
Göyçay r-nunda ədəbi-bədii yaradıcılıqla məşğul olan, bədii sənət nümunələri yaradan bir çox sənətkarlar yaşayıb-yaratmışlar və bu proses bu gün də davam edir. XV əsrin sonu XVI əsrin ortalarında yaşamış, dahi Füzulini öz sənətinin gücü ilə heyran edən Həbibidən başlayaraq XXI əsrin ilk onilliklərinə kimi mövcudluğunu davam edən Göyçay ədəbi mühitinin 550 ildən çox yaşı vardır. Bu illər ərzində bu torpaqda onlarla ədib dünyaya göz açmış, Göyçay Azərb. ədəbiyyatına, bədii söz xəzinəsinə yadda qalan əsərlər bəxş etmişlər.
Böyük ədib, dünya poeziyasını öz novator şeirləri ilə zəngimləşdirən Rəsul Rza, görkəmli nasir, dramaturq, kinossenarist Ənvər Məmmədxanlı, Azərb. poeziyasına orijinal, təkrarsız şeirlər bəxş edən Əli Kərim, XX əsr nəşrində iz qoyan yazıçı Qantəmir, şairlər Abdulla Faruq, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı, Azərb.-nın ilk fantast yazıçısı Emin Mahmudov və digər istedadlı sənətkarlar bu torpaqda doğulmuş, Göyçay ədəbi mühitində formalaşmış, bu mühitdən böyük Azərb. və dünya ədəbiyyatına çıxmışlar. XX əsrin 70-ci illərindən indiyə kimi Göyçay ədəbi mühitində bir çox istedadlı şair, nasir, dramaturq, publisist yetişmişdir. Poeziyamızın görkəmli nümayəndəsi Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində formalaşmış Anar müasir ədəbiyyatımızı dünya səviyyəsinə çıxaran bir çox əsərlər müəllifidir.
Qədim Şirvanın ayrılmaz tərkib hissəsi olan Göyçayda klassik poeziya da kifayət qədər populyar olmuşdur. XV əsrin sonlarında Azərbaycanda Ağqoyunluların hakimiyyəti dövründə yetişən görkəmli şairlərdən biri olan Həbibi artıq həmin dövrdə Hamidinin yaradıcılığında özünü aydın hiss etdirən, XVI əsrin əvvəllərində Süruri və Şahi yaradıcılığında daha da güclənən, Füzuli poeziyasında özünün ən kamil dövrünə çatan, zirvəyə yüksələn yeni poetik üslubun ən görkəmli nümayəndələrindən biridir. Həbibi şairin təxəllüsüdür. Şairin əsl adına hələlik heç bir mənbədə rast gəlinməmişdir. Nəsimi ədəbi məktəbinin istedadlı davamçısı olan, onun poetik ənənələrinə sadiq qalan bu qüdrətli sənətkarın gözəl poetik dili, üslubu, şeirlərindəki sadəlik və əlvanlıq, səmimi hissləri ecazkar bir şəkildə ifadə etmək qabiliyyəti ona Azərbaycan ədəbiyyatı tarixində ayrıca mövqe qazandırmışdır. Təəsüf ki, öz sənətkar qüdrəti ilə dahi Füzulini belə heyran edən şairin divanı və ya külliyyatı hələlik bizə gəlib çatmamışdır.
Həbibi Azərb.-da, Göyçayın Bərgüşad k.-də anadan olmuşdur. Onun həyatının ilk dövrü haqqında Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin 1550 ildə “Töhfeyi–Sami” təzkirəsində məlumat verilir. Yoxsul bir ailədə doğulan Həbibi uşaqlıqdan çobanlıq etmiş, bir təsadüf nəticəsində saray mühitinə düşmüş, Ağqoyunlu hökmdarı Uzun Həsənin 2-ci oğlu Sultan Yaqubun himayəsində yetişib tərbiyə almışdır. Sam Mirzə “Töhfeyi–Sami”də uşaq yaşlarında Həbibinin Sultan Yaquba rast gəlməsini belə təsvir edir: bir gün Sultan Yaqub ovda imiş, yamacda otlayan quzuları görmüş və bunların kimə məxsus olduğunu öyrənmək üçün mülazimlərindən birini oraya yollayır. Mülazim Həbibinin yanına gələrək quzuların kiminki olduğunu soruşur, balaca çobanın cavab vermədiyini gördükdə sualını təkrar edir. Mülazimlə hazırcavab uşaq arasındakı söhbəti Sam Mirzə belə təsvir edir:
Mülazim: – Bu quzular kimindir?
Həbibi: – Qoyunların.
Mülazim: – Kəndinizin böyükləri kimlərdir?
Həbibi: – Öküzlər hamıdan böyükdür.
Mülazim: – Mən onu soruşmuram, insanları qarşılayan kimlərdir, deyirəm.
Həbibi: – Sənin kimi əziz adam gələndə onu qarşılayan köpəklərdir.
Bu cavablardan qəzəbə gələn Mülazim türkcə deyir:
— Ay, nə çapaydım səni!
Həbibi: – Çap gör ki, yoldaşların getdi”.
Mülazim bu söhbəti Sultan Yaquba söyləmiş, uşağın hazırcavablığından xoşu gələn hökmdar onu öz himayəsi altına almışdır. Şeir və mədəniyyətə yüksək qiymət verən Sultan Yaqubun hakimiyyəti zamanı (1478-1490 illər) Ağqoyunlu dövlətinə Azərbaycan, İraqi-Əcəm, İraqi-Ərəb, Fars, Kirman və Şərqi Anadolunun bəzi sahələri daxil idi. Saraya gələndə Həbibinin 12-15 yaşlarında olduğu tarixçilər və ədəbiyyatşünaslar tərəfindən fərz edilir. Bu mülahizəyə görə Həbibi 1470-1475 illər arasında doğulmuşdur. Həbibinin həmin tarixdə doğulduğunu ədəbiyyatşünas Salman Mümtaz, türk alimi Məhməd Fuad Köprülü, akademik Həmid Araslı, professor Mirzağa Quluzadə təsdiq edirlər.
Ağqoyunluların hakimiyyəti devrildikdən sonra Şah İsmayıl Xətainin sarayına dəvət almış, orada da böyük nüfuz qazanmışdır. Şah İsmayılın sarayında hətta Məliküşşüəralıq mövqeyinə qədər yüksəlmişdir. Hökmdar olmaqla yanaşı doğma Azərbaycan dilində gözəl şeirlər yazan Şah İsmayıl Xətainin Həbibi kimi böyük şairə yüksək qiymət verməsi təbiidir. Sam Mirzənin yazdığına görə Şah İsmayıl Həbibiyə zarafatla “Gürzəddin” ləqəbini vermişdir ki, bu da hökmdar şairlə Həbibi arasındakı səmimi dostluğu göstərir. 1514 ildə Osmanlı hökmdarı I Sultan Səlim Səfəvilərlə müharibəyə başlayır. Çaldıran döyüşündən sonra şair Osmanlı dövlətində yaşamışdır. XVI əsr Osmanlı təzkirəçisi Aşiq Çələbi Həbibinin Osmanlı dövlətinə köçməsi tarixini Sultan Bəyazid hakimiyyətinin sonlarına aid edir. İkinci Bəyazidin hakimiyyətinin 1481-1512 illər arasında olduğunu nəzərə alsaq, onda Həbibi 1512 ildən bir qədər qabaq Səfəvilər sarayından ayrılmışdır.
Mənbələrdə Həbibinin Səfəvi sarayındakı görkəmli mövqeyindən əl çəkib Osmanlı dövlətinə köşməsi səbəbi, onun İstambulda və ya Anadolunun başqa şəhərlərində məskən salması, nə vaxt vəfat etməsi barədə məlumat yoxdur. Lətifi onun I Səlim dövründə, yəni 1520 ildən əvvəl öldüyünü söyləyir. Övliya Çələbi isə “Cəfərabad təkyəsi”ndə şairin dəfnindən bəhs edərək yazır ki, Südlücədə Cəfərabad təkyəsində dəfn edilmişdir. O, həmçinin, göstərir ki, Həbibinin çox gözəl şeirləri vardır. Bu məlumatlar Həbibinin Anadoluda da bir şair kimi böyük şöhrət qazandığını təsdiq edir.
Həbibi yalnız Azərb.-da deyil, İraqda yaranan türkdilli poeziyaya, Osmanlı türk ədəbiyyatına da güclü təsir göstərmişdir.
Azərb. ədəbiyyatında Həbibi şeirlərinin Şah İsmayıl Xətai, Füzuli, XVI əsrdə yaşamış Ruhi Bağdadi, XIX əsrdə yazıb-yaradan İsmayıl bəy Nakamın yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd etmək olar. Bundan başqa Həbibinin: “Dün gördüm ol nigari-tərəbnakü ərcümənd” misrası ilə başlayan məşhur müsəddəsinə bir sıra Azərbaycan və türk şairləri nəzirələr yazmışlar.
Şah İsmayıl Xətai Həbibinin şeir sənətinə çox yüksək qiymət vermişdir. Xətai Həbibinin “Gər səninçün qılmayam çak, ey büti-nazik bədən, Görüm olsun bu qəba, əynimdə pirahən-kəfən” beyti ilə başlayan qəzəlinə, “Görəldən zülfi-ənbərbarın, ey dust” misrası ilə başlayan qəzəlinə nəzirələr yazmışdır. Dahi Füzuli isə daha sonralar birinci qəzəli təxmis etmişdir.
Adı çəkilən bu qəzəl dünyəvi hisslərin hərarətli ifadəsi və təsdiqidir. Aşiqin ölümündən yüz illər keçsə də, kəllə sümüyündə əqrəblər vətən tutsa da sevdiyi gözəlin zülfünün sevdası onun başından çıxmayacaqdır.
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.
Gorum olsun bu qəba, əynimdə pirahən-kəfən.
Çıxmaya sevdayi-zülfin başdan, ey məh, gər yüz il
Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən.
Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
Çün mənə həmdəm olan sənsən, nə sən olğil, nə mən.
Düşdi şəbnəm bağə, gəl ta gül nisar etsün sana
Səbzənin hər bəginə bir dür ki, tapşırmış cəmən.
Ey könül, eşq əhlinə hər dəm gülərdin şəm tək.
Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən.
Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,
Çün batar cisminə təndə hər tük olmuş bir tikən.
İnsan gözəlliyinin təsdiqi və rəngərəng boyalarla vəsfi baxımından “Dedim, dedi” müsəddəsi Həbibi yaradıcılığının zirvəsi sayıla bilər.
Dün gördüm ol nigari-tərəbnakü ərcümənd,
Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baxdım şikənci-türrəsinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gərdənində bənd,
– Kimdir bu miskin, ol nə rəsəndir – dedim, dedi:
– Zülfim kəməndi tutsağı canındürür sənin.
İstər yaradılan obrazlar, istərsə də bu münasibətlə edilən sual-cavab mürəkkəb, zəngin, eyni zamanda şux hissləri ifadə edir. Həbibinin istifadə etdiyi “Dedim, dedi” üsulunun özü də yenidir. Bu, başqa sual-cavablara bənzəmir. Həbibinin bu müsəddəsi Füzulinin ən məşhur şeirlərindən biri olan:
Dün sayə saldı başıma bir sərvi – sərbülənd,
Kim, qəddi dilrüba idi, rəftari dilpəsənd.
beyti ilə başlayan müsəddəsinin yaranmasına səbəb olmuşdur.
Həbibi şeirlərinin tədqiqi göstərir ki, o, orijinal bir sənətkardır və Azərbaycan şeirinə yeni poetik forma və obrazlı ifadələr gətirmiş, özündən sonrakı poeziyaya əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Həbibdən sonra XIX əsrin birinci yarısına kimi təqribən 350 ilə yaxın Azərb. ədəbiyyatında Göyçayda anadan olmuş klassik şairə mənbələrdə rast gəlinmir. Yalnız XVII əsrin ikinci yarısında Göyçay r-nunun Xəlitli k.-də doğulmuş, XVIII əsrin birinci yarısında vəfat etmiş Dəllək Murad, XIX əsrin ortalarında Göyçay qəz.-nın Məlikballı k.-də doğulmuş el şairi Məlikballı Qurbanı göstərmək olar. Onların aşıq şeiri üslubunda yazdığı əsərlər yaşadıqları dövrdə xanəndə və aşıqlar tərəfindən ifa edilmişdir. Məlikballı Qurbanın şeirləri əsasən məhəbbət mövzusundadır və bu gün də müəyyən aşıqların repertuarındadır.
Yeni dövrdə Göyçay ədəbi mühiti ədəbiyyat tariximizdə mühüm rol oynamış Qantəmir, Abdulla Faruq, Rəsul Rza, Ənvər Məmmədxanlı, Anar, Əli Kərim, İskəndər Coşqun, İbrahim Göyçaylı, İnqilab Kərimov, Feyruz Məmmədov kimi söz-sənət xadimlərinin və yeni nəsil ədiblərinin yaradıcılığı ilə təmsil olunur. Bu ədiblər Göyçayın zəngin mədəni, ədəbi, pedaqoji mühitində formalaşmış və yaradıcılığa başlamış, həm bölgənin, həm də bütövlükdə Azərb.-ın ədəbi mühitinə təsir göstərmişlər.
1930 illər repressiyaların qurbanı olan şəxslərdən biri, Azərb.-ın görkəmli yazıçısı, göyçaylı Qantəmir – Əfəndiyev Qafur Sədrəddin oğlu – nasir, 1934 ildən AYB-nin üzvü, 1888 ildə Azərb.-ın Göyçay ş. yaxınlığında Potu k.-də doğulub. İbtidai təhsilini mədrəsədə, orta təhsilini dövrün mütərəqqi fikirli maarifpərvər ziyalılarından İbrahim Həqqinin yeni üsulda açdığı rus-müsəlman məktəbində alıb. Ağdaş, Göyçay r-larında müəllimlik edib. Bir müddət Göyçayda “İqbal” məktəbinin müdiri olub, məhz həmin vaxtlar “Tazə həyat”, “Tərəqqi” və s. qəzetlərdə elmi-pedaqoji məqalələrlə çıxış edib. M.Ə.Sabir və A.Səhhətlə şəxsən tanışlığı ona ciddi təsir bağışlayıb. Qantəmir Türkiyənin İstanbul Universitetinin Tarix-filologiya fakültəsini bitirib (1911-1914). 1916 ildə “Nəşri-maarif” cəmiyyətinin dəvəti ilə Qubaya gedib, yeni üsullu məktəbin açılmasında iştirak edib, həmin məktəbdə əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışıb. Bakı Ali Pedaqoji İnstitutunun nəzdində fəaliyyət göstərən “Şaiq” məktəbinə rəhbərlik edib.
Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda ADU-nun Tibb fakültəsində təhsil alıb (1924-1929). “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında satirik hekayələr qələmə almaqla Azərb. sovet satirik nəsrinin təşəkkülünə müəyyən təsir göstərib. Onun əsərlərində yeni həyat tərənnüm olunur, ictimai tərəqqiyə mane olan köhnəlik və azadlıq düşmənləri kəskin satira atəşinə tutulur.
Müəllim, yazıçı, həkim olan Qantəmir Azərb.-da Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləyib, doğma yurdu Göyçayda müəllim hazırlığı üçün qısamüddətli pedaqoji kurslar təşkil edib. Sonralar Bakıda Ali Pedaqoji İnstitutunun nəzdində təşkil edilən Abdulla Şaiq adına ikinci dərəcəli nümunəvi məktəbdə direktor vəzifəsində çalışıb, 1937 ildə Ağsu r-nuna köçərək diş həkimi işləyib, 1939 ildə həbs olunaraq, Orta Asiyaya sürgün edilib. SSRİ DİXK-in 21 iyun 1939 il tarixli xüsusi iclasının qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürüyən repressiyalardan çəkdiyi mənəvi və fiziki əzablar nəticəsində 1944 ildə 56 yaşında dünyasını dəyişib. Azərb. SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının 30 iyul 1956 il tarixli qərarı ilə Q.S.Əfəndiyevə bəraət verilib.
Əsərlərində eyham, ironiyadan ustalıqla istifadə edən Qantəmir müasir nəsrin inkişafında böyük rol oynamışdır. Xalq yazıçısı Anar “Söz dünyası” kitabında və “Unudulmuş yazıçı – Aydınlarımız” məqaləsində Qantəmirin yaradıcılığı haqqında qısa məlumat verib. Əhali arasında görkəmli yazıçının yaradıcılığı haqqında məlumatın azlığını nəzərə alaraq, bu məqalədə yazılanları qısa şəkildə təqdim etməyi lazım bildik. Məqalədə qeyd olunur ki, “Qantəmir (1888-1944) təəssüf ki, az qala unudulan, amma ədəbiyyatımızda tutduğu yerə görə unudulası olmayan nasirlərimizdəndir. 37-ci ilin repressiya qurbanlarından olan yazıçının həbsə qədər üç kitabı – “Ağıl dəryası” (1930), “Şarlatanlar” (1934), “Kolxozstan” (1935) bəraət aldıqdan sonra kiril əlifbasıyla “Seçilmiş əsərləri” (1964 və 1972 illərdə) çıxıb. 1975 ildə nəşr olunan kiçik “Hekayələr” kitabı hələ ki, işıq üzü görən son kitabıdır. Beləliklə, çağdaş oxucuların Qantəmirin əsərlərini latın əlifbasıyla oxumaq imkanı yoxdur. Halbuki, zənnimcə, Qantəmir dahi Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevdən sonra “Molla Nəsrəddin” ədəbi məktəbinə mənsub olan üçüncü görkəmli nasirdir”. Daha sonra müəllif yazır ki, iyirminci-otuzuncu illərin Azərbaycan ədəbiyyatında gerçəkliyə ironik yanaşma ən çox iki yazıçının yaradıcılığında əksini tapıb: Səməd Mənsurun bir sıra şeirində, Qantəmirin bir neçə hekayəsində və “Kolxozstan” povestində. Yazıçının ən böyük əsəri “Kolxozstan” povestidir. “Kolxozstan” adının özündə xəfif bir ironiya gizlənib. Əsrlərdən keçib gələn mənəvi dəyərlərimizin aşınması, insan münasibətlərini vecinə almayan sırf sinfi yanaşma yazıçını narahat edən məsələdir. Kəndə ova gələn üç dostdan biri – Mirzə Ələkbər o birilərindən fərqli olaraq firqəçidir. Evinə qonaq gəldikləri Qara Hüseyn isə varlı kəndli, o vaxtın təbiriylə, qolçomaqdır. Həmin bu qolçomaq qonaqları xalqımıza xas olan müsafirpərvərliklə qəbul edir, qeydlərinə qalır, yedizdirib içizdirir, səhərisi gün ova aparır və firqəçi meşədə azıb az qala ölüm təhlükəsiylə qarşılaşanda, onu xilas edir. Həmin kəndə rəsmi firqə nümayəndəsi kimi gələn Zeynəb öyrənir ki, Qara Hüseynin bacısı qızıdır, Hüseynin evində nökər kimi işləyən Əliqulu isə onun itkin qardaşıdır. Bütün bunlar açılandan sonra Zeynəbin dayısına sinfi münasibəti dəyişmir, onu bada verməyə hazırdır. Bu, sovet təbliğatının ideallaşdırdığı və örnək göstərdiyi həmin o Pavlik Morozov “əxlaqıdır” ki, sinfi sayıqlıq sayəsində öz atasını bada verir.
Qantəmir “Ağlayan Züleyxa” hekayəsində Züleyxanı “müsbət qəhrəman” kimi lağa qoyur. Həmin hekayədə sovet təhsil sistemi də ələ salınır: ictimaiyyət müəllimi get-gedə əsəbiləşirdi ki, tələbələrindən istədiyi cavabı ala bilmir. “Firqə qurultaylarından, çarizmdən, Fransa inqilabından az-çox cavab verə bilən tələbələr “Beşillik plan”, “Çin hadisələri”, “Sağ təmayül”, “Sənayeləşdirmə” mövzularından bir turş alça qədər dadmamışlardı”. Qantəmirin hekayələrində dövrü səciyyələndirən sətiraltı işarələr, eyhamlar boldur və hamısında dövrə, zamana ironik münasibət duyulur: “Mənim canım şura hökumətinə qurban olsun! Başımı kəssə, mən bu hökumətdən zərrə qədər incimərəm. Sağ olsun bolşeviklər, yaxşı qeydimizə qalırlar, bizi də adam cərgəsinə qoyurlar, o ki lazımdır elmə fikir verir, hər şey havayıdır, kitab, kağız, qələm, mürəkkəb, amma “Quran” dərsi yoxdur… Biz müsəlmanıq, müsəlmanın başı “Quran”a bağlıdır” (“Aybikə xala” hekayəsi). “Qız, oğlan hamısı doluşub məktəbə, o bunu çimdikləyir, bu onu. O bunun dalına tullanır, bu onun. Yaxşı, böyüyəndə nə olacaq? Sən, mən, olmayacaqlar ki. Odur ki, keşnişin dəstəsi çıxıb iki abbasıya da!!! (“Xanım Əminə” hekayəsi). Ən maraqlı əsərlərindən biri “Qonağımın səyahətnaməsi” dir. Bir tramvay vaqonunda şəhəri dolaşan müəllif çeşidli sərnişinləri müşahidə edir, şəhərin müxtəlif rayonlarından keçərək onlar haqqında maraqlı söhbətlərlə, əhvalatlarla tanış olur. Şəhər panoramasının dinamik, dəyişən mənzərəsi bu üslubu kino sənətinə yaxınlaşdırır. Ümumiyyətlə, Qantəmir o dövr Bakı həyatının tipik səhnələrini təsvir etməkdə ustadır. Cürbəcür mallara uzun-uzadı növbələr, bu növbələrdə cürbəcür söhbətlər, qeybətlər, dava-dalaş, kooperativlər, torqsin, lombard, o vaxtkı şəhər həyatının tipik ünsürləri… Demək olar ki, Qantəmir urbanistik nəsrimizin ilk örnəklərini yaradıb.
Ədəbi yaradıcılığa hələ universitetdə oxuduğu illərdə başlayan şair Abdulla Faruq (Abdulla Musa oğlu Əfəndiyev) 1907 il aprel ayının 24-də Göyçay r-nunun Potu k.-də anadan olub. Səkkiz yaşında əmisi, tanınmış müəllim Əbdülkərim Əfəndiyevin himayəsinə keçən kiçik Abdulla onun tərbiyəsini alıb. 1917-1921 illərdə ilk təhsilini burada alandan sonar Bakı müəllimlər seminariyasını, 1930 ildə isə ADU-ni bitirir. Bakı məktəblərində, ADU-nun hazırlıq kurslarında müəllimlik edir. 1930 ildə Moskvaya, Sovet Şərq xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına göndərilir, ailə vəziyyətilə əlaqədar olaraq bir ildən sonar Azərb. Dövlət Elmi-Tədqiqat İnstitutuna köçürülür. Ali məktəblərin fəhlə fakültəsində, “Kommunist” qəzeti redaksiyasında, Nərimanov adına texnikumda müəllim kimi çalışıb və maarif şöbələrinin birində pedaqoji kabinetin müdiri olub. “Qızıl Şərq” mətbəəsində işlədiyi vaxt ordu sıralarına çağırılan Faruq, qayıdandan sonra Baş Mətbuat İdarəsində çalışıb, “Ədəbiyyat qəzeti” və “Şərq qadını” jurnalları redaksiyasında işləyib.
Hələ tələbəlik illərində şair öz şeirlərini bir sıra qəzet və jurnallarda çap etdirir. Əsrin nəbzini tutmağı bacaran yeni duyğulu mübariz bir şair kimi A.Faruqun şeirləri mərdlik və qəhrəmanlıq motivlərinin güclülüyü etibarilə diqqəti cəlb edir. Öz şeir və məqalələrilə geriliyə və bürokratizmə qarşı mübarizə aparır, hər cür yeniliyi təbliğ etməyə çalişan A.Faruq ürəyi odlu şair idi. Doğma yurdun gözəlliklərini öz şeirlərində ön plana çəkən şairin “Üfüqlər qızaranda” (1929), “Yarış” (1932), “Talış dağları” (1935), “Döyüş yollarında” (1936), “Dalğalar” (1937), “Qızıl əsgər şerləri” (1938) kitabları, habelə dövri mətbuatda yüzdən çox şeiri, onlarla poeması çap olunub. 1930 illərdə, sovet rejiminin ən sərt dövründə latın əlifbasından kirilə keçidi tənqid edən A.Faruq əsl ziyalı mövqeyi ortaya qoyub. Əlifba islahatı ilə bağlı etirazına görə cəzalandırılaraq, Böyük Vətən Müharibəsinin başlandığı ilk günlərindən cəbhəyə göndərilir. Şair cəbhədə döyüşdüyü vaxtlarda da müxtəlif şeirlər yazaraq azərbaycanlı balaları döyüşə ruhlandırırdı. Döyüşlərin birində ağır yaralanan A.Faruq hərbi xəstəxanada müalicədən sonra yenidən cəbhəyə qayıdarkən “Yolumu gözlə” şeirini yazıb “Ədəbiyyat qəzeti” redaksiyasına göndərir. Həmin şeir qəzetin sentyabr 1943 il tarixli sayında dərc olunur. Vətənpərvər şair Abdulla Faruq yaradıcılığının çiçəkləndiyi dövrdə – 1943 ildə cəbhədə qəhrəmanlıqla həlak olur.
Görkəmli Azərb. şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934 ildən AYB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərb. SSR Xalq şairi (1960), Azərb. SSR əməkdar incəsənət xadimi (1943), 1960 ildən Azərb.-ın Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) 1910 il mayın 19-da Azərb.-ın Göyçay ş.-də maarifpərvər ailədə doğulmuşdur. 1980 ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Bir neçə çağırış Azərb. Ali Sovetinin deputatı olub. Hazırda Göyçay ş.-də şairin ev-muzeyi fəaliyyət göstərir. Rəsul Rzanın ulu babası Məmmədxanlılar nəslindən Məmməd xan Məmmədyar oğlu Çiyni və ətraf kəndlərin mülkədarı olub. Qədim Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus işğalçılarına qarşı mübarizədə həlak olub. Məmmədxanın nəticəsi, Rəsul Rzanın atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edib və ticarətlə məşğul olub, 1915 ildə Bakıda vəfat edib və burada dəfn olunub. Anası Məryəm poetik istedada malik olub, öz şeirlərini əzbər yadda saxlayıb. Atasını erkən itirib, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatıb. Rəsul öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu amillərin Rəsulun mənəvi tərbiyəsində mühüm rolu olub. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə alıbdır. R.Rzanın həyat yoldaşı Rəfibəyli Nigar Xudadat bəy qızı (1913-1981) məşhur Rəfibəylilər nəslindəndir. “Ana səsi” (1969), “Günəşdən gənclik istədim” (1974), “Bir həzin axşamda düşsəm yadına” (1982), “Şanlı nəsillərin yadigarıyam” (1993) kitablarının müəllifidir. 1993 və 2004 illərdə “Seçilmiş əsərləri” çapdan çıxıb. Azərb.-ın Xalq şairi adına layiq görülüb.
R.Rza altı yaşı olarkən Göyçayda məktəbə gedib və onun ağır təhsil və iş illəri başlayıb. On dörd yaşında ikən oxumaqla yanaşı, həm də şəhər kitabxanasında işləyib. 1925 ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olub, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıdıb. O, 1930 ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdı. Bakıda bədii yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərb. Tibb İnstitutunun hazırlıq kursunu, Azərb. Tibb İnstitutunu, Azərb. Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd edib.
1941 ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərb. diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayır, bütün bunlar da şeirlərində öz təkrarsız ifadəsini tapıb. 1927 ildən çap olunmağa başlayan R.Rza XX əsrin 30-cu illərinin əvvəllərində “Qadınlar”, “Çinar”, “Almaniya”, “Madrid”, “İnqaleyso” adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanır. 1941-1945 illərdə sovet-alman müharibəsinə qarşı şeir və hekayələri ilə çıxış edib, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” adlı məcmuələri nəşr etdirib. Cənubi Azərb.-da olan qardaşlara “Hilal” adlı poema həsr edib. 50-ci illərdə R.Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. 1961 ildə Nəriman Nərimanova həsr etdiyi “Xalq həkimi” poemasını, 70-ci illərdə “Dünən, bu gün və sabah”, “1418”, “Üzü küləyə” poemalarını yazdı. R.Rzanın 1960 illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. R.Rza uşaqlar üçün də şeir və hekayələrin, elmi publisistik məqalə və oçerklərin müəllifidir. H.Lonqfello, C.Bayron, Lope de Veqa, Ş.Petefi, A.Blok, P.Elyuar, A.Puşkin, M.Lermontov, N.Nekrasov, T.Şevçenko, M.Mayakovski və bir sıra başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. R.Rzanın əsərləri bir sıra xarici dillərə tərcümə olunub. R.Rza Azərb. Yazıçılar İttifaqına rəhbərlik edib, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərb. Dövlət Filarmoniyasının müdiri (1938), Azərb. Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), Kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərb. SSR Kinematoqrafiya naziri (1946–1949), ASE-nın baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərb. şöbəsinin sədri, AR Ali Sovetinin (VII çağırış) deputatı, Azərb. KP təftiş komissiyasının üzvü seçilib, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olub. Dəfələrlə Azərb. Ali Sovetinə deputat seçilib, orden və medallarla təltif olunubdur.
Fəaliyyəti haqqında çox yazılsa da, əksəriyyət R.Rzanın 1950 illərin axırında totalitar rejimi tənqid edən, sovet rejimi əleyhinə yazdığı şeirlərdən xəbərsizdir. Onun 1977 ilin may-oktyabr aylarında Bakı və Göyçayda tarixi mövzuda yazdığı “Babək” (“Xəyanət qurbanı”) şeirində işğalçıya qarşı kəskin nifrət öz əksini tapır. O dövrdə işğalçıların “Gəlmələr, itlər” adlandırılması böyük hünər tələb edirdi. Çünki bu sözlərin məntiqiylə işğalçı kəlməsi digər işğalçılar kimi, XI sovet ordusuna da aid edilə bilərdi. Şeirin sonunda yazılan misralardakı “Qarşıda, gələcəkdə Vətən uğrunda… döyüş günləri vardı. Bu günün qurbanları, sabaha yadigardı” sözləri sanki “44 günlük Vətən müharibəsi” üçün şairin böyük uzaqgörənliklə etdiyi xəbərdarlıq idi.
Bakıda nəşr olunan “Azərbaycan” jurnalının 1959 il fevral nömrəsində R.Rzanın çap olunan “İnsan” və bir sıra digər şeirlərinə kommunist rəhbərləri qərəzli münasibət bəsləyib, jurnal işıq üzü gördükdən sonra onu kəskin tənqid edib və hətta bu şeir Azərb. Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji işin vəziyyətinə dair 1959 ilin aprelində Bakıda keçirilən fəallar iclasında müzakirə edilibdir. Mərkəzi Komitənin katibi öz çıxışında qeyd edib ki, yaradıcı işçilərimizin heç də hamısı həyatla ayaqlaşmır. Bəzən ədəbiyyat və incəsənətimizdə ideya və bədii cəhətdən zəif əsərlər meydana çıxır. R.Rzanın “İnsan” şeiri buna misal göstərilə bilər. Yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız həyatı daha dərindən öyrənməli, sovet xalqının böyük qələbələrini öz əsərlərində parlaq əks etdirməlidirlər. Kommunizm qurucusu olan sovet adamı, ədəbiyyat və incəsənət əsərlərinin əsas qəhrəmanı olmalıdır.
R.Rza “Sarı dana və balaca qız” şeirində sovet dövlətinin antihumanist planlı siyasətini dolayı yolla tənqid edir. Şeirin əsas məzmunu budur ki, fermada sarı dana xəstələndiyi üçün, bütün kənd əl-ayağa düşür. Lakin kənddəki xəstə uşağa baxan olmur. Hamı ciddi bir şəkildə sarı dana ilə məşğul olur və çox keçmir sarı dana sağalır. Sağıcı Gülxanımın uşağı isə baxımsızlıqdan ölür.
R.Rzanın “İnsan” şeirindən başqa, “Anket əhvalatı”, “Sadə səbəb”, “Təcrübəsizlik”, “Ceyran dedi”, “Divar daşı”, “Sığorta” şeirləri də bu dövrdə kommunust partiyası ideoloqlarının kəskin tənqid hədəfinə çevrilmişdi. “Sığorta” şeirində şairin sığortaçıya müraciətlə dediyi:
“De görüm böhtandan, qaradan,
Yalandan, riyadan,
Nahaq sözün acısından,
Adamın nacinsindən
Sığorta edə bilərsənmi?
…Mən ölümdən sığorta istəmirəm” fikirləri communist ideologiyasına zidd fikirlər kimi o zaman sovet mətbuatında kəskin tənqid olunub.
Görkəmli şair, ictimai xadim R.Rza 1981 il aprelin 1-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Görkəmli ədib Ənvər Qafar oğlu Məmmədxanlı 15 (28) fevral 1913 ildə Göyçayda anadan olub. Yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938 ildən AYB-nin üzvü, “Azərbaycanfilm” kinostudiyasının redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərb. SSR əməkdar incəsənət xadimi (1963), Azərb. SSR xalq yazıçısı (1987) Ə.Məmmədxanlının aşağıdakı əsərləri nəşr olunub: “Burulğan” (1934), “Bakı gecələri” (hekayələr) (1936), “Ayna” (kinossenari) (1939), “Qərbə atəş” (1943), “Analar və yollar” (1943), “Dirilik çeşməsi” (1944), “25 bahar” (oçerk) (1945), “And” (1947), “Hekayələr” (1954), “Balaca Nərgiz” (1955), “Hekayələr” (1956), “Seçilmiş əsərləri” (1960), “Seçilmiş əsərləri” (iki cilddə). I və II cildlər (1985), “Qızıl qönçələr” (1988), “Buz heykəl” (1944). Bir sıra əsərləri tərcümə edib, həmçinin “Bəxtiyar (1942)”, Sovqat (1942), “İran Azərbaycanının paytaxtında” (1945) , “Fətəli xan” ( 1947), ”Leyli və Məcnun” (1961), “Cazibə qüvvəsi (1964)”, “İntizar” (1969), “Babək” (1979) filmlərinin ssenarisini yazıb. İki dəfə “Şərəf nişanı” (1946–1949), “Qırmızı Əmək bayrağı” (1980–1983) və “İkinci Dünya müharibəsi” (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub. 1990 il dekabrın 19-da Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Görkəmli şair Əli Kərim (Kərimov Əli Paşa oğlu) 18 mart 1931 ildə Göyçay ş.-də anadan olub. 1948 ildə ADU-nun Filologiya fakültəsinə daxil olub, az sonra Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçib. III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955 ildə oranı fərqlənmə diplomu ilə bitirib. Müxtəlif dövrlərdə bir sıra kitabları nəşr edilib. Şeirlərinə “Nə gəlməz oldun”, “Yar gəldi”, “Azərbaycanım mənim”, “Qayıt”, “Yar gəldi”, “Nə xoşbəxt imişəm” və s. manhılar bəstələnilib. Yaradıcılığı haqqında çoxlu sayda kitab və məqalələr yazılıb. 1969 ilin 30 iyununda Bakıda vəfat edib, Göyçayda dəfn olunub. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb, heykəli ucaldılıb. Bundan başqa, Bakı, Göyçay, Sabirabad ş.-lərində Əli Kərimin adını daşıyan küçə, Sumqayıtda Əli Kərim adına poeziya klubu vardır.
Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlmiş görkəmli ziyalı, ədib, ictimai xadim Anar (Rzayev Anar Rəsul oğlu) 1938 il martın 14-də anadan olub. Anar 1945 ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955 ildə həmin məktəbi gümüş medalla bitirərək, təhsilini ADU-nun Filologiya fakültəsində davam etdirib. Yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb, “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” adlı ilk hekayələri 1960 ildə “Azərbaycan” jurnalının dekabr nömrəsində çap olunub. Anarın geniş oxucu kütləsinin diqqətini cəlb edən, dərin fəlsəfi-mənəvi mətləbləri və müasirliyin aktual ictimai-əxlaqi məsələlərini yüksək bədii səviyyədə əks etdirən müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır. Yazıçı kəskin ictimai problemləri əks etdirən satirik nəsr əsərləri və dramların, insanın daxili zənginliyi aşkarlayan lirik-psixoloji mətnlərin və milli mənliyimizin, mədəniyyətimizin, tariximizin müxtəlif məsələlərinə həsr olunan müxtəlif janrlı əsərlərin müəllifidir. Bir çox əsərləri dilimizə tərcümə edib, məşhur filmlərə ssenarilər yazıb. 1991 ilin martından Yazıçıların IX Qurultayında AYB-nin sədridir. 1995 və 2000 illərdə Milli Məclisin deputatı, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub. Azərb. SSR əməkdar incəsənət xadimi, Azərb. SSR Dövlət mükafatı laureatı adına layiq görülüb. “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri, “Heydər Əliyev Mükafatı”, “Humay” mükafatı, AR-sı Prezidentinin fəxri diplomu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı, “Üzeyir Hacıbəyli” medalı ilə təltif olunub. AR-sı Prezidentinin fərdi təqaüdçüsüdür.
Şair, dramaturq, AYB-nin üzvü, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov) 1927 ildə Göyçay ş.-də fəhlə ailəsində anadan olub. Burada orta təhsil alandan sonar Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə daxil olub. Həmin il “Mavzoleydə” adlı ilk mətbu şeiri “Ədəbiyyat və incəsənət” qəzetində çapdan çıxıb.1952 ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olaraq, 1955 ildə oranı bitirib. 1962 ildən M.Qorki adına Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləyib. Bir sıra kitabların müəllifidir. AR-sının əməkdar incəsənət xadimi” adına layiq görülüb. 1996 il dekabr ayının 10-da vəfat edib.
Azərb.-nın görkəmli şairi və jurnalisti, AYB-nin üzvü İbrahim Göyçaylı (İbrahim Məmməd oğlu Əsgərov) 1936 il noyabrın 12-də Göyçay r-nunun Alıkənd k.-də anadan olub. 1953 ildə Göyçay ş.-də orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1958 ildə Universiteti bitirən İbrahim Göyçaylı əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərb. Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət” qəzetində baş redaktor, Azərb. Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-2007 ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib. Azərb. Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərən İbrahim Göyçaylının milli radionun formalaşmasında xüsusi xidmətləri olub. Bir çox əsərlərin müəllifi olan ədib 2006 ildə prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 2007 ildə uzun sürən xəstəlikdən sonra vəfat edən məşhur şair İbrahim Göyçaylının xatirəsi doğulduğu rayonda da əziz tutulur. Hazırda Göyçay ş.-nin küçələrindən biri onun adını daşıyır.
Hələ keçən əsrin ortalarından Göyçayda qaynar ədəbi proses cərəyan edib və bu prosesdə yuxarıda adlarını çəkdiyimiz şair və yazıçıların müəyyən qismi bu və ya digər şəkildə iştirak edib. Lakin 1950-60 illərdə görkəmli ədiblərin Bakıya köçməsi ilə bir müddət Göyçay ədəbi mühitində müəyyən durğunluq yarandı.
1960 illərdə şair Mehdi Mehdiyevin “Pöhrələr” adlı ədəbi birlik yaradaraq istedadlı gəncliyi ora cəlb etməsi ilə ədəbi mühitdə yenidən canlanma başladı. İstedadlı şair Mehdi Mehdiyevin özü də fəal yaradıcılıqla məşğul idi, “Qalibiyyət bayrağı”, “Yeni həyat” qəzetlərində, “Kirpi” jurnalında dərc olunan şeirləri mövzu aktuallığı və bədii keyfiyyəti ilə seçilir, oxucuları cəlb edirdi. Onun Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr etdiyi “Ana” şeirindən bir bənd heykəlinə həkk olunmuşdu:
Yarasını sağaltmışıq insanın da, torpağın da,
Lakin xalqım unutmayıb bizdən ayrı düşənləri,
Kədərlənib yad etmişik hər Qələbə bayramında
Cəbhələrdə vətən deyib həlak olan hər əsgəri.
Lakin həmin ədəbi birliyin fəaliyyəti uzun sürmədi, M. Mehdiyevin qəfil vəfatından sonra birlik dağıldı.
60-cı illərdə yaradıcılığa başlayan Aydın Kərimov ADU-ni bitirdikdən sonra mətbuatda çalışmışdır. Həmin dövrdən şeirləri qəzet və jurnallarda müntəzəm çap olunan Aydın Kərimov 1965 ildən Azərb. Yazıçılar İttifaqının üzvü idi və İttifaqın göndərişi ilə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olmuşdur. Şeirləri mərkəzi mətbuatda, keçmiş sovet respublikalarında rus və başqa dillərdə çap olunmuşdur. 1960 ildə bəstəkar Şahid Əbdülkərimov onun sözlərinə bəstələdiyi “Sevgilimə könül verdim” mahnısı indiyədək müğənnilərin repertuarından düşmür. 1967 ildə “Neft daşları” qəzetinə redaktor təyin edilən Aydın Kərimov 1970 ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Son 20 ildə Göyçayda yaşamış, “Kirpi” jurnalının bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. “Qətl yerində qətl” sənədli romanı 2007 ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş Aydın Kərimov 2022 ildə vəfat etmişdir.
1970 ildə Göyçayda “Yeni həyat” qəzetinin redaksiyası nəzdində Əli Kərim adına Poeziya klubu təsis edilmişdir. Klubun yaradıcısı və fəxri sədri böyük şair Rəsul Rza, məsul katibi “Yeni həyat” qəzetinin şöbə müdiri, istedadlı şair, publisist Məzahir Əhmədoğlu idi. Klub üzvləri ayda bir dəfə qəzet redaksiyasında toplaşar, yazdıqları əsərləri müzakirə edər və bəyənilənləri M.Əhmədoğlu Bakıya, Xalq şairi Rəsul Rzaya göndərər, onun xeyir-duasından sonra şeirlər işıq üzü görərdi. R.Rza Göyçaya hər gəlişi zamanı redaksiyaya gələr, Klubun fəaliyyəti ilə maraqlanardı. 1978 ildə R.Rza Klub üzvlərinin çap olunan şeirləri barədə mətbuatda məqalə ilə çıxış etmiş, şeirləri bəyəndiyini, gənc yazarların doğru yolda olduqlarını qeyd etmişdi. Həmin dövrdə qəzetin səhifələrində Səfərəli Sarvan, Mövsüm Hüseynov, Alıkişi Səfərov, Qara Süleymanov, Ədalət Əsgəroğlu, Mahir N.Qarayev, Ətraf Alməmmədoğlu (Sərraf), Əkbər Əlioğlu, Adil Məmməd, Südabə Əhmədova (Sərvi) müntəzəm olaraq çıxış edərdilər.
Poeziya Klubunun məsul katibi Məzahir Əhmədoğlu orijinal, bədii cəhətdən mükəmməl şeirlərlə çıxış etməklə yanaşı, həm də Klub üzvlərinə məsləhətlər verər, onların inkişafı qayğısına qalardı. Sonralar Məzahir Əhmədoğlu publisistika sahəsinə keçdi və respublikanın ən məşhur publisistlərindən biri kimi tanındı. Həmin illərdə Sumqayıt ş.-də yaşayan göyçaylı istedadlı gənc şair Sabir Adil vaxtaşırı Klubla əlaqə saxlayar, yeni şeirlərini göndərərdi.
Xalq şairi R.Rzanın vəfatından sonra Kluba Məzahir Əhmədoğlu rəhbərlik etməyə başladı. Ötən əsrin 90-cı illərinə kimi Klub müntəzəm fəaliyyət göstərməkdə davam edirdi. Ədalət Əsgəroğlu, Mahir Qarayev Bakıya köçsələr də Klubla əlaqələrini kəsmirdilər. Məzahir Əhmədoğlu “Yeni həyat” qəzetindən çıxdıqdan sonra Poeziya Klubu fəaliyyətini dayandırdı. Klub üzvləri ilk günlərdən öz yaradıcılıqları ilə fərqlənməyə, orijinallığa, yeniliyə, öz yollarını tapmağa çalışır və çox vaxt da buna nail olurdular. Oxucular da onları üslubundan tanıyır, vəzn etibarilə də heca vəzni ilə yanaşı, sərbəst şeirdən də istifadə edirdilər.
Səfərəli Sarvan sərbəst şeirə üstünlük verir, yığcam əsərlərlə özünü ifadə edirdi, lakin ilk kitabını görə bilmədi, kitabı çıxanda o, artıq dünyasını dəyişmişdi.
Məzahir Əhmədoğlunun şeirləri dərin, fəlsəfi fikirlərlə zəngin, üslub kamilliyi ilə seçilir, oxucunu düşündürür:
Yuxunuza üsul-üsul qonaram,
O dənizə bir qağayı olaram,
Göy üzündə qanad açıb donaram,
O gecənin gözlərinə baxarsan.
Ulduzlara əlim çatmaz, bilirəm,
O kədəri ona görə sevirəm;
Səsi donmuş yağışlardan keçirəm,
O nəğmənin qollarında yataram.
Ədalət Əsgəroğlunun şeirləri isə özünəməxsus deyim tərzi ilə fərqlənir:
Günah dara çəkir məni,
Aman vermir ağlamağa,
Başıma bəladı dilim,
Sirri qoymur saxlamağa.
Fələk kimdir ərk elədim,
Ərk eylədim, gör neylədi,
Dönə-dönə görk eylədi,
Cürətim yox qarğımağa.
Kədər atı yorğa çapır,
Ha qaçıram, məni tapır.
Könlüm-gözüm açıq qapı
Əlim gəlmir bağlamağa.
Təəssüf ki, istedadlı şair Ədalət Əsgəroğlu yaradıcılığın çiçəkləndiyi dövrdə dünyasını vaxtsız dəyişdi.
Mahir N.Qarayevin şeir və poemaları barədə xalq şairi Ramiz Rövşən yazır: “Bu əsərlər Müşfiqdən üzübəri ana dilimizdə yazılmış ən gözəl lirik poemalarla bir sırada durmağa layiqdir. Bu əsərlərdə insan ürəyinin ən gizli, ən məhrəm duyğularından tutmuş, ən böyük milli dərdlərimizə, bəlalarımızacan hər şey öz əksini tapıb”.
Mahirin “Dəmir Qapı Dərbənd” silsiləsindən IX bölümü – “Dözüm”ü oxumaq kifayətdir ki, onun poetik dünyasının sakini olasan:
Dərddən demə, qardaş:
çəkilməz dərdimə,
tikilməz qəlbimə yazığın gəlsin,
dözəndə – səbrimə,
bezəndə – qəbrimə yazığın gəlsin;
***
tanrısız dünyanın bəndəsi yazıq,
şəhərlisi yazıq, kəndlisi yazıq,
hayıfdı bu nəslin 37-si,
əsrin 41-nə yazığın gəlsin!
Ətraf Alməmmədoğlu (Sərraf) Poeziya Klubunun üzvləri arasında öz təmkini, təvazökarlığı ilə seçilirdi. O illərdən uzun müddət keçib, o, indi respublikanın tanınmış şairlərindəndir, 20-yə yaxın kitabın müəllifidir, öz oxucuları, yeni əsərlərini həsrətlə gözləyənlər var. Yaşa dolub, səbrlə, təmkinlə yaradıcılığının zirvəsinə doğru gedir, hər yeni şeirində inkişafda olduğu görünür, hiss olunur. Xarakteri olduğu kimi qalıb. Sakit, təvazökar. Poeziyaya, sözə də münasibəti dəyişməyib. Gəncliyində sözə necə məsuliyyətlə yanaşırdısa, sədaqətlə xidmət edirdisə, indi də elədir:
Dəfələrlə səhv elədim,
Kimliyimi bilənəcən.
Nə qədər yol qət elədim,
Məndən mənə gələnəcən.
***
Hiyləsindən, Kələyindən
Yağışından küləyindən,
Keçdim illər ələyindən,
Bəlkə yenə ələnəcəm?
***
Gah qınadı, gah da öydü,
Gah qaldırdı, gah da əydi
Ömür elə-belə şeydi
Sınanırıq ölənəcən.
Əkbər Əlioğlu şeirdə də, nəsrdə qələmini sınayıb. Maraqlı şeirləri, hekayələri var. “Kərkicahansız Gülcahan, yaxud əsirin əsəri “povesti maraqla qarşılanıb. Oxucular onun şeirlərini, povest və hekayələrini istedadlı qələm əhlinin əlindən çıxış bədii əsərlər kimi müsbət qarşılamışlar. Lakin ədəbi mühitdə o, daha çox folklor tədqiqatçısı, elmi-ədəbi, tənqidi məqalələr müəllifi kimi tanınır. Onun akademik Məmməd Cəfər, Nobel mükafatı laureatı Markez, dünya şöhrətli Ç.Aytmatov, Əli Kərim, Anar, Fikrət Qoca, S.Səxavət, Ə.Xələfli, G.Pənah, Mahir Qarayev, Ətraf Sərraf, Qulu Xəlilov, Mirəli Seyidov, Adil Məmməd, Məzahir Əhmədoğlu və b. haqqındakı məqalələri elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış təqdir olunmuşdur.
Əli Kərim adına Poeziya Klubunun üzvlərindən olan Adil Məmməd həm şair, həm də publisist, kimi tanınır. O, nədən yazır-yazsın, fərqi yoxdur, duyğuları yazdığı misralar, sətrlər arasından özü boy verir. Son zamanlarda, “filoloji fantaziyalar” dövriyyəyə daha çox daxil olur və ədəbiyyat adına çeşidli gedişlər edilir. Lakin Adil Məmməd bütün səmimiyyətilə deyir:
Nə getməyə yerim var,
Nə də qalmağa üzüm.
Qulağa inanmıram,
Zəif görür də gözüm.
***
…Rahatlığım, dincliyim
Hansı küncə qısılıb?
Ürəyimin dərdləri
Kirpiyimdən asılıb
***
Ürəyim pıçıldayır:
Hələ bu harasıdı,
Yağış yüklü o bulud
Gözümün qarasıdı
***
…Sərhədlə əzablanmış
Bir balaca ölkəyəm,
Mən bir azca işığam,
Bir azca da kölgəyəm.
***
…İllərdir öz-özümlə
Yola getmirəm nədən?
Nə sayaq dil tapsınlar
Azad ruh, kölə bədən?
Bu, bütün ədəbi-nəzəri variasiyalardan kənarda, ömür sərhəddini bəlləməkdir. Şair həm gözünün tutduğu, ondan da o yana var olan geniş məkanı, ucsuz-bucaqsız ərazini, həm də bu genişliyin bir balaca nöqtəyə dönüşdüyü anı hiss edir, həm insanı yola salan, həm də əlindən tutub saxlayan sərhəddi fəhm edir.
Əli Kərim adına Poeziya Klubunun fəaliyyəti dayanandan sonra da r-n qəzetində ara-sıra şeirlər, hekayələr, publisistik, elmi-tənqidi yazılar, yeni kitablar haqqında resenziyalar çap olunurdu. 90-cı illərdə Əbülfət Mazalı, Ülfət Qarabağlı, Abil İslam və b. yazarların şeirləri “Göyçay” qəzetində işıq üzü görürdü. 2004-2006 illərdə qəzetin redaktoru olan Adil Məmməd “Ədəbiyyat dərnəyi” yaratmaq üçün rayon yazarlara müraciət etdi. Həmin dövrdə ayda bir dəfə yerli yazarların uğurlu yazıları vaxtaşırı qəzetdə çap olunmağa başladı. Həmin dövrdə Əkbər Əlioğlu şeir və ədəbi-tənqidi məqalələrlə, Hafız Rüstəmli, Elza, Məhəbbət Göyçaylı, Nicat Kərimov, Səfər Qəmiyev şeirlərlə, Adil Məmməd şeir və publisistik yazılarla çıxış edirdi. Həmin yazılar “Ədəbi mühiti yaşadaq” rubrikası ilə açılan səhifədə işıq üzü görürdü. 2006 ildə Adil Məmməd redaktorluqdan çıxdıqdan sonra həmin dərnək fəaliyyətini dayandırdı. Uzun fasilədən sonra – 2018 ildə qəzetdə yenidən “Ədəbi mühiti yaşadaq” rubrikası altında yazılar verilməyə başladı.
Ədəbiyyat səhifəsində uzun illər qələm təcrübəsi olan İlqar Əhmədoğlu, Aqil Kəngərli, Adil Məmmədlə yanaşı gənc yazarların da yazıları nəşr olunmağa başladı. Yeni imzalar içərisində Könül Həyatın şeirləri uğur qazandı, az bir zaman içində o, rayon oxucuları tərəfindən tanındı.
Göyçaylı yazarlardan Pərviz Yəhyalı bədii yaradıcılığa 90-cı illərin 2-ci yarısından başlasa da, çap olunmağa tələsmir. 2000 illərin əvvəllərində bir neçə hekayəsi və povesti qəzet və jurnallarda nəşr olunaraq oxucuların mühakiməsinə verildi və rəğbətlə qarşılandı. Lakin uzun müddət çap olunmaqdan imtina etdi. 2020 ildən başlayaraq həm əvvəllər yazdığı, həm də yeni hekayələrini sosial şəbəkələrdə oxuculara təqdim etdi. Həmin hekayələr qısa bir zamanda öz oxucularını tapdı. Tezliklə respublikanın hüdudlarını aşdı. Həmin hekayələr artıq Gürcüstandakı soydaşlarımız tərəfindən gürcü dilinə çevrilərək qonşu xalqın oxucularının mühakiməsinə verilmişdir. Mətbuatda da son dövrlərdə Pərvizin bir neçə hekayəsi işıq üzü gördü. Orijinal, bədii cəhətdən bitkin, dil və üslub baxımından kamil olan bu hekayələr göstərir ki, Pərviz Yəhyalı yaradıcılığının kamillik dövrünə qədəm qoymuşdur.
2022 ildə Rəsul Rzanın Ev Muzeyində muzeyin direktoru Solmaz Həsənova və AYB-nin üzvü Adil Məmmədin təşəbbüsü ilə eyni zamanda iki qrup yaradıldı: Rəsul Rza adına Ədəbiyyat Klubu və Gənc Yazarlar dərnəyi. Ədəbiyyat Klubunun fəaliyyət planı Yazıçılar Birliyinə, Gənc Yazarlar dərnəyinin fəaliyyət planı regional Mədəniyyət İdarəsinə təqdim edildi. Hər ikisi bəyənildi.
2022 ilin iyun ayından Ədəbiyyat Klubunun məşğələləri ayın ortasında, Gənc Yazarlar Klubunun məşğələləri isə ayın sonunda keçirilir. Klubun və dərnəyin rəhbəri Adil Məmməddir. Klubun məşğələlərində Göyçayda yaşayan yazarlar Əkbər Əlioğlu, Aqil Kəngərli, Könül Həyat, Şəmsiyyə Qaramanlı, Humay Əsgərova, Aynur Əliyeva və başqaları ilə yanaşı, Bakı şəhərində yaşayan İlqar Əhmədoğlu və Ətraf Sərraf da iştirak edirlər. Gənc Yazarlar dərnəyinin üzvləri kollecin, tam orta məktəblərin tələbə və şagirdləri, Gənclər Mərkəzində və orta məktəblərdə çalışan istedadlı gənclərdir. Gənc yazarlar arasında Nərgiz Səmədzadənin hekayələri diqqəti daha çox çəkir. Dərin müşahidə qabiliyyətinə malikdir. “Ömür yolu” adlı hekayələr kitabını nəşrə hazırlayır.
Tanınmış yazıçı-publisist Məzahir Əhmədzadə “Gənc yazarlar” birliyin məşğələlərində vaxtaşırı iştirak edir və gənclərə dəyərli məsləhətlər verir.
Rəsul Rza adına Ədəbiyyat Klubunun fəaliyyəti çoxşaxəlidir. Klubun fəaliyyətinin bir istiqaməti Rəsul Rza irsinin öyrənilməsinə və təbliğinə yönəlib. Həmçinin, klubda Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin öyrənilməsi və gənc nəslə çatdırılması, Göyçay doğumlu sənətkarların irsinin tədqiq və təbliğ edilməsi, yeni kitabların müzakirəsi, görkəmli yazarların yubileylərinin keçirilməsi nəzərdə tutulub. Digər istiqamət isə Göyçayda yaşayan yazarları bir araya gətirmək, yeni əsərlərini müzakirə etmək, nəşrə hazırlamaq, yaymaq və s. kimi işlər görməkdir.
Gənc yazarlar dərnəyinin məqsədi isə əlinə yenicə qələm alan gənclərin içərisindən istedadlıları aşkar etmək, onlara qayğı göstərmək, məsləhətlər vermək, klassik və müasir Azərb. ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının ən dəyərli nümunələri əsasında ədəbi-bədii, estetik zövqlərini formalaşdırmaqdır. Hazırda Göyçay ədəbi mühiti canlı həyatını yaşayır. Göyçayda, Bakıda göyçaylı yazarların ədəbi dərnəkləri, yaradıcılıq qrupları fəaliyyət göstərir. Bu qruplarda istedadlı yazarlar toplanıb, onlar yazdıqları əsərləri həmkarları ilə birlikdə müzakirə edir, özünəməxsus yaradıcılıq laboratoriyasında formalaşaraq inkişaf edirlər.
Bu qruplardan biri, rəhbəri şair-jurnalist, Prezident təqaüdçüsü Abil İslam olan və internet üzərindən yaradılmış “Göyçay yazarları” qrupudur. Həmsədri Südabə Sərvi olan qrupun əsas məqsədi Göyçaylı yazarları gələcək nəsillərə tanıtmaq, onların canlı ünsiyyətinə şərait yaratmaq, əsərlərinin müzakirəsini keçirməkdir.
Qrupun rəhbəri Abil İslam, həmsədr Südabə Sərvi, üzvləri Nuranə Nur, Aqil Kəngərli, Ətraf Sərraf, Əhməd Əsgər, Adil Məmməd, Əkbər Əlioğlu, Anar Məcidzadə, Sahib Bəxtiyar, Şəmsiyyə Qaramanlı, Gülmaya Feyruzqızı, Əfşan Yusifqızı, Vasif Ayan, Qalib Nuri, Elvin Firudinoğlu, Səfərəli Sarvan, Sabir Adil, Məzahir Əhmədoğlu, Mahir Qarayev, Həsən Lütfi, Emin Mahmudov, Rafiq Akif, Könül Həyat, Firudin Göyçaylı, Vüsal Eyvaz, Nuranə Rafaelqızı, Elvin Ömərov, Ülviyyə Rəhimqızı, Vahid Şahinoğlu, Günel Sabirqızı (İsayeva), Aslan Əsədovdur.
Bu qrupun özəlliyi ondadır ki, burada rəhmətə getmiş göyçaylı ədiblərin – Qafur Əfəndiyev, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylı, Əli Səmədli, Emin Mahmudov, Aydın Kərimov, Feyruz Məmmədov, Faiz Göyçaylı, Fətəli Sahub, Ədalət Əsgəroğlu, Əhmədov Ağaməhəmməd Şövkət oğlu və digərlərinin yaradıcılığına da münasibət bildirilir, təbliğ olunur.
Göyçay ədəbi mühitinin nümayəndələrindən gənc yaşında rəhmətə getmiş istedadlı yazar Əhmədov Ağaməhəmməd Şövkət oğlu ziyalı ailəsində doğulmuş, ilk təhsilini Göyçay şəhər 5 saylı məktəbində almış, tam orta təhsilini isə 7 saylı məktəbdə tamamlamışdır. 1971-1976 illərdə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsində təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra təyinatı üzrə bir müddət Ucar r-n Təhsil Şöbəsində, sonra isə həmin r-nun Qiyabi orta məktəbində çalışmışdır. Təyinat müddəti bitdikdən sonra Göyçay r-nunun Mirzəhüseynli k. məktəbinə göndərilmişdir. O bu məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etməklə bərabər dərs hissə müdiri vəzifəsini də icra etmişdir. Ağaməhəmməd Əhmədov r-n ziyalıları ilə daim təmasda olmuş, buradakı ədəbi mühitlə qaynayıb-qarışaraq püxtələşmiş və rayonun ictimai-mədəni həyatına müəyyən töhfələr vermişdir. Zamanında rayonun nüfuzlu dövri mətbuatı olmuş “Yeni həyat” qəzeti ilə davamlı əməkdaşlıq etmişdir. Bundan başqa, o, Respublika səviyyəli mətbuatda da öz imzası ilə görünməyə müvəffəq olmuşdur. O, sağlığında ikən “Kirpi” jurnalında satirik hekayəsini dərc etdirmiş, “Sovet kəndi” qəzetində xalq yazıçısı Süleyman Rəhimovun yaradıcılığına həsr olunmuş yubiley məqaləsi ilə çıxış etmişdir. Onun satirik hekayəsi Respublika dövlət televiziyasında istedadlı aktyorların ifasında səhnələşdirilmiş şəkildə təqdim olunmuş və həmin nümayiş çoxsaylı tamaşaçıların rəğbətini qazanmışdır. Ağaməhəmməd Əhmədovun “Cavanlıq” adlı hekayələr kitabı vəfatından sonra, 2023 ildə işıq üzü görmüşdür.
Göyçay ədəbi-mədəni mühitində formaılaşmış bir sıra tanınmış yazarlar Respublika və xarixi ölkələrin ədəbi təşkilatları tərəfindən mükafatlandırılmışlar. Bunlardan şair-publisist, tarixçi, AYB və AJB üzvü, İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvü, “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə” , “Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və. s. diplom və fəxri fərmanlar laureatı, 8 kitab müəllifi, Prezident təqaüdçüsü Aqil Kəngərli; şair-publisist, pedaqoq, Əməkdar müəllim, AYB-nin üzvü, jurnalist Adil Məmməd; şair, yazıçı, tərcüməçi, AYB-nin üzvü Mahir Qarayev; yazıçı-publisist, AJB-nin üzvü, “Qızıl qələm” və “Ali Media Mükafatı” laureatı Məzahir Əhmədoğlu; yazıçı- publisist, AYB üzvü, Prezident təqaüdçüsü, 7 kitab müəllifi Südabə Sərvi; şairə, AYB üzvü, Prezident təqaüdçüsü, bir neçə kitab müəllifi Nuranə Nur; tarixçi, publisist, nasir, Əməkdar müəllim Pərviz Yəhyalı; şair, publisist, jurnalist, AYB-nin və Azərb. Jurnalistlər Birliyinin üzvü Məcidzadə Anar Feyruz oğlu; şair, filoloq, AYB-nin üzvü Namiq Hadi; şair, yazıçı-ssenarist, Azərb. Yazıçılar İttifaqının üzvü Sabir Adil; şair, publisist, AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı Kərimov Aydın və başqaları ölkə miqyasında tanınan ədiblər kimi fəaliyyət göstərirlər.
Göyçay əhalisi sözə-sənətə böyük dəyər verir və qələm əhlinə diqqət və qayğısını əsirgəmir. Bu baxımdan Rəsul Rzanın ev-muzeyi, Əli Kərim adına Göyçay ş. parkı, bu parkda salınmış “Əbədiyaşar ədiblər” Kompleksi qədirbilən göyçaylıların şeirə, sənətə olan diqqət və qayğısının əyani nümunəsidir.
Adil Məmməd