Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il fevralın 12-də Göyçay rayonuna gəlmişdir.
Son illər respublikamızda aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Göyçay rayonunun da siması tamamilə dəyişmişdir. Respublikamızın inkişafında mühüm rol oynayan Göyçay rayonu Azərbaycanın sosial-iqtisadi tərəqqisinə layiqli töhfələr verir. Təsadüfi deyildir ki, 2009-cu ildə burada 138,7 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir. Bu, əvvəlki illə müqayisədə 11,8 faiz çoxdur. Ötən il rayonda mövcud olan güclü sənaye potensialından daha səmərəli istifadə edilmiş, əhalinin güzəranı yaxşılaşdırılmışdır. Son beş ildə Göyçayda 6 min 745 yeni iş yeri açılmışdır.
Rayonda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir.
Göyçayda aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilir. Keçən il 49 min 877 ton meyvə tədarük edilmişdir. Rayonun enerji təminatının etibarlılığını artırmaq məqsədi ilə xüsusi tədbirlər görülmüşdür. Şəhər əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması üçün yeni qaz xətti çəkilmişdir.
Cari ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdiriləcəkdir. “Ekologiya ili” çərçivəsində hər yerdə yaşıllaşdırma kampaniyası həyata keçirilir. Göyçayda cari ildə 50 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.