Şükürova Esmira Seyfəl qızı (2.3.1958, Xaçmaz r-nunun Xudat qəs.) – filoloq alim, AYB-nin (2001) və AJB-nin üzvü (2018), filologiya e.d. (2018).
Quba əsillidir. Atası, Qubanın ən ucqar nöqtələrindən olan Susay-Yuxarı Susay adlı dağ kəndində doğulan Məmmədov Seyfəl Padar oğlu bu kənddə boya-başa çatıb. 1941-45 illər Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən döndükdən sonra, təhsili və işi ilə əlaqədar olaraq öncə Xaçmazda, daha sonra isə Göyçayda yaşayıb, həmin r-nun Qarabaqqal kəndindən olan Minarə xanımla ailə qurub. Göyçayda Qarabaqqal kənd orta məktəbini (1975), 1983 ildə isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət Göyçay r-n Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində metodist, “Azərbaycan diplomatiyası” jurnalında baş redaktorun I müavini, “Respublika” qəzetində baş müxbir və humanitar elmlər redaksiyasının müdiri vəzifəsində işləyib… 2002 ildə əsgəri xidmətdə olan oğlu Fuad avtomobil qəzasında həlak olduqdan sonra, dünyası qaralan ana yazılarını “Fuad” təxəllüsü ilə qələmə alır. 1999 il 4 aprel tarixindən isə taleyini AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayıb.
Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya e.d.-dır.
“Əbədi Turan Kitab Fondu”nun təsisçisi və sədri, “Əbədi Turan” jurnalının təsisçisi, “Yeni tərcüman” qəzetinin təsisçisi və baş redaktorudur…
Esmira Fuadın 100-dək elmi-ədəbi məqaləsi, çoxlu sayda publisistik yazısı dövri mətbuatda çap olunub. Elmi məqalələri beynəlxalq indeksli, nüfuzlu xarici jurnallarda, həmçinin ölkə daxili mətbuat orqanlarında dərc edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu”na, Almaniyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun isə “Xocalı soyqırım”na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.
Amerika Bioqrafiya İnstitutu tərəfindən 2005 ildə Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib.
2016 ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə İlin alimi seçilib. AJ və AYB-nin üzvüdür.
“Araz” ali ədəbi, “Qızıl qələm”, “Xan qızı Natəvan” və “Həsənbəy Zərdabi” və “Səməd Behrəngi”, “Seyid Cəfər Pişəvəri” mükafatlarının, Avropa yayın evinin “Qızıl medal”ının, Azərbaycan Veteranlar Şurasının “Səmədbəy Mehmandarov medalı”nın, AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanının sahibi, “Firudin İbrahimi-100” Fəxri diplomunun, AYB və Mədəniyyət və Turizm nazirliyinin təsis etdiyi “Şəhriyar” diplomunun laureatıdır.
Rusiya Federasiyasının Moskvada keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsində “XX əsr Güney Azərbaycan epik şeiri” kitabı “Tədris ədəbiyyatı və təhsil” (“Учебная литература и образование”) nominasiyası üzrə III yerə layiq görülüb. E.Fuadın Güney və Quzey Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmaları 27 kitabda, 135-dən artıq məqalədə yayınlanıb.
Əsərləri:
Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı). (Monoqrafiya), Bakı, “Maarif”, 1999, 224 s.;
Söz sərrafı Şəhriyar, Monoqrafiya, Bakı, “Avrasiya Press”, 2010, 304 s.; Tehran, 2018 (Əski əlifbada);
XX əsr Güney Azərbaycan epik şeiri (Monoqrafiya), Bakı, “Elm və Təhsil” – 2016, 376 s.
Məlumat E.Fuaddan alınıb.