Şamaxı, İsmayıllı və Göyçay rayonlarında, orta dağ qurşağında, meşə və kolluqların tərkibində yayılıb. Nadir və nəsli kəsilməkdə olan bitkidir.
Qarışıq meşəliklərdə, kolluqlarda, açıq sahələrdə quru yamaclarda daha çox rast gəlinir. Azərbaycanda kiçik bir arealda yayılmışdır.
Hündürlüyü 10 m olan alçaqboylu ağac və ya koldur. Gövdəsinin qabığı açıq-boz rəngdədir. Yarpaqları oval-ellips şəkillidir, uzunluğu 2 dəfə enindən artıqdır, 4-8 sm uzunluqda, 2,5-4 sm enindədir. Yarpağın ucu sivri, kənarları dişli, qaidə hissəsi enli pazvari və ya dəyirmi-ürəkvaridir. Qozası təxminən 2,5 sm uzunluqda olub, bütövdür, yan dilimləri yoxdur, adətən qozası qeyri-simmetrik inkişaf etmişdir, tərəflərindən biri daha ensiz, kənarları, demək olar ki, bütövdür və ya kiçik dişləri vardır, o biri tərəfi daha enlidir və üzərində yaxşı nəzərə çarpan iri dişlər vardır. Bu dişlərdən altdakılar bəzən yan dilimlərə oxşar hissə əmələ gətirir. Qozasının alt tərəfində 5-ə qədər yaxşı görünən damar vardır, onların üzəri az və ya çox tüklüdür. Fındıqcıqları oval-silindrikdir, enli, lakin çox qısa və tüklü tacı vardır. Bundan başqa, az və ya çox irəli çıxmış tilləri vardır. Toxumları payızda səpildikdə yaxşı nəticə verir.
Meyvələri yayın son aylarında yetişir.
Toxumlarla və kök pöhrələri ilə çoxaldılır.
Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmişdir.
Mənbə: Деревья и кустарники СССР. Т.4. 1958;
Флора Азербайджана. т.6. 1955;
Azəraycanın ağac və kolları. III cild. 1970;
Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.