Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il iyulun 8-də rayonun ən böyük istehsal obyekti olan “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin müəssisəsi ilə tanışlığı da yüksək təəssürat bağışladı.
1998-ci ilin avqustunda Göyçay Süd zavodunun bazasında yaradılmış bu müəssisə tam özəlləşdirilmişdir. 1999-cu ildə İsveçin “Tetra Laval Kredit AB” şirkətinin mütəxəssisləri respublikamızda olmuş, yerlərdə vəziyyəti təhlil edərək “Azərbaycanda ağartı məhsulları və meyvə şirələrinin istehsalı” layihəsini hazırlamışlar. Bu layihəni həyata keçirmək üçün “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin bazasında bütöv bir kompleks yaratmaq və onu ən müasir texnoloji avadanlıqla təchiz etmək nəzərdə tutulmuşdu.
Bu məqsədlə 2000-ci ilin noyabr ayında İsveçin Kral Fondunun dəstəyi ilə “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti və həmin ölkənin “Tetra Laval Kredit AB” şirkəti arasında avadanlıq alınması barədə lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, müəssisənin istehsal sexlərində və inzibati binasında səhmdarların şəxsi vəsaiti hesabına təmir-tikinti və yenidənqurma işlərinə başlanmışdır. İndiyədək həmin işlərin yerinə yetirilməsi üçün 1,5 milyard manat vəsait xərclənmişdir. Hazırda təmir-tikinti işləri davam etdirilir.
2002-ci ilin yanvar ayından başlayaraq dəyəri 3 milyon ABŞ dolları olan texnoloji avadanlıq müəssisəyə gətirilərək quraşdırılmış və istismara verilmişdir. Həmin ilin iyun ayından süd məhsullarının və oktyabr ayından isə meyvə şirələrinin istehsalına başlanılmışdır.
Hazırda burada ən müasir tələblərə cavab verən 30-dan çox çeşiddə süd məhsulları və meyvə şirələri istehsal olunur və əsasən respublikamızda satılır. Bundan əlavə, Gürcüstanın “Georgian Produkts” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, bu ölkəyə də süd məhsulları göndərilir. Beləliklə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, süd məhsullarının ixracına başlanmışdır.
Zavodla tanışlıq zamanı Cəmiyyətin idarə heyətinin sədri Mustafa Bədəlov dövlətimizin başçısına məlumat verdi ki, meyvə şirələri əsasən xarici ölkələrə ixrac olunur. İndiyədək Rusiya, Ukrayna, Estoniya, Moldova, Belarus və İsrailə məhsul göndərilmişdir. Müəssisədə 68 nəfər daimi işlə, 15-20 nəfər isə müvəqqəti işlə təmin olunmuşdur. Bütün mütəxəssislər yerli kadrlardır. Orta əmək haqqı 500 min manatdır. İşçilərə gündə bir dəfə pulsuz yemək verilir.
Müəssisənin əsas xammalı təbii inək südü və ölkəmizdə becərilən meyvələrdir. Ayrı-ayrı bölgələrdə süd tədarükü üçün yerlərdə qəbul məntəqələri yaradılmış və hazırda hər gün təxminən 6500 nəfər kəndlidən 25-30 ton süd qəbul olunur. Ən müasir avadanlıqla təchiz edilmiş belə məntəqələr Masallı, Yevlax, Bərdə, Ağdaş, Goranboy və İmişli rayonlarının ərazisində yaradılmışdır. 2004-cü ildə müəssisədə 2 ədəd meyvə qəbulu xətti və 1000 kvadratmetr sahəsi olan hazır məhsul anbarı istifadəyə verilmişdir. Yaxın günlərdə yeni pendir sexinin tikintisinə başlanacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev çanaq pendiri istehsalı üçün nəzərdə tutulan sahəyə də baxdı, görülən işləri yüksək qiymətləndirdi.