Yaranma tarixi – 08.08.1930
Ərazisi – 0,74 min kv. Km
Əhalinin sayı – 121,7 min nəfər (1 yanvar, 2020-cı il)
Əhalinin sıxlığı – 1 kv. Km 164 nəfər (1 yanvar 2020-cı il)
Şəhər – 1
Kəndlərin sayı – 55
Göyçay rayonu ilə Bakı arasında olan məsafə – 226 km
Ümumi məlumat
Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736
Kvadrat kilometr sahəni əhatə edir. Rayonun tərkibinə 1 şəhər, 55 kənd daxildir. Mərkəzi Göyçay şəhəridir.
Rayona Göyçay şəhəri və Potu, Ulaşlı-Şıxlı, Hüngütlü, Kürd, Yeniarx, Hacıağabəyli, Xalidli, Müskürlü, Qəbələ-Müskürlü, Mallı-Şıxlı, Ərəbşahverdi, Şəhadət, Qarabağlar, Mirzəhüseynli, Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Çərəkə, Cəyirli, Qubadlı-Şıxlı, Kürdəmiş, Türkmən, Qızılağac, Şəkili, Mollahacılı, Məlikkənd, Şıxbəy, Şıxmir, Kürdşaban, Yenikənd, Çaxırlı, Ləkçılpaq, Qaraman, Yalman, Mırtı, Alıkənd, Qaraxıdır, Şəkər, Veysəlli, Alpout, Bəydövül, İncə, Aşağı Qaraməryəm, Dövranlı, Alxasova, Şahsoltanlı, Yekəxana, Qaraməryəm, Qarayazı, Bığır, Qarabaqqal, Cəyirli, Hacalıkənd, Çayarxı, Cırkürd, Çərəcə kəndləri daxildir.
Göyçay əsl türk mənşəli söz olub sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rəngə çaldığına görə belə adlandırılmışdır. Göyçay şəhəri təxminən XX əsrin 30-cu illərində salınmağa başlanmışdır. XIX əsrin 50-ci illərində
Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi bura köçmüş və bununla əlaqədar olaraq yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda inzibati islahatına əsasən 1867-ci ilin dekabrında Bakı Quberniyasının tərkibində Göyçay qəzası yaradıldı.
Göyçay məntəqəsi 1916-cı ildə şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu ildə Göyçay rayonu təşkil edilmişdir.
Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmir yolu stansiyasından 18 km məsafədə yerləşir.
Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Relyefi
Göyçay rayonunun səthi, əsasən, düzənlikdir. Şimal və şərq kənarları alçaq dağlıqdır (Acınohur öndağlığı). Pliosen və Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi üstündür.
Orta temperatur yanvarda 1,9°C, iyulda 26,5°C-dir. İllik yağıntı 400-600 mm-dir. Əsas çayı Göyçaydır. Yuxarı Şirvan kanalı rayonun ərazisindən keçir. Boz-çəmən, dağ boz-qəhvəyi, şabalıdı, açıq-şabalıdı və s. torpaqlar yayılmışdır.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Geoloji quruluşu
Rayon iki geoloji rayona – dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynozoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir Çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 sm qalınlığında qat kimi örtülür.
Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çaydaşı, çınqıl, qum çıxarılaraq tikintilərdə istifadə edilir.
Bundan başqa rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic hazırlanır.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Flora və faunası
Bitki örtüyü, əsasən, efemerli-yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra, dağlıq kserofit (quraqlığa davamlı) bitki qruplarından ibarətdir. Seyrək püstə-ardıc meşələri, arid kolluqlar var.
Heyvanları: canavar, tülkü, boz dovşan, çöl siçanı və s.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
İqlimi
Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. İllik yağıntının miqdarı 400-600 mm-dir.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Kənd təsərrüfatı
Rayonda kənd təsərrüfatının əsasını taxılçılıq, pambıqçılıq, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqlar 44171 hektardır, bundan 24403 hektarı suvarılan torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqların 23478 hektarı əkin, 4700 hektarı bağ, 16686 hektarı örüş torpaqlarıdır. Rayon ərazisindən torpaqların 28078 hektarı xüsusi mülkiyyətdə, 35397 hektarı bələdiyyə mülkiyyətində, 4777 hektarı isə dövlət mülkiyyətindədir.
Göyçay rayonu 1970-80-ci illərdə daha sürətlə inkişaf etmiş, üzümçülük, baramaçılıq, heyvandarlıq və meyvəçilik sahəsində yüksək nəticələr əldə etmişdir.
Həmin illərdə rayonda nar emalı zavodu, pambıq əyrici fabriki, süd zavodu, çörək zavodu, üzüm emalı müəssisəsi tikilib istifadəyə verilmiş, iki tikinti tresti və dörd tikinti-quraşdırma idarəsi yaradılmışdır.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Kütləvi informasiya vasitələri
Rayonda 1930-cu ildən “Göyçay” qəzeti fəaliyyət göstərir. Qəzet ayda bir dəfə dərc olunur. Rayon radio verilişləri redaksiyası 1974-cü ildən fəaliyyət göstərir. Verilişlər həftədə 2 gün, hər veriliş 30 dəqiqə vaxt müddətində verilir.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Avtomobil, dəmir yolları
Göyçay rayonu Ucar dəmir yolu stansiyasından 18 km məsafədə yerləşir.
Rayonun ərazisindən aşağıdakı avtomobil yolları keçir:
Bakı-Qazax yolu – uzunluğu – 45 km. II kateqoriyalı; Müsüslü stansiyasına giriş avtomobil yolu – 21 km. III kateqoriyalı; Bərgüşad stansiyasına giriş avtomobil yolu – 16 km. III kateqoriyalı; Ucar stansiyasına giriş avtomobil yolu – 15 km. III kateqoriyalı
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Tarixi və mədəniyyət abidələri
Göyçay rayonunda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən, yerli əhəmiyyətli tarixi, mədəniyyət və memarlıq abidələri var.
Rayonun Ərəb Cəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş Ərəb xilafəti dövrünə aid «Surxay» qalası. İncə və Ərəbcəbirli kəndi ərazisində tapılmış bizim e. Ə. II əsrə aid küp qəbirlərinin qalıqları. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid. Göyçay şəhərində 1903-cü ildə tikilmiş Yuxarı Məscid; Göyçay şəhərində 1903-cü ildə tikilmiş yeraltı Hamam; Rayonun Alpout kəndində XIX əsrə aid Hacı Cəlil Məscidi; Rayonun Qaraman kəndində XIX əsrə aid Məscid.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020
Rayonun memarlıq abidələri:
1. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş göyçaylıların xatirə abidəsi;
2. Şəhadət, Çərəkə, Xəlitli, Alpout, Yeniarx, Məlikkənd, Müskürlü, Malı-Şıxlı, Qaraməryəm, Ləkçırldaq və Çayarxı kəndlərində 1941-1945-ci illərdə həlak olanların xatirə abidələri;
3. Qarabağ müharibəsində həlak olmuş göyçaylı şəhidlərin xatirə kompleksi;
4. 1918-ci il 31 mart ermənilərin azərbaycanlılara qarşı soyqırımını əks
Etdirən xatirə kompleksi. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür. Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Əd.: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020