Regionlar üzrə tədqiqatların aparılması, o cümlədən ensiklopediyaların hazırlanması Azərbaycan mühitində çox vacibdir. Azərbaycan öz mədəniyyətinə görə Şərq və Qərbi birləşdirən multikultural məmləkətdir. Ölkəmizin milli tərkibi də rəngarəngdir, bir çox xalqlar, din mənsubları burada sülh və qardaşlıq şəraitində yaşayır. Coğrafi cəhətdən də dünyanın 11 iqlimindən 9-u Azərbaycanda mövcuddur. Mədəniyyətimizin, təbiətimizin, əhalimizin belə rəngarəngliyi bizim milli sərvətimizdir, milli mədəniyyətimizin zənginliyidir. Buna görə də regional tədqiqatlar ilk növbədə azərbaycanşünaslıq və azərbaycançılıq baxımından vacibdir.
Bu baxımdan, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidentiElxan Süleymanovun ideya müəllifi olduğu, onun təşəbbüsü və dəstəyi ilə hazırlanaraq dərc olunmuş“Göyçay Ensiklopediyası” yalnız göyçaylılar deyil, bütün azərbaycanlılar üçün maraqlı və dəyərlidir. Bu gün ölkəmizdə cənab Prezidentin sərəncamı ilə regional inkişaf layihələri həyata keçirilir, bölgələrimiz inkişaf edir. Oxuculara təqdim olunan bu ensiklopediya da bu siyasətin bir həlqəsidir, regionlarımızın tarixi, mədəniyyəti haqqında dolğun təsəvvür yaradan və bununla də gənclərimizin vətən sevgisini artıran bir məxəzdir.
“Göyçay Ensiklopediyası” AVCİYA-nın Azərbaycanın tarixinə, mədəniyyətinə, ictimai-siyasi həyatına və beynəlxalq əlaqələrinə, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinə dair hazırlayıb dərc etdiyi, ideoloji, siyasi, kulturoloji, elmi əhəmiyyətə malik müxtəlif janrlı kitablar silsiləsinin növbəti nümunəsidir. On il Şanaxının millət vəkili olmuş Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Şirvan bölgəsi və Göyçay rayonu haqqında AVCİYA tərəfindən “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918.” (Azərb. və ingilis dillərində); “Şamaxı qırmızı terrorun hədəfində. 1930-1940-cı illər represiyaları” (Azərb. və ingilis dillərində); “Şamaxı ensiklopediyası”; “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918); “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”; “Göyçay tarixi” və digər bir çox monoqrafik tədqiqatlar hazırlanaraq dərc edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyiinə həsr olunmuş “Göyçay Ensiklopediyası” AVCİYA-nın azərbaycanşünaslıq baxımından dəyərli, informativ və elmi əhəmiyyətə malik yeni nəşridir. İki hissədən ibarət olan Ensiklopediyanın əlifba sırası ilə təqdim olunan birinci hissəsində Göyçaya aid müxtəlif mövzulara, görkəmli şəxsiyyətlərə aid məlumat verilmişdir. Ensiklopediyanın ikinci hissəsi isə bölgənin tarixinə, coğrafiyasına, toponimlərinə, maddi mədəniyyətinə, etnoqrafiyasına, folkloruna, dini vəziyyətə, aşıq sənətinə, ədəbi mühitinə, təhsilə, səhiyyəyə, idmana həsr edimiş oçerkləri əhatə edir.
Tarix haqqında oçerk AVCİYA tərəfindən “Göyçay Ensiklopediyası”na hazırlıq çərçivəsində dərc edilmiş, professor M.Zülfüqarlının yazmış olduğu “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)”, “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”, “Göyçay tarixi” adlı monoqrafik tədqiqatlar əsasında müəllifin özü tərəfindən ensiklopediya üçün hazırlanmışdır. Göyçayın tarixini və memarlıq abidələrini, qədim dövrü, ərazidəki müxtəlif türk dövlətlərini, o cümlədən Şirvanşahlar hakimiyyətini, XIX-XX əsrləri, AXC quruculuğunda göyçaylıların iştirakını, 1920-1930-cu illər hadisələrini, II Dünya müharibəsində göyçaylıların iştirakını, 1945-1960-cı illəri, Ümummilli lider Heydər Əliyevin Göyçaya qayğısını, Göyçayın müasir dövrünü, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş göyçaylılar haqqında bölməni əhatə edən Göyçay tarixi haqqında oçerk həm tarixi məlumat və faktların tədqiqata cəlb edilməsi, həm sistemli dövrləşdirmə, həm də ümumiləşdirmələr baxımından Göyçay tarixinə dair ilk sanballı tədqiqatın akademik xülasəsi kimi dəyərlidir.
Göyçay döyüşləri adlı ensiklopedik oçerk də AVCİYA layihəsi olaraq tarixi mənbələr əsasında yazılmış, 18 iyun – 2 iyul 1918-ci ildə erməni-bolşevik soyqırımına qarşı Qafqaz İslam Ordusunun yerli könüllülərlə apardığı qurtuluş döyüşləri haqqında obyektiv məlumatı əks etdirən tədqiqat işidir. Oçerkin müəllifi olan AVCİYA-nın vitse-prezidenti, prof. M.Zülfüqarlı bu döyüşlərin obyektiv mənzərəsini, müxtəlif ərazilərdə baş verən toqquşmaları səhih təsvir etməklə bərabər, Göyçay döyüşlərinin Azərbaycan və Türkiyə tarixşünaslığında yerini də ətraflı şərh etmişdir.
Göyçayın coğrafiyası haqqında oçerk görkəmli alim, coğrafiya elmləri doktoru, Əməkdar müəllim Şövqi Göyçaylı tərəfindən alimin şəxsi tədqiqatları əsasında xüsusi olaraq “Göyçay Ensiklopediyası” üçün hazırlanmışdır. Bu oçerkdə Göyçay rayonunun relyefi, geoloji quruluşu, iqlimi və aqroiqlim ehtiyatları, daxili suları, torpaqları, bitki və heyvanat aləmi, təbii resursları və digər xüsusiyyətləri haqqında elmi təhlil və ümumiləşdirmələr təqdim olunmuşdur.
Göyçay əsilli tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun kafedra müdiri İradə Kərimovanın “Göyçay toponimlərinin linqvistik təhlili” adlı oçerki müəllifin uzun illər apardığı geniş həcmli toplama və tədqiqat işi əsasında Ensiklopediya üçün hazıranmış orijinal elmi araşdırmadır. Bu ensiklopedik oçerkdə Göyçay toponimlərinin mənşəyi, dil xüsussiyyətləri, funksional səciyyəsi və digər türk dillərində izlənən uyğun toponimlərlə müqayisəli linqvistik təhlili verilir. Müəllifin xüsusi önəm verdiyi anlayışlardan biri olan etnotoponimlərin, digər toponimik vahidlərin tədqiqi bütövlükdə azərbaycanşünaslıq baxımından elmi əhəmiyyət kəsb edir.
“Göyçayın maddi mədəniyyəti” adlı növbəti oçerk Göyçayın tanınmış ziyalısı, filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Əkbər Əliyev (Əkbər Əlioğlu) tərəfindən yazılıb. Oçerkdə Göyçayın maddi mədəniyyəti tarixi aspektdə təhlil olunmuş, tikililər, xalq sənəti nümunələri, zərgərlik, qalayçılıq, məişət və təsərrüfat alətləri, geyim və sairə müəllifin əldə etdiyi zəngin materiallar, arxiv sənədləri əsasında araşdırılmışdır.
Ensiklopediyada dərc olunmuş, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyevin (Əkbər Əlioğlu) “Göyçayda təhsil, səhiyyə, idman” adlı digər oçerki, adından da göründüyü kimi, Göyçayda klassik təhsil və artıq yüz ildən çox tarixi olan müasir dünyəvi təhsil, bu bölgənin görkəmli pedaqoqları, təhsil xadimləri, səhiyyənin tarixi, xalqın yaddaşında iz qoymuş həkimlər və idman xadimləri haqqındadır. Tarixi faktlar, sənədlər əsasında yazılmış bu oçerk də tədqiqatçılar və geniş oxucu kütləsi üçün maraqlı olan faktlar və təhlillərlə zəngindir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun əməkdaşı, Göyçay əsilli folklorşünas, etnoqraf alim Atəş Əhmətlinin müəllifi olduğu “Göyçayın etnoqrafiyası” oçerkində rayon ərazisindəki müqəddəs yerlər və onlarla bağlı inanclar, təbiət hadisələri, yas, toy,göz-nəzərlə bağlı inanclar, yuxuyozmalar, müxtəlif mərasimlər, xalq təbabəti, yerli mətbəx haqqında ətraflı məlumat verilir, Göyçayın qədimlərdən gələn həyat tərzi təcəssüm olunur.
Atəş Əhmədlinin Göyçay folkloruna həsr olunmuş ikinci oçerki də müəllifin uzun illər ərzində apardığı toplama işinin və tədqiqatların bəhrəsidir. Ensiklopedik oçerk müəllifin bölgədən özünün topladığı folklor materialının tədqiqatı və ümumiləşdirilməsi əsasında xüsusi olaraq “Göyçay Ensiklopediyası” üçün yazılıb. Göyçay folklorunun regional xüsusiyyətləri, coğrafi mühitdən gələn səciyyəsi, tarixi özəllikləri haqqında müfəssəl və yeni elmi məlumat verən tədqiqatçı daha sonra bu tarixi bölgəmizin folklorundan özünün topladığı folklor örnəklərini janrlar üzrə təqdim edir. Yerli şivədə verilmiş əfsanə və rəvayətlər, mifoloji mətnlər, nağıllar, imanlı və inanclı babaların kəramətindən nümunələr, peyğəmbərlər haqqında rəvayətlər, xalq deyimləri, atalar sözləri, məsəllər, bayatı və ağılar bu qədim və əsrarəngiz diyarımızın söz ənənəsi haqqında ətraflı təsəvvür yaradır, eyni zamanda gələcək tədqiqatlara yollar açır.
Şirvan bölgəsinin nümayəndəsi, filologiya üzrə elmlər doktoru, AMEA-nın əməkdaşı, folklorşünas Qalib Sayılovun təqdim etdiyi “Şirvan aşıq sənətində multikultural çalarlar: Şirvan aşıq məktəbinin Göyçay mühiti” adlı oçerk də öz orijinallığı, elmi əhəmiyyəti və yeniliyi ilə seçilir. Şirvan aşıq məktəbi tarixən iki təməl üzərində – qədim türk ozan ənənəsi və Şirvanın klassik poeziya məktəbi əsasında formalaşıb. Buna görə də Şirvan aşıq ənənəsində xalq və klassik şeir ənənəsi, muğam və saz havacatı çulğaşıb və orijinal sənət nümunəsi yaranıb. Əslən Şamaxıdan olan, aşıq yaradıcılığı üzrə mütəxəssis Qalib müəllim bu xüsusiyyəti həssaslıqla duyaraq, Göyçay aşıq mühiti əsasında təhlil etmiş və maraqlı elmi nəticələrə gəlmişdir. “Göyçay Ensiklopediyası” üçün yazılmış bu məqalənin də gənc tədqiqatçılar üçün əhəmiyyətli olacağına əminik.
Ensiklopediyanın həcmcə ən böyük oçerki Göyçay ədəbi mühitinə həsr edilib. Bu oçerkin həcmcə genişliyi təsadüfi deyil və Göyçayın zəngin ədəbi ənənəyə sahib olması, bu diyarda bir çox şair, yazıçı, tərcüməçi, publisist, dramaturqların yetişməsi ilə bağlıdır. Göyçayın ağsaqqal ziyalısı, yazıçı, publisist, şair, “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim, AYB üzvü Adil Məmməd və prof. Asif Hacılının birlikdə yazdığı oçerkdə qədim dövrdən Göyçayda mövcud olmuş ədəbi mühit və ənənə haqqında məlumat verilmiş, klassik ənənəni bu gün də yaşadan sənətkarların formalaşdığı ədəbi çevrə səciyyələndirilmişdir. Oçerkdə Həbibidən başlayaraq Dəllək Murad, Məlikballı Qurban kimi klassik şairlərin və yeni dövrün görkəmli ədibləri Qantəmir Qafur, Abdulla Faruq, Rəsul Rza, Ənvər Məmmədxanlı, Anar,Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylı, İnqilab Kərimov, Feyruz Məmmədov kimi ümummilli miqyaslı şair və yazıçıların yaradıcılığı, əsərlərinin məzmun və forma xüsusiyyətləri səciyyələndirilmişdir. Oçerkdə hazırda burada mövcud olan ədəbi mühit, müxtəlif ədəbi qruplarda birləşmiş yazarlar haqqında məlumat xüsusi maraq kəsb edir. Göstərilir ki, Azərbaycanın mərkəzi rayonlarından biri, keçmiş qəza mərkəzi olan Göyçayın daxilində zəngin ədəbi mühit həmişə mövcud olub və bu gün də var.Yerli şairlər, nasirlər, publisistlər, söz-sənət adamları, ədəbiyyat müəllimləri ədəbi qruplar yaradaraq, özünəməxsus ədəbi çevrədə ünsiyyətdə olur, maraqlı əsərlər yazırlar. Qeyd olunur ki, hələ 1960-cı illərdə şair Mehdi Mehdiyevin “Pöhrələr” adlı ədəbi birlik yaradaraqistedadlı gəncliyi cəlb etməsi ilə ədəbi mühitdə canlanma başlayıb. 1970-ci ildə Göyçayda “Yeni həyat” qəzetinin redaksiyası nəzdində Əli Kərimadına Poeziya klubu təsis edilib. Klubun yaradıcısı və fəxri sədri böyükşair Rəsul Rza, məsul katibi “Yeni həyat” qəzetinin şöbə müdiri, istedadlı şair,publisist Məzahir Əhmədoğlu olub. Klub üzvləri ayda bir dəfə qəzet redaksiyasında toplaşar, yazdıqları əsərləri müzakirə edər və bəyənilənləri M.Əhmədoğlu Bakıya, Xalq şairi Rəsul Rzaya göndərər, onun xeyir-duasından sonra şeirlər işıq üzü görərdi. R.Rza Göyçaya hər gəlişi zamanı redaksiyaya gələr, Klubun fəaliyyəti ilə maraqlanardı. 1978-ci ildə R.Rza Klub üzvlərinin çap olunan şeirləri barədə mətbuatda məqalə ilə çıxış etmişdir. Həmin dövrdə qəzetin səhifələrində Məzahir Əhmədoğlu,Səfərəli Sarvan, Mövsüm Hüseynov, Alıkişi Səfərov, Qara Süleymanov, Ədalət Əsgəroğlu, Mahir N.Qarayev, Ətraf Alməmmədoğlu (Sərraf), Əkbər Əlioğlu, İlqar Əhmədoğlu, Aqil Kəngərli, Adil Məmməd, Südabə Əhmədova (Sərvi) müntəzəm olaraq çıxış ediblər. 2022-ci ildən Rəsul Rzanın Ev Muzeyində muzeyin direktoru Solmaz Həsənova və AYB-nin üzvü Adil Məmmədin təşəbbüsü ilə Rəsul Rza adına Ədəbiyyat Klubu və Gənc Yazarlar adlı iki dərnək yaradılaraq fəaliyyətə başlamışdır. Klubun məşğələlərində Göyçayda yaşayan yazarlar Əkbər Əlioğlu, Aqil Kəngərli, Könül Həyat, Şəmsiyyə Qaramanlı, Humay Əsgərova, Aynur Əliyeva və başqaları ilə yanaşı, Bakı şəhərində yaşayan İlqar Əhmədoğlu və Ətraf Sərraf da iştirak edirlər.2000-ci illərin əvvəllərindən yaradıcılığa başlayan Pərviz Yəhyalı da 2020-ci ildən fəal dərc olunmağa başlamışdır. Ədəbi qruplardan biri də yaradıcısı və rəhbəri şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Abil İslam olan, internet üzərindən yaradılmış “Göyçay yazarlar” qrupudur. Həmsədri Südabə Sərvi olan qrupun əsas məqsədi Göyçaylı yazarları gələcək nəsillərə tanıtmaq, onların canlı ünsiyyətinə şərait yaratmaq, əsərlərinin müzakirəsini keçirməkdir.
Göründüyü kimi, Göyçay Ensiklopediyası”nda dərc olunmuş tematik ensiklopedik oçerklər bu bölgənin tarixi, coğrafiyası,mədəni-ədəbi mühiti, təhsili, həyat tərzi, xalq sənəti və folkloru, ictimai həyatı haqqında müfəssəl təsəvvür yaradır və gələcək tədqiqatlara yol açır. Bütövlükdə “Göyçay Ensiklopediyası”nın və burada təqdim olunmuş elmi məzmunlu oçerklərin Göyçay və bütövlükdə Respublika ictimaiyyətinin və tədqiqatçıların diqqətini cəlb edəcəyini düşünürük.
Filologiya e.d., prof. Asif HACILI