
Göyçay r-nu qədimdən xristianlığın, atəşpərəstliyin yayıldığı bir ərazi olmuşdur. Burada insanlar hətta bütlərə belə ibadət etmişdilər. İslam bu yerlərə gəlib çatdıqdan sonra atəşpərəstlik, xristianlıq və bütpərəstlik ortadan qalxmış, İslam öz qüdrətini qoruyub saxlamışdır. Bu gün buranın əhalisinin müsəlman olması bunun bariz nümunəsidir. Bütün bu dediklərimiz haqqında ətraflı məlumat vermək üçün Göyçay r-dakı dini vəziyyəti iki qrupda ələ almaq olar. İslamdan əvvəl və İslamdan sonra.
İslamdan əvvəl
Göyçay r-nu haqqında arxeoloji qazıntılar və tədqiqatlar aparılan zaman burada tapılan tapıntılar buranın qədimdən bəri insanların sıx məskunlaşdığı qədim məskən olduğunu sübut edir. Dini nöqteyi-nəzərdən Göyçay r-nunun tarixinə nəzər salsaq burada atəşpərəstliyin, xristianlığın yayıldığını və insanların bütlərə ibadət etdiyinin şahidi olarıq.
Bu tədqiqatlardan biri – Göyçayla Ağdaş r-nunun sərhəddində, dağ massivində yerləşən Surxay qalasıdır. O, nəhəng mağaranı xatırladır. Yeri gəlmişkən qeyd edək ki, Surxay qalasının adı ərəbcə surx, Surxab, Surxob – şəhər divarı, qaladivarı anlamını verir.
Bu qala haqqında yerli əhali çoxlu əfsanələr söyləyir. O cümlədən onun dini xarakterli olduğunu bildirirlər. Surxay qalasının yerləşdiyi dağın adı da maraqlıdır – Yanardağ.
Rəvayətə görə, Surxay qalası Surxay xan adlı bir qəbilə başçısı tərəfindən inşa etdirilmişdir. Yerli əhalinin söylədiyi bir əfsanədə isə göstərilir ki, bu mağaraya girən bütün canlılar izsiz-tozsuz yox olmuşlar. Qeyd edək ki, bu dağa Yanardağ adı təsadüfi verilməmişdir. Belə ki, buradan çıxan qazın alovlandığı mütəmadi olaraq müşahidə olunmuşdur. Görünür qədim insanların bu ərazidə məskən salması oda yaxın olmaq olmuşdur. Qazıntı zamanı tapılmış eramızdan əvvəl I minilliyin axırlarına aid bəzək və məişət əşyaları göstərir ki, bu ərazidə həyat süst yox, əksinə canlı keçmişdir.
1976 ildə Şahsoltanlı k.-də tikinti işləri aparılan zaman tapılan yaşayış məskənində çox sayda əşya alimlərin diqqətini cəlb etmişdir. İnsanların diqqətini cəlb edən heykəltəraşlıq nümunələri arasında gildən hazırlanmış qadın fiqurları da vardır. Bu qadın fiqurları mərasim – ayin (etiqad mərasimləri) üçün nəzərdə tutulmuşdur. Belə ehtimal olunur ki, tapıldığı yer vaxtilə, yəni, bizim eranın başlanğıcında yaşamış əkinçi qəbilələrinə məxsus ibadətgah olmuşdur.
Bu qadın təsvirləri arxeoloji qazıntı zamanı Azərb.-nın digər r-dan tapılmış eksponatlar üçün də xarakterikdir. Bu təsvirlər istər qrafika, istər heykəl formasında olsun, görkəmli tarixçi Ş.Aşurbəylinin fikrincə, eyni bir simanı- məhsuldarlıq ilahəsi Anahiti və onun timsalında Yaxın Şərqdə, Orta Asiyada, Qafqazda, eləcə də İranda keçirilən ayinləri ifadə edir. Strabonun (e.ə. I əsr- eramızın I əsri) yazdığına görə, bu ilahənin şərəfinə məbədlər ucaldılır və burada qurbanlar kəsilirdi. Məhsuldarlıq ilahəsi ilə bağlı ayin, tapıntılardan da göründüyü kimi, qədim Şirvanda, yerli qəbilələr arasında da geniş yayılmışdır. Gildən hazırlanmış bu insan fiqurları məhsuldarlıq ayini ilə əlaqədar olmuş və təxminən b.e.ə. II – I və b.e. I əsrində bu ərazidə yaşamış əkinçi tayfalarının ideoloji təsəvvürlərini əks etdirməklə yanaşı, onların ictimai həyatını və dini görüşlərini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Söylənən fikirlər Şirvan düzü sahəsində, təbii ki, Göyçay r-nu ərazisi də daxil olmaqla, həqiqətən qədimdən buralarda insanların, ulu əcdadlarımızın yaşadığını təsdiqləyir.
1970 illərin əvvəllərində r-nun Ərəbcəbirli k.-də qazıntı işləri aparılan zaman qədim qəbristanlıq aşkar edilmişdir. Buradan tapılmış maddi-mədəniyyət nümunələrinin (bürünc, gümüş, və qızıl zinətləri, həmçinin gümüş pulları) qalıqları IV-VIII əsrə aid edilir. Bu qəbristanlıqdan tapılmış sinə daşı da böyük maraq doğurur. Onun üz hissəsində böyük xaç, ətrafında isə su, eyni zamanda, var-dövlət, gözəllik və təmizlik rəmzi olan üzən balıq təsvir olunmuşdur. Bu qəbir daşı Göyçay r-nunun indiki ərazisi xristianlığın mövcud olduğu areala – Qafqaz Albaniyasına daxil olmuş bir bölgə olduğunu sübut edir.
Bundan başqa mövcud olan mənbələrə əsasən deyə bilərik ki, eramızın başlanğıcında, müstəqil Qafqaz Albaniyası dövlətinin mövcud olduğu vaxtda bu ərazi inzibati kilsə vahidini təmsil edən Qəbələ vilayətinin tərkibinə daxil olmuşdur. Bu və ya digər regionun tarixinin öyrənilməsində toponimlər – müxtəlif yaşayış yerlərinin adları mühüm rol oynayır. Çox vaxt bu toponimlərdə qəbilə və xalqların adları, bəzən də bu və ya digər tarixi hadisələr qeydə alınır. Artıq bizim eranın I əsrində türk etnosu Şərqi Qafqazda baş verən mühüm etnolinqvistik prosseslərdə Qafqaz Albaniyasının tarixi inkişafının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycanlıların etnogenezində iştirak edən türk qəbilələrinin adları Azərbaycanda, o cümlədən Göyçayda bir sıra yaşayış məntəqələrinin etnonimində öz əksini tapmışdır.
Alim Ə.Əlioğlunun “Göyçay-nəyi bilirik?” adlı əlyazması hüququnda olan əsərində Göyçay r-nunun ərazisində, indiki Tarix Diyarşünaslıq muzeyinin və Hərbi komissarlığının yerində xristian kilsələri mövcud olduğu qeyd edilməkdədir. Bütün bu dəlillər Göyçay r-nunun xristianlığın uzun müddət yaşandığı bir ərazi olduğunu sübut etməkdədir.
İslamdan sonra
Göyçay r-da İslam dini qədim zamanlardan yayılmağa başlamışdır. Tarixi nöqteyi-nəzərdən baxsaq İslam dini yayıldığı ilk dövrlərdən etibarən bu bölgələrə gəlib çatmışdır.VII-VIII əsrlərdə Şimali Azərbaycan İslam ordusu tərəfindən fəth edilir.Həmin dövrdə ölkəmizin bir çox yerində olduğu kimi, Göyçayda da ərəb köçkünləri peyda olurlar və onlar burada öz yaşayış məskənlərini salırlar. Bu prosses XIX əsrin birinci yarısına qədər davam edir. Bu gün qəbilələr haqqında ancaq bəzi kənd adları nəsə deyir: Ərəbşahverdi, Ərəbcəbirli. Ərəb tarixçiləri həmin dövrü (VII-IX) şərh edərkən bu əraziləri Şirvan vilayətinin Arran mahalına aid edirlər.
Göyçay r-nunun əhalisi İslam dininə bağlı bir xalqdır. İslam bu ərazilərdə ta qədimdən kök salmışdır. Vaxtilə rayonun demək olar ki, bütün kəndlərində məscidlər, bu məscidlərlə bərabər insanların dinini öyrənmələri üçün mədrəsələr də mövcud olmuşdur. Göyçay r-nu haqqında bir şeyi də qeyd etmək lazımdır ki, Göyçay r-nu Azərbaycanın ən çox məscidi olan rayonlarındandır. Azərbaycanda bu mövzuda araşdırma aparan Dr. Elsevər Səmədov, 1928 ildən əvvəl Azərbaycanın 9 rayonunda 1118 məscid olduğunu və bu məscidlərdən 260-nın yalnız Göyçay rayonunda olduğunu qeyd etmişdir. Sovet hakimiyyəti illərindən əvvəl rayonun ən kiçik kəndlərindən olan Şıxbəy k.-də bir ildə 32 nəfər hacı olmuşdur.
Bu r-n əhli şiə və əhli sünnənin birlikdə yaşadığı bir bölgədir. Buna baxmayaraq insanlar bir yerdə ibadət edirlər. İnsanların İslam dininin gözəlliklərini öyrənməsi üçün Mərkəz Məscidində Quran kursları təşkil edilmişdir. Göyçay r-nunun mərkəzində və onun kəndlərində məscidlər mövcuddur. Bu ibadət ocaqlarının fəaliyyət göstərəni isə azdır. Bəzi kəndlərdə ibadət əhlinin olmaması, imam çatışmamazlığı və yaxud başqa problemlərin olması sıxıntısı yaşanmaqdadır.
Hal-hazırda yalnız Göyçay r-nunun bir neçə məscidində, Mərkəz məscidində və Hacı Rəhim Əfəndi məscidində cümə namazı qılınır. 3-4 il bundan əvvəl Mərkəz məscidində cümə namazında 4-5 səf insan olurdusa, bu gün demək olar ki, məscid tamamilə dolur. Hal-hazırda yaşlı və gənc nəsildən ibadət edən insanlar vardır.
Sovet hakimiyyəti illərində insanlara öz dinlərini unutdurmağa çalışan İslam düşmənləri öz istəklərinə tam nail ola bilməmişlər. Hal-hazırda bütün bunlardan bizə dəqiq xəbər verən qədim məscidlər vardır. Məscidləri tarixlərinə görə iki qrupa bölə bilərik. Sovet hakimiyyəti illərindən əvvəl tikilən məscidlər və sovet hakimiyyəti illərindən sonra tikilən məscidlər.
a. Sovet hakimiyyəti illərindən əvvəl tikilmiş məscidlər
- Əbülfəz lil Abbas adına rayon Yuxarı məscidi (m.l902/h,1322)
- Qaraman kəndi Hacı Rəhim Əfəndi məscidi (m.1891)
- Qarabaqqal kəndindəki ilk məscidlər haqqında (XIX əsrin əvvəlləri)
- Potu kənd məscidi (150 yaş)
- Şəkər kənd məscidi (XIX əsrin sonu)
- Alpoud kəndi Hacı Cəlil Əfəndi məscidi (XIX əsr)
- Aşağı Qaraməryəm kənd məscidi (tarixi bilinmir)
- Hacalıkənd məscidinin qalıqları (XVIII əsrin sonu XIX əsrin əvvəlləri)
- Qəbələ Müskürlü kənd qədim məscidi (h.1313)
b. Sovet hakimiyyəti illərindən sonra tikilmiş məscidlər
- Mərkəz məscidi (m. 2000 il)
- Mirzəhüseynli kənd məscidi (m.1992 il)
- Kürdəmiş kənd məscidi (m.1998 il)
- Alxasava kənd məscidi (m. 2001 il)
- Bəydövül kənd məscidi (m.2001 il)
- Mallı Şıxlı kənd məscidi (m. 1996 il)
- Mırtı kənd məscidi (m.1998 il)
- Çaxırlı kənd məscidi (m. 1998 il)
- Bığır kənd məscidi (m.1998 il)
- Kürdşaban kənd məscidi (m. 1998 il)
- İnçə kənd məscidi (m. 1998 il)
- Qaraməryəm kənd məscidi (m. 1990 il)
- Çərəkə kənd məscidi (m.l995 il)
- Müsgürlü kənd məscidi (m.2000 il)
- Qəbələ Müsgürlü kənd məscidi (m.l996 il)
- Ərəbcəbirli kənd məscidi (m.2000 il)
- Yalman kənd məscidi (m.2001 il)
- Yeniarx kənd məscidi (m. 1990 il)
- Hacıağabəyli kənd məscidi (m.l998 il)
- Qarayazı kənd məscidi (m.l990 il)
- Şıxlı kənd məscidi (m. 1992 il)
- Yekəxana kənd məscidi (m. 1997 il)
Yrd. Doç. Dr. İslam MUSAYEV