Dövlətimizin başçısı 2005-ci il iyulun 8-də əvvəlcə “Göyçay-Konserv” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi əraziyə gəldi.
Prezident İlham Əliyev və ailə üzvləri binanın qarşısında böyük hörmət və ehtiramla qarşılandı, onlara gül dəstələri təqdim olundu.
Cəmiyyətin rəhbərləri Prezidentə məlumat verdilər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hələ 1982-ci ildə Göyçayda olarkən rayon sakinləri həyətyanı sahələrdə yetişdirdikləri narın dövlət tərəfindən emal üçün tədarükünün yaxşılaşdırılmasını, əhalinin yeni iş yerləri ilə təmin olunmasını xahiş etmişdilər. Onun göstərişi ilə elə həmin ildə Göyçayda zavodun tikintisinə başlanmış və o, 1983-cü ildə istifadəyə verilmişdir. 1998-ci ilin martında müəssisənin bazasında “Göyçay-Konserv” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Lakin müəssisə uzun müddət fəaliyyətsiz qalmışdır. 2004-cü ilin aprelində “Göyçay-Konserv” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51 faizi iş adamı Ramiz Xəlilov tərəfindən alınmışdır. Qısa müddət ərzində zavodun yenidən qurulmasına, təmir və abadlıq işlərinə 2,9 milyard manat vəsait qoyulmuşdur. Bundan əlavə, keçən mövsümdə zavoda nar tədarükü üçün 2,2 milyard manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına əhalidən 5000 ton nar tədarük edilmişdir. Hazırda müəssisənin illik istehsal gücü 25 min dekalitrdir. Burada İtaliyanın “Bertuzi” firmasının axın xətti quraşdırılmışdır.
Göyçay rayonunun 2000 nəfərdən çox kənd sakini ilə kənd təsərrüfatı məhsullarının alınması üçün müqavilələr bağlanmışdır. Zavodun işə düşməsi nəticəsində 2004-cü ildə 80 nəfər daimi, 120 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Orta aylıq əmək haqqı 300-350 min manatdır. İstehsal olunmuş məhsulun satılması üçün Ukrayna və ABŞ şirkətləri ilə birillik müqavilələr bağlanmışdır. 2005-ci ilin mart ayından müqavilə öhdəliklərinin yerinə yetirilməsinə başlanmışdır.
Prezident İlham Əliyev zavodun müasir vəziyyəti, iş şəraiti, xammalın qəbulu, təmizlənməsi, emalı, məhsulun keyfiyyəti ilə yaxından tanış oldu, istehsal proseslərini izlədi, hazır məhsul anbarına baxdı. Dövlətimizin başçısı nar şirələrindən daddı, belə müasir müəssisələrin olmasına sevindiyini bildirdi, onların hesabına ölkəmizin inkişaf edəcəyini vurğuladı və kollektivə uğurlar arzuladı.