2015-ci il oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.
Dövlətimizin başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış oldu.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
“Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrasına 2008-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə üç subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası, hər birinin həcmi 2000 kubmetr olan iki anbar inşa edilib. Eyni zamanda, “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün yeni ofis binası və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.
Diqqətə çatdırıldı ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasına isə 2012-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir.
Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.
Qeyd edildi ki, Göyçay şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1930-1970-ci illərdə mərhələlərlə yaradılıb və istismara yararsız vəziyyətdə idi. Yeni layihə icra olunana qədər abonentlərə içməli su sutkada 1 saat olmaqla qrafiklə verilirdi.
Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonra xatirə şəkli çəkdirildi.