(Şükürova Esmira Seyfəl qızı) (2.3.1958, Xaçmaz r-nu Xudat qəs.) – filoloq alim, Azərb. Yazıçılar Birliyinin (2001) və Azərb. Jurnalistlər Birliyinin (2018) üzvü, filologiya e.d. (2018)
Göyçay r-nu Qarabaqqal k. orta məktəbini bitirdikdən sonra BDU-nun Filologiya fakültəsinə daxil olub. Həmin fakültəni müvəffəqiyyətlə bitirib (1983). Sonra bir müddət r-nda əmək fəaliyyəti ilə də məşğul olub. Nizami adına Narçılıq sovxozunda çalışıb, sonra Azad Komsomol Komitə katibi, daha sonra BDU-nun nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, “Azərbaycan diplomatiyası” jurnalında baş redaktorun I müavini, “Respublika” qəzetində humanitar elmlər redaksiyasının müdiri işləyib.
1999 ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. Burada Cənubi Azərb. Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, institut Elmi Şurasının üzvüdür. Alim həmçinin “Yeni tərcüman” qəzetinin təsisçisi və baş redaktorudur. 2016 ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib. O, 2018 ildə “Güney Azərbaycan ədəbiyyatında poema janrı” (inkişaf mərhələləri və problemlər) mövzusunda doktorluq işini müdafiə edib. 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı nüfuzlu xarici jurnallarda və ölkə daxili dövri mətbuatda nəşr olunub. E.Fuad Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərb. ədəbiyyatı üzrə ekspert elan edilib. Onun “XX əsr Güney Azərbaycan epik şeri” kitabı RF-in Moskva ş.-də keçirilən MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq “Kitab sənəti” müsabiqəsində “Tədris ədəbiyyatı və təhsil” (“Учебная литература и образование”) nominasiyası üzrə III yerə layiq görülüb. Alim bir sıra nüfuzlu mükafatların, o cümlədən “Qızıl qələm”, “Həsənbəy Zərdabi”, “Xan qızı Natəvan” mükafatlarının, “Araz” ali ədəbi mükafatının, Avropa yayım evinin “Qızıl medalı”nın, Azərb. Veteranlar Şurasının “Səməd Mehmandarov medalı”nın, AYB və Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Şəhriyar” diplomunun laureatı, AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanının sahibidir. Hazırda E.Fuadın təsis və rəhbərlik etdiyi “Əbədi Turan Kitab Fondu” fəaliyyət göstərir. E.Fuad Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin “Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu”na və Almaniyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Xocalı soyqırımı”na həsr olunmuş yazıçı və jurnalist yazıları üzrə müsabiqəsində qaliblərdən biri olub. O, 2008 ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayına nümayəndə seçilib.
Əsərləri:
1.Şəhriyar poeziyasında xalq həyatı. Bakı, “Qızıl Şərq”, 1996;
2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı), Bakı, “Azərbaycan Ensiklopediyası”, 1998, s.144;
3.Əgər bir ömrüm də olsaydı, Bakı, “Nurlan”, 2003
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51