Elxan Süleymanov: “Nəşr Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf olunub”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri, nəfis tərtibatlı “Göyçay Ensiklopediyası” işıq üzü görüb.
Nəşrin ideya müəllifi və naşiri, AVCİYA prezidenti Elxan Süleymanovun Musavat.com-a verdiyi məlumata görə nəşr Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf olunub.
E.Süleymanov bildirib ki, ensiklopediyaya ilk növbədə Göyçayın tanınmış şəxsiyyətləri haqqında məqalələr daxil edilib.
Kitabda bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr, müvafiq xəritələr yer alıb. Kitabda Göyçayın tarixi, ədəbi-mədəni mühiti, folkloru və mərasimləri, etnoqrafiyası, maddi mədəniyyəti, toponimləri, din xadimləri və dini abidələri, bölgədə mövcud olan tarixi abidələr haqqında tanınmış tədqiqatçılar tərəfindən yazılmış oçerklərlə də tanış olmaq olar.
Qeyd edək ki, ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır.
951 məqalənin, 11 irihəcmli oçerkin yer aldığı kitab çoxsaylı illüstrasiyalar və xəritələrlə zənginləşdirilib. Ensiklopediyanın materialları ilə www.goycay-encyclopedia.az portalında tanış olmaq olar.
Elxan Süleymanov həmçinin bildirib ki, “Göyçay Ensiklopediyası” 30 sentyabrda Göyçayda ictimaiyyətə təqdim ediləcək.
Musavat.com