Prezident İlham Əliyev 2010-cu il fevralın 12-də -“Göyçay-1” Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Son illər ölkəmizin enerjiyə olan tələbatının tam şəkildə ödənilməsi istiqamətində atılan mühüm addımlardan biri də bölgələrdə, rayon və kəndlərdə yeni elektrik stansiyalarının tikilməsidir. Bu baxımdan rayon və kəndlərdə inşa olunan kiçik su elektrik stansiyaları mühüm əhəmiyyət kəsb edir. Bu stansiyalardan biri də Göyçay rayonunun Bığır kəndinin ərazisindən keçən Yuxarı Şirvan kanalı üzərində tikiləcək müasir tipli su elektrik stansiyasıdır.
Prezident İlham Əliyev Bığır kəndindəki “Göyçay-1” Su Elektrik Stansiyasının tikiləcəyi əraziyə gəldi.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, inşa olunacaq “Göyçay-1” Su Elektrik Stansiyasının ərazisi 4 hektardır. Üç meqavat/amper gücündə olacaq stansiyada birmərtəbəli inzibati bina və üç turbindən ibarət maşın zalı inşa ediləcəkdir. Hər turbinin gücü 1 MVA yaxın olacaqdır.
Stansiyanın ərazisi abadlaşdırılmış, ətrafı hasarlanmış və burada 2 minə yaxın ağac əkilmişdir. Ərazidə işıqlandırma sistemi quraşdırılmışdır. Stansiyanın tikintisində 50 nəfərə yaxın inşaatçı çalışacaqdır. Müəssisənin bu ilin sonlarınadək istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı stansiyanın prinsipial sxeminə və yaxın gələcəkdə tikilməsi planlaşdırılan kiçik su elektrik stansiyalarının yerləşmə xəritəsinə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumilikdə ölkə ərazisində 7 zona üzrə 235 kiçik su elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bu da ölkədə elektrik enerjisi ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığını tökdü.
Bununla da dövlətimizin başçısının Göyçay rayonuna səfəri başa çatdı.