Tanınmış ictimai xadim, sabiq millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun Moderator.az-a müsahibəsini təqdim edirik:
– Elxan müəllim, bildiyimiz kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Göyçay ensiklopediyası” layihəsi üzərində işləyir. Bu layihə haqqında danışaq.
– İlk növbədə onu qeyd etmək istəyirəm ki, AVCİYA “Göyçay ensiklopediyası”nı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcək. Artıq bir neçə ildir ki, AVCİYA kollektivi qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini hazırlayaraq ölkə ictimaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018) və “Göyçay tarixi” (2022) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə təqdim edib.
Artıq 1 ildən artıqdır ki, //goychay-encyclopedia.az saytı efirdədir. Hazırda efirdə olan elektron resursda 700-ə yaxın məqalə var. “Göyçay ensiklopediyası” saytında olan materiallar nəfis tərtibatda nəşr edəcəyimiz kitaba daxil ediləcək. Bildiyiniz kimi bizim kollektiv 2015-ci ildə 899 məqalədən, 6 böyük həcmli oçerkdən, 663 fotoşəkil və illüstrasiyadan və 20 xəritədən ibarət olan “Şamaxı ensiklopediyası”nı (“Şamaxı ensiklopediyası” kitabı və //shamakhi-encyclopedia.az saytı) hazırlayıb ölkə ictimaiyyətinə təqdim edib. Bu əsərlə bağlı AVCİYA-ya daxil olan məlumatlar bir daha sübut edir ki, “Şamaxı ensiklopediyası” dolğun və hərtərəfli əsərdir. Biz “Şamaxı ensiklopediyası”nı hazırlayarkən qazandığımız təcrübədən yararlanaraq “Göyçay ensiklopediyası” üzərində iş başlayanda ilk olaraq Azərbaycanın görkəmli ziyalılarından ibarət elmi redaksiya şurası formalaşdırmışıq.
– Ensiklopediya yaratmaq əhəmiyyətli olduğu qədər də ciddi məsuliyyət tələb edir. Belə bir layihənin elmi redaksiya şurasına kimlər daxil edilib?
– Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şövqi Göyçaylı, Hacettepe (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Kamal Soltanov, Bilkənd (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov, filologiya elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, İsveçin Umea Universitetində elmi işçi və mühazirəçi, dosent vəzifəsində çalışan Səadət xanım Kərimi, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, Göyçay ziyalıları adından Əməkdar müəllim Pərviz Yəhyalı və digər tanınmış simalar “Göyçay ensiklopediyası”nın elmi redaksiya şurasının üzvləridir.
Bundan başqa, AVCİYA-nın əməkdaşları, ekspertləri – tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacılı, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevhetitage.org.) icraçı direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev də qeyd edilən ensiklopediyanın elmi redaksiya Şurasında yer alıblar.
– “Göyçay ensiklopediyası”na düşəcək şəxsiyyətlər hansı meyarlar əsasında seçiləcək?
– Ensiklopediyaya Göyçay doğumlu şəxslər haqqında məqalələr daxil ediləcək. Azərbaycan tarixinə düşmüş dövlət xadimləri, görkəmli şair və mütəfəkkirlər, tanınmış yazıçılar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, xarici ölkələrin elmlər akademiyasının həqiqi və müxbir üzvləri, Elmlər doktorları və professorlar, Göyçay tarixini tədqiq edən alimlər, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunan şəxslər, Lenin, SSRİ və Azərbaycan dövlət mükafatları laureatları, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, generallar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş incəsənət xadimləri, dünya, Avropa və SSRİ çempionatlarının mükafatçısı olan idmançılar haqqında yazılar hazırlanacaq. Eyni zamanda Göyçayda doğulmayan, amma Göyçayı tədqiq etmiş alimlər haqqında da informasiyalar ensiklopediyaya daxil ediləcək.
– Şəxsiyyətlərlə yanaşı bölgənin tarixi, fiziki-coğrafi obyektləri, təbii sərvətləri haqqında məqalələr də ensiklopediyada yer alacaq?
– Təbii ki, bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr, müvafiq xəritələr ensiklopediyada yer alacaq. Bundan başqa Göyçayın tarixi, ədəbi-mədəni mühiti, folkloru və mərasimləri, etnoqrafiyası, maddi mədəniyyəti, toponimləri, din xadimləri və dini abidələri, bölgədə mövcud olan tarixi abidələr haqqında tanınmış tədqiqatçılar tərəfindən yazılmış oçerklər də ensiklopediyaya daxil ediləcək.
– “Göyçay ensiklopediyası”sı ilə bağlı problemlərə diqqət çəkməyinizi istərdim. Ensiklopediyadakı qeyri-dəqiqlikləri minimuma endirmək mümkündürmü?
– Qeyd etdiyim kimi bizim Ensiklopediyanın elmi redaksiya şurasında və yaradıcı heyətində tanınmış elm adamları və ziyalılar təmsil olunub. Ensiklopediya ilə bağlı əsas problem ondadır ki, informasiya mənbələri çox kasaddır. Göyçayla bağlı nəşr edilmiş kitablar bu bölgənin Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyətində oynadığı rola proporsional deyil. Göyçay doğumlu say-seçmə insanlarımızın böyük bir hissəsi Bakıda yaşayır. Biz onları da “Göyçay ensiklopediyası” layihəsinə cəlb etmişik. “Göyçay ensiklopediyası”sı ilə bağlı 1905.az saytının redaksiyasında keçirdiyimiz görüşlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Əlisəfdər Hüseynovla, şair-yazıçı Mahir Qarayevlə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Göyçayın Qarabağ sevdalıları” kitabınn müəllifi Təranə Abdullayeva ilə, “Göyçay rayonunun toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işi yazmış filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova ilə, Birinci Qarabağ müharibəsinin göyçaylı şəhidlərinə həsr edilmiş “Ruhların səsi” və “Göyçay-nəyi bilirik” kitablarının müəllifi, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əlioğlu ilə söhbətlərimizdə məhz bu məqamlara diqqət yetirmişik. Növbəti aylar ərzində də bizim göyçaylı ziyalılar və Göyçayı tədqiq edən alimlərlə silsilə görüşlərimiz olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, bəzən açıq mənbələrdən götürülmüş məlumatlarda da qeyri-dəqiqlikləri aşkar etmək üçün bizim göyçaylı ziyalıların dəstəyinə ehtiyacımız var.
– Rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin sizin layihənizdə işini qənaətbəxş hesab edirsinizmi?
– Ensiklopediyanın hazırlanmasında Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra nümayəndələri bizə yaxından kömək edir və işləmək üçün icra hakimiyyəti tərəfindən bizə hər cür münbit şərait yaradılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, tarix üzrə fəlsəfə doktoru, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, yerli ziyalılardan Vüqar Abdullayev bilavasitə bölgədə ensiklopediyanın işinə öz töhfələrini verirlər. Amma arzu edərdim ki, ictimaiyyət nümayəndələri “Göyçay ensiklopediyası”nın işində daha yaxından iştirak etsinlər. Mən fürsətdən istifadə edərək bir daha oxucularımıza, ictimaiyyət nümayəndələrinə yaxın aylar ərzində işıq üzü görəcək “Göyçay ensiklopediyası”nın elektron poçt ünvanını xatırladıram: [email protected].