
Göyçay döyüşlərinin tarixşünaslığı
Azərb.-nın beş min illik dövlətçilik tarixi Vətənimizin istiqlalı uğrunda mübarizələrlə, qəhrəmanlıqlarla zəngindir. XX əsrin əvvəllərində baş vermiş belə qəhrəmanlıqlardan biri Göyçay döyüşləridir. Azərb. tarixinin qəhrəmanlıq səhifələrindən olan “Göyçay döyüşləri” mövzusu bu gün öz aktuallığı ilə diqqəti cəlb edir.
Göyçay döyüşləri haqqında sovet dövründə obyektiv kitab və məqalələr yazmaq qadağan olunduğundan yalnız Azərb.-nın dövlət müstəqilliyinin bərpasından sonra bu mümkün olmuşdur. Göyçay döyüşləri haqqında əhaliyə obyektiv məlumatların verilməsi Azərb. Resp.-sı ərazisinin 20%-nin işğal altında qaldığı hazırkı dövrdə xalqın qələbəyə inamının artırılmasında müstəsna rola malikdir.
Qafqaz İslam Ordusu və bu ordunun əsgərlər ilə birgə döyüşmüş azərbaycanlı hərbçilər haqqında obyektiv tədqiqatlar bu qəhrəmanlıqlara kölgə salmağa çalışan bəzi üzdəniraq qüvvələrin saxtakarlıqlarının ifşasında mühüm əhəmiyyət daşıyır. Azərb. xalqını bolşevik-erməni soyqırımından xilas etmiş Qafqaz İslam Ordusunun fəaliyyətinin obyektiv tədqiqi Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə kömək göstərə bilər.
Göyçay döyüşləri haqqında ayrıca kitab və məqalələr yazılmasa da, həm sovet dövründə, həm də dövlət müstəqilliyinin bərpasından sonra yazılmış bir sıra kitab və məqalələrdə bu döyüş haqqında müəyyən məlumatlar verilmişdir. Göyçay döyüşünün tarixşünaslığını şərti olaraq iki yerə bölmək olar: sovet tarixşünaslığı və dövlət müstəqilliyinin bərpasından sonrakı tarixşünaslıq.
Sovet dövrü tarixçilərindən P.Ə.Əzizbəyova, Ə.S.Sumbatzadə, C.B.Quliyev, X.O.Əlimirzəyev, N.Əlizadə, A.Dadaşlı, M.H.Hüseynov, Z.İ.İbrahimov, S.M.İsgəndərov, Y.A.Tokarjevski, M.K.Rüstəmbəyli, K.Şahgəldiyev, T.S.Miralayev, İ.A.Hüseynov və başqalarının kitablarında dövrün tələbinə uyğun olaraq mövzu saxtalaşdırılmış, həqiqətə uyğun olmayan məlumatlar dövriyyəyə buraxılmışdır. Bu əsərlərdə sovet tarixşünaslığına xas olan “dostu düşmən, düşməni dost kimi” göstərmək prinsipi özünü açıq-aydın büruzə verir. Sovet tarixçilərinin əsərlərində Azərb. xalqına köməyə gəlmiş Qafqaz İslam Ordusu işğalçı, yerli müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən, Azərb. sərvətlərini talayan işğalçı bolşevik-daşnak qüvvələri isə xilaskar kimi qələmə verilmişdir.
Azərb. Resp.-sı dövlət müstəqilliyini bərpa etdikdən sonra Z.Bünyadov, A.C.İsgəndərov, F.İbrahimli, N.Nəsibzadə, A.Balayev, P.Darabadi, M.R.Əsədova, M.Süleymanov, M.Təkləli, M.Rıhtım, Y.Ağayev, S.Əhmədov, V.Abışov, A.Vəliyev (Aşırlı), A.H.Zeynallı və başqa müəlliflərin kitab və məqalələrində mövzu ilə bağlı obyektiv məlumatlar verilmişdir.
Prezident H.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından (26 mart 1998 il) sonra tədqiqatçılar 1918 ildə ermənilər tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsinin və Qafqaz İslam Ordusunun xilaskar yürüşünün tədqiqinə daha çox diqqət yetirmişlər.
İki cilddə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın ikinci cildində Göyçay və Qaraməryəm döyüşləri haqqında qısa da olsa məlumatların verilməsi müsbət qiymətləndirilməlidir. Yeddi cildlik “Azərbaycan tarixi“ kitabının beşinci cildində verilmiş materiallar mövzunun tədqiqinə yaxından kömək edə bilər.
Tarix e.d. M.Əsədlinin kitabında I Dünya müharibəsi cəbhələrində Osmanlı ordusuna köməyə getmiş azərbaycanlı könüllülərinin başçısı, Qafqaz İslam Ordusunun tərkibində qəhrəmanlıqlar göstərmiş polkovnik Yusif Ziya haqqında ətraflı məlumat verilir.
A.H.Zeynallının kitabında Göyçay qəz.-nın Kürdəmir, Sığırlı, Karrar, Qarabucaq, Müsüslü və s. ərazilərində ermənilərin törətdikləri vəhşiliklər və onlara qarşı aparılan döyüşlər barədə obyektiv məlumatlar var.
Tarix e.d., prof. S.Rüstəmova-Tohidinin “Göyçay və Cavad qəzalarında erməni vəhşilikləri” adlı məqaləsində Göyçay qəz.-nın ən mühüm yaşayış və işgüzar mərkəzi sayılan Kürdəmir qəsəbəsində və ətraf kəndlərdə ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat verilmişdir.
M.Süleymanovun kitabının bir bölümü “Göyçay ətrafında başlanan qalibiyyət yolu” adlanır. Müəllif bu bölümdə Göyçay döyüşünün əhəmiyyətini, bu döyüşün sonrakı qələbələrdə oynadığı həlledici rolu faktlarla açıb göstərir.
Y.Ağayev, S.Əhmədovun kitabında Qafqaz İslam Ordusunun Göyçaydan başlayaraq iştirak etdiyi döyüşlər aşağıdakı ardıcıllıqla verilmişdir:
• Qaraməryəm döyüşü (18 iyun 1918 il)
• Qaraməryəm – Göyçay döyüşü (27-30 iyun 1918 il)
• Salyan döyüşü (28 iyun – 2 iyul 1918 il)
• Ağsu-Kürdəmir döyüşü (5-14 iyul 1918 il)
• Şamaxı əməliyyatı (19-22 iyul 1918 il)
• Hacıqabul əməliyyatı (26-31 iyul 1918 il)
• Birinci Bakı əməliyyatı (1-5 avqust 1918 il)
• Bakı ətrafında döyüşlər (6 avqust – 12 sentyabr 1918 il döyüşləri)
• İkinci Bakı əməliyyatı və Bakının azad edilməsi (14-15 sentyabr 1918 il)
Döyüşlərin bu cür ardıcıllıqla verilməsi müsbət hal olsa da, fikrimizcə, bunun təkmilləşdirilməsinə ehtiyac var. Çünki Qaraməryəm uğrunda baş verən birinci döyüş 18 iyunda, yalnız bir gün deyil, 16-18 iyun tarixlərində, 3 gün davam etmişdir. Bundan başqa, birinci Qaraməryəm döyüşündən sonra 27-29 iyunda Göyçay uğrunda döyüş olmuş, sonra isə Qaraməryəm uğrunda ikinci döyüş (29-30 iyun) baş vermişdi. Yəni müəlliflər bu döyüşləri ayırmasalar da, heç olmasa, bu bölgünü Göyçay-Qaraməryəm döyüşü adlandırsaydılar, daha düzgün olardı. Çünki Göyçay döyüşündəki qələbədən sonra düşmən şərqə doğru geri çəkilməyə başlamış, Qaraməryəm Göyçayın şərqində yerləşdiyindən Qaraməryəm uğrunda ikinci döyüş Göyçay döyüşündən sonra baş vermişdi.
M.Təkləli, M.Rıhtım, Y.Ağayev və S.Əhmədovun kitablarında Qafqaz İslam Ordusunun iştirak etdiyi döyüşlər barədə qısa, xronoloji ardıcıllıqla konkret məlumatlar verilmişdir ki, bu da mövzunun tədqiqatında mühüm əhəmiyyətə malikdir.
ABŞ tarixçisi T.Svyataxovski öz əsərində 1918 ildə baş verən hadisələrə sovet tarixşünaslığından fərqli, obyektiv qiymət vermişdi. Qafqaz İslam Ordusu Azərb.-na gələnə qədər yerli əhalini bolşevik-daşnak qüvvələrindən müdafiə edən İsmayıl xan Ziyadxanov, gürcü knyazı, polkovnik Levan Laursaboviç Maqalov, Əli bəy Zizinski, Dağıstandan köməyə gəlmiş imam Nəcməddin Qotsinski və onların rəhbərlik etdiyi qəhrəman əsgərlər haqqında, təəssüf ki, hələ də obyektiv tədqiqat işləri aparılmayıb.
Göyçay-Şamaxı istiqamətində 1918 ilin martında İsmayıl xan Ziyadxanovun rəhbərlik etdiyi kiçik bir dəstənin irəliləməsi ilə ermənilərin Şamaxının Qozluçay k. istiqamətində geri çəkilməsi, Əli bəy Zizinskinin Quba və ətraf ərazilərdə toplanmış 1000 nəfərlik könüllü dəstəsinin, 1918 ilin 7-8 martında ona Dağıstandan köməyə gəlmiş 1400 nəfərlik imam Nəcməddin Qotsinskinin dəstəsinin Xırdalan istiqamətində bolşevik-daşnak qüvvələri ilə ölüm-dirim mübarizəsi aparması, 1918 ilin 6 yanvarında Şamxor stansiyasında rus ordusunun tərk-silah edilməsi əməliyyatına L.Maqalovun rəhbərlik etməsi kimi faktlar sübut edir ki, Qafqaz İslam Ordusu Azərb.-na gələnə qədər düşmənə qarşı müqavimət göstərilib.
1918 ilin 20 aprelində bolşevik-daşnak qüvvələri Hacıqabul stansiyası istiqamətində hücuma keçən zaman onların qarşısında polkovnik L.Maqalovun komandirlik etdiyi müsəlman və gürcü korpuslarının müştərək qüvvələrinin dayanması və s. faktlar deməyə əsas verir ki, bu insanlar yerli müsəlman əhalini düşməndən müdafiə etmək üçün çox böyük qəhrəmanlıqlar göstərmişlər. Onlar haqqında tədqiqat işlərinin aparılması bu gün aktual olaraq qalır.
Mövzu ilə bağlı ayrıca kitab və məqalə yazılmasa da, müxtəlif KİV-də Göyçay döyüşlərinə aid bir neçə məlumat xarakterli yazılar dərc olunub. Bunlardan H.Abdullanın “1918-ci il qırğınlarının izi ilə Göyçay qırğınları” məqaləsini , “Göyçayda Türk Qafqaz İslam Ordusunа məxsus maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır”, “Şəhid məzarları ziyarət edilib”, “Göyçaydakı çinar ağacı tarixə sübutdur”. Göyçaydakı maddi-mədəniyyət nümunələri 1918 ildə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərə şahidlik edir”, “Göyçaydakı türk əsgərlərinin məzarları 1918 ilin qanlı hadisələrinin tarixi nişanəsidir” və s. yazıları qeyd etmək olar. (Zülfüqarlı M. “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)“. Bakı, 2017, 110 s.)
Göyçay döyüşlərinin Türkiyə tarixşünaslığı
Türkiyə tarixşünaslığında Göyçay döyüşləri ayrıca deyil, digər hadisələrlə birlikdə araşdırılıb. Lakin qardaş ölkə tarixşünaslığında bu hadisələrin “Göyçay döyüşləri”, “Göyçay müharibələri” başlığı altında verilməsi qardaş Türkiyə tarixçilərinin bu mövzuya necə həssaslıqla yanaşdıqlarını sübut edir. Aşağıda Göyçay döyüşlərinə aid əsərlər yazmış Türkiyə tarixiçilərinin əsərlərinin bir hissəsi qeyd olunub:
1.Ahmet Caferoğlu, Türk-İslam ordusu, Kültürü, sayı.3S, Yıl 3 Eylül 1965
2.Ahmet Refik Kafkas Yollarında. İki komite, iki kital. 1998, 223 s.
3.Bilвil N. ŞİMŞİR, E.Büyükelçi “Kafkas İslam Ordusu’nun Azerbaycan Harekatı ve Bakı Savaşları” 2012
4.Karaköse, N., (Nuri Paşa – Afrika Grupları Komutanı, Kafkas İslam Ordusu Komutanı, Sütlüce Fabrikası’nın Sahibi, Ötüken Neşriyat, İstanbul, 2012, s. 134
5.Nâsır Yüceer, Birinci Dünya Savaşı’nda Osmanlı Ordusu’nun Azerbaycan ve Dağıstan Harekâtı, Gnkur. Gnkur. ATASE Yay., Ankara 1996
6.Nizamettin Onk, Türk Ordusu Azerbaycanda, Türk Dünyası Tarih Dergis (TDTD), S. 85, İstanbul 1993, s.45-49.
7.Süleyman İzzet Yeğin (E) Yarbay, Azerbaycan ve Dağıstan Muharebelerinde 15’inci Piyade Tümeni, Yayına Hazırlayan Ahmet Tetik, Mehmet Korkmaz, Gnkur. ATASE Yay., Ankara 2006, s.4-33,
8.Süleyman İzzet; Büyük Harpte 15. Piyade Tümeninin Azerbaycan ve Şimali Kafkasya’daki Harekât ve Muharebeleri, 103 Sayılı Askeri Mecmuanın 44 Sayılı Tarih Kısmı, Askeri Matbaa, İstanbul 1936, s. 41.
9.Türker, R., Birinci Dünya Harbi’nde Bakü Yollarında 5. Kafkas Tümeni, Genelkurmay ATASE Yayınları, Ankara, 2006
10.YALÇIN MURGUL “1917-1918 Baku Seferi: Osmanlılar’ın Kafkasya Politikası Üzerine Bir Çalısma” Ankara 2007
11.Yaşar ERTÜRK Kafkaz Türk Ordusnun Dağıstan və Azerbaycan herekatı. PLATO HABER 22 dekabr 2011.http://platohaber. com/index.php/1125-kafkas-islam-ordusunun-arerbaycan-ve-dagistan-harekati
“Göyçay döyüşləri”nə aid mövcud Azərbaycan və Türkiyə tarixşünaslığının oxşar və fərqli cəhətləri var. Oxşar cəhətlər ondan ibarətdir ki, hər iki tarixşünaslıqda mövzuya çox böyük həssaslıqla, obyektiv yanaşılıb. Fərqli cəhətlər isə ondan ibarətdir ki, bu mövzu kommunist rejimi imkan vermədiyindən Azərb.-da, əsasən, XX əsrin sonlarında başlanan milli-azadlıq hərəkatı və müstəqilliyin bərpasından sonra tədqiq olunmağa başlanıldığı halda, qardaş Türkiyədə hadisələrin baş verdiyi dövrdən başlayaraq tədqiq edilib. Bu da Türkiyə tarixşünaslığının daha zəngin olmasına səbəb olmuşdu. Bir də adların yazılmasında bəzi fərqlər mövcuddur. Məsələn, Türkiyə müəlifləri öz əsərlərində Qafqaz İslam Ordusu komandanının adını Nuri paşa yazdıqları halda, Azərb. yazarları onun adını Nuru paşa kimi qeyd edirlər. Bütün bu oxşar və fərqli cəhətlərə baxmayaraq, hər iki qardaş ölkə tarixçilərinin mövzuya aid kitab və məqalələri elmi baxımdan mühüm əhəmiyyət kəsb edir.
Fikrimizcə, hər iki qardaş ölkənin tarixçiləri bundan sonra da bu mövzuda tədqiqatlarını davam etdirməli, Azərbaycan tarixinin bu dövrünə aid şanlı səhifələrini ağ ləkələrdən təmizləməlidirlər. (Zülfüqarlı M. “Göyçay döyüşləri-Türkiyə tarixşünaslığında “. Bakı, 2018)
Kürdəmir istiqamətində cərəyan edən hadisələr
12 minlik bolşevik-daşnak ordusu 10 iyun 1918 il tarixdə Hacıqabulu işğal etdikdən sonra, 11 iyunda Sığırlı stansiyasında olan milli qoşun bölmələri üzərinə hücum etdilər. Bu hücum zamanı ciddi bir müqavimətə rast gəlməyən düşmən hissələri iyunun 11-də axşamçağı Sığırlı stansiyasını işğal etdilər. Bu xəbəri S.Şaumyan çox böyük sevinclə qarşıladı və o, dərhal Moskvaya, V.Leninə teleqram göndərdi: “Yelizavetpol istiqamətində hərbi əməliyyatlar başlamışdır, ilk məlumatı göndərirəm. Məlumat bu gün, iyun ayının 11-də axşam saat 9-da alınmışdır. Bizim qoşunların ön dəstələri Sığırlı stansiyasını tutmuşdur. Bizim kəşfiyyat qatarımız Karrar stansiyası istiqamətindən düşmən topları vasitəsilə atəşə tutulmuşdur. Qoşunlarımız irəli hərəkət edir…”
Göyçay qəz.-nın Sığırlı k. 1918 ildə çox böyük strateji əhəmiyyətə malik idi. Çünki o zaman indiki yol infrastrukturu, o cümlədən Bakı-Şamaxı, Bakı-Gəncə və Ağsu-Kürdəmir magistral yolu olmadığından Ağsu, Şamaxı istiqamətində getmək istəyən hər bir şəxs ya dəmir yolu ilə Sığırlı və ya Kürdəmir stansiyalarından istifadə edir, ya da ənənəvi at arabası yolu ilə gedirdi. Sığırlının Bakı-Tiflis dəmir yolunun, Şamaxı-Sabirabad araba yolu üstündə yerləşməsi onun əhəmiyyətini daha da artırırdı. Bu zaman uzaq yol gedən şəxslərin gecələməsi üçün Sığırlıda ikimərtəbəli mehmanxana da fəaliyyət göstərirmiş. Bu faktın özü sübut edir ki, o zaman bölgə insanları, əsasən, Sığırlı yolundan istifadə edir və çox zaman burada gecələməyə üstünlük verirdilər. Bütün bunlara görə də 1918 ilin iyun ayında bolşevik-daşnak qüvvələri Şamaxı, Göyçay istiqamətində hücuma keçərkən strateji cəhətdən böyük əhəmiyyət kəsb edən Sığırlını tutmağa can atırdı. Düşmən hissələrinin 1918 il iyunun 11-də axşam çağı Sığırlı stansiyasını işğal etməsini S.Şaumyanın çox böyük sevinclə qarşılayaraq dərhal V.İ.Leninə xəbər verməsi faktının özü də sübut edir ki, düşmən Sığırlının işğalına necə əhəmiyyət verirdi. Bolşevik-daşnak qüvvələri tərəfindən Sığırlı tutularkən əhalinin çox hissəsi (əsasən, qadınlar və uşaqlar) indiki kənddən şm.-la doğru çəkilərək km-lərcə uzanan düzənlik, azsaylı yulğunluq ərazilərdə, kiçik həcmli çökəkliklərdə gizlənərək canını qurtara bilmişdi. Sığırlının yerləşdiyi ərazi düzən ərazi olduğundan, dağ, dərə, təpə, meşə olmadığından insanlar yulğunluqlarda, düzənlikdə olan ərazidəki kiçik çuxurların içində günlərlə gizlənməklə döyüşlərin nəticəsini ac-susuz gözləməklə, insanlıq dramı yaşamışlar. Yaşlı insanların dediklərinə görə, açıq havada səhərə qədər bu çuxurlarda gizlənərkən körpə uşaqların bələkləri səhər şehində islanır, məsum körpələr aclıqdan, susuzluqdan, soyuqdan ağlamaq istəyəndə yaxınları səsləri çıxmasın deyə onları zorla sakitləşdirirdilər.
1918 ilin 10 iyununda bolşevik-daşnak qüvvələri Hacıqabul stansiyası istiqamətində hücuma keçən zaman onların qarşısında polkovnik Maqalovun komandirlik etdiyi müsəlman və gürcü korpuslarının müştərək qüvvəsi dayanmışdı. 14 iyun 1918 il tarixdə Nazim bəy Kürdəmir yaxınlığında yerləşən Müsüslü stansiyasına gələrək burada olan Qafqaz İslam Ordusu hissələrinə rəhbərlik etməyə başlayıb. Həmin gün düşmənə qarşı mübarizəni gücləndirmək üçün bir qüdrətli dağ batareyası ilə 38-ci alay, ləzgi süvari alayı, 250 sandıq piyada mərmisi və 600 atım top sursatı Yevlaxdan Kürdəmirə göndərildi.
Mənbələrdə Azərb. korpusundan olan Müsüslüdəki rus və gürcü teleqrafçılarının 15 iyun gecəsi fərarilik etdərək mövqelərini özbaşına tərk etmələri haqqında məlumat verilir. Bəzi mənbələrdə buna aclığın səbəb olduğu göstərilir. Polkovnik Maqalovun komandirlik etdiyi Müsəlman korpusu qüvələr nisbəti qeyri-bərabər olduğundan Ucara doğru geri çəkilməyə məcbur olmuşdur.
Ucar stansiyasının strateji əhəmiyyəti
Qəza mərkəzi olan Göyçaydan 18 km məsafədə Bakı-Tiflis dəmir yolunun üstündə yerləşən Ucar stansiyasının döyüşlər baş verən zaman böyük strateji əhəmiyyəti var idi. Bu stansiya 1867 ilin dekabrında Bakı quberniyasının tərkibində yaradılmış Göyçay qəz.-nın tərkibində olmuşdur.
Bakı neftinin Qara dəniz limanlarına çatdırılması üçün 1883 ildə Bakı-Tiflis dəmir yolu çəkilərkən Göyçay qəz.-nın ərazisinə daxil olan Hacıqabul, Qarasu, Sığırlı, Karrar, Kürdəmir, Qarabucaq, Müsüslü, Bərgüşad, Ucar və s. adlı dəmiryol stansiyaları da yaradıldı. 1918 ilin iyun-iyul aylarında Göyçay, Qaraməryəm, Ağsu istiqamətində gedən əsas hərbi əməliyyatlarla yanaşı, bu stansiyalar da döyüşlərin getdiyi əsas ərazilər olmuşdur. Dəmir yolunun salınması bu yaşayış məntəqələrinin strateji cəhətdən əhəmiyyətini artırdı. Ucar həmçinin Bakı neftini dünya bazarına çıxarmaq üçün 1896 ildə inşa edilmiş Bakı-Batum neft kəmərinin də keçdiyi strateji cəhətdən mühüm ərazilərdəndir.
Ucar stansiyası XIX-XX əsr Azərb. tarixində strateji cəhətdən mühüm rol oynamağına, burada tarixi hadisələr baş verməsinə baxmayaraq, çox təəssüf ki, daim tədqiqatlardan kənarda qalmışdır. 1918 ilin mart-iyul aylarında Ucar erməni soyqırımına məruz qalmış Şamaxı, Ağsu, Göyçay, Qaraməryəm, Sığırlı, Karrar, Kürdəmir, Qarabucaq və digər yaşayış məntəqlərindən didərgin düşmüş əhalinin pənah gətirdiyi əsas yaşayış məntəqələrindən biri olmuşdur. Qafqaz İslam Ordusunun Göyçaya gəlməsində və düşmənə sarsıdıcı zərbələr vurulmasında Ucar stansiyası mühüm rol oynamışdır. Bundan başqa, Göyçay döyüşündə yaralananların əksəriyyəti Ucar stansiyası vasitəsilə Gəncəyə aparılırdı.
Bolşevik-daşnak hərbi qüvvələrinin qarşısının alınmasında, Müsüslü, Kürdəmir, Göyçay, Qaraməryəm döyüşlərində düşmənə sarsıdıcı zərbələr vurulmasında Ucar stansiyasının əvəzsiz xidməti olmuşdur. Gəncəyə doğru hərəkət edən bolşevik qoşunlarının dəmir yoluna hakim olmalarının qarşısı məhz Ucarda alınmışdır. Göyçay döyüşü ərəfəsində Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşanın yenicə Qazax bölgəsinə daxil olmuş türk alayını, uzun bir yol gələn əsgər və zabitlərə dincəlmək imkanı belə vermədən Ağstafadan qatarla birbaşa Ucara göndərməsi, onun Göyçay döyüşündə oynadığı starateji əhəmiyyəti əyani şəkildə sübut edir.
Bəzi kitablarda “Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əliağa Şıxlinski və Ərkani hərb rəisinin səhər tezdən Müsüslü cəbhəsinin arxasında qatardan enərək Çöyçaya getməsi” kimi cümlələr işlədilir və bu məkanın adı qeyd olunmur. Yadda saxlamaq lazımdır ki, Müsülü stansiyası hazırda Ucar rayonunun ərazisinə daxildir. 1918 ilin 17 iyununda Müsüslüdə döyüşlər gedərkən bu cəbhənin arxası Ucar stansiyası hesab olunurdu. Fikrimizcə, gələcəkdə tədqiqatçılar bu kimi faktlardan istifadə edərkən Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əliağa Şıxlinski və Ərkani hərb rəisinin məhz Ucar stansiyasına gələrək oradan Göyçaya getməsini qeyd etsələr, daha düzgün olar.
Heç şübhəsiz ki, digər ətraf ərazilərin əhalisi kimi Ucar əhalisi də 1918 ildə də bolşevik-daşnak qüvvələrinə qarşı mübarizənin önündə olmuşdur. Düşmənə qarşı Qafqaz İslam Ordusunun tərkibində vuruşan könüllülər içərisində ucarlıların da olması şübhəsizdir. Çox güman ki, tarix elmi inkişaf etdikcə gələcək tədqiqatlarda Ucarın 1918 ilin iyun döyüşlərində oynadığı rola aid yeni-yeni faktlar üzə çıxacaq, bu döyüşlərdə iştirak etmiş, lakin adları xalqa hələ məlum olmayan çoxlu sayda qəhrəmanları aşkar etmək mümkün olacaq.
I Qaraməryəm döyüşü (16-18 iyun 1918 il)
Kürdəmir və ətraf kəndlər düşmən tərəfindən işğal olunduqdan sonra strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Qaraməryəm istiqamətində düşmən hücuma keçməyə başladı. Onların məqsədi Qaraməryəm kimi strateji məntəqəni ələ keçirmək və bundan sonra qəza mərkəzi olan Göyçayı tutmaq və Gəncəyə doğru irəliləyərək AXC-ni beşikdəcə boğmaq idi. Qafqaz İslam Ordusu və Azərb. könüllülərinin birləşmiş qüvvələri ilə bolşevik-daşnak işğalçıları arasında ilk böyük hərbi əməliyyat iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm k. yaxınlığında baş verdi. Bu döyüşü şərti olaraq I Qaraməryəm döyüşü də adlandırmaq olar. Qaraməryəm k. Qaraməryəm tirəsi üzərində yerləşdiyindən hər iki tərəf bu strateji əraziyə böyük əhəmiyyət verirdi. Çünki Qaraməryəmi tutan qüvvə ətraf düzən əraziləri nəzarət altında saxlaya bilərdi.
1918 il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə bolşevik-daşnak quldur dəstələri azərbaycanlılardan, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafıə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər. Sovet tarixşünaslığında bolşevik-daşnak hərbi birləşmələrinin iyunun 10-da Gəncə istiqamətində hücuma keçərək 11 iyunda Sığırlını, 12 iyunda Kürdəmiri işğal etməsi, 16 iyunda isə Qaraməryəm istiqamətində hücuma keçmələri haqqında məlumatlar var.
I Qaraməryəm döyüşündə qeyri-bərabər döyüşə girən müdafiə dəstələri 7 saat ərzində bolşevik-daşnak qoşunları ilə vuruşmuşlar. Onlar Qaraməryəmə can atan düşmənin qarşısını almağa nə qədər səy göstərsələr də, geri çəkilmək məcburiyyətində qalmış və beləliklə, Qaraməryəm bolşevik-daşnak qoşunları tərəfindən işğal edilmişdi. Lakin buna baxmayaraq iyunun 18-də qanlı döyüşlər Qaraməryəm ətrafında davam etmişdi.
Müsüslüdə olan ərkani-hərb rəisi Nazim bəy və 10-cu Qafqaz alay komandiri Osman bəy firqə qərargahı və Qafqaz İslam Ordusu komandanlığı ilə razılaşdırılmadan iyun ayının 18-də düşmən üzərinə hücum etməyi qərara aldılar. Ciddi bir hazırlıq olmadan planlaşdırılan bu döyüşdə qalib gələcəklərinə hər iki komandirdə böyük inam var idi. İyunun 16-da 10-cu Qafqaz alayının 30-cu taborunun ətraf erməni k.-dəki silahlı quldur dəstələrini itki vermədən məğlub etməsi, bundan başqa, Müsüslü istiqamətində əldə edilən bəzi uğurlar onlarda ruh yüksəkliyi yaratmışdı. Düşmənin Qaraməryəmi tutması və Göyçaya doğru irəliləməsi xəbəri öz qüvvəsinə inanan hər iki türk zabitini təcili qərar verməyə məcbur etdi. Məhz buna görə də onlar özləri komandanlıqla razılaşdırmadan tələsik düşmən üzərinə hücuma keçməyə qərar verdilər ki, bu da faciə ilə nəticələndi.
Düşmənin döyüşə əlavə qüvvə cəlb etməsi 10-cu alayın 28-ci taborunun üç bolşevik-daşnak taborunun zərbəsi altına düşməsi ilə nəticələndi. Belə olduqda tabor geri çəkilmək məcburiyyətində qaldı. Qaraməryəm cəbhəsindəki vəziyyəti Osman bəy Müsüslüyə, Nazim bəyə məruzə etdi. O da həmin istiqamətdə vəziyyəti dəyişmək üçün dərhal 29-cu tabora Qaraməryəm istiqamətində hücum əmri verdi. Nazim bəyin hazırladığı hücum planına əsasən bu tabor Qaraməryəmin q. tərəfində döyüşə girərək düşmənin sol və arxa hissələrinə zərbə endirməli idi. Bu hücum nəticəsində düşmənin sol cinahı 20 verst uzunluğunda sıxışdırılaraq geri oturduldu. Belə olanda bolşevik-daşnak ordu hissələri 28-ci türk taborunun təqibindən əl çəkdilər və nəzarət altında olan yüksəkliklərdə əlverişli mövqelər seçərək açıq sahədə hücum edən 29-cu taborun qarşısını saxlamağa müvəffəq oldular. Bolşevik-daşnak qoşunları bütün qüvvələrini bu istiqamətə yönəldərək 29-cu taborun hücumunun qarşısını aldı. Bundan sonra həmin taborun mühasirəyə düşmək təhlükəsi yarandı. Vəziyyətin dəyişdiyini görən 29-cu tabor Veysəlli k.-nə tərəf bir qədər geri çəkildi. Beləliklə, gün ərzində gedən döyüşlər havanın soyuması ilə səngidi və türk qüvvələrinin ilk böyük hücumu gözlənilən nəticəni vermədi. 10-cu Qafqaz alayının hissə və bölmələri Qaraməryəmdən geri çəkilmək məcburiyyətində qaldılar. Hamazaspın komandir olduğu 3-cü briqadanın hissələri isə əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçay üzərinə hücum üçün əlverişli mövqelər ələ keçirdilər.
Türk tədqiqatçılarının fikrincə, Qaraməryəm ətrafında 10-cu Qafqaz alayı hissələrinin uğursuzluğa düçar olması ilk növbədə döyüşün hazırlanmasında taktiki səhvlərə yol verilməsi ilə bağlı idi. Düşmənin qüvvələri və mövqeləri barədə əldə kifayət qədər məlumat yox idi. Digər tərəfdən, döyüşün aparılması üçün lazımi ehtiyat qüvvə də yaradılmamışdı. Bütün bunlar, habelə döyüşçülərin psixoloji hazırlığının zəifliyi, ilk hücumdan yaranan çaşqınlıq, eləcə də cinah döyüşlərindən lazımınca istifadə edilməməsi və həm də cinah mühafizəsinin lazımi səviyyədə təmin olunmaması türk qoşun hissələrinin itkilərinə və geri çəkilməsinə yol açdı. Düşmən çaşqınlıq halında olan 10-cu alay bölmələrini təqib etsəydi, daha böyük faciə baş verə bilərdi. Onların Qaraməryəm ətrafında möhkəmlənməklə kifayətlənmələri, əslində, 10-cu alayı daha böyük itkilərdən xilas etdi.
I Qaraməryəm döyüşündə bütünlükdə 122 nəfər şəhid oldu və itkin düşdü, 121 nəfər isə yaralandı. Bundan başqa, 28-ci taborda mauzer tüfəngi və 101 ədəd süngü sıradan çıxmışdı. Dağ topçu taqımında 2 ədəd top, 10 ədəd tüfəng və 41 mərmi düşmən əlinə keçmişdi. 29-cu taborda 18 mauzer tüfəngi və 19 süngü, 30-cu taborda isə 13 mauzer tüfəngi ilə 35 süngü sıradan çıxmışdı. 13 türk əsiri işgəncə ilə öldürülmüşdü. Döyüşlərdə iştirak etmiş Sivaslı Mehmet oğlu Turanın söylədiklərindən aydın olur ki, türklər rus və erməni əsirlərinə insanpərvər münasibət göstərmiş, öz əsirlərini dəyişdirdikdə isə onların arabalara doldurulmuş və doğram-doğram edilmiş cəsədlərini götürə bilmişdilər. Həlak olanlar Qaraməryəmdən Göyçaya gedən yolla Bığır və Mollaishaqlı k.-lərinə ayrılan yolun kəsişməsində, yoldan sağda dəfn edilmişdilər (hazırda bura Göyçay şəhidliyi kimi tanınır). Digər səbəblərlə yanaşı, I Qaraməryəm döyüşündə 5-ci Qafqaz diviziyasının komandanı Mürsəl bəyin öz qərargahı ilə Göyçayda deyil, Gəncədə yerləşməsi və ən vacib istiqamətdə baş verən hadisələrdən uzaq düşməsi, bir sıra hərbi hissələrin dərhal Müsüslü istiqamətinə göndərilməməsi də məğlubiyyətin əsas səbəblərindən idi.
Qaraməryəmdəki uğursuzluqdan sonra S.Şaumyan 18 iyun 1918 il tarixdə Moskvaya Qafqaz İslam Ordusunun itkilərinin 500 nəfər olduğunu yazmışdı. Bu “qələbə” münasibətilə Korqanovun sərəncamına Moskvadan zirehli döyüş maşını göndərilmişdi.
İyunun 17-dən 18-nə keçən gecə Gəncədən qatarla yola düşən Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əliağa Şıxlinski və Ərkani hərb rəisi səhər tezdən Müsüslü cəbhəsinin arxasında düşərək qəza mərkəzi olan Göyçaya gəldilər. Nuru paşa Mürsəl paşaya cəbhədə bilavasitə komandanlığı ələ alması, ordu və firqə (diviziya) qərargahının Gəncədən Göyçaya daşınması barədə 18 iyun 1918 il tarixdə əmr verdi.
İyunun 19-da Nuru paşa Şərq Ordular Qrupu qoşunlarının komandanına 5-ci diviziyanın sovet qoşunlarının hücumunu xeyli itki bahasına dayandırdığı haqqında məlumat versə də, sonrakı günlərdə bolşevik-daşnak qoşunları yenidən Göyçaya tərəf irəliləyə bilmişdilər. Diviziya qərargahından ordu komandanlığına 22 iyun 1918 tarixdə Qaraməryəmin q. yamaclarında 400-ə qədər düşmən əsgərinin çadır qurmaqla məşğul olduğu xəbər verildi.
Cəbhədəki vəziyyətlə əlaqədar olaraq xarici işlər naziri M.H.Hacınski M.Ə.Rəsulzadəyə yazırdı: “Cəbhədə vəziyyətimiz yaxşı deyil. İrəli gedə bilmirik’”. Bundan sonra o, Ənvər paşa qarşısında tez bir zamanda Türkiyədən daha bir diviziya göndərilməsi barədə təkidlə məsələ qaldırmağı xahiş edirdi. Az sonra M.Ə.Rəsulzadə ona cavabında bildirdi ki, Ənvər paşanın sərəncamı ilə Azərb.-na yeni alaylar göndərilir və Nuru paşa artıq təsdiq edib ki, hücumu davam etdirmək üçün kifayət qədər qüvvə var. Qafqaz İslam Ordusu komandanlığının cəbhəyə göndərdiyi yeni qüvvələr – dağ-artilleriya divizionu və türk piyada alayı iyunun 19-da döyüş zonasına gəldi. Bu çətin anda qızğın döyüşlərə atılmış yeni qüvvələr arasında Azərb. xalqının övladlarından təşkil olunmuş bölmələr və könüllü dəstələr də var idi. Təkcə iyunun 19-da 600 nəfərdən ibarət Azərb. dəstəsi, onlardan sonra Dəllər və Zəyəmdən olan könüllülər cəbhəyə gəldi. Yeni qüvvələr aldıqdan sonra Qafqaz İslam Ordusunun komandanlığı hücum planını hazırlamağa başladı. 5-ci Türk diviziyasının komandiri Mürsəl bəy bu barədə öz mülahizələrini Nuru paşaya bildirərək xahiş etdi ki, birbaşa cəbhəyə yollanmaq üçün ona əlavə olaraq 5100 nəfər əsgər verilsin. Göyçay və Bərdədən olan dəstələrlə o, düşmən cinahlarına zərbə endirməyi, Şəkidən olan hissələri isə 5-ci diviziyanın cəbhə arxasında təhlükəsizliyini təmin etmək üçün göndərməyi təklif edirdi. Nuru paşa bu planı bəyəndi. Əsas zərbənin endirilməsi ilə eyni zamanda o, Şuşaya doğru irəliləməyi qərara aldı. Bu şəhəri almaq üçün artilleriyalı piyada taborlarını yeritmək nəzərdə tutulurdu. Ancaq bu planı yalnız Bakı ş. azad edildikdən sonra həyata keçirmək mümkün oldu.
Döyüşlər, əsasən, Qaraməryəm-Ağsu şose və Müsüslü-Kürdəmir dəmir yolları ətrafında gedirdi. I Qaraməryəm döyüşü Qafqaz İslam Ordusu ilə Azərb. könüllülərinin göstərdikləri qəhrəmanlıqlara baxmayaraq məğlubiyyətə uğradı. Düşmənin qəza mərkəzi olan Göyçay istiqamətində hücuma keçməsinə şərait yarandı.
I Qaraməryəm döyüşündəki məğlubiyyətə baxmayaraq ilk dəfə olaraq bu döyüşdə müttəfiqlər azərbaycanlı döyüşçülərin müharibə aparmaq qabiliyyətini, vuruşmaq əzmini gördülər. Bu döyüşədək Qafqaz İslam Ordusu zabitləri azərbaycanlı döyüşçüləri, əsasən, strateji əhəmiyyət kəsb edən dəmir yollarının qorunmasına cəlb edirdilər. I Qaraməryəm döyüşündə azərbaycanlı döyüşçülərin qardaş türk əsgərləri ilə birlikdə göstərdikləri qəhrəmanlıqlar, qazandıqları döyüş təcrübəsi Göyçay döyüşündəki qələbədə mühüm rol oynadı.
Göyçay ş. uğrunda ölüm-dirim savaşi (27-29 iyun, 1 iyul 1918 il)
Göyçay döyüşü Azərb. tarixinin şərəfli, qəhrəmanlıq səhifələrindən biridir. Bu döyüşdəki qələbə ilə düşmənin hücumu dayandırıldı, müharibənin gedişində əsaslı dönüşün başlanğıcı qoyuldu. Müəyyən mənada bu döyüşü dövlətin və millətin taleyində oynadığı rola görə II Dünya müharibəsinin gedişində əsaslı dönüş olmuş Stalinqrad vuruşması ilə də müqayisə etmək olar. Miqyasına görə bu iki döyüş arasında çox böyük fərq olmasına baxmayaraq, əhəmiyyətinə görə çox böyük oxşarlıq var. Göyçay döyüşündəki qələbənin böyük strateji, siyasi və beynəlxalq əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə ilə xalqın yenidən soyqırıma məruz qalmasının, cümhuriyyətin beşikdəcə boğulmasının qarşısı alındı. Bundan başqa, bu döyüşlə Bakının düşməndən azad olunmasının və AXC-nin dünya ölkələri tərəfindən tanınmasının əsası qoyuldu. Göyçay döyüşü barədə əksəriyyətin fikri belədir ki, bolşevik-daşnak ordusu Bakıdan çıxaraq Bakı-Tiflis dəmir yolu xətti ilə Bakı-Hacıqabul-Sığırlı-Kürdəmir-Müsüslü-Ucar istiqamətində və ona paralel torpaq yolla Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qaraməryəm-Göyçay istiqamətində irəliləmişdir. Gəncəyə gələn Qafqaz İslam Ordusu isə dəmir yolu vasitəsilə Ucara öz hərbi hissələrini göndərmiş, oradan da həmin hissələr Göyçaya gələrək düşmənlə ölüm-dirim savaşına başlamışdır. İlk baxışdan döyüş haqqında təəssürat bundan ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə döyüşlər gedərkən Gəncədə, Qəbələdə (o zaman Qutqaşen), Oğuzda (o zaman Vartaşen), Şamaxıda, İsmayıllıda olan erməni və rus kəndlərinin bolşevik-erməni daşnakların təhriki ilə arxadan təxribatlar törətməsi vəziyyəti daha da gərginləşdirirdi. Məsələn, 1-12 iyun 1918 il tarixdə S.Lalayanın və T.Əmiryanın başçılıq etdiyi daşnak terror qruplarının Hacıqabul-Kürdəmir, Göyçay ərazilərinə soxulduğu, yeddi min dinc sakini qətlə yetirdiyi bir vaxtda, 11 iyun 1918 il tarixdə Gəncədə yuva salmış daşnak terror qrupu 15 nəfər süvarini, Milli Ordu əsgərini girov götürərək tikə-tikə doğramışdır. Bundan başqa, iyunun 16-da Kürdəmir, Müsüslü və Qaraməryəmdə qanlı döyüşlərin qızğın çağında, şimal-qərbdəki erməni k.-ləri olan Sultankənd, Mollaishaqlı, Kalakert k.-lərindəki erməni quldurlarının Qaraməryəm-Göyçay yolunu kəsərək müqavimət göstərməsi, 19 iyunda arxa cəbhə hesab olunan Qəbələ ərazisində (o zaman Qurqaşen) ermənilərin 20-dən artıq müsəlman k.-ni yandırmaları haqqında faktlar var. Bundan əlavə, 24 iyun 1918 ildə Azərb.-nı ələ keçirmək üçün Almaniya Gürcüstanda yerləşdirdiyi qoşunlarını Azərb.-nın Qazax və Zaqatala bölgələrinə yeritməyə hazırlaşırdı. Lakin Vehib paşanın Azərb. ərazisinə yeridilən istənilən qoşunun məhv edilməsi barəsində əmr verməsi və kiçik toqquşmalardan sonra almanların məğlub olması onları öz planlarından əl çəkməyə məcbur etdi.
Göyçay ş. uğrunda döyüşü ərəfəsində bolşevik-daşnak qoşunlarının amansız qırğın və qarətlər törətdikləri k.-lərdən biri də Hacıhətəmli k.-dir. Göyçay istiqamətində döyüşlər ərəfəsində bolşevik-daşnak qoşunları əlverişli şərait yaratmaq məqsədilə Hacıhətəmli k.-ni hədəf seçiblər. Çünki bu kənd ermənilərin yaşadıqları kəndlərin əhatəsində, coğrafi mövqeyinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşirdi. Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqar bəyi və bir neçə sakini qəddarlıqla qətlə yetirmişlər. Müsəlman əhali orduya çağırılmadığından silah atmağı bacarmayan kənd cavanları çar ordusunda xidmət edib döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Gecə ikən ermənilər kəndə hücum edərək əhalini amansızlıqla qətlə yetirdilər.
Bu ağır günlərdə türk ordusunun əsgərləri kəndin köməyinə gəldilər. Onlar topların köməyi ilə hücuma keçərkən kənd cavanları da onlara qoşuldular. Mollaishaqlı k.-nin yaxınlığında “İrəmə” deyilən yerdə erməni hücumu zamanı bir türk çavuşu həlak olur, elə oradaca dəfn edilir. Türklər kəndi azad etdikdən sonra Göyçaya gedən camaat doğma yurda gerı dönəndə görürlər ki, kənddə salamat bina qalmayıb. Ermənilər kəndi talan etmiş, apara bilmədiklərinə od vurmuş, hətta kənd məscidini də yandırmışdılar. Ermənilərin vəhşilikləri Diyallı kəndindən də yan keçməmişdir. 1918 ildə kəndə hücum edən ermənilər qoşunun bir hissəsini Qaraquş dağında yerləşdirərək kəndi atəşə tutmuşlar. Diyallı camaatı türk əsgərləri ilə bigə Qardurmaz dağının ətəklərində mövqe seçərək onları məhv etmişlər. Ermənilər Yası dağı deyilən kəndi də atəşə tutmuşlar.
1918 ildə ermənilər Keyvəndi, Pirəliqasım k.-lərinə basqınlar ediblər. Pirəliqasım ilə Keyvəndi arasında Qanlıdərə deylən bir dərə var. Pirəliqasım k.-nə hücum etmiş ermənilər bu dərədə dəhşətli qırğın törətmişlər – dinc və günahsız insanları bura gətirərək bu dərədəki iri bir daşın üstündə onların başlarını kəsmişlər. Həmin insanlar elə o dərədə basdırılmışdır. Dərədəki həmin daş isə indi də durur. O zamandan indiyə kimi bu dərənin adı Qanlıdərə qalmışdır. İsmayıllı ərazisində müqəddəs yer olan Həzrə r-nun mərkəzinə yaxın olan Aşağıbaşda yerləşir. Erməni quldur dəstələrindən biri də bu qəbiristanlıq ərazisində yerləşərək Aşağıbaş əhalisinin evlərini, mal-qaqalarını talan etmişlər. Taladıqları mal-qaranı kəsib Həzrə ərazisində yeyib-içən ermənilər səhər gec oyandıqlarından köməyə yetmiş türk ordusu onların səhərə planlaşdırdıqları qırğının qarşısını almışdır.
Daşnaklar Quencə k.-də də ağlasığmaz qətliam törətmişlər. Ermənilər kəndə silahlı rus zabitlərinin köməyi ilə hücum etmişlər. Əhali yaşlıların köməyi ilə meşəyə aparılmış və bir müddət orada saxlanmışdır. Ermənilərə qarşı döyüşdə müdrik kənd ağsaqqalı Sirac Əfəndi var qüvvəsini camaatın xilas olmasına sərf etmışdir. Ermənilər kəndə top mərmisi atmağa başladıqda Sirac Əfəndi bir dəstə adamı təhlükəsiz “Dönən yerə” aparmış, yenidən kəndə qayıdaraq başqalarını xilas etməyə çalışmışdır. Türk ordusu hücuma keçib ağır vəziyyətdə olan kəndi xilas etmişdir. Ermənilərin əhalidən aldığı silahlar yenidən kəndlilərə paylanmış və kənd cavanlarına silahdan istifadə qaydaları öyrədilmişdi. Həmin cavanlar sonralar türklərlə birlikdə erməni daşnaklarına qarşı döyüşlərdə iştirak etmişlər.
Yuxarıda qeyd olunan faktlar sübut edir ki, Göyçay döyüşü ərəfəsinidə və döyüş gedən zaman qəhrəman əsgərlərimiz bir və ya iki cəbhə xətti böyünca deyil, bir neçə istiqamətdə döyüşmüşlər.
Göyçay iki geoloji rayona – dağlıq və düzənliyə ayrılır. Düşmənlər Bozdağ-Qaraməryəm tirəsi adlanan dağlıq ərazidən irəliləyərək qəza mərkəzini tutmağa çalışırdılar. Türk İslam Ordusu komandanının əmrindən sonra 1918 il 20 iyun axşamı Göyçay qəsəbəsində Sadıq ağa və qardaşı Həzrət bəyin evində Gəncədən köçürülmüş 5-ci Qafqaz firqəsinin qərargahı təşkil edildi.
I Qaraməryəm döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər. Hər şeydən əvvəl, məhəlli komandanlıqlara azərbaycanlılardan ibarət silahlı dəstələrin təşkilini və Göyçay ətrafına göndərilməsini sürətləndirmək göstərişi verildi. Ağdaşdan 2 minlik silahlı dəstənin Göyçaya göndərilməsi qərara alındı. Bunlardan əlavə, Nuru paşa Gəncədən 46-cı və 26-cı taborun, istehkam bölüyünün, dağ toplarının, 9-cu alayın pulemyot bölüyünün və könüllülərin göndərilməsi barədə əmr verdi. Bu işlər iyun ayının 27-nə qədər davam etdirildi. Qafqaz İslam Ordusu qoşunları iyun ayının 28-də bolşevik-daşnak qüvvələri üzərinə hücumla təşəbbüsü ələ almağı planlaşdırırdı. Lakin döyüşə hazırlıq planı iyunun 26-da bolşevik-daşnak qüvvələrinə məlum oldu. Düşmənin üç taboru ayın 27-də səhər saat 6-da Göyçay-Qaraməryəm şosesi boyunca, iki bölük piyada qüvvəsi isə şimaldan hücuma keçdi. Bolşevik-daşnak qüvvələrinin Göyçayın şimalından hücuma keçib Qafqaz İslam Ordusu hissələrini qəfildən mühasirəyə almaq və zərbə vurmaq niyyəti aydın olanda köməyə gəlmiş azərbaycanlı könüllü qüvvələrinə Veysəlli istiqamətində hücuma başlamaq, düşmənə cinahlardan və arxadan zərbə endirmək və Ağsu-Qaraməryəm yolunu kəsərək onun geri çəkilməsinə mane olmaq əmri verildi. Saat 10-a yaxın bolşevik-daşnak qoşunlarının 10-cu alayının sol cinahına keçmək təhlükəsi güclənəndə ehtiyatda saxlanmış 25-ci tabor döyüşə qoşuldu. Göyçayın şimalından bir bölüyə qədər süvari dəstəsi, həmçinin Ağdaşdan gətirilmiş könüllülər, Müsüslü dəstəsindən qüvvələr də 13-cü alayın sağ cinahına köməyə göndərildi. Nəticədə, Bığır istiqamətində irəliləyən bolşevik-daşnak qoşunlarının hərəkəti təxminən saat 15:00-da dayandırıldı, hətta 10-cu Qafqaz alayı cəbhəsində əks-hücum üçün yaxşı imkan yarandı. 5-ci Qafqaz diviziyası komandanlığı bu imkandan istifadə edərək saat 18:00-da hər iki alaya əks-hücum əmri verdi. 10-cu alay əks-hücumla düşmən qüvvələrini 3 kilometr geriyə çəkilməyə məcbur etdi. Lakin qaranlıq düşdüyündən alaya əvvəlki mövqelərinə qayıtmaq əmri verildi.
İyunun 29-da səhər tezdən davam edən döyüş Qafqaz İslam Ordusu hissələrinin daha böyük uğuru ilə nəticələndi. Elə ilk anlardan təşəbbüsü ələ alan 10-cu və 13-cü alayın döyüşçüləri düşmənin müqavimətini tamamilə qırdılar. Bolşevik-daşnak hissələrinin məğlubiyyəti ilə başa çatan döyüşlərin sonunda Qaraməryəmin qərb hissəsi tamamilə, şərq hissəsi isə qismən Qafqaz İslam Ordusu hissələrinin nəzarəti altına keçdi. Həlledici döyüşlərin uğurla başa çatdırılması ordunun şəxsi heyətində qəti qələbəyə inamı daha da artırdı.
Göyçay döyüşündə iştirak etmiş, Bığır k. uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman türk əsəgərlərdən biri Qədir Əfəndi olmuşdu. Rumiyyənin “Şəhid olmuş türk əsgərin adını, silahını və məktubunu daşıyan tovuzlu kim olub?” məqaləsində Göyçay döyüşündə qəhrəmanlıqlar göstərmiş bölük komandiri Qədir Əfəndi haqqında qısa məlumat var. Qafqaz İslam Ordusuna Tovuzda qoşulan gənclərdən biri 19 yaşlı Ələsgər Musayev olmuşdu. Onu öz bölüyünə qəbul edən Qədir Əfəndi Ələsgəri Çanaqqala qəhrəmanı, şəhid Şaynalıya bənzətdiyinə görə ona Şaynalı Ələsgər adı verir. O həmçinin Çanaqqala qazisi Əli Dəmirəlin iki tərəfində güzgü düzəltdiyi səhid tüfəngini də Ələsgərə verir. Həmin tüfəngdən Göyçay döyüşündə düşmənə qarşı istifadə olunur. Çanaqqalada məğlub olmayan, Azərbaycanda zəfər qazanan Qədir Əfəndi Göyçay yaxınlığında Bığır k. ətrafında gedən döyüşdə şəhid olur. Göyçay döyüşlərində qəhrəmanlıqlar göstərmiş Şaynalı Ələsgəri isə Bakı azad edildikdən sonra Nuru paşa qızıl medalla mükafatlandırır.
Sovet hakimiyyəti illərində xalqın qəhrəman oğlu Şaynalı Ələsgər həbs olunsa da, Qədir Əfəndinin ona verdiyi tüfəngi əziz bir yadigar kimi qoruyaraq düşmənə vermir. Azərb. dövlət müstəqilliyini bərpa etdikdən sonra Göyçay döyüşlərində istifadə olunan, 73 il göz bəbəyi kimi qorunub saxlanılan aynalı tüfəngi Şaynalı Ələsgərin qızı Leyla xanım 1991 ildə üzə çıxararaq evində atasının şəkli yanına asmışdı.
Göyçay döyüşündə ən böyük çətinliklərdən biri yayın istisində olan dəhşətli susuzluq idi. Tarixən Göyçay qəz.-dan Bakıya qədər ərazidə əhali, əsasən, Göyçay, Girdiman, Ağsu, Pirsaat çaylarının suyundan istifadə edirdi. Döyüşlərin getdiyi 1918 ilin iyun-iyul ayları həddindən artıq isti keçdiyindən bu çayların suyu da xeyli azalmış, əsgərlərin su ilə təminatında böyük çətinliklər yaranmışdı. Hətta hər iki tərəfdən susuzluqdan və acından əsgərlər arasında ölüm hallarının olmasına aid faktlar da var. Məsələn, Qafqaz İslam Ordusu komandanı Nuru paşa iyunun 18-də Göyçayda meydanda toplaşmış camaata demişdir: “Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməniz lazımdır. Silahla yardım edə bilmirsinizsə, heç olmazsa, əsgərlərin ərzaq və sularını daşıyın. Bu qızmar istidə döyüşən zabit və əsgərlərdən bir çoxu susuzluqdan ölmüşlər”.
Bu faktlar qəhrəman əsgərlərimizin hansı çətinliklərlə üzləşdiklərini əyani şəkildə göstərir. Əsgərlərin susuzluqdan əziyyət çəkməsi sovet tarixşünaslığında da öz əksini tapıb. Sovet tarixşünaslığında bolşevik-daşnak dəstələri haqqında qeyd olunur ki, “ərzaq çatışmırdı. Çörək və su yox idi. Əsgərlərin böyük hissəsinin silahı və paltarı da yox idi. Əsgərlərin gündəlik ərzağı quru üzüm qalıqlarından və 8-10 qozdan ibarət idi.
Bolşevik-daşnak dəstələrinin komandiri Q.Korqanov yazırdı: “Göyçay ətrafında iyunun 27-dən 30-na qədər davam edən dörd günlük döyüş başa çatdı… Döyüşlər çox dəhşətli, əlbəyaxa süngü hücumu ilə baş verdi. Dözülməz istilər və əsgərləri su ilə təmin etməyin mümkün olmaması onların bayılma vəziyyətinə düşməsinə səbəb olurdu”.
Göyçay döyüşləri ərəfəsində və qanlı döyüşlərin getdiyi vaxt Qafqaz İslam Ordusunun və Azərb. könüllülərinin təchizatına yaxından köməklik etmiş Göyçayın adlı-sanlı şəxsiyyətlərindən biri qaramanlı Hacı Rəhim Əfəndi (1862-1924) olmuşdu. Görkəmli din xadimi, maarifçi və xeyriyyəçi kimi regionda məşhur olan Hacı Rəhim Əfəndi Qafqaz İslam Ordusu Göyçaya gələndə 56 yaşlı ağsaqqal kimi yerli əhalidən könüllülərin toplanmasında, döyüşlərin təşkilində, ordunun ərzaq və su ilə təchizatında mühüm rol oynamışdı. O, Göyçayın nüfuzlu şəxsiyyətlərindən olan Sadıq ağa, Həzrət bəy kimi şəxsiyyətlərlə birlikdə yaralıların müalicəsi və Ucar stansiyası vasitəsilə Gəncəyə daşınmasında, şəhidlərin dəfnində bir din xadimi kimi iştirak etmişdi. Onun Qaraman kəndində öz hesabına, 1898-1900 illərdə tikdirdiyi məsciddə yerli əhali ilə yanaşı, qardaş türk əsgərləri də ibadətlə məşğul olmuşlar. Qaramanlı Hacı Rəhim Əfəndinin Göyçayda həyata keçirdiyi çoxsaylı xeyriyyəçilik işlərini yerli əhali heç zaman unutmamış, yaşlı nəslin yaddaşlarında qorunub saxlanmışdır. 27-28 iyunda Göyçay istiqamətində gedən gərgin döyüşlər nəticəsində düşmən 3 km geri oturduldu. Bu istiqamətdə Əlikənd və Veysəlli azad edildi. Göyçay döyüşü 16-18 iyun 1918 il tarixində düşmən tərəfindən işğal edilmiş Qaraməryəmin azad olunması üçün əlverişli şərait yaratdı.
İkinci Qaraməryəm döyüşü (29 iyun – 2 iyul 1918 il)
Qəza mərkəzi Göyçaydan şərqə doğru 29 iyun 1918 il tarixdə, səhər tezdən Göyçay-Qaraməryəm cəbhəsində döyüş başlandı. Bu döyüşü şərti olaraq II Qaraməryəm döyüşü də adlandırmaq olar. II Qaraməryəm döyüşü Qafqaz İslam Ordusunun tam tərkibdə iştirak etdiyi ilk döyüş idi. 5-ci Qafqaz diviziyasının komandanı Mürsəl paşanın verdiyi raportda 10-cu və 13-cü alayların şiddətli hücumu ilə önündəki düşmənin hər tərəfdən geri çəkilməsi və dəstələrimiz tərəfindən təqib olunması qeyd edilirdi. Həmin gün səhər tezdən Qafqaz İslam Ordusunun 10-cu və 13-cü alayının döyüşçüləri Qaraməryəmdə möhkəmlənən düşmənin müqavimətini qıra bildilər.
İyunun 30-da düşmən qüvvələri Qaraməryəmdən şərqə doğru geri oturduldu. Qafqaz İslam Ordusu qüvvələrinin irəli hərəkətinə uyğun olaraq 5-ci firqə qərargahı 1 iyul 1918 il tarixdə Göyçaydan Qaraməryəmə doğru şose yolu üzərindəki Qarayazı k.-nə köçürüldü. Lakin həmin gün bolşevik-daşnak hərbi hissələrindən birinin Goyçaya soxulması vəziyyəti yenidən gərginləşdirdi. Bu barədə erməni Əmirov iyulun 1-i axşam Bakıya S.Şaumyana teleqram göndərdi. Lakin elə həmin gün Turk-Azərbaycan qoşunları yenidən Goyçay ş.-ni azad etdi. Düşmən geri cəkilməyə məcbur oldu.
Digər mənbədə bu hadisə belə şərh edilir: “İyun ayının 30-da erməni Əmirovun rəhbərliyi altında olan 1000 nəfərlik silahlı dəstə gözlənilmədən qoşunlarımızın arxasında olan Göyçaya daxil oldu və qəsəbənin şm. hissəsini işğal etdi. Hadisənin ciddi həyəcan doğuran səbəbi ondan ibarət idi ki, Qafqaz İslam Ordusunun bölgədə olan bütün qüvvələri Qaraməryəm ətrafında idi və heç kəs gözləmirdi ki, bolşevik-daşnak qüvvələri gecə ikən, çətin dağ yolları ilə bu qədər yolu qət edərək Göyçaya girə bilər. Digər həyəcan doğuran məsələ isə ondan ibarət idi ki, Qaraməryəmdən müəyyən qüvvələrin geri çəkilməsi cəbhənin boşaldılması demək olardı, bu isə xoşagəlməz fəsadlarla nəticələnərdi. Göyçayda vəziyyətin mürəkkəb olaraq qaldığı bir vaxtda Qazaxdan gələn süvarilərin Əmirovun qüvvələrinin müqavimətinə davam gətirməyərək dağıldığı barədə məlumat alındı. Çox güman ki, gecə ikən Göyçaya çatan və kifayət qədər istirahət edə bilməyən Qazax süvariləri çoxsaylı qoşunun qarşısını ala bilməyərək geri çəkilməli olub. Ancaq iyulun 2-də Nuru paşa Mürsəl bəyə göndərdiyi teleqramında Qazax süvarilərinin mübarizliyini və əzmkarlığını təqdir edirdi. Ola bilsin ki, Qazax süvariləri sonradan 5-ci firqənin bölmələri və Göyçaya gələn Azərb. könüllüləri ilə birlikdə yenidən döyüşə girərək nəyə qadir olduqlarını nümayiş etdirib.
Nuru paşa son günlər ərzində əldə edilən uğurların itirilməsinə yol verməmək üçün qətiyyətli tədbirlərə əl atdı. Cəbhə xətti ilə əlaqə saxlayaraq vəziyyəti ətraflı öyrəndi, sonra isə yaranmış təhlükənin aradan qaldırılması üçün Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəyi yenidən bölgəyə göndərdi. Nuru paşa bir daha yüksək çeviklik nümayiş etdirdi. Gəncə ətrafında toplanan Azərb. könüllülərıni də Nazim bəylə təcili şəkildə Ləkiyə yola saldı. Nuxadakı miralay Yusif bəyə göstəriş verdi ki, orada topladığı çoxsaylı dəstəsi ilə Qumlax-Padar istiqamətində hərəkət etsin. Yusif bəy Nuxaya gələrək burada müdafiə dəstələrinin təşkilinə öz köməyini göstərdi. Sonra Gəncə ətrafında toplaşan könüllülərə də Göyçaya doğru hərəkət etmək tapşırıldı. Bu qüvvələr hamısı azərbaycanlılardan toplanan könüllü dəstələr idi.
Nazim bəy qısa vaxtdan sonra Ləki stansiyasına gəlib həm Göyçayla, həm də Ucarla əlaqə yaratdı. Gəncədən gələn və Ucardakı könüllü dəstələrin Göyçaya göndərilməsini təşkil etdi. Sonra Ağdaşa yollanaraq orada mövcud olan könüllüləri faytonlarla Göyçaya göndərdi.
Gördüyü bütün işlər barədə Nazim bəy dərhal Nuru paşaya məlumat verdi. Ağdaşda yerli əhalidən toplanan qüvvələrin, habelə Gəncədən Ucara gətirilən könüllü dəstələrin Göyçaya yola salınmasını təşkil edəndən sonra Nazim bəy Nuru paşaya ikinci bir raport göndərdi. Həmin raportda Nazim bəy Ağdaşdan faytonlar ilə, piyada və ayrıca olaraq süvari qüvvələrinin Göyçay istiqamətində göndərildiyini, yüzbaşı Haqqı Əfəndinin komandası altındakı atlıların da Ucardan Göyçaya hərəkət etdiklərini bildirdi. Gün ərzində elə bir çeviklik göstərildi ki, daşnak silahlılarının gözləmədiyi halda, qısa müddət ərzində Göyçaya kifayət qədər qüvvə cəmləşdirildi. Erməni Əmirov öz tör-töküntüləri ilə Göyçayı tərk etməyə və gəldikləri kimi də geri qaçmağa məcbur oldu. Beləliklə, iyunun 27-30-u arasında Göyçay və Qaraməryəm ətrafında baş verən döyüşlər Qafqaz İslam Ordusunun və Azərb. qüvvələrinin qələbəsi ilə başa çatdı və bu döyüşlərin nəticələri Nuru paşanı da ümumən razı saldı. Bolşevik-daşnak qoşunları Ağsuya doğru sıxışdırıldı. Bolşevik-daşnak qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü əsaslı şəkildə ələ ala bilmədilər və burada düçar olduqları uğursuzluq onların tam məğlubiyyətinə gətirib çıxardı.
Düşmən Qaraməryəmdən geri oturdulsa da, Göyçayın şm.-dakı erməni k.-lərinə nəzarət etmədən düşməni bu mövqelərdən çox da uzaqlaşdırmaq olmazdı. Komandanlığın planına görə, Qaraməryəm-Qarayazı xəttinin ələ keçirilməsindən sonra düşmənin Kürdəmirdən geri çəkiləcəyi, Göyçayın vəziyyətinin düzəldiləcəyi, Göyçayın şm.-dan ş.-ə qaçan düşmən qüvvələrinin geri çəkilmə xəttinin kəsilərək əsir alınacağı, vəziyyət əlverişli olduğu təqdirdə Müsüslü dəstəsinin hücuma keçəcəyi nəzərdə tutulurdu.
1918 il iyulun 1-də 4 günlük gərgin, ölüm-dirim savaşında cəbhənin taleyi həll olundu. Göyçay altındakı döyüşdə bolşevik-daşnak qüvvələrinin Gəncəyə yüruşünün qarşısı alındı. Qafqaz İslam Ordusunun Bakı istiqamətində hərəkəti başlandı. Əvvəlcədən İvanovka istiqamətində Kürdmaşı k.-də yerləşdirilmiş 10-cu Qafqaz alayından bir tabor piyada və iki dağ topu 1918 ilin 2 iyulunda İvanovkaya doğru hərəkətə keçdi. Yol üzərindəki düşmən qüvvələrini əzərək irəliləyən dəstəni İvanovka əhalisi ağ bayraqla qarşıladı. Həmin gün ermənilər yaşayan Bozavand və Kirdadul k.-ləri tutulmuş, buradakı quldur dəstələri Əmirvan və Bəylərkənd istiqamətinə çəkilmişdi.
Bu zaman rus kazakı polkovnik Biçeraxov 1918 il iyulun 2-də 1 500 nəfərlik hərbi qüvvə ilə Ənzəlidən gəmilərlə Bakının c.-undakı Ələt qəsəbəsinə gələrək bolşevik-daşnak qüvvələrinə rəhbərlik etməyə başlayır. Onun gəlişi ilə cəbhədə vəziyyət daha da gərginləşdi. İyul ayının 7-də döyüşlər artıq Kürdəmir ətrafında aparılırdı. Qafqaz İslam Ordusunun hərbi gücü və texniki imkanları Biçeraxovun zirehli avtomobilləri ilə silahlanan bolşevik hissələrinin müqavimətini qırmağa kifayət etmədi. Üç gün aparılan çətin döyüş əməliyyatları tərəflərə böyük itkilər hesabına başa gəlsə də, Qafqaz İslam Ordusu daha əzmlə mübarizə aparırdı. İyul ayının 10-da azərbaycanlı podpolkovnik, Müsüslü dəstəsinin komandanı Həbib bəy Səlimovun komandanlığı altındakı hərbi hissənin də Kürdəmir istiqamətində hərəkətə keçməsi daşnak-bolşevik qüvvələrinin müqavimətini qırdı və iyul ayının 11-nə keçən gecə Kürdəmir işğaldan azad edildi.
Bu ağır döyüşdən sonra Biçeraxovun komandanlığı altında bolşevik qüvvələri zirehli avtomobillərin müşayiəti ilə Karrar stansiyasına doğru geri hərəkət edərək müdafiə mövqeyinə çəkildi. Qafqaz İslam Ordusu bu döyüşlərdə 28 min güllə və 87 mərmi işlədib. Əllərində yetərincə hərbi imkanları olmayan milli ordu döyüş sursatından qənaətlə istifadə edir, çox zaman isə əlbəyaxa hücumlardan yararlanırdı. Sursat yoxluğundan başqa, türk birliklərinin vahid mərkəzdən idarə olunmasında problemlər də var idi. Kürdəmirin azad olunması Qafqaz İslam Ordusunun möhkəmlənməsinə, döyüş əzminə kömək etdi və əsgərlərin qələbəyə ümidini artırdı.
Ağsu istiqamətində gedən döyüşlərdə də düşmən məğlub edildi. Vəziyyətin gərginləşdiyini görən Şaumyan Leninə teleqram göndərərək cəbhədə durumun onlar üçün ağır olduğunu bildirdi, yeganə çıxış yolu kimi Moskvadan kömək göndərilməsini xahiş etdi.
Karrar stansiyası uğrunda döyüşlər iyulun 12-də başladı və iki gün sonra Qafqaz İslam Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində azad edildi. Göyçaydan başlanan uğurlu hərbi əməliyyat sentyabrın 15-də Bakının düşməndən azad edilməsi ilə başa çatdı.
Qafqaz İslam Ordusunun hərbçilərindən Göyçayda qalanlar da olub. Onlardan biri – Osman Dədəoğlu yaralandığına görə Göyçayda qaldı. Daha sonra sovet rejimi tərəfindən Sibirə sürgün olundu. 15 il Sibirdə sürgün həyatı yaşadıqdan sonra yenidən qayıdaraq Göyçayda yaşayıb. 1984 ildə vəfat edib və Göyçayın Cəyirli k.-də dəfn olunub. Ailə üzvləri də hazırda elə həmin kənddə yaşayır. Nuru paşanın ordusunda vuruşan türk əsgərlərindən Osman Dədəoğlundan başqa, iki nəfər də Göyçayın Qarabaqqal k.-də qalıb. Onlardan biri Əli Çavuş, digəri isə Lazım adlı şəxslər olub. Onlar elə bu k.-də ailə qurub yaşayıblar. Əli Çavuşun məzarı hazırda Qarabaqqal k.-dədir.

Azərb. uğrunda döyüşlərdə şəhid olan 4 mindən çox, o cümlədən Bakı uğrunda gedən döyüşlərdə şəhid olan 1 130 qəhrəmanın adlarının müəyyən edilib xalqa çatdırılması müqəddəs bir işdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının müraciətinə əsasən Türkiyə Cümhuriyyətinin Azərb. Resp.-sındakı səfirliyi arxiv sənədlərinə istinadən 1 130 şəhiddən 938-i haqqında assosiasiyaya məlumat təqdim edib. Həmin siyahıda olan şəhidlərin 765 nəfəri qardaş türk ordusuna, 173 nəfəri Azərb. Milli Ordusuna aiddir. Bu siyahıda Göyçayda həlak olanlardan 4 nəfərin adı göstərilir: 1. Halit Zeki Əfəndi – Teğmen – Göyçay civarındakı müharibə. 2. Yaqub İbrahim Əfəndi – yedek Subay – Göyçay civarındakı müharibə. 3. İsmayıl Haqqı Əfəndi – Üstegmen – Göyçay civarındakı müharibə. 4. Musa Kazım Əfəndi – Teğmen – Göyçay civarındakı müharibə. Siyahıda həmçinin Kürdəmirdə şəhid olan qəhrəmanlardan yalnız birinin, Türkiyənin Bursa vilayətindən olan Dərviş Hüseynin adı qeyd olunub. Qeyd etmək lazımdır ki, mənbələrdə Göyçay qəz.-da şəhid olan türk əsgərlərinin sayının qat-qat çox olduğu bildirilir ki, onların da əksəriyyətinin adları bu siyahıda yoxdur. Göyçay döyüşlərindəki şəhidlərin sayı ilə bağlı mənbələrdə müxtəlif rəqəmlərə rast gəlmək olur. Mənbələrdə Göyçay döyüşlərində canlarını Azərb. uğrunda fəda edən şəhidlərin sayının 122, 248 və ya 500 nəfər olduğu haqda məlumatlar var. Buradan belə nəticə çıxarmaq olar ki, şəhidlərin sayının və onların adlarının dəqiqləşdirilməsi problemi aktual olaraq qalmaqdadır. Fikrimizcə, bu sahədə hələ çox işlərin görülməsinə, hər iki ölkənin tarixçilərinin bu sahədə tədqiqatlarını davam etdirməsinə ciddi ehtiyac var.
Göyçay döyüşünün Azərb.-nın dövlətçilik tarixində çox böyük tarixi əhəmiyyəti vardır. Bunlar, fikrimizcə, aşağıdakılardan ibarətdir:
• Göyçay döyüşündəki qələbə bolşevik, erməni-daşnak qüvvələrinin yerli müsəlman əhaliyə qarşı 1918-ci ilin martında başladığı və 1918-ci ilin 27 iyununa qədər davam edən soyqırımın qarşısını aldı;
• Göyçay döyüşündəki qələbə Şərqin ilk demokratik resp.-sının beşikdəcə boğulmasına imkan vermədi (Göyçay döyüşündə düşmənə sarsıdıcı zərbə vurulmasaydı, 28 may 1918 ildə elan olunan AXC-i bir ay keçməmiş Gəncənin düşmən tərəfindən işğalı ilə süquta uğraya bilərdi);
• Göyçay döyüşündəki qələbə AXC-nin ömrünü uzatmaqla onun dünya dövlətləri tərəfindən tanınmasına şərait yaratdı;
• Göyçaydakı qələbə Azərb.-da marağı olan Rusiya, Böyük Britaniya, Fransa, Almaniya və s. dövlətlərin planlarını alt-üst etdi;
• Göyçaydakı qələbə Bakının azad edilməsinin əsasını qoydu;
• Göyçay döyüşündəki qələbə Türkiyə ilə Azərb. arasında mənəvi birliyi, qardaşlığı daha da möhkəmlətdi;
• Göyçay döyüşündəki qələbə xalqın mübarizlik, döyüş ruhunu özünə qaytardı, ordu quruculuğunda mühüm rol oynadı;
• Göyçaydakı qələbə xalqın vətənpərvərlik hissinin, milli şüurunun, milli birliyinin daha da inkişafına səbəb oldu;
• Göyçay döyüşündəki qələbə çar Rusiyası dövründə Azərb. adının şüurlardan silinməsi prosesinin qarşısını aldı. Vətənin adının özünə qaytarılması prosesini möhkəmlətdi;
• Göyçay döyüşündəki qələbənin yaratdığı beynəlxalq əlverişli mühit 27 aprel 1920 il tarixində Azərb.-ı işğal edən Sovet Rusiyasının XI ordusunun Azərb. adının üstündən xətt çəkməsinə imkan vermədi. İşğalçı, saxta da olsa, “Müstəqil Sovet Azərbaycanı” şüarından istifadə etməyə məcbur oldu;
• 18 oktyabr 1991 il tarixində dövlətçiliyin bərpası ilə yaranan Azərb. Resp.-sının adında da vətənin adının olması Göyçay döyüşündəki qələbənin nəticəsində mümkün olub. (Yəni bu qələbə olmasaydı, AXC-nin ömrü daha da qısa olar və cümhuriyyət dünya dövlətləri tərəfindən tanınmaya bilərdi. Onda bolşeviklər 27 aprel 1920 il işğalından sonra, çar Rusiyasında olduğu kimi, Azərb. adını bütün sənədlərdən və şüurlardan silə bilərdi.
Göyçaylılar Qafqaz İslam Ordusunun, Türkiyənin Azərb. xalqının çətin günündə göstərdiyi qardaşlıq köməyini heç zaman unutmayıb. Sovet dövrünün qadağalarına baxmayaraq, Göyçay ərazisində dəfn olunan türk əsgərlərinin məzarları daim ziyarət olunub, hörmətlə yad edilib, dövlət müstəqilliyinin bərpasından sonra isə həmin ərazilərdə məzarüstü abidələr qoyulub. Göyçay əhalisinin qardaş Türkiyəyə məhəbbəti küçələrə, məktəblərə qoyduğu adlarda da özünü büruzə verir. Göyçay r-nu Ləkçıplaq orta məktəbinə Müstafa Kamal Atatürkün adının verilməsi bunun əyani göstəricisidir.
Mənbə: Zülfüqarlı M. “Göyçay tarixi”. Bakı, 2022, s.107-138; Zülfüqarlı M. “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)”. Bakı, 2017, s. 35-69
GÖYÇAY DÖYÜŞLƏRİ HAQQINDA ŞİFAHİ TARİX
Xalq şairi Musa Yaqub: “Anamın anasının Göyçay döyüşü, ermənilərin Göyçay və ətraf ərazilərə hücumları haqqında söylədiklərindən bəzi fikirlər yadımda qalıb. İndi İsmayıllı r-nunun ərazisində yerləşən, əvvəllər isə Göyçay qəz.-nın ərazisində olan ermənilərin yaşadıqları kəndlər var idi. Bunlar Kəlvənd, Gənzə, Soltankənd, Qalakənd, Ruşan, Tubu kənd, Keyvəndi, Keşqurd k.-ləri idi. Müsəlman əhaliyə qarşı qatı çinayətlər etmiş Əsiryan, Əmiryan Keşqurd k.-dən idi. Ermənilərə qarşı döyüşlərdə Lahıc misgərlərinin düzəltdikləri toplardan istifadə olunurdu. Ermənilər Buynuz k.-nə hücuma keçərkən kənd əhalisi evlərini tərk edərək Baba dağı istiqamətində irəliləyiblər. Bir gecə Sığnaq adlı yerdə daldalandıqdan sonra təhlükə sovuşduğu üçün kəndə qayıdıblar. Qafqaz İslam Ordusu bu ərazilərə gələrkən ermənilər qorxudan əsməyə başlamış, kənd əhalisi sıravi erməniləri qorumuşlar. Hətta Qalagahdan ermənilər qaçarkən kənddə qalmış 4 azyaşlı erməni qızını yerli əhali qorumuşdur. Onlardan ikisi Qalaçıq, ikisi isə Çayqovuşan k.-lərində yaşamış, həddi-biluğa çatdıqdan sonra müsəlmanlarla ailə qurmuşlar. Həmin ailələrin övladları bu gün də öz kəndlərində firavan yaşayırlar. Tarixən xalqımıza qarşı qatı düşmənçilik edən, dəfələrlə müsəlman əhaliyə qarşı soyqırım həyata keçirən ermənilərə qarşı bu cür davranış Azərb. xalqının əsl hümanizm, insanpərvərlik, tolerant xalq olduğunu bir daha sübut edir”.
Cəbrayıl Usubov, general-mayor: “Mən kəndimizin yaşlı əhalisindən, xüsusilə də atamın və babamın xatirələrindən Qafqaz İslam Ordusunun Kürdəmir istiqamətində göstərdiyi qəhrəmanlıqlar barədə çox eşitmişəm. Mənim adım da həmin hadisələrin şahidi olmuş Cəbrayıl babamın şərəfinə qoyulub. Kürdəmir və ətraf ərazilər 1918 il hadisələrinin getdiyi qaynar nöqtələrdən olub. Kürdəmirin yerləşdiyi ərazi strateji cəhətdən çox əlverişli olduğundan düşmən bura xüsusi diqqət verirdi. O zaman Kürdəmir Göyçay qəzasının ərazisində yerləşirdi. Düşmən qəza mərkəzi olan Göyçayın üzərinə hücuma keçmək üçün ilk növbədə Kürdəmir və onun ətrafını işğal etməli idi. Yaxın ərazilərdə yaşayan əhalinin gözünü qorxutmaq, onların müqavimət əzmini qırmaq üçün bolşevik-daşnak qüvvələri Kürdəmirdə 1918 ilin mart qırğınlarının davamı olan iyun qırğınlarını həyata keçirmişdi. Bizim Kürdəmirin Atakişilər k.-də XX əsrin əvvəllərindən qalmış böyük evimiz, geniş həyətimiz olub. Bu kənd Kürdəmirlə Ağsu arasında yerləşir. Mən özüm də həmin evdə yaşamışam, lakin 1972 ildə ev tam köhnəldiyinə görə sökülüb. Qafqaz İslam Ordusu döyüşə-döyüşə düşməni geri oturdaraq bizim kəndi azad etdikdən sonra ordunun komandanı Nuru paşanın qərargahı həmin evdə yerləşmişdi. Bunu sübut edən çoxlu sayda faktlar var. Bunlardan biri ondan ibarətdir ki, o zaman bizim çoxlu sayda mal-qaramız olsa da, qonşumuz Xankişi də vəziyyət ağır olduğundan mal-qarasını bizim həyətdə saxlayırmış. Bir gün oğlu atasına deyəndə ki, gedək mal-qaramızı Cəbrayıl kişinin həyətindən götürək, Xankişi oğluna belə cavab verib: “O həyət “Karsın qalasıdır”. Ən etibarlı yer oradır. İnşallah, vəziyyət düzələndən sonra gedib götürərik”. Bizim kənd istiqamətində axırıncı döyüş Şıxımlı k. uğrunda olub. Bu döyüşdə iki türk əsgəri şəhid olub, 3 əsgər yaralanıb. Şəhidlərin dəfnində qadınlar ağlayanda türk zabiti onlara bildirib ki, onlar türk torpağı uğrunda şəhid olublar. Şəhidlər üçün ağlamaq yox, onlarla fəxr etmək lazımıdr. Bolşevik-daşnak dəstələri Kürdəmir və ətraf k.-lərin ərazisinə hücuma keçərkən əhalinin böyük bir hissəsi Mollakənd tərəfdə “Musa körpüsü” adlanan yerə və Qarasuya tərəf qaçaraq canlarını qurtarmışlar. Həmin dövrdə Kür çayı daşarkən sözügedən ərazinin bir hissəsini, Muradxanlı tərəfi su basması nəticəsində gölməçələr və qamışlıq əmələ gəlirdi. Həmin ərazidə Axmaz adlanan yerdə bataqlıq və sıx qamışlıq olduğundan əhali orada gizlənmiş, düşmən qüvvələri isə bu əraziyə girməyə cürət etmədiyindən geri qayıtmışdır.
Qafqaz İslam Ordusu vəziyyətin ağırlığına və bir çox problemlərə baxmayaraq yerli əhaliyə qarşı humanistcəsinə, doğma münasibət bəsləmiş, onların maddi cəhətdən zərər çəkməsinə imkan verməmişdir. Babam deyirdi ki, o zaman türk ordusunun topları və əsgərləri daşımaq üçün ata, arabaya, faytona, qoşqu üçün mal-qaraya böyük ehtiyacı var idi. Onlar bu problemin həllini çox ədalətli şəkildə tapmışdılar. Yəni atını, arabasını, qoşqu heyvanını istifadə üçün verən kəndli Türk ordusu ilə birlikdə müəyyən məntəqəyə qədər gedər, həmin məntəqədə yeni vasitə tapılan kimi bu şəxslər öz mallarını götürərək geri qayıdırdılar. Fikrimcə, yalnız yerli xalqa doğma münasibət bəsləyən ordu bu cür hərəkət edə bilərdi. Bu kimi faktlar sübut edir ki, döyüşlərin getdiyi ən qızğın çağlarda, ölüm-dirim savaşında da türk ordusu daim yerli əhalini düşünmüş, onların zərər çəkməməsi üçün mümkün olan hər şeyi etmişdi”.
Müslüm Məmmədov, Kürdəmirin millət vəkili, Azərb. Resp.-sının Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü: “Kürdəmir Azərb.-nın strateji əhəmiyyətə malik ən qədim yaşayış məskənlərindən biridir. R-nun Sığırlı k. ərazisində yerləşən “Qaratəpə” yaşayış yeri və qəbiristanlıq ilk orta əsrlərə aiddir. Ərəbqubalı k. ərazisində “Şəhərgah” yaşayış mənətəqəsində IX-XI əsrlərdə Şirvan adlı ş.-in qalıqları olduğu ehtimal edilir. XX əsrin əvvəllərində Kürdəmir kapitalizmin sürətlə inkişaf etdiyi əyalətlərdən biri idi. Həmin dövrdə burada çoxlu sayda emal və ticarət müəssisələri, qonaqlara xidmət edən yeməkxana, çayxana, mehmanxana və s. mövcud olmuşdur. Şimaldan c.-a, ş.-dən q.-ə gedən yolların kəsişməsində, Bakı-Batum neft kəmərinin, Bakı-Tiflis dəmir yolunun üzərində yerləşən Kürdəmir Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik-daşnak qüvvələrinin hədəflərindən biri idi. 1918 ildə Kürdəmir döyüşlərin getdiyi ən qızğın məntəqələrdən biri olmuşdur. Hadisədən bir il qabaq Kürdəmirdə yerləşən çar hərbi qarnizonundan ermənilərin silah-sürsat almalarına, hətta gizli şəkildə qəsəbədə yerləşən zavodda silah istehsal edərək gələcək faciələrə hazırlıq görmələrinə aid faktlar var. 1917 il fevral – burjua inqilabından sonra Romanovlar sülaləsinin hakimiyyətdən devrilməsi və 1917 ilin oktyabr çevrilişiylə bolşeviklərin hakimiyyətə gəlməsi ilə regionda ictimai-siyasi vəziyyət həddindən artıq mürəkkəbləşmişdi. Bu vəziyyətdən bolşevik-erməni birləşmələri sui-istifadə edərək Azərb.-nın sərvətlərinə sahib olmağa çalışırdılar. Bu yolda onlar maneə kimi Azərb. xalqını görür və buna görə də planlı şəkildə soyqırıma hazırlaşırdılar. 1917 ilin dekabrında bağlanmış Ərzincan müqaviləsindən sonra 1918 il martın əvvəllərində çar ordusunda xidmət edən erməni əsgərlər Kürdəmir və ətraf k.-lərə qatarla gələrək Kürdəmirdən Şamaxıya qədər yerləşən yaşayış məntəqələrində əhaliyə qarşı müxtəlif cinayətlər, talanlar, qırğınlar törətmişlər. Bu cinayətləri həmin ilin iyun ayında Sığırlı, Karrar, Kürdəmir, Qarabucaq və Müsüslü istiqamətində davam etdirmişlər. Bu qırğınların qarşısının alınmasında 4 iyun Batum müqaviləsi ilə Azərb.-na gəlmiş Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin müstəsna rolu olmuşdur. Kürdəmir ərazisində baş vermiş tarixi hadisələr, çox təəssüf ki, hələ də lazımi səviyyədə öyrənilməmişdir.
1918 ildə törədilmiş soyqırımları araşdırmaq üçün AXC-i hökuməti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyasının sənədlərində Kürdəmirdə törədilən faciələr də araşdırılmış, erməni vəhşiliklərini sübut edən fotoşəkillər də çəkilmişdir. Lakin çox təəssüf ki, AXC-nin 23 aydan sonra XI qızıl ordu tərəfindən işğalı bu işi davam etdirməyə imkan verməmişdir. 70 illik sovet dövründə isə tariximiz saxtalaşdırılmış, xalqımıza qarşı qırğınlara başçılıq etmiş şəxslər bizə xalqın xilaskarı kimi təqdim olunmuşlar. Qardaş Türkiyədən xalqımıza köməyə gələn xilaskar Qafqaz İslam Ordusu və Azərb. hərbçilərinin qəhrəman mübarizəsini isə sovet ideoloqları düşmən mövqedən yanaşaraq daim gözdən salmağa çalışmışlar. Xilaskar Qafqaz İslam Ordusu və Azərb. hərbçilərinin qəhrəman mübarizəsi nəticəsində Azərb. xalqına qarşı törədilən soyqırımın qarşısı alınmış, bu yolda qardaş ölkədən gəlmiş hərbçilər canlarını belə əsirgəməmişlər. Döyüşlərin qızğın getdiyi Göyçay-Kürdəmir istiqamətində canlarını fəda etmiş çoxlu sayda qəhrəmanın adı hələ də naməlum qalmaqdadır. Fikrimizcə, tarixçilər bu istiqamətdə tədqiqatlarını daha da genişləndirməli, Göyçay-Kürdəmir döyüşlərinə aid yeni faktları üzə çıxarmaqla həqiqəti bərpa etməlidirlər”.
Bahadur Bilalov, tariz e.n, dos., ATMU-nun “Turizm biznesi” kafedrasının müdiri: “Doğulub boya-başa çatdığım Göyçay r-nunun Bığır k.-də Nuru paşanın ordusunun Azərb.-a köməyə gəlməsi ilə əlaqədar hələ uşaq olarkən yaşlılardan xeyli xatirələr eşitmişəm. Əvvəla, qeyd etmək istəyirəm ki, 1918 ildə ermənilərin Azərb. k.-lərinə vəhşicəsinə soxularaq kütləvi qətllər törətməsi xəbəri bütün Azərb.-a yayıldığından Bığır k.-də də qocalar, qadınlar, uşaqlar kənddən çıxmalı olmuşlar. Onlar “Qaraman arxı” deyilən yerdə bir neçə gün gizlənmək məcburiyyətində qalmışlar. Yadımdadır ki, yaşlı qadınlardan “neçə yaşınız var”, deyə soruşanda “qaçhaqaç zamanı anamın qucağında olmuşam”, “iki yaşım olub” kimi cavablar almaq mümkün idi. Bizim kəndin qəbiristanlığı təpənin ətəklərində yerləşir. Əvvəlki dövrlərdə, insanların maddi durumu aşağı olduğundan başdaşı əvəzinə kəndimizdə bol olan tut ağaclarından istifadə edilərdi. Həmin ağaclar təxminən 2,5 metr uzunluğunda kəsilər, dördkünc formaya salınar, bir tərəfində isə ölənin adı, soyadı qeyd olunardı. Zaman keçdikcə bu ağaclar qaralmağa başlayırdı. Kəndimizdə bunlara “baş ağacı” deyilirdi. Yaşlıların bildirdiyinə görə, erməni kəşfiyyatçıları gecə təpənin üstündən kəndə baxanda bu “baş ağaclarını” qoşun hesab etmiş və kəndə hücüm etməkdən vaz keçmişlər. Nuru paşanın qoşunlarının kəndimizdə olmasını sübüt edən yadigarlar bu günə qədər qalmaqdadır. Belə ki, güllə yarasından dünyasını dəyişmiş türk əsgəri təpələrdən birində dəfn edilmiş, sonradan həmin təpə “Türk dağı” adlanmışdır. Bu gün də kənddə hamı oranı “Türk dağı” kimi tanıyır. Bir neçə il bundan əvvəl həmin yerdə türk əsgərinin xatirəsinə abidə ucaldılmışdır. Digər bir abidə isə kəndimizdə “Ləzgi dağı” deyilən yerdədir. Orada həlak olmuş türk zabitinin qəbri var. Kənd sakinlərinin onların köməyinə gələn türk əsgərlərinə böyük məmnuniyyətlə ərzaq və su yardımı etməkləri haqqında da xatirələr mövcuddur. Söylənilənlərə görə, İsmayıllı r-nunun Molla İshaqlı k.-nə gedən yolun üstündə düşərgə qurmuş türk əsgərlərinə kəndin bir neçə nümayəndəsi ərzaq və su aparır. Onlar düşərgədə olarkən ermənilərin atdığı çarpanalardan biri kənd sakininin qolunu cızıb keçir. Qan axdığını görən kənd sakini “qaçın görək, mən payımı almışam” deyə uca səslə göz yaşları tökür. Türk zabiti buna yaxınlaşır və yaralı türk əsgərlərini göstərib deyir: “Bir bunlara diqqətlə bax, birinin qıçı, birinin qolu yoxdur, amma heç səsləri çıxmır, sən nə hay-küy salmısan?”
Türk əsgərlərinin bir neçə gün kəndimizdə düşərgə salmasına dair da maraqlı xatirələr var. Deyilənə görə, düşərgənin yerləşdiyi ərazidə bir neçə ildən sonra ev tikintisi zamanı gənclərdən biri xarab olmuş bir tapança tapır, onu təmir edərək işlək hala gətirir. Kənddə hələ də 1918 ildən qalma silah və sursatın tapılması türk əsgərlərinin Bığır və ətraf k.-lərdə ölüm-dirim mübarizəsi apardıqlarına əyani sübutdur”.
Rafiq Piriyev (5 iyun 1941 ildə anadan olub), Göyçayın Qaraman k.-nin sakini: “Mənim babamın balaca qardaşı Mustafayev İsmayıl Pirməmməd oğlu 101 yaş yaşayıb, 1984 il yanvar ayının 17-də dünyasını dəyişib. Babamın balaca qardaşının danışdığına görə, yaşadıqları evin həyətinə ermənilərin atdığı top düşəndən sonra təlaşla yığışıb köçmək istəyəndə görüblər ki, bir paşa öz ordusu ilə bunlara tərəf gəlir. Gələn Nuru paşa və onun ordusu idi. Nuru paşa əhalinin qaçmağının qarşısını alaraq onlara ürək-dirək verib və kəndə hücum edən düşmən qüvvələrini geri çəkilməyə məcbur edib. Babam Mustafayev Fərman Pirməmməd oğlu Kürdəmir ərazisində gedən döyüşlərdə yaralanıb, sürünə-sürünə girib körpünün altına. Uzun müddət qalıb orada. İsmayıl babam deyirdi ki, 2 illik kəlçə yatan yer qədər onun qanı axıb tökülmüşdü uzanıb qaldığı yerə. Sağ qalmaq üçün quru ağacların qabıqlarını yeyib. Neçə müddət sonra bir ana öz oğlu ilə bulağa su gətirməyə gedəndə eşidiblər ki, zarıltı səsi gəlir. Baxanda oğlu elə bilir ki, ermənidir. Üstündəki qılıncı çıxarır ki, onu öldürsün. Anası deyir ki, ay bala, öldürmə, günaha girərsən. Soyundur, gör müsəlmandırsa, dəymə. Oğlu görüb ki, bu, müsəlmandır, qoyub onu su arabasına, aparıb evə. Bütün bədənin qurd basıbmış, bədənində 9 yerdə xəncər yarası olub. Həmin oğlan babamın üzünü qırxıb, yaralarını yuyub-təmizləyib, gözləyib ki, sağalsın. Babam gözünü açıb özünə gələndə ilk sözü “Qaramanlı İsmayıl” olub, yəni balaca qardaşının adın verib. Eləcə babamla qardaşı bir-birini tapıb. Babamı bura gətirəndə onu saxlayan ailəyə yaxşı qonaqlıq veriblər. Eləcə həmin ailə ilə yaxından tanış olurlar. Uzun get-gəldən sonra həmən kürdəmirli ailə babama at bağışlayır, at mənim yadımdadır, madyan at idi. Başqa eşitdiklərimdən danışım, ermənilər Bığır k.-nin mollasının kürəyinə samovar bağlayıb belindəcə odlayıblar. Deyilənlərə görə, Hacalı k.-dən ermənilər qaçanda bir cavan erməni qızını qoyub qaçıblar. Bizimkilər onu təndirdə gizlədib qoruyublar və həmin qız Hacalı k.-nin sakini kimi ömrünün axırına kimi kənddə yaşayıb. Kəndimizdə çox hörmətli bir şəxsiyyət, ağır övliya olan İlyas baba adlı bir şəxs olub. Əhali arasında olan bütün mübahisəli işləri o həll edərmiş. Onu nəyəsə görə Bakıya cağırıblar. Qayıdanda Qafqaz İslam Ordusunun Bakını azad etməsinin şahidi kimi çox məsələlər barədə kənd əhalisinə məlumat verib. Türklər döyüşə-döyüşə gediblər Bakıya, erməniləri töküblər dənizə. 1918 il Göyçay döyüşlərində yaralanmış bir türk əsgərini babamın qardaşı oğlu Molla Musa gətirib onun evinə və babamın kiçik qardaşı İsmayıl babamla birlikdə ona qulluq ediblər. Lakin çox təəssüf ki, uzun müddət müalicə etmələrinə baxmayaraq yaralı əsgər vəfat edib və onu Qaraman k.-də indiki kənd kitabxanasına yaxın ərazidə dəfn ediblər”.
Şakir Abdullayev (1936 ildə anadan olub), İsmayıllının Mollaishaqlı k.-nin sakini: “Mən 47 il rus dili və ədəbiyyat müəllimi işləmişəm, hazırda təqaüddəyəm. 1918 ildə ermənilər bu kəndi talan ediblər. Mənim anam 115 il yaşayıb. Mən ondan soruşanda ki, buranın tavanı nəyə görə belə qaradır, deyirdi ki, ermənilər burada ocaq yandırıb viran qoymuşdular. Atam-anam köçüb getmişdilər Ağdaş r-nunun Ərəbkükəl k.-nə. Mən də iki-üç dəfə uzunqulaqla o kəndə getmişəm. Onlar Molla Mikayıl adlı bir kişinin evində qalırmışlar, ta ki türklər gəlib buranı azad edənə kimi. Türklər bura gələndə soruşublar ki, Burada həccə gedənlər kimlərdi? Hacı Mürsəl, Hacı Abdulla, Hacı Əlisa bildiriblər ki, onlar həcc ziyarətində olublar. Türklər öz yorulmuş atlarını veriblər hacılara, onların atlarını götürüb gediblər ermənilərlə döyüşməyə. Çıxıblar yola, “Göyün yoxuşu” adlı yer var, ora çıxanda soruşublar ki, ermənilər hardadı, bu anda Hacıhətəmlinin ağacı deyilən yer var, o tərəfdən atəş açılıb. Türkər burdan nişan alıb düz erməni topunun lüləsini vurublar.
Ermənilər müsəlman əhalini Qalagah k.-dəki kilsəyə dolduraraq öldürürmüşlər. Görün ermənilər nə qədər nankor millətdir ki, öz cinayətlərini ört-basdır etmək üçün sovet dövründə Qalagah kəndində abidə qoyublar ki, guya türklər bunlara qarşı soyqrımı ediblər. Amma bütün əhali bilir ki, türklər onların başladığı soyqrımın qarşısını almaq məqsədilə gəlmişdilər. Türklər eyni zamanda bizə döyüş mədəniyyətini də öyrədiblər. Onlar bura gələndə özlərinə bir azərbaycanlı bələdçi götürüb deyiblər ki, gedək ermənilərin yerini bizə göstər. Ermənilər güllə atarkən azərbayanlı başını sağa-sola yellədərək irəliləyirmiş. Türklər onu danlayıblar ki, nə bilirsən güllə hansı tərəfdən gələcək, başını qoru! Bizim kənddə rəhmətlik Qədir kişi olub. O, bir erməni qadınını yer təndirində gizlədərək saxlayıb, ölümdən xilas edib. Sonra Abuzər kişi vardı, həm də bizim qohumumuz idi. O, bir erməni qadını ilə evlənmişdi. Abuzər kişi deyir ki, ermənilərin yaşadığı Soltan k.-nə iki erməninin bir körpəli qadını qabaqlarına salıb döyə-döyə gətirdiklərinin şahidi olub. Onlar qadını çarmıxa çəkib qaynayan samovarı belinə bağlamaq istədikdə Abuzər kişi bunun qarşısını alıb. O, ermənilərin ağsaqqallarına deyir ki, nə vəhşi adamlarsınız, belə etsəniz, bu dəqiqə gedib sizin qızınızı boşayacam. Ondan sonra ermənilər qadını sağ buraxıblar.
Atam Qubadov Paşa Qubad oğlu erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak edib. Qubadla Zülfüqar Paşa kişinin babaları olub. Zülfüqar yüzbaşı olub. Üzdə olan insanlar olduqları üçün onları ermənilər öldürüblər. Ermənilər ətraf kəndlərin əhalisini Qalagah k.-dəki kilsəyə doldurub orada öldürürmüşlər. Atam öz dəstəsi ilə Qalagaha hücum edərək ermənilərlə döyüşmüş və kilsədəki əhalini azad etmişdir. Atamın ermənilərə qarşı döyüşlərdə iştirak etməyinin əsas səbəblərindən biri əmisinin ermənilər tərəfindən qəddarcasına öldürülməsi olub. O danışırdı ki, ermənilər onun əmisinin başını kəsib Qalagah k.-də (ermənilar yaşayan kənd) Qazavan deyilən yer var idi, aparıb orda qoyublar payanın başına. Deyiblər ki, kimin türklərdən acığı var gəlib başa güllə vursun. Ermənilər də başlayıb güllələməyə. Türklər gələndən sonra atam əmisinin və babalarının qisasını ermənilərdən alıb. Ermənilərin yaşadığı Qalagah k.-də daş basdırılmışdı, sovet hökuməti dağılandan sonra özüm o daşı çıxartdım. Onun üstündə yazılmışdı ki, Paşa ermənilərin düşmənidir. Orada 100-ə yaxın erməni öldürülüb. Hətta 1988 ildən sonra məlum hadisələr səbəbindən ermənilər yığışıb köçəndə Soltan kəndində bir erməni vardı, adı Samvel idi. O demişdi ki, mən o zaman rahat ölərəm ki, Paşanın oğlanlarından birinin qanını içim. Mən bunu eşidib gedib onu tapdım, dedim ki, sənin qanın mənim əlimdədir, amma mən sənə dəymirəm, get, ay allahsız. Getdi, yolda partlayıb ölmüşdü.
Atam dini təhsil almışdı, hətta sovet dövründə hər gün hündür bir yerə çıxıb azan verirdi. Sovet rejimi dinə qarşı olduğundan atama qarşı çox təzyiqlər olub. Hətta İsmayıllı r-nunun “Zəhmətkeş” qəzetində onun azan verməsini tənqid edən Yusif Xurrəm imzası ilə “Molla Paşa çıxıb başa” adlı məqalə də çap olunmuşdu. Lakin atam daim kənd sakinlərinə deyirdi ki, qorxmayın, çəkinməyin, Allah var! Böyüklərə hörməti də o aşılayırdı. Hamıya deyirdi ki, elə yerdə otur ki, gəlib səni narahat etməsinlər. Qan işini batıran adam olub. Hazırda həyətdəki ata evimizin 200 ildən çox yaşı var. Kəndin ilk evlərindən biri olub. 1918 ildə atam 3 yaralı türk əsgərini həmin evdə saxlayaraq uzun müddət müalicə etdirib. Lakin yaralıları sağaltmaq mümkün olmayıb. Onları əvvəl həmin həyətdəki tut ağacının yanında dəfn ediblər. Azərb. Resp.-sı dövlət müstəqilliyini bərpa etdikdən sonra türk əsgərlərin nəşi kənd qəbiristanlığına köçürülüb və onlara abidə qoyulub”.
Sadiq Həsənov, Göyçay r-nunun Qaraməryəm k.-nin sakini: “Erməni qırğınını mən görmüşəm. Onda mən uşaq idim. Yurd yerimiz qəbiristanlığın aşağısında, çayın üst tərəfində idi, Aşağı Qaraməryəmə gedən yolun alt tərəfində. Çay kənarı üzümlüklərimiz və tut ağaclarımız var idi. Dağın ətəklərində bostan yerimiz vardı, yemiş əkirdik. Dədə-babadan mal-qara saxlayan olmuşuq. Dədəmin əl dəyirmanı var idi. O dəyirmanda Aşot (erməni) nökərçilik edirdi. Tək yaşayırdı. Acından ölməsin deyə dədəm ona çörək verirdi. Sonradan ermənilərin kəndə hücumu haqqında səs yayıldı. Nənəm mal-qaranı damdan açıb buraxmışdı. Bizi də ot tayasının arasında gizlətmişdilər. Balaca qardaşım azyaşlı olduğu üçün ağlayırdı. Nənəm gözümüzün qabağında onu yerə buraxdı. O, iməkləyə-iməkləyə uzaqlaşanda nənəm onu qorumaq üçün ağır kilimin altında gizlətdi. Ermənilər camaatın dam-daşını yandırıb-dağıdırdı. Getsin o günlər, gəlməsin. Qardaşım kilimin arasında ölmüşdü. Kəndin qırılan camaatı çox oldu. Yurdumuz elə viran qaldı ki, sonra kəndə yaxın yerə köçdük. Nuru paşa olmasaydı, bütün camaat qırılardı. Onlar Törə dağı istiqamətindən hücuma keçmişdilər. O vaxt ermənilər indiki “Avarlı tala” deyilən ərazidə, kərpic kəsilib kirəmit düzəldilən yerdə mövqe tutmuşdular. Həmin yeri Nuru paşanın 60 nəfərlik dəstəsi top ataraq dağıtmışdı. Ermənilərin texnikası sıradan çıxarılmışdı. Sonradan həmin vurulan maşının dağılmış “rama”sını mənim əmim, kəndin mollası və hesabdarı Quliyev Bəşir Ocaqqulu oğlu gətirib çayın üstündə körpü kimi istifadə edib. Sadıq dayı deyirdi ki, ermənilər kənddən qarət etdikləri qızıl və zinət əşyalarını samovara yığıb aparıblar. Apara bilmədikləri qənimətin bir hissəsini Çərmədil dağlarında atıb getmişdilər”. (Həsənov Sadiq Mirabdulla oğlunun söylədiklərini Ş.M.Saabov adına Qaraməryəm k. tam orta məktəbinin tarix müəlliməsi Quliyeva Nahidə təqdim edib.)
Eldar Əliyev, Göyçay r-nunun Qaraməryəm k.-nin sakini: “Türkiyənin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşa Azərb.-nı erməni qırğınından qurtarmaq üçün Gəncəyə gəlmişdi. Əvvəlcədən məlumat toplamışdı ki, Bakı Soveti ordusunun tərkibində 12 min erməni döyüşcüsü var. Ona görə də Nuru paşa 14 min könüllü əsgər toplamışdı. Onlar Gəncə istiqamətindən Bakıya doğru getməyi planlaşdırmışdılar. Bığırda Qarayazı ilə Qaraməryəm arasında, Kürtmaşı, Aşıqbayramlı, Quşencə dağlarının ətəyində ermənilərlə döyüşərək onların üzərində qələbə çalmışdılar. Qaraməryəmdə 200 nəfərlik erməniyə qarşı Nuru paşanın rəhbərlik etdiyi 60 nəfərlik türk əsgəri Törə dağından enərək indiki Acıdərə adlanan ərazidə qanlı döyüş keçirmişdilər. Yenə də erməniləri məğlub etmişdilər. Yerli camaatdan da kömək edən olmuşdu. Nuru paşa 14 min könüllüdən 4 min şəhid vermişdi. Şamaxı ətrafındakı Acıdərə düzündəki döyüşlərdə daha çox itki verdikləri üçün həmin ərazi Acıverən adı almışdır. Qaraməryəmdəki Acıdərə adı da həmin döyüşlə bağlıdır”. (Əliyev Eldar Soltan oğlunun nəvəsi Salehin söylədiklərini Ş.M.Saabov adına Qaraməryəm kənd tam orta məktəbinin tarix müəllimi Yusifov Qnyaz yazılı təqdim etdi.)
Eyvaz Xəlil, Göyçay r-nunun Bığır k.-nin sakini: “Erməni-müsəlman davası haqqında söz düşəndə rəhmətlik qayınatam Xəlil müəllim atası Eyvaz babadan eşitdiklərindən söhbət edirdi. O deyərdi ki, atam söhbət edərdi: “Mən o vaxt türk qoşunlarının Bığıra necə daxil olduqlarının canlı şahidiyəm”.
Ermənilərin qərargahı İsmayıllı r-nunun Qələyi k.-də idi. Ermənilər oradan gəlib Bığır k.-nə daxil olmuşdular. Onların qərargahı Qıraqbağında idi. Kəndimizin camaatı o vaxt Hacı nohuru adlanan yerə getmişdilər. Türklər Ləkçıplaq k. tərəfdən Bığıra daxil oldular. Bu vaxt adamlar təşvişə düşdü. Ancaq türk generalları “Qorxmayın, biz sizi müdafiə etməyə gəlmişik!” deyərək əhalini sakitləşdirirdilər. Bunlar unudulmazdır. Bu vaxt ermənilər Qıraqbağında bir neçə bığırlını tutub, evə salıb ağızlarını bağlamışlar. Evə od vurub onları yandırmaq istəyirdilər. Bu davada türk qoşunlarının tərkibində Hacı Şirin oğlu Əhəd, Şamilov Paşa (atam Paşa) iştirak edirdilər. Paşa kişi yaralıları xəstəxanaya daşıyırdı. O deyirmiş ki, Əhəd kişi davada yaralanmışdı. Güllə onun sinəsindən dəyib kürəyindən çıxıbmış. Onu aparıb xəstəxanaya çatdırıb. Əhəd kişi sağalıb. Türklər Bığıra daxil olanda bir erməni çavuşunu tutub ermənilərin yanına göndəriblər ki, tabe olsunlar, onlara ərzaq, su və yemək də verəcəklər. Çavuş gedib bu xəbəri ermənilərə çatdırsa da, onlar tabe olmayıb. Bu vaxt türklər hücuma keçiblər. Vuruşmada türklər ayaq üstə, sinələrini irəli verib gedirdilər. Onların ikisi mənim tanıdığım, bizim evin yuxarısında, dərədə həlak olmuşdu. İndi onlara “Türk dağı” adlanan yerdə abidə qoyublar ki, hər yerdən görünür. Türk əsgərlərini şəhid olduğu yerdə dəfn edirdilər.
Deyilənlərə görə, ermənilərin bir dəstəsi Bığıra girəndə yuxarıdan – indi abidə qoyulmuş Türk dağının aşağısındakı qəbiristanlıqda baş ağaclarını görüb, türk qoşunları hesab edib qaçmışlar. Qıraqbağında döyüşlərdə Qədir əfəndi Ləzgi dağı deyilən dağda şəhid olub. İndi onun dəfn edildiyi yerdə abidə qoyulub. O, şəhid olmamışdan əvvəl, sağ ikən deyib ki, mənim qəbrimi ziyarət edənlər mənim üstümə gətirib su töksünlər. O vaxt qoşunlar susuzluqdan əziyyət çəkirmiş. Onun məzarını ziyarət edənlər indi də məzar üstünə su səpirlər.
Ermənilər Bığır k.-dən qovulduqdan sonra sakinlər Hacı nohurundan qayıdıb evlərinə gəlmişlər. Qayınatam Xəlil müəllim deyirdi: “Atam və anam deyirdilər ki, türklər Bığırı tərk edəndə hansı evlərdə yaşamışdılarsa, oraya bolluca ərzaq, yemək-içmək qoyub getmişdilər”. Bəli, türk qardaşlarımız həmişə bizi dəstəkləyib, bizimlə olmuşlar”.
Mənbə: Zülfüqarlı M. “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)”. Bakı, 2017, s.74-88