Göyçay r-nu qədimdən xristianlığın, atəşpərəstliyin yayıldığı bir ərazi olmuşdur. Burada insanlar hətta bütlərə belə ibadət etmişdilər. İslam bu yerlərə gəlib çatdıqdan sonra atəşpərəstlik, xristianlıq və bütpərəstlik ortadan qalxmış, islam öz qüdrətini qoruyub saxlamışdır. Bu gün buranın əhalisinin müsəlman olması bunun bariz nümunəsidir. Bütün bu dediklərimiz haqqında ətraflı məlumat vermək üçün Göyçay r-ndakı dini vəziyyəti iki qrupda nəzərdən keçirmək olar: islamdan əvvəl və islamdan sonra.
İslamdan əvvəl
Göyçay r-nu haqqında arxeoloji qazıntılar və tədqiqatlar aparılan zaman burada tapılan tapıntılar buranın qədimdən bəri insanların sıx məskunlaşdığı qədim məskən olduğunu sübut edir. Dini nöqteyi-nəzərdən Göyçay r-nunun tarixinə nəzər salsaq, burada atəşpərəstliyin, xristianlığın yayıldığını və insanların bütlərə ibadət etdiyinin şahidi olarıq.
Bu tədqiqatlardan biri – Göyçayla Ağdaş r-nunun sərhədində, dağ massivində yerləşən Surxay qalasıdır. O, nəhəng mağaranı xatırladır. Yeri gəlmişkən qeyd edək ki, Surxay qalasının adı ərəbcə surx, Surxab, Surxob – şəhər divarı, qala divarı anlamını verir.
Bu qala haqqında yerli əhali çoxlu əfsanələr söyləyir. O cümlədən onun dini xarakterli olduğunu bildirirlər. Surxay qalasının yerləşdiyi dağın adı da maraqlıdır – Yanardağ.
Rəvayətə görə, Surxay qalası Surxay xan adlı bir qəbilə başçısı tərəfindən inşa etdirilmişdir. Yerli əhalinin söylədiyi bir əfsanədə isə göstərilir ki, bu mağaraya girən bütün canlılar izsiz-tozsuz yox olmuşlar. Qeyd edək ki, bu dağa Yanardağ adı təsadüfi verilməmişdir. Belə ki, buradan çıxan qazın alovlandığı mütəmadi müşahidə olunmuşdur. Görünür, qədim insanların bu ərazidə məskən salması oda yaxın olmaqla bağlıdır. Qazıntı zamanı tapılmış eramızdan əvvəl I minilliyin axırlarına aid bəzək və məişət əşyaları göstərir ki, bu ərazidə həyat süst yox, əksinə, canlı keçmişdir.
1976 ildə Şahsoltanlı k.-də tikinti işləri aparılan zaman tapılan yaşayış məskənində çox sayda əşya alimlərin diqqətini cəlb etmişdir. İnsanların diqqətini cəlb edən heykəltəraşlıq nümunələri arasında gildən hazırlanmış qadın fiqurları da vardır. Bu qadın fiqurları mərasim – ayin (etiqad mərasimləri) üçün nəzərdə tutulmuşdur. Belə ehtimal olunur ki, fiqurların tapıldığı yer vaxtilə, yəni bizim eranın başlanğıcında yaşamış əkinçi qəbilələrinə məxsus ibadətgah olmuşdur.
Bu qadın təsvirləri arxeoloji qazıntı zamanı Azərb.-ın digər r-dan tapılmış eksponatlar üçün də xarakterikdir. Bu təsvirlər istər qrafika, istər heykəl formasında olsun, görkəmli tarixçi Ş.Aşurbəylinin fikrincə, eyni bir simanı – məhsuldarlıq ilahəsi Anahiti və onun timsalında Yaxın Şərqdə, Orta Asiyada, Qafqazda, eləcə də İranda keçirilən ayinləri ifadə edir. Strabonun (e.ə. I əsr – eramızın I əsri) yazdığına görə, bu ilahənin şərəfinə məbədlər ucaldılır və burada qurbanlar kəsilirdi. Məhsuldarlıq ilahəsi ilə bağlı ayin, tapıntılardan da göründüyü kimi, qədim Şirvanda, yerli qəbilələr arasında da geniş yayılmışdır. Gildən hazırlanmış bu insan fiqurları məhsuldarlıq ayini ilə əlaqədar olmuş və təxminən e.ə. II–I və b.e. I əsrində bu ərazidə yaşamış əkinçi tayfalarının ideoloji təsəvvürlərini əks etdirməklə yanaşı, onların ictimai həyatını və dini görüşlərini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Söylənən fikirlər Şirvan düzü sahəsində, təbii ki, Göyçay r-nu ərazisi də daxil olmaqla, həqiqətən qədimdən buralarda insanların, ulu əcdadlarımızın yaşadığını təsdiqləyir.
1970 illərin əvvəllərində r-nun Ərəbcəbirli k.-də qazıntı işləri aparılan zaman qədim qəbiristanlıq aşkar edilmişdir. Buradan tapılmış maddi-mədəniyyət nümunələrinin (bürünc, gümüş və qızıl zinətləri, həmçinin gümüş pulları) qalıqları IV–VIII əsrə aid edilir. Bu qəbiristanlıqdan tapılmış sinədaşı da böyük maraq doğurur. Onun üz hissəsində böyük xaç, ətrafında isə su, eyni zamanda var-dövlət, gözəllik və təmizlik rəmzi olan üzən balıq təsvir olunmuşdur. Bu qəbir daşı Göyçay r-nunun indiki ərazisinin xristianlığın mövcud olduğu areala – Qafqaz Albaniyasına daxil olmuş bir bölgə olduğunu sübut edir.
Bundan başqa, mövcud olan mənbələrə əsasən deyə bilərik ki, eramızın başlanğıcında, müstəqil Qafqaz Albaniyası dövlətinin mövcud olduğu vaxtda bu ərazi inzibati kilsə vahidini təmsil edən Qəbələ vilayətinin tərkibinə daxil olmuşdur. Bu və ya digər regionun tarixinin öyrənilməsində toponimlər – müxtəlif yaşayış yerlərinin adları mühüm rol oynayır. Çox vaxt bu toponimlərdə qəbilə və xalqların adları, bəzən də bu və ya digər tarixi hadisələr qeydə alınır. Artıq bizim eranın I əsrində türk etnosu Şərqi Qafqazda baş verən mühüm etnolinqvistik proseslərdə Qafqaz Albaniyasının tarixi inkişafının mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmişdir. Azərbaycanlıların etnogenezində iştirak edən türk qəbilələrinin adları Azərbaycanda, o cümlədən Göyçayda bir sıra yaşayış məntəqələrinin etnonimində öz əksini tapmışdır.
Alim Ə.Əlioğlunun “Göyçay – nəyi bilirik?” adlı əsərində Göyçay r-nunun ərazisində, indiki Tarix-Diyarşünaslıq Muzeyinin və Hərbi Komissarlığının yerində xristian kilsələrinin mövcud olduğu qeyd edilməkdədir. Bütün bu dəlillər Göyçay r-nunun xristianlığın uzun müddət yaşandığı bir ərazi olduğunu sübut etməkdədir.
İslamdan sonra
Göyçay r-nunda islam dini qədim zamanlardan yayılmağa başlamışdır. Tarixi nöqteyi-nəzərdən baxsaq islam dini yayıldığı ilk dövrlərdən etibarən bu bölgələrə gəlib çatmışdır. VII–VIII əsrlərdə Şimali Azərbaycan islam ordusu tərəfindən fəth edilir. Həmin dövrdə ölkəmizin bir çox yerində olduğu kimi, Göyçayda da ərəb köçkünləri peyda olurlar və onlar burada öz yaşayış məskənlərini salırlar. Bu proses XIX əsrin birinci yarısına qədər davam edir. Bu gün qəbilələr haqqında ancaq bəzi kənd adları nəsə deyir: Ərəbşahverdi, Ərəbcəbirli. Ərəb tarixçiləri həmin dövrü (VII-IX əsrlər) şərh edərkən bu əraziləri Şirvan vilayətinin Arran mahalına aid edirlər.
Göyçay r-nunun əhalisi islam dininə bağlı bir xalqdır. İslam bu ərazilərdə ta qədimdən kök salmışdır. Vaxtilə rayonun, demək olar ki, bütün kəndlərində məscidlər, bu məscidlərlə bərabər, insanların dinini öyrənmələri üçün mədrəsələr də mövcud olmuşdur. Göyçay r-nu haqqında bir şeyi də qeyd etmək lazımdır ki, Göyçay r-nu Azərbaycanın ən çox məscidi olan rayonlarındandır. Azərbaycanda bu mövzuda araşdırma aparan Dr. Elsevər Səmədov 1928 ildən əvvəl Azərbaycanın 9 r-nunda 1118 məscid olduğunu və bu məscidlərdən 260-nın yalnız Göyçay r-nda olduğunu qeyd etmişdir. Sovet hakimiyyəti illərindən əvvəl rayonun ən kiçik kəndlərindən olan Şıxbəy k.-də bir ildə 32 nəfər hacı olmuşdur.
Bu r-n əhli şiə və əhli sünnənin birlikdə yaşadığı bir bölgədir. Buna baxmayaraq insanlar bir yerdə ibadət edirlər. İnsanların islam dininin gözəlliklərini öyrənməsi üçün Mərkəz məscidində Quran kursları təşkil edilmişdir. Göyçay r-nunun mərkəzində və onun kəndlərində məscidlər mövcuddur. Bu ibadət ocaqlarının fəaliyyət göstərəni isə azdır. Bəzi kəndlərdə ibadət əhlinin olmaması, imam çatışmazlığı və yaxud başqa problemlərin olması sıxıntısı yaşanmaqdadır.
Hazırda yalnız Göyçay r-nunun bir neçə məscidində, Mərkəz məscidində və Hacı Rəhim Əfəndi məscidində cümə namazı qılınır. 3-4 il bundan əvvəl Mərkəz məscidində cümə namazında 4-5 səf insan olurdusa, bu gün, demək olar ki, məscid tamamilə dolur. Hazırda yaşlı və gənc nəsildən ibadət edən insanlar vardır.
Sovet hakimiyyəti illərində insanlara öz dinlərini unutdurmağa çalışan islam düşmənləri öz istəklərinə tam nail ola bilməmişlər. Hazırda bütün bunlardan bizə dəqiq xəbər verən qədim məscidlər vardır. Məscidləri tarixlərinə görə iki qrupa bölə bilərik. Sovet hakimiyyəti illərindən əvvəl tikilən məscidlər və sovet hakimiyyəti illərindən sonra tikilən məscidlər.
a. Sovet hakimiyyəti illərindən əvvəl tikilmiş məscidlər
1. Əbülfəz Abbas Yuxarı məscidi (m. 1902/h. 1322)
2. Qaraman kəndi Hacı Rəhim Əfəndi məscidi (m. 1891)
3. Qarabaqqal kəndindəki ilk məscidlər (XIX əsrin əvvəlləri)
4. Potu kənd məscidi (150 yaş)
5. Şəkər kənd məscidi (XIX əsrin sonu)
6. Alpoud kəndi Hacı Cəlil Əfəndi məscidi (XIX əsr)
7. Aşağı Qaraməryəm kənd məscidi (tarixi bilinmir)
8. Hacalıkənd məscidinin qalıqları (XVIII əsrin sonu – XIX əsrin əvvəlləri)
9. Qəbələ Müskürlü kənd qədim məscidi (h. 1313)
b. Sovet hakimiyyəti illərindən sonra tikilmiş məscidlər
1. Mərkəz məscidi (m. 2000)
2. Mirzəhüseynli kənd məscidi (m. 1992)
3. Kürdəmiş kənd məscidi (m. 1998)
4. Alxasava kənd məscidi (m. 2001)
5. Bəydövül kənd məscidi (m. 2001)
6. Mallı-Şıxlı kənd məscidi (m. 1996)
7. Mırtı kənd məscidi (m. 1998)
8. Çaxırlı kənd məscidi (m. 1998)
9. Bığır kənd məscidi ( m. 1998)
10. Kürdşaban kənd məscidi (m. 1998)
11. İnçə kənd məscidi (m. 1998)
12. Qaraməryəm kənd məscidi (m. 1990)
13. Çərəkə kənd məscidi (m. 1995)
14. Müsgürlü kənd məscidi (m. 2000)
15. Qəbələ Müsgürlü kənd məscidi (m. 1996)
16. Ərəbcəbirli kənd məscidi (m. 2000)
17. Yalman kənd məscidi (m. 2001)
18. Yeniarx kənd məscidi (m. 1990)
19. Hacıağabəyli kənd məscidi (m. 1998)
20. Qarayazı kənd məscidi (m. 1990)
21. Şıxlı kənd məscidi (m. 1992)
22. Yekəxana kənd məscidi (m. 1997)
23. Qarabaqqal kənd məscidi (m.2020).
İslam Musayev,
ilahiyyat ü.f.d., dos.