri festivalı”nda “7…17” proqramı 1-ci yerə layiq görülüb. Azərb. teleməkanında ilk olaraq həmin gün veriliş bir nömrəli Ostankino kanalında nümayiş etdirilib və hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb. Bir çox bəstəkarlar sənətdə ilk addımlarını məhz bu verilişdə atıblar. D. Quluoğlu müxtəlif vaxtlarda Bakıda qastrol səfərində olmuş məşhur sənətkarlardan müsahibələr alıb.
1992 ildə B. Mançonun dəvəti ilə “7…17” proqramı İstanbulda qastrol səfərində olub. Müxtəlif vaxtlarda “MİR” telekompaniyasında redaktor, Rusiyanın İnterAz telekanalının Azərb. nümayəndəliyi üzrə baş direktorunun birinci müavini və AR Milli Məclisində deputat köməkçisi işləyib. “Araz” ədəbi ali mükafatına layiq görülüb. 2000 ildə “Azərbaycan” nəşriyyatı tərəfindən çap olunmuş “Göyçaydan başlanan ömür yolu” kitabının həmmüəllifidir.
Məlumat D.Quluoğludan alınıb.