Göyçay əhalisinin böyük bir hissəsinin Qaramanlı tayfasından formalaşması bu tayfanın mənşəyi və Göyçay ərazisinə gəlişi haqqında məlumatların araşdırılmasını aktual edir. Hazırda Türkiyənin Qaraman vilayətində axan çayın da adı Göyçaydır. Hətta belə ehtimal da var ki, Qaraman tayfasının nümayəndələri Göyçaya köçərkən özləri ilə Göy çay adını yeni köçdükləri ərazidə axan çaya veriblər.
Hazırda qardaş ölkədə Göyçay çayı, Göyçay parkı, Qaraman, Göyçay yer adları, Karaman və Göyçay soyadı daşıyan çoxlu sayda insan var. Göyçay çayı Geyik (Maral) dağlarında olan Söbüçəmən yaylasındakı Əyrigöldən qaynaqlanır. Göldən yer altına sızan sular 3 km məsafədən üzə çıxır, digər bulaqlarla birləşərək dar dərin vadilərdən axır, Suçatı ərazisində Göysu çayının digər qolu olan Göydərə ilə birləşir. Göyçayın hövzəsi 3500 kv.km, uzunluğu 170 km-dir. Göyçay çayı Antalya, Konya, Qaraman və Mersin ərazisindən axan, Mersinin Silifke rayonunda Aralıq dənizinə tökülən Göysu çayının şimal qoludur. Bu çayın cənub qolu isə Göydərə adlanır. Hər iki çay öz mənbəyini Toros dağlarının Geyik (Maral) adlanan hissəsindən götürür. Geyik (Maral) dağları Alanyanın 50 km şimalında Antalya-Gündoğmuş və Konya-Hadim arasındadır. Bu iki qol Qaraman-Ermeneki keçdikdən sonra Mutun cənubunda birləşərək Göysu adını alır və Silifkenin cənubunda Paradəniz adıyla bilinən deltada Aralıq dənizinə tökülür. Göysu və onun qolları olan Göyçay və Göydərə çayları üzərində su anbarları və su elektrik stansiyaları tikilib.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, s. 15.