Prezident İlham Əliyev 2010 il fevralın 12-də Göyçay ş.-də Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin yerləşdiyi əraziyə baxdı. Burada yaşıllıqlar salınmış, dekorativ kollar və ağaclar əkilmiş, fəvvarələr quraşdırılmışdır. Heydər Əliyev Mərkəzinin qarşısında isə uzunluğu 40 metr, hündürlüyü 6 metr olan şəlalə-fəvvarə kompleksi yaradılmışdır. Belə bir kompleks respublikamızda hələlik yeganədir. Şəlalənin divarlarında yandırılmış keramik üzlükdə boya ilə dövlət atributları, rayonun müxtəlif mənzərələri, artıq ənənəyə çevrilmiş Nar bayramının təsvirləri və Göyçayda son 5 ildə inşa olunan tikililərin şəkilləri əks olunmuşdur. Şəlalənin ətrafında istirahət üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu.
Məlumat verildi ki, klassik memarlıq üslubunda tikilən və ümumi sahəsi şəlalə kompleksi ilə birlikdə 1,5 hektar olan Heydər Əliyev Mərkəzinin inşasına 2009 ildə başlanılmışdır. Birinci mərtəbədə ümummilli liderin həyat və fəaliyyətini, ulu öndərin 1978 ildə Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılmışdır. Burada quraşdırılmış monitorlar vasitəsilə ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntülər nümayiş olunur. Mərkəzdə xalqımızın xilaskar oğlunun dünyanın bir sıra ölkələrində ucaldılan abidələrini əks etdirən fotoguşə də yaradılmışdır. Burada 3 virtual sinif, 24 nəfərlik konfrans zalı, kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, elektron idarəetmə mərkəzi və ən müasir xidməti otaqlar fəaliyyət göstərir.
Binanın ikinci mərtəbəsində şagirdlərin Azərbaycanın ədəbiyyatını və zəngin tarixini dərindən mənimsəmələrinə kömək məqsədi ilə xüsusi dərnəklər təşkil edilmişdir. Burada elektron idarəetmə otağı, kitabxana, multimedia otağı, elektron kitabxana vardır. Mərkəzdə rəsm və şahmat dərnəkləri də fəaliyyət göstərəcəkdir. 310 yerlik böyük iclas zalı respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Zalda quraşdırılmış ən müasir avadanlıq vasitəsilə sinxron tərcümə və izahlı beynəlxalq konfransların keçirilməsi mümkündür.
Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı, burada görülmüş işləri yüksək qiymətləndirdi.