Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi. Göyçay qəzası Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyində dəyişikliklər haqqında 1867 il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmışdı. Göyçay qəzasının mərkəzi Göyçay yaşayış məntəqəsi idi. Qəza idarə sistemi mövcud idi, qəzanın idarəetmə idarəsi isə 5 evdən və 69 nəfər əhalidən ibarət olan Göyçay poçt məntəqəsində yerləşirdi.
1870 ildə evlərin sayına görə qəzanın ən iri yaşayış məntəqələri Kürdəmir, Zərdab, Əlvənd, Bərgüşad, Tilanköyün kəndləri, əhalininin sayına görə isə Kürdəmir, Əlvənd, Zərdab, Bərgüşad, Qazyan kəndləri idi.
XIX əsrin sonlarında Kürdəmir bölgəsi Göyçay qəzasının tərkibindən çıxarılaraq Şamaxı qəzasının tərkibinə, Lahıc bölgəsi isə Şamaxı qəzasının tərkibindən çıxarılaq Göyçay qəzasının tərkibinə daxil edilmişdir.
XX əsrin əvvəllərində Kürdəmir bölgəsi yenidən Göyçay qəzasının, Lahıc bölgəsi isə Şamaxı qəzasının tərkibinə daxil edilmişdir. 1902 ildə 17129 evdən ibarət olan qəzada 57094 nəfəri kişi, 48838 nəfəri qadın olmaqla, cəmi 105932 nəfər əhali qeydə alınmışdır. Ən iri icmalar Kürdəmir, Əlvənd, Bərgüşad, Qazyan, Tilanköyün, I Zərdab kənd icmaları idi.
Qafqaz təqviminin (1917) məlumatına görə, Göyçay qəzasının sahəsi 4676,58 kv.verst, əhalisinin (134.098 nəfər) 127650 nəfəri yerli sakinlər, 6448 nəfəri müvəqqəti yaşayanlar idi.
Əhalinin 112,6 min nəfərini azərbaycanlılar, 17,2 minini ermənilər, 3,3 minini ruslar təşkil edirdi. Qəza əhalisinin 73891 nəfəri kişi, 60207 nəfəri qadın idi.
Əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Kustar sənaye sahələri (xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi.
1920 il martın 4-də Göyçay ş.-nin seldən qorunması üçün qanun layihəsi hazırlandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəzərdə tutulan bütün bu tədbirləri həyata keçirməyə imkan vermədi.
1922-25 illərdə də 4 bölgədən ibarət olan qəza 1926 ildə 7 bölgəyə – Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı və Ucar bölgələrinə bölünmüşdür. Suraxanı bölgəsi İsmayıllı da adlandırılırdı. Zərdab bölgəsində 5 kənd sovetliyi, Qaraməryəm bölgəsində 10 kənd sovetliyi, Kürdəmir bölgəsində 7 kənd sovetliyi, Mollakənd bölgəsində 9 kənd sovetliyi, Müsüslü bölgəsində 10 kənd sovetliyi, Suraxanı bölgəsində 10 kənd sovetliyi, Ucar bölgəsində isə 12 kənd sovetliyi fəaliyyət göstərmişdir. Qəzanın ərazisi 5320 kv.km, mərkəzi isə Bakıdan məsafəsi 268 km olan Göyçay şəhəri idi. 1 şəhərdən, 63 kənd sovetliyindən, 273 kənddən, 21916 evdən ibarət olan qəzada 91978 nəfəri kişi, 80873 nəfəri qadın olmaqla, cəmi 172851 nəfər əhali qeydə alınmışdır.
Göyçay qəzası 1929 ildə Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olundu.
Mənbə: Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Баку, 1998, s.162;
Süleymanov M., Azərbaycan ordusu (1918–1920), Bakı, 1998;
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 398-400.