Göyçayda ilk dram dərnəyi hələ Azərb. sovet hakimiyyəti qurulmazdan əvvəl yaradılmışdı. Ağəli Kərimov, Ağasəməd Ağayev, Ağası Məmmədov, Məhəmməd Fərzəliyev və Zahid Kərimov dərnəyin təşkil olunmasında əsas qüvvə idilər. Həmin dövrdə qadınların səhnəyə çıxması və tamaşaya baxması çox böyük qəbahət hesab olunurdu. Bu, Azərb.-ın hər yerində olduğu kimi, Göyçay teatrında da çətinlik törədirdi. Belə ki, qadın ifaçıların olmaması üzündən Ağasəməd Ağayev və Zahid Kərimov əsasən qadın rollarında çıxış etməli olurdular. İnqilabdan sonra vəziyyət kökündən dəyişdi. Dram dərnəyinə qadınlar gəlməyə başladı, dərnək üzvlərinin sayı artdı. Xəlisə Mirabova, Böyükxanım Vəzirova, Tamara Xaçaturova və başqaları tamaşaçılar tərəfindən bəyənildi. Yeni pyeslər: “O olmasın, bu olsun”, “Hacı Qara”, “Dərviş Məstəli şah”, “Arşın mal alan”, “Laçın yuvası” əsərləri tamaşaya qoyuldu və göyçaylılar tərəfindən rəğbətlə qarşılandı. 1924-28 illər arasında Resp.-da ilk dəfə olaraq Göyçay r-nunda balet dərnəyi fəaliyyət göstərib. Həmin dərnək Göyçayda yaşayan Derkanasovlar ailəsinin təşəbbüsü ilə yaradılıb. 1929 ildə xalq teatrı səviyyəsində kəndli teatrı fəaliyyət göstərmişdir. Onun həvəskar üzvləri olan Həşim Abdullayev, Ağali Əfəndi, Asya Kərimova, Sara Canıyeva, Akif Kərimov, Tofiq Kərimov və s. aktyorlarımız 1950 illərədək fəaliyyətləri ilə r-numuzun tarixini yazmışlar.
Kənd təsərrüfatının kollektivləşdirildiyi və savadsızlığın ləğv edildiyi həmin vaxtlarda ş. S.M.Kirov adına orta məktəbin nəzdində də dram dərnəyi təşkil olundu. Qafar İbrahimov, Səməd Mustafayev, Ömər Beydullayev və b. Mirzə İbrahimovun “Həyat” pyesini tamaşaya qoydular. Tamaşanın rejissoru Ağəli Kərimov idi. Əsər alqışlarla qarşılandı. 1940 ildə Mədəniyyət evindəki dram dərnəyinə yeni üzvlər qəbul olundular. Bunlar İsgəndər Coşqun, Şərif Rəhimov, Namət Salahov, Ətraf Soltanov, Şəfiqə Əliyeva, İsrayıl Əliyev, Əlitapdıq Məmmədov, Sadıq Kərimov, Daşdı Məmmədov, Həyat Məmmədiyyə və b. idi. Resp. üzrə dram dərnəklərinə baxış keçirərkən Göyçay dram dərnəyi Cəfər Cabbarlının “Sevil” dramı ilə çıxış etdi. Münsiflər heyəti tamaşaya yaxşı qiymət verdi və aktyor heyəti əsəri Bakı ş.-dəki o zamankı 26 Bakı komissarı adına klubda bir daha nümayiş etdirdi. Kollektiv 1 dərəcəli diplom aldı, rejissor Ağəli Kərimov və dram dərnəyinin müdiri Yusif Məmmədov ədəbiyyat və mədəniyyət ongünlüyündə iştirak etmək üçün Moskva şəhərinə yola düşdülər. Göyçay dram dərnəyi Böyük Vətən müharibəsi illərində də ardıcıl surətdə tamaşalar göstərdi. 29 noyabr 1945 ildə Göyçayda Dövlət Dram Teatrı yaradıldı. Həmin müddətədək tamaşalar dram dərnəyi tərəfindən göstərilərdi. Teatrın direktoru Yusif Məmmədov, rejissoru isə Yusif Yıldız idi. Ağali Əfəndi, Turə Məmmədova, Heydər Həşimli, Zəhra Mirzəyeva kimi aktyorlar Dram Teatrının aparıcı üzvləri idilər. Şükufə Ələkbərova 1945-47 illər arasında Azərb. Dövlət Dram Teatrında suflyor olmuş, kütləvi səhnələrdə çıxış etmişdir. 1948 ildə Göyçaya gələrək həyatını teatrla bağlamışdır. Həmin illərin aktyorlarından Əşrəf Soltanov, Xanım Əliyeva, Şəfiqə Əliyeva və b.-nın adlarını çəkmək lazımdır. Onlardan Əşrəf Sultanov Teatr Texnikumunu bitirdikdən sonra rayon teatrında baş rollarda oynamaqla yanaşı, rejissorluq etmişdir.
Teatrın tamaşaları “1 May” klubunda göstərilirdi. Həftənin 4 günü burada kino göstərilər, 3 günü isə teatr tamaşaları olardı. Teatr fəaliyyəti dövründə bir çox tamaşalar səhnələşdirmişdi. 1951 ildə Göyçay Dövlət Dram Teatrı ləğv edildi. Lakin aktyorlar dağılmadı. Əksinə, Mexanizasiya Məktəbinin qızlarını teatra dəvət edir və onların gücündən istifadə etməklə tamaşalar göstərirdi. 1958 ildə Nüsrət Muxtarov həyat yoldaşı Dərya Əliyeva ilə Göyçaya gələrək Ağali Əfəndi və Yusif Məmmədovla birgə dərnək yaradılır. Dərnəyə peşəkar artistlərdən Turə Məmmədova, Şükufə Əliyeva, Heydər Həşimli cəlb olundu. O cümlədən Məmmədəli Səmədov, Feyruz Məmmədov (dramaturq), Ağa Məmmədov və həyat yoldaşı Ofelya Məmmədova, Muxtar Bakılı, İbad Kərimov kimi həvəskar, istedadlı gənc aktyorlar yığıldı. Göyçay Xalq Teatrının bünövrəsini qoymaq niyyətilə rəssam və aktyor Əlihüseyn Bakılı və Sabir Soltanov (Göyçay Mədəniyyət şöbəsində müdir işləyib) İslam Səfərlinin “Ana ürəyi” irihəcmli pyesini və 1958-59 illərdə “Əsli və Kərəm” operattasını səhnəyə qoydu. Dərnəyin sorağı hər yerə, hətta Mədəniyyət Nazirliyinə çatdı. Mədəniyyət Nazirliyinin əməkdaşları Göyçayda oldular. Onların arasında Göyçaylı Ramiz Ağayev (sənətşünas alim) də vardı. Onlar söz verdilər ki, Göyçayda Xalq Teatrı yaratmağa cəhd edəcəklər.
1960 ildə Göyçayda Xalq Teatrının açılışı oldu. Bu münasibətlə “Sevil” pyesi səhnəyə qoyuldu. Kollektivin sevincinin həddi-hüdudu yox idi. Göyçayda Xalq Teatrı 25 il fəaliyyət göstərdi. Həmin məhsuldar fəaliyyəti dövründə aşağıdakı əsərlər peşəkar səviyyədə səhnəyə qoyuldu :
1. C.Cabbarlı: “Sevil”
2. Mirzağa Atəş: “Sənə dəyən güllə”
3. S.Rüstəmov: “Durna”
4. M.Şamxalov: “Qaynana”
5. R.İsmayılov: “İki həyat”
6. Ə.Haqverdiyev: “Pəri-cadu”
7. A.Şaiq: “Bir saatlıq xəlifəlik”
8. S.Vurğun: “Vaqif”
9. Nüsrət Muxtarov: “Vüqarın yuxusu”
10. M.Seyidzadə: “Büllur qəsr”, “Sehrli saz”
11. Feyruz Məmmədov: “Sirli dəyirman”
12. Sadıq Mürsəlov: “Qənbərqulu”, “Xeyir işin xeyri” və s.onlarca tamaşaya həyat verildi.
Göyçay Xalq Teatrı bu 25 ildə öz “qızıl dövrü”nü yaşadı. 1985 ildən sonra teatr, demək olar ki, fəaliyyətini dayandırdı. 2007 ildə Göyçay r-nunda ilk kukla teatrı fəaliyyətə başlayıb. Teatrın ilk tamaşası balacalar üçün nəzərdə tutulmuş “Tıq-tıq xanımın nağılı” olub.
Sovet dövründə Göyçayın adı həm də Azərb. kinematoqrafiyasında öz yerini tutdu. Belə ki, məşhur uşaq filmi “Sehrli xalat”dakı kənd səhnələrindən biri (filmin təxminən 44-46 dəqiqələri) Göyçayda çəkilib. Bundan 20 il sonra, 1984 ildə ekranlara çıxan “Köhnə bərə” filminin də bir hissəsi Göyçayın Mirzəhüseynli k.-də çəkilib.
Mənbə: Y.Məmmədov. “Xatirələrdə canlanır”. “Yeni həyat” qəzeti, 1982, № 62;
https://medeniyyet.az/page/news/40505/.html