– Əziz bacılar və qardaşlar!
Əziz göyçaylılar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram.
Mən çox şadam ki, Göyçay çox sürətlə inkişaf edir. Bu gün burada tanış olduğum müəssisələrin fəaliyyəti mənə çox gözəl təsir bağışladı. Yeni iş yerlərinin açılması, yeni, müasir müəssisələrin istismara verilməsi bizim əsas prioritet məsələlərimizdir. Mən çox sevinirəm ki, Göyçayda geniş quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır, yeni müəssisələr istismara verilir. Şəhər abadlaşır, gözəlləşir, yeni parklar salınır, insanlara diqqət artır.
Burada deyildi, mən icra hakimiyyəti başçısının fəaliyyətini qeyd etmək istəyirəm. Doğrudan da bu fəaliyyətin nəticəsində böyük işlər görülür və bu onu göstərir ki, yerlərdə iş görmək mümkündür. Hər şey mərkəzdə həll edilmir. Mərkəzdə, Bakıda qlobal, prinsipial məsələlər həll olunur. Bizim siyasətimizin əsas istiqamətləri – proqramlar, sosial-iqtisadi, regional inkişaf proqramları, digər proqramlar tərtib olunur, təsdiq edilir. Ancaq onların icrası, həm də yerli icra orqanlarının fəaliyyətindən asılıdır. Harada iş var, iş gedir, orada nəticə də var.
Mən son müddət ərzində Azərbaycanın müxtəlif rayonlarının icra hakimiyyəti başçılarını vəzifədən azad etdim. Yeni insanları vəzifəyə təyin elədim və gördüm ki, inkişaf başladı. Geniş quruculuq, abadlıq işlərinə təkan verildi. Amma Göyçayda icra hakimiyyətinin başçısı artıq bir neçə ildir işləyir və mən bilirəm ki, yaxşı işləyir. Ona görə onu dəstəkləyirəm. Bu gün də buraya gəlmişəm və görürəm ki, həqiqətən böyük işlər görülür. Gələcəkdə daha böyük işlər görülməlidir. Bizim planlarımızda bunların hamısı var. Amma bunları etmək üçün ilk növbədə iqtisadiyyat güclənməlidir. Ona görə bizim əsas diqqətimiz bu sahəyə yönəlibdir: iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, iqtisadi potensialın güclənməsi. Bütün bunlar biri-birilə bağlı olan məsələlərdir. İnkişaf olan yerdə iş yeri də açılır. İş yeri olan yerdə yüksək maaş da verilir. İnsanlar daha da yaxşı yaşayır. Vergilər ödənir, Azərbaycanın büdcəsi artır. Yəni bu, zəncirvari bir prosesdir.
Əgər Azərbaycanın son müddət ərzindəki inkişafına nəzər salsaq görərik ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində bütün istiqamətlərdə inkişaf göz qabağındadır. Yeni müəssisələr açılır, Azərbaycan iqtisadiyyatı ən yüksək sürətlə inkişaf edir. Bu il Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada birinci ölkə olacaqdır. Son ilyarım ərzində Azərbaycanda 220 mindən artıq iş yeri açılıbdır. Bunların tam əksəriyyəti bölgələrdədir. Minimum əmək haqqı 3 dəfə qaldırılıb, digər sosial müavinətlər artırılır və bu proses davam etdirilir. Biz hər gün, hər ay, hər il bu müsbət dəyişiklikləri görməliyik və əminəm ki, görəcəyik.
Regionların sosial iqtisadi-inkişaf proqramı icra edilir. Mən bu proqramı hələ prezident seçkiləri ərəfəsində bəyan etdim, onun əsas istiqamətlərini xalqa çatdırdım və bu gün o icra olunur. Bu bir daha göstərir ki, bizim sözümüzün arxasında real əməllər var, real işlər var. Heç vaxt söz naminə, populist bir vəd naminə iş görmürük. Yalnız real siyasət, yalnız həqiqi işlər, əməli-praktiki işlər var ki, Azərbaycanın bütün bölgələrində yaşayan hər bir insan bunu hiss etsin. Bu istiqamətdə işləri davam etdirəcəyik.
Mən şübhə etmirəm ki, Heydər Əliyevin əsəri olan və bu gün onun adını daşıyan, tikilib istismara verilməkdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəndən sonra ölkə daha da zənginləşəcəkdir. Ölkəmizə daha böyük həcmdə vəsait gələcək və biz bu vəsaitdən səmərəli istifadə edəcəyik. Bu il və gələn il Azərbaycanın müxtəlif bölgələrində 52 kiçik elektrik stansiyası quraşdırılacaqdır. Məqsəd qoyulub ki, Azərbaycanda işıq problemi aradan götürülməlidir. İstənilən vaxtda, istənilən yerdə hər bir vətəndaş düyməni basıb işığı yandırmalıdır.
Qaz təchizatı yaxşılaşmalıdır. Digər məsələlər – abadlıq, quruculuq işləri genişlənəcəkdir. Bu gün qeyd olundu, Azərbaycanın Göyçay kimi gözəl, qədim şəhərində Olimpiya kompleksinin tikilməsi, hesab edirəm ki, çox vacibdir və biz buna nail olacağıq.
İqtisadi inkişaf, sosial sahəyə diqqət, pensiyaların, maaşların, sosial müavinətlərin artırılması, iqtisadi potensialın güclənməsi, ordunun güclənməsi, xarici siyasətdə qəti mövqeyimiz, Azərbaycanın bölgədəki mövqelərinin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində daha möhkəm yer tutması üçün biz çalışırıq. Mən Prezident kimi öz vəzifəmi bunda görürəm. Xalqa xidmət etməkdə görürəm. Bütün məmurlardan, vəzifəli şəxslərdən, o cümlədən icra hakimiyyətinin başçılarından da tələbim bundan ibarətdir. Biz xalqın xidmətçiləriyik. Xalq bizi ona görə seçib və etimad göstərir ki, ona ləyaqətlə qulluq edək, xidmət edək.
Mən bütün bölgələri gəzirəm. Çoxdan istəyirdim ki, Göyçaya da gəlim, sizinlə görüşüm və çox şadam ki, bu gün mənim arzum gerçəkləşir. Sizi görəndə, sizinlə ünsiyyətdə olanda, buradakı əhval-ruhiyyəni, abadlıq işlərini görəndə mənim ürəyim açılır, sevinir. Problemlər də var və az deyildir. Yoxsulluğun aradan qaldırılması bir nömrəli problemdir. İlyarım bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. İndi 40 faizdir. Amma yenə də çoxdur. Nə üçün belə olmalıdır? Nəyə görə Azərbaycan xalqının 40 faizi yoxsulluq şəraitində yaşamalıdır? Biz bununla barışa bilmərik. Amma bunun obyektiv səbəbləri var. 1990-cı illərin əvvəllərindəki iqtisadi böhran, tənəzzül Azərbaycanın iqtisadiyyatını çökdürdü, müəssisələr dayandı, təsərrüfat əlaqələri pozuldu. Faktiki olaraq, ölkə iflic vəziyyətində idi. Bir yandan da sabitlik pozulmuşdu. Qanunsuz silahlı dəstələr meydan oxuyurdu. Digər tərəfdən, ermənilər torpaqlarımızı işğal edirdilər. Nəhayət, vətəndaş müharibəsi, qarşıdurma başlanmışdı. Bütün bu ağır şəraitdə xalqın tələbi ilə, sözün əsil mənasında, xalqın lideri hakimiyyətə gəldi və Azərbaycanı bu bəladan qurtardı.
Bu gün Azərbaycanın gələcək inkişafı üçün gözəl şərait var. Ona görə yoxsulluğun azaldılması, işsizliyin aradan götürülməsi prioritet məsələdir. Mən prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, 5 il ərzində Azərbaycanda 600 min iş yeri açılacaqdır. Buna bəziləri ciddi yanaşmaq istəmirdi, bəziləri inanmırdı, hesab edirdi ki, bu, bir vəddir. Çünki onların özlərinin verdiyi vədlərin hamısı sonra boşa çıxır. Amma bizim verdiyimiz vədlər bu gün artıq reallıqdır. 600 min iş yerindən indiyədək 220 mini açılıbdır. Bu hələ başlanğıcdır. Biz iqtisadi inkişaf proqramının, regional inkişaf proqramının əvvəlindəyik. Görün, Azərbaycana Bakı-Tbilisi-Ceyhan neft kəmərindən gələcək vəsait daxil olandan sonra bizi nələr gözləyir.
2006-ci il Azərbaycan üçün həlledici il olacaqdır. İqtisadiyyata çox güclü təkan veriləcəkdir. Bizim büdcəmiz artacaqdır. 2005-ci ildə büdcə 2004-cü ilə nisbətən 40 faiz artıbdır. 2006-cı ildə daha çox artmalıdır. Bizim büdcəmiz 3 milyard, sonra 4 milyard, 5 milyard dollar olmalıdır. Bizim görüləsi çoxlu işlərimiz var. Yeniləşmə aparılmalıdır, abadlıq işləri görülməlidir, infrastruktur yaranmalıdır, əmək haqları qaldırılmalıdır, iqtisadiyyat daha da inkişaf etməlidir. Bunu etmək üçün vəsait lazımdır. Onu da biz əldə edirik. Nə ilə? Siyasətlə, iqtisadi, siyasi islahatlarla, bizim neft strategiyamızın icrası ilə və digər önəmli tədbirlərlə. Bütün bunların mərkəzində bir amal, bir məqsəd dayanır: Azərbaycanın güclənməsi, qüdrətli dövlətə çevrilməsi, Azərbaycan xalqının rahat, firavan yaşaması.
Bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik, milli həmrəylik, milli birlik var, iqtidarla xalq arasında vəhdət var, inam var. Bu, reallıqdır. Lakin bunu həm ölkə daxilində, həm də xaricdə istəməyən qüvvələr də vardır. Amma onların fəaliyyəti bizim siyasətimizə heç vaxt təsir etməmişdir və etməyəcəkdir. Xalq özü bilir ki, kim kimdir. Kim vədlə, sözlə, hansısa reallığı əks etdirməyən proqramla çıxış edir, kim real işlə. Real iş olmalıdır. Daş daş üstünə qoyulmalıdır, abadlıq aparılmalıdır, bir ağac əkilməlidir. Heydər Əliyevin siyasətinin əsası bundadır. 1970-ci illərdə də belə idi.
1970-ci illərdə Göyçay abadlaşdı. Mən keçmişdə bir neçə dəfə Göyçayda olmuşam. Amma Prezident kimi ilk dəfə buradayam. Göyçayın inkişafı məhz o illərdə başlanmışdı.
Bu gün gördüyüm konserv zavodu, yaxud da süd zavodu, – hansılar ki, indi yeniləşib, dünya standartlarına uyğun müasir avadanlığı var, – onlar o illərdə tikilibdir. Heydər Əliyevin təşəbbüsü ilə o illərdə tikilən müəssisələr sonralar, 1990-cı illərdə səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində dayanmışdı, işləmirdi. İndi onlar yenidən işə salınır. Yəni bu nəyi göstərir? Bu, bir meyildir, bir ənənədir və gərək biz bunu gücləndirək. Hərə öz yerində – Prezident, onun yerlərdəki nümayəndələri, icra hakimiyyətinin başçıları, məmurlar, vəzifəli şəxslər, cəmiyyətimiz, bir sözlə, biz hamımız. Azərbaycan bizim Vətənimizdir, əziz, doğma torpağımızdır, onun müstəqilliyi ən böyük sərvətimizdir. Biz fəxr edirik ki, müstəqil dövlətik. Sözün əsil mənasında, müstəqil dövlət kimi siyasət aparırıq. Bizim qonşuluğumuzda başqa ölkələr var. Hansı ki, adı müstəqildir, özü müstəqil deyil, başqa qüvvələrin, dairələrin, ölkələrin iradəsi ilə oturub-durur. Bizdə əsil müstəqillik var, öz siyasətimizi yalnız və yalnız xalqın iradəsinə, istəyinə əsaslanaraq həyata keçiririk. Heç kim bizə təsir edə bilməz. Bizim heç kimdən asılacağımız yoxdur. Ona görə gərək daha da güclənək. Güclənək ki, güclü ordu yaradaq. Güclü ordu yaradaq ki, torpaqlarımızı azad edək.
Sülh danışıqları gedəcəkdir. Mən hələ ümidliyəm ki, danışıqların müsbət nəticəsi mümkündür. Çünki son zamanlar Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda müəyyən irəliləyiş var. Ümid edirəm ki, bu, daha da qabağa gedəcəkdir. Amma eyni zamanda düşmən bizim gücümüzü bilməlidir, gücümüzü hiss etməlidir və ondan qorxmalıdır. Bunun üçün güclü ordu yaranmalıdır. Bunu da edirik. Bu il orduya xərclər təxminən 2 dəfə də artıbdır. Gələn il, lazım olarsa, yenə də 2 dəfə artırarıq ki, bütün məsələləri öz istədiyimiz kimi həll edək.
Bizim istədiyimiz haqq-ədalətdir, başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpaqlarımızı da heç kimə verən deyilik. Ərazi bütövlüyümüzü bərpa etməliyik. Qaçqınlar, köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar. Əminəm ki, biz buna nail olacağıq.
Əziz bacılar və qardaşlar!
Bizim gücümüz birliyimizdədir, birgə fəaliyyətimizdədir. Bu gün bu birlik var. Azərbaycan xalqı həmrəylik nümayiş etdirir. Azərbaycan xalqı öz Prezidentinə etimad göstərir. Mən bunu hiss edirəm və buna arxalanıram. Mənim gücüm bundadır. Mən bunu hiss etdikcə, islahatları daha da inamla aparıram. Xarici siyasətimizi Azərbaycan xalqının maraqlarına uyğun şəkildə aparıram. Kiminsə maraqlarına uyğun yox, məhz Azərbaycan xalqının maraqlarına uyğun aparıram. Çünki bu, bizim torpağımızdır, Vətənimizdir. Azərbaycan xalqı bu torpaqda yaşayır və müstəqil Azərbaycan ən böyük sərvətimizdir.
Göyçayda görülmüş işlər məni razı salır, baxmayaraq ki, problemlər də var və onlar aradan götürülməlidir. İcra hakimiyyətinin başçısı mənə məruzə edəcək – əgər əlavə kömək lazımdırsa, abadlıq, quruculuq işlərinə, hansısa müəssisələrin yaranmasına, yolların salınmasına, elektrik xətlərinin çəkilməsinə əlavə vəsait lazımdırsa, mən bunu ayıracağam. Bu gün belə imkanlar var. Mən görəndə ki, iş var, necə deyərlər, daha da inamla kömək edirəm. Görəndə ki, iş yoxdur, bilirsən ki, ona nə qədər kömək etsən, vəsait ayırsan da havaya sovrulacaqdır. Burada isə iş gedir. Ona görə mən bunu bəyənirəm və dəstəkləyirəm.
Göyçaylılar həmişə, bütün zamanlarda Azərbaycanın müstəqil dövlət kimi yaşamasına böyük töhfələr vermişlər, bizim müstəqilliyimizin möhkəmlənməsi işində çox böyük işlər görmüşlər. Bu gün də göyçaylılar Azərbaycanın müstəqilliyinin, iqtisadi potensialının möhkəmlənməsi üçün böyük işlər görürlər. Mən buna görə sizə minnətdaram. Sizin hamınıza cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).
08.07.2005