Azərb. tarixinin ən qanlı səhifələrindən biri olan, erməni-bolşevik qüvvələri tərəfindən müsəlman əhaliyə qarşı törədilən 1918 il mart qırğınları haqqında son illər çoxlu sayda kitab və məqalələr nəşr olunub. Bu işdə Azərb. Resp. Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı (26 mart 1998 il) mühüm rol oynayıb. 1918 ilin mart qırğınları daha geniş tədqiq olunsa da, erməni quldurlarının 1918 ilin iyununda Çöyçay qəzası və digər ərazilərdə törətdikləri soyqırımların tədqiqi, çox təəssüf ki, diqqətdən kənarda qalıb. Fikrimizcə, iyun Göyçay qəz. qırğınlarının bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin, 1918 ilin mart qırğınlarının davamı adlandırılması daha düzgün olar.
Göyçay qəz.-da baş verən soyqırımı haqqında son illər bir sıra kitab və məqalələr nəşr olunsa da, bu sahədə görülməli işlər həddindən artıq çoxdur. Bolşevik.-daşnak qüvvələri 12 iyun 1918 il tarixində Kürdəmiri və onun qərbindəki bir neçə kəndi, о cümlədən Qarabucaq stansiyasını işğal edərək yandırırlar. Nəticədə Kürdəmir kəndində 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülklər dağıdılır, talan və qarət edilir. Kürdəmirdən başqa, Göyçay qəz.-nın Çaylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər k.-ləri də erməni-bolşevik hücumlarına məruz qalır və insan tələfatı ilə üzləşir. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılır, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilir. 1918 ilin iyun-iyul aylarında Göyçay qəz.-ın Kürdəmir və ətraf k.-də düşmənlər 4 017 nəfər soydaşımızı qətlə yetirib, 35 kənd yerlə yeksan olunub.
Digər məlumatda qeyd olunur ki, 1-12 iyun 1918 il tarixlərində S.Lalayanın və T.Əmiryanın başçılıq etdikləri daşnak terrorçu qrupları Hacıqabul-Kürdəmir, Göyçay ərazilərinə soxularaq yeddi min əliyalın, dinc sakini qətlə yetiriblər. 11-20 iyun 1918 il tarixlərində Göyçay ərazisinə daxil olan daşnak terror qruplaşmaları Cəngi k.-də 5 mülkü yandıraraq, burun-qulaqlarını kəsib, kəllə sümüklərini əzərək 20 nəfəri, Qaravəlli k.-də 30 evi yandıraraq 2 nəfəri, Qarabucaq k.-də 121 evə od vuraraq 7 nəfəri, Ərəb-Mehdibəyli k.-də 84 mülkü yandıraraq 83 nəfəri qəddarcasına qətlə yetirmiş, Mustafalı, Sadalı k.-lərini talan etmişlər.
AXC hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylov 1918 il oktyabrın 26-da həmin il sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəz.-da aparılan təhqiqat işləri haqqında məlumat verib. O, məlumatında göstərirdi ki, bu müddət ərzində 500 nəfərdən çox şahid dindirilib, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb-Mehdibəyli, Dadalı) baxış keçirilib. Göyçay qəz.-nın Ərəb-Mehdibəyli k.-də 84 mülk darmadağın edilib, yandırılıb, 83 nəfər, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdi. 1918 il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədov Azərb. Cümhuriyyəti Ədliyyə Nazirliyinə yazdığı məruzələrdə Bakı quberniyası, Göyçay qəz.-nın Kürdəmir, Qarabucaq, Ərəb-Mehdibəyli və b. k.-lərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat vermişdi. Ə.Xasməmmədov 1919 il iyunun 4-də ədliyyə nazirinə yazdığı məktubunda xəbər verirdi ki, müsəlmanlara qarşı törədilən cinayətlərin iştirakçılarını məsuliyyətə cəlb etmək məqsədilə 128 qərar layihəsi hazırlanıb ki, bunlardan da 18-i Göyçay qəz.-na aiddir. 1919 il avqustun 27-də Fövqəladə Təhqiqat Komissiyasının üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilən arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanan materiallar 36 cild və 3 500 vərəqdən ibarətdir. Göyçay qəz.-nın Kürdəmir və başqa k.-ləri üzrə 4 cild 340 vərəq material toplanıb.
1918 ildə Azərb.-ın müxtəlif bölgələrində nə qədər əhali soyqırımının qurbanı olub? Soyqırımına məruz qalanların dəqiq sayı barədə məlumatlar varmı? Britaniya briqada generalı R.Qortonun 8 dekabr 1918 ildə Londona göndərdiyi sənəddə 20 min, R.Mustafazadənin kitabında 20 min, A.Balayevin kitabında 30 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərb. Resp. MM-in nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın 1918 ildə soyqırımına məruz qaldığı göstərilir. Lakin faktlar sübut edir ki, gələcəkdə tədqiqatları davam etdirməklə daha çox insanın soyqırıma məruz qaldığını üzə çıxarmaq olar. Tədqiqatlardan görünür ki, 1918 ildə Azərbaycanın, demək olar ki, əksər bölgələrində ermənilər qırğınlar törədiblər. Həmin qırğınların bir hissəsi araşdırılsa da, bir çoxu hələ də öyrənilməyib. Buna görə də, gələcəkdə Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ, Naxçıvanla yanaşı, Göyçay, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala kimi soyqırımı hadisəsinin nisbətən az tədqiq olunan və ümumiyyətlə tədqiq olunmayan ərazilərdə erməni və bolşeviklərin törətdikləri cinayətlərin araşdırılmasına ciddi ehtiyac var. AXC dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyası Göyçay qəz.-nın yalnız bir neçə yaşayış məntəqəsi üzrə təhqiqat apararaq qırğınlara məruz qalan müsəlman kəndlərinin yalnız bir hissəsinin adlarını müəyyənləşdirə bilib. Buna görə də Göyçay qəz.-nın digər ərazilərində də ermənilərin törətdikləri vəhşiliklərin tədqiqi aktual olaraq qalır.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, s.100-103.