Göyçayda ədəbi-bədii yaradıcılıqla məşğul olan, bədii sənət nümunələri yaradan bir çox sənətkarlar yaşayıb-yaratmışlar və bu proses bu gün də davam edir. XV əsrin sonu – XVI əsrin ortalarında yaşamış, dahi Füzulini öz sənətinin gücü ilə heyran edən Həbibidən başlayaraq, bu günə kimi öz mövcudluğunu davam etdirən Göyçay ədəbi mühitinin 550 ildən çox yaşı vardır. Bu illər ərzində bu torpaqda onlarca ədib dünyaya göz açmış, Azərb. ədəbiyyatına, bədii söz xəzinəsinə yaddaqalan əsərlər bəxş etmişdir.
Müasir dövrdə, xüsusən XX əsrin əvvəllərindən indiyə kimi Göyçay ədəbi mühitində bir çox istedadlı şair, nasir, dramaturq və publisist yetişmişlər. Böyük ədib, dünya poeziyasını novator şeirləri ilə zənginləşdirən Rəsul Rza, görkəmli nasir, dramaturq, kinossenarist Ənvər Məmmədxanlı, müasir nəsrimizi dünya səviyyəsinə çıxarmş Anar, Azərb. poeziyasına orijinal, təkrarsız şeirlər bəxş edən Əli Kərim, XX əsr nəsrində dərin iz qoyan yazıçı Qantəmir, şairlər Abdulla Faruq, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı, Azərb.-ın ilk fantast yazıçısı Emin Mahmudov və digər istedadlı sənətkarlar bu torpaqda doğulmuş, Göyçay ədəbi mühitində formalaşmış, bu mühitdən Azərb. və dünya ədəbiyyatına çıxmışlar.
Azərbaycanın, qədim Şirvanın ayrılmaz hissəsi olan Göyçayda klassik poeziya kifayət qədər populyar olmuşdur. XV əsrin sonlarında Azərbaycanda Ağqoyunluların hakimiyyəti dövründə yetişən görkəmli şairlərdən biri olan Həbibi artıq həmin dövrdə Hamidinin yaradıcılığında özünü aydın hiss etdirən, XVI əsrin əvvəllərində Süruri və Şahi yaradıcılığında daha da güclənən, Füzuli poeziyasında özünün ən kamil dövrünə çatan, zirvəyə yüksələn yeni poetik üslubun ən parlaq nümayəndələrindən biridir. Həbibi şairin təxəllüsüdür. Şairin əsl adına hələlik heç bir mənbədə rast gəlinməmişdir. Nəsimi ədəbi məktəbinin istedadlı davamçısı olan, onun poetik ənənələrinə sadiq qalan bu qüdrətli sənətkarın zəngin poetik dili, orijinal üslubu, şeirlərindəki sadəlik və əlvanlıq, səmimi hissləri ecazkar bir şəkildə ifadə etmək qabiliyyəti ona Azərbaycan ədəbiyyatı tarixində ayrıca mövqe qazandırmışdır. Təəssüf ki, öz sənətkar qüdrəti ilə dahi Füzulini belə heyran edən şairin divanı və ya külliyyatı hələlik bizə gəlib çatmamışdır.
Həbibi Azərb.-da, Göyçayın Bərgüşad k.-də anadan olmuşdur. Onun həyatının ilk dövrü haqqında Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin 1550 ildə yazdığı “Töhfeyi-Sami” təzkirəsində məlumat verilir. Yoxsul bir ailədə doğulan Həbibi uşaqlıqdan çobanlıq etmiş, bir təsadüf nəticəsində saray mühitinə düşmüş, Ağqoyunlu hökmdarı Uzun Həsənin 2-ci oğlu Sultan Yaqubun himayəsində yetişib tərbiyə almışdır. Sam Mirzə “Töhfeyi-Sami”də uşaq yaşlarında Həbibinin Sultan Yaquba rast gəlməsini belə təsvir edir: Bir gün Sultan Yaqub ovda imiş, yamacda otlayan quzuları görür və bunların kimə məxsus olduğunu öyrənmək üçün mülazimlərindən birini oraya yollayır. Mülazim Həbibinin yanına gələrək quzuların kiminki olduğunu soruşur, balaca çobanın cavab vermədiyini gördükdə sualını təkrar edir. Mülazimlə hazırcavab uşaq arasındakı söhbəti Sam Mirzə belə təsvir edir:
Mülazim: – Bu quzular kimindir?
Həbibi: – Qoyunların.
Mülazim: – Kəndinizin böyükləri kimlərdir?
Həbibi: – Öküzlər hamıdan böyükdür.
Mülazim: – Mən onu soruşmuram, insanları qarşılayan kimlərdir, deyirəm.
Həbibi: – Sənin kimi əziz adam gələndə onu qarşılayan köpəklərdir.
Bu cavablardan qəzəbə gələn Mülazim türkcə deyir:
— Ay, nə çapaydım səni!
Həbibi: – Çap gör ki, yoldaşların getdi.
Mülazim bu söhbəti Sultan Yaquba söyləmiş, uşağın hazırcavablığından xoşu gələn hökmdar onu öz himayəsi altına almışdır. Şeir və mədəniyyətə yüksək qiymət verən Sultan Yaqubun hakimiyyəti zamanı (1478-1490 illər) Ağqoyunlu dövlətinə Azərbaycan, İraqi-Əcəm, İraqi-Ərəb, Fars, Kirman və Şərqi Anadolunun bəzi sahələri daxil idi. Saraya gələndə Həbibinin 12-15 yaşlarında olduğu tarixçilər və ədəbiyyatşünaslar tərəfindən fərz edilir. Bu mülahizəyə görə, Həbibi 1470-1475 illər arasında doğulmuşdur. Həbibinin həmin tarixdə doğulduğunu ədəbiyyatşünas Salman Mümtaz, türk alimi Məhməd Fuad Köprülü, akademik Həmid Araslı, professor Mirzağa Quluzadə təsdiq edirlər.
Ağqoyunluların hakimiyyəti devrildikdən sonra Şah İsmayıl Xətainin sarayına dəvət alan Həbibi orada da böyük nüfuz qazanmışdır. Şah İsmayılın sarayında hətta Məliküşşüəralıq mövqeyinə qədər yüksəlmişdir. Hökmdar olmaqla yanaşı, doğma Azərbaycan dilində gözəl şeirlər yazan Şah İsmayıl Xətainin Həbibi kimi böyük şairə yüksək qiymət verməsi təbiidir. Sam Mirzənin yazdığına görə, Şah İsmayıl Həbibiyə zarafatla “Gürzəddin” ləqəbini vermişdir ki, bu da hökmdar şairlə Həbibi arasındakı səmimi dostluğu göstərir. 1514 ildə Osmanlı hökmdarı I Sultan Səlim Səfəvilərlə müharibəyə başlayır. Çaldıran döyüşündən sonra şair Osmanlı dövlətində yaşamışdır. XVI əsr Osmanlı təzkirəçisi Aşiq Çələbi Həbibinin Osmanlı dövlətinə köçməsi tarixini Sultan Bəyazid hakimiyyətinin sonlarına aid edir. İkinci Bəyazidin hakimiyyətinin 1481-1512 illər arasında olduğunu nəzərə alsaq, onda Həbibi 1512 ildən bir qədər qabaq Səfəvilər sarayından ayrılmışdır.
Mənbələrdə Həbibinin Səfəvi sarayındakı görkəmli mövqeyindən əl çəkib Osmanlı dövlətinə köçməsi səbəbi, onun İstanbulda və ya Anadolunun başqa şəhərlərində məskən salması, nə vaxt vəfat etməsi barədə məlumat yoxdur. Lətifi onun I Səlim dövründə, yəni 1520 ildən əvvəl öldüyünü söyləyir. Övliya Çələbi isə “Cəfərabad təkyəsi”ndə şairin dəfnindən bəhs edərək yazır ki, Südlücədə Cəfərabad təkyəsində dəfn edilmişdir. O həmçinin göstərir ki, Həbibinin çox gözəl şeirləri vardır. Bu məlumatlar Həbibinin Anadoluda da bir şair kimi böyük şöhrət qazandığını təsdiq edir.
Həbibi yalnız Azərb.-da deyil, İraqda yaranan türkdilli poeziyaya, Osmanlı türk ədəbiyyatına da güclü təsir göstərmişdir.
Azərb. ədəbiyyatında Həbibi şeirlərinin Şah İsmayıl Xətai, Füzuli, XVI əsrdə yaşamış Ruhi Bağdadi, XIX əsrdə yazıb-yaradan İsmayıl bəy Nakamın yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd etmək olar. Bundan başqa, Həbibinin: “Dün gördüm ol nigari-tərəbnakü ərcümənd” misrası ilə başlayan məşhur müsəddəsinə bir sıra Azərbaycan və türk şairləri nəzirələr yazmışlar.
Şah İsmayıl Xətai Həbibinin şeir sənətinə çox yüksək qiymət vermişdir. Xətai Həbibinin “Gər səninçün qılmayam çak, ey büti-nazik bədən, Gorum olsun bu qəba, əynimdə pirahən-kəfən” beyti ilə başlayan qəzəlinə, “Görəldən zülfi-ənbərbarın, ey dust” misrası ilə başlayan qəzəlinə nəzirələr yazmışdır. Dahi Füzuli isə daha sonralar birinci qəzəli təxmis etmişdir.
Adıçəkilən bu qəzəl dünyəvi hisslərin hərarətli ifadəsi və təsdiqidir. Aşiqin ölümündən yüz illər keçsə də, kəllə sümüyündə əqrəblər vətən tutsa da, sevdiyi gözəlin zülfünün sevdası onun başından çıxmayacaqdır:
Gər səninçün qılmayam çak, ey büti-nazik bədən.
Gorum olsun bu qəba, əynimdə pirahən-kəfən.
Çıxmaya sevdayi-zülfin başdan, ey məh, gər yüz il
Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən.
Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
Çün mənə həmdəm olan sənsən, nə sən olgil, nə mən.
Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Ey könül, eşq əhlinə hər dəm gülərdin şəmtək.
Mən deməzmiydim ki, bir gün ağlıyasıdır gülən.
Necə dinlənsün Həbibin sənsiz, ey əndamı gül,
Çün batar cisminə təndə hər tük olmuş bir tikən.
İnsan gözəlliyinin təsdiqi və rəngərəng boyalarla vəsfi baxımından “Dedim, dedi” müsəddəsi Həbibi yaradıcılığının zirvəsi sayıla bilər:
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,
Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
Baxdım şikənci-türrəsinə zarü müstəmənd,
Bir şəxsi-natəvan oturur gərdənində bənd,
– Kimdir bu miskin, ol nə rəsəndir? – dedim, dedi:
– Zülfim kəməndi tutsaği canındürür sənin.
İstər yaradılan obrazlar, istərsə də bu münasibətlə edilən sual-cavab mürəkkəb, zəngin, eyni zamanda şux hissləri ifadə edir. Həbibinin istifadə etdiyi “Dedim, dedi” üsulunun özü də yenidir. Bu, başqa sual-cavablara bənzəmir. Həbibinin bu müsəddəsi Füzulinin ən məşhur şeirlərindən biri olan:
Dün sayə saldı başıma bir sərvi-sərbülənd,
Kim, qəddi dilrüba idi, rəftari dilpəsənd. –
beyti ilə başlayan müsəddəsinin yaranmasına səbəb olmuşdur. Həbibi şeirlərinin tədqiqi göstərir ki, o, orijinal bir sənətkardır və Azərbaycan şeirinə yeni poetik forma və obrazlı ifadələr gətirmiş, özündən sonrakı poeziyaya əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Həbibidən sonra XIX əsrin birinci yarısına kimi təqribən 350 ilə yaxın Azərb. ədəbiyyatında Göyçayda anadan olmuş klassik şairə mənbələrdə rast gəlinmir. Yalnız XVII əsrin ikinci yarısında Göyçay r-nunun Xəlitli k.-də doğulmuş, XVIII əsrin birinci yarısında vəfat etmiş Dəllək Muradı, XIX əsrin ortalarında Göyçay qəz.-nın Məlikballı k.-də doğulmuş el şairi Məlikballı Qurbanı göstərmək olar. Onların aşıq şeiri üslubunda yazdığı əsərlər yaşadıqları dövrdə xanəndə və aşıqlar tərəfindən ifa edilmişdir. Məlikballı Qurbanın şeirləri əsasən məhəbbət mövzusundadır və bu gün də müəyyən aşıqların repertuarındadır.
Yeni dövrdə Göyçay ədəbi mühiti ədəbiyyat tariximizdə mühüm rol oynamış Qantəmir Qafur, Abdulla Faruq, Rəsul Rza, Ənvər Məmmədxanlı, Anar, Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylı, İnqilab Kərimov, Feyruz Məmmədov kimi söz-sənət xadimlərinin və yeni nəsil ədiblərinin yaradıcılığı ilə təmsil olunur. Bu ədiblər Göyçayın zəngin mədəni, ədəbi, pedaqoji mühitində formalaşmış və yaradıcılığa başlamış, həm bölgənin, həm də bütövlükdə Azərb.-ın ədəbi mühitinə təsir göstərmişlər. Göyçay əsilli bu ədiblərin yaradıcılığı məzmununa və bədii dəyərinə görə ümummilli mahiyyətli və əhəmiyyətlidir. Onların əksəriyyəti Göyçayda böyümüş, ilk təhsilini almış və buranın mədəni-ədəbi mühitindən bəhrələnmişlər. Bakıda doğulmuş və ya yaşayıb–yaradan Göyçay əsilli sənətkarların bir çoxu da doğma yurdları ilə yaradıcılıq əlaqələrini saxlamış, mövzu, avaz baxımından yerli motivləri bu və ya digər şəkildə əsərlərinə gətirmişlər.
Göyçay əsilli görkəmli ədiblərdən biri də Qantəmir Qafur təxəllüsü ilə tanınan Əfəndiyev Qafur Sədrəddin oğludur. Fəaliyyət və yaradıcılığına xüsusi ensiklopedik məqalə həsr edilmiş (bax: Qantəmir Qafur) yazıçı, nasir Qantəmirin ədəbiyyata, ədəbi yaradıcılığa marağı artıq ailə mühitindən yaranmışdır. Yaşadıqları Potu kəndində məktəb açaraq müəllimlik edən və Sədi Salis təxəllüsü ilə klassik üslubda şeirlər yazan atası, maarifpərvər ziyalı Sədrəddin Əfəndinin təsiri ilə formalaşmışdır. Bu dövrdə atasından Şərq ədəbiyyatını, klassik sənətkarların yaradıcılığını da öyrənmişdir. Potu məktəbindən sonra Göyçay şəhərində İbrahim Həqqinin üsuli-cədid rus-müsəlman məktəbində təhsili də onun dünyəvi biliklərə yiyələnməsinə və həm də bölgənin mədəniyyəti ilə daha dərindən bağlanmasına imkan yaratmışdır. Gələcək yazıçı pedaqoji fəaliyyətinə də 1908-ci ildə Göyçayda başlamış, Göyçay, Ağdaşda müəllimlik etmişdir. 1915-ci ildən bir müddət Göyçayda “İqbal” məktəbinin müdiri olub, məhz həmin vaxtlardan “Tazə həyat”, “Tərəqqi” və s. qəzetlərdə elmi-pedaqoji məqalələrlə çıxış edib. Türkiyədə tarix-filologiya, Bakıda tibb təhsili alan Qantəmir Qubada, Bakıda pedaqoji, Ağsuda həkim fəaliyyəti ilə yanaşı, 1924-cü ildən fəal şəkildə ədəbi yaradıcılığa başlamışdır.
Ədəbi yaradıcılığında bədii nəsr başlıca yer tutan Qantəmir Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, ümumən “Molla Nəsrəddin” satirik, tənqidi-realist nəsrinin davamçısı hesab oluna bilər. “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrini inkişaf etdirən yazıçı öz satirik hekayələrində və povestində Azərbaycan satirik nəsrinin inkişafında əhəmiyyətli rol oynayıb, ümumən satirik nəsrimizin inkişafına müsbət təsir göstərib.
Xalq yazıçısı Anar “Söz dünyası” kitabının 2-ci cildində “Unudulmuş yazıçı – Aydınlarımız” məqaləsində Qantəmirin yaradıcılığı haqqında məzmunlu məlumat verib, Qantəmiri dahi Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevdən sonra “Molla Nəsrəddin” ədəbi məktəbinə mənsub olan üçüncü görkəmli nasir adlandırıb.
Qantəmir müasir nəsrimizi kəskin satira ilə yanaşı, eyham, istehza, ironiya kimi poetik vasitələrlə zənginləşdirir və o, haqlı olaraq bu poetik vasitələri müasir nəsrimizə gətirən yazıçılardan hesab olunur. Eyham və ironiyadan ustalıqla istifadə yazıçıya sovet gerçəkliyinin astar üzünü, insan şəxsiyyətinə zidd təbiətini sətiraltı tərzdə vurğulamağa imkan verir. Bu xüsusiyyət onun“Buğda quyusu”, “Ağıl dəryası”, “Mirzə Aves”, “İntelligent”, “Hacı Qambay”, “Sara bibi”, “Vəsiyyət” hekayələrində və “Kolxozstan” adlı povestində dərindən aşkarlanır.
1934 ildən AYİ-nin üzvü olan Qantəmirin “Buğda quyusu”, “Ağıl dəryası”, “Mirzə Aves”, “İntelligent”, “Hacı Qambay”, “Sara bibi”, “Vəsiyyət” və s. əsərləri geniş oxucu kütləsinin diqqətini cəlb etsə, də sağlığında cəmi üç kitabı – “Ağıl dəryası” (1930), “Şarlatanlar” (1934), “Kolxozstan” (1935) dərc olunmuşdur.
Həcmcə ən böyük əsəri olan “Kolxozstan” povestində zahirən kolxoz həyatından, kənd zəhmətkeşlərinin həyat və fəaliyyətindən, qarşılaşdıqları çətinliklərdən və köhnə fikirli adamların, qolçomaqların təxribatlarından bəhs edilir. Lakin bu, əslində, mətləbin zahiri tərəfidir. Qantəmir yaradıcılığını və şəxsiyyətini, o cümlədən “Kolxozstan” əsərini yuxarıda qeyd etdiyimiz məqaləsində tarixi-mənəvi kontekstdə obyektiv şərh edən görkəmli ədib, Xalq yazıçısı Anar bu mətnin məzmun və poetik səciyyəsini təfsir edir: “Kolxozstan” adının özündə xəfif bir ironiya gizlənib. Amma əsərin içində ironiyadan daha artıq bir təlaş, əndişə duyğusu hiss olunur. Əsrlərdən keçib gəlmiş mənəvi dəyərlərimizin aşınması, insan münasibətlərini vecinə almayan sırf sinfi yanaşma yazıçını narahat edən məsələdir. Kəndə ova gəlmiş üç dostdan biri – Mirzə Ələkbər o birilərindən fərqli olaraq firqəçidir. Evinə qonaq gəldikləri Qara Hüseyn isə varlı kəndli, o vaxtın təbiri ilə qolçomaqdır. Həmin bu qolçomaq qonaqları xalqımıza xas olan müsafirpərvərliklə qəbul edir, qeydlərinə qalır, yedirib içirdir, səhərisi gün ova aparır və firqəçi meşədə azıb az qala ölüm təhlükəsiylə qarşılaşanda onu xilas edir… həmin kəndə rəsmi firqə nümayəndəsi kimi gəlmiş Zeynəb Qara Hüseynin evində aldığı bir məlumatdan sonra qəşş edir. Məlum olur ki, demə, həmin o qız – Zeynəb Qara Hüseynin bacısı qızıymış, Hüseynin evində nökər kimi işləyən Əliqulu da Zeynəbin itkin qardaşıdır. Və bütün bunlar açılandan sonra Zeynəbin dayısına sinfi münasibəti dəyişmir, onu bada verməyə hazırdır. Hətta Hüseynə qahmar durmaq istəyən və Zeynəb kimi firqəçi olan Mirzə Ələkbəri “siz ancaq firqəçi adını ləkələyirsiniz”, – deyə ittiham edir” (Anar, göst. əsəri).
“Zeynəbin birdən-birə Qara Hüseynin bacısı qızı çıxması inandırıcı deyilsə, onun öz qolçomaq dayısına belə münasibət göstərməsi inandırıcıdır” deyən Anar bu qeyri-insani mövqeyi sovet-bolşevik əxlaq kodeksi ilə bağlayır: “Bu, sovet təbliğatının ideallaşdırdığı və örnək göstərdiyi həmin o Pavlik Morozov “əxlaq“ıdır ki, sinfi sayıqlıq sayəsində öz atasını bada verir”.
Anarın bu əsaslı şərhi Qantəmirin əsərinin sətiraltı mənalarının əsərin üst qatından fərqli olduğunu, yazıçı zahirən “kommunist prinsipiallığı” göstərsə də, mahiyyət etibarilə milli, bəşəri, humanist, insani dəyərləri vurğuladığını, onun satirasında eyham və ironiyanın sadə bədii vasitə deyil, bolşevik ideologiyasının antimilli və antibəşəri təbiətini sətiraltı təqdim etmək niyyətinin təzahürü olduğunu aşkarlayır.
Anar ironiyanın Qantəmir satirasının başlıca elementi kimi digər əsərlərində də aşkarlandığını təsbitləmək məqsədilə fərqli mövzuda, sovet gənclərinin tərbiyəsi, təhsili üsul və metodlarında da aşkarlayır: “Yazıçı normativ sovet ədəbi tələblərindən olan müsbət qəhrəman məsələsini “Ağlayan Züleyxa” hekayəsində özünəməxsus mizanla cavablandırır. Bütün məziyyəti yalnız ağlamaq olan Züleyxanı “müsbət qəhrəman” kimi lağa qoyur. Həmin hekayədə sovet təhsil sistemi də ələ salınır, sovet təhsilinin siyasiləşdirilməsini, təhsilin ideoloji məsələlərə yönəldilməsini ironik tərzdə faş edir. Qantəmir “Ağlayan Züleyxa” hekayəsində Züleyxanı “müsbət qəhrəman” kimi lağa qoyur. Həmin hekayədə sovet təhsil sistemi də ələ salınır: ictimaiyyət müəllimi get-gedə əsəbiləşirdi ki, tələbələrindən istədiyi cavabı ala bilmir. “Firqə qurultaylarından, çarizmdən, Fransa inqilabından az-çox cavab verə bilən tələbələr “Beşillik plan”, “Çin hadisələri”, “Sağ təmayül”, “Sənayeləşdirmə” mövzularından bir turş alça qədər dadmamışlardı” (Anar, Göst. əsəri).
Qantəmirin yaradıcılığında tarixi proseslərə, milli məsələlərə də münasibət bildirilir, yazıçı əsərlərində fərqli, geniş mövzu dairəsi olan mətləbləri aşkarlayır. Bu baxımdan, müəyyən hekayələrindən fraqmentlər onun yaradıcılığının məzmun və bədii səciyyəsini dolğun təsəvvür etməyə imkan verir.
Yazıçının ironiyası bolşevik əxlaqının milli mənəviyyata, adətə, həyat tərzinə zidd mahiyyətini aşkarlayır:
“Müzakirənin nə lüzumu? Burada cəmiyyətin də interesini gözləmək lazım. Bu təklif əlverişlidir; cənazə çox ucuz başa gələr. Bir elan və bir dəstə gül, vəssalam. Muzıka istəməz, çoxdanın müəllimidir, hər halda məktəblərdən biri bunu boynuna çəkəcəkdir. Kastyum naminə bir köynək ilə bir boyun bağı kifayətdir. Aşağı hissəsini qara örtüklə örtmək olar. Bu surətlə çəkmələrinin yamağı da görünməz…
Şairlərdən biri sözə qatıldı:
– Məncə, köhnə kastyum və yamaqlı batinka ilə qəbiristanlığa yazıçı göndərmək oradakı ölülərdən ayıbdır…
– Səhv edirsiniz, yoldaş! Bu yoldaşınkı oradakıların kastyumundan təzə olacaq, Müsamirəyə-zada getsəydi, təklifiniz nəzərə alınardı…” (“Yeni smeta”)
Digər hallarda firqə-partiya məramının qəlp və saxtakar, yalan təbiəti cəsarətlə vurğulanır:
“22-ci ildən bəri firqəçi (partiyaçı – red.) olduğu halda… hamı ona “komsomol Məhəmməd Cəfər” deyir. O, bütün məna-məzmunu ilə ziyalı bir firqəçidir… Bizlərdə belə bir məsəl var: “Əməlisaleh olan övlad dayısına oxşar”. Məhəmməd Cəfər də rəhmətlik dayısı Hacı Səttar bəyə oxşayır. Amma məncə, “komsomol Məhəmməd” dayısından bir az qabağa gedib. Çünki deyilənə görə, fağır Hacı Səttarın danışdığı sözlərin cəmi-cümlətanı yüzdə doxsan beş hissəsi yalanmış…” (“Dəfatirati-üzviyyə”)
“Mənim canım şura hökumətinə qurban olsun! Başımı kəssə, mən bu hökumətdən zərrə qədər incimərəm. Sağ olsun bolşeviklər, yaxşı qeydimizə qalırlar, bizi də adam cərgəsinə qoyurlar, o ki lazımdır, elmə fikir verir, hər şey havayıdır, kitab, kağız, qələm, mürəkkəb, amma “Quran” dərsi yoxdur… Biz müsəlmanıq, müsəlmanın başı “Quran”a bağlıdır” (“Aybikə xala”).
“Həzərat! Badikubədən məni sizin içinizə göndəriblər, abyasnit eləyim sizə həmin bu inqilab barədə, ayıldım sizi… Biz zalım Nikolayın, hansı ki, onu taxtdan salmışıq və olmuşdu o çox zalım. Üç yüz ildən də bir qədər artıqdır ki, bizə zülm edirdilər. Biz oxumuşlar başa düşə bilərik bu zülmləri ki, hansı ki, siz onu o qədər qanmırsınız. Biz çox padvallarda yaşamışıq. İndi bizə nə lazımdır etmək? Mən bu sualı qoymaqdan mətləb o barədədir ki, biz əlimizə almışıq hökuməti. Gərək bunu elə tutaq ki, qoymayaq əlimizdən verməyə… İndi hökumət bizimdir… Biz samostoyatelni olmuşuq”. (“İntelligent”)
“…Uşaqlar, namazımı xəlvət qıldırın. Amma özümü muzıka ilə dəfn edin. Bunun sizə faydası olar. …Ağlımı itirməmişəm, bu vəsiyyətləri edirkən huşum yerindədir. Əgər siz qardaşlardan biri tutulsa, qalanlarınız familiyanızı elə dəyişdirin ki, qardaş olduğunuz bilinməsin. …Tinlərdə danışılan sözlərə qulaq verməyin… Düz on il olur ki, Azərbaycan şuralaşıbdır. Əgər dağılsaydı, indiyə qədər dağılardı… Amma onu da bilin ki, əbədi heç nə yoxdur…” (“Vəsiyyət”)
Vətənpərvər yazıçının ermənilərin törətdiyi soyqırımları və müstəqilliyimiz haqqında mülahizələri də diqqətəlayiqdir: “Ermənilərin dinc Azərbaycan türklərinə, o cümlədən bütün müsəlmanlara qarşı həyata keçirdikləri vəhşilikləri dillə təsvir etmək mümkün deyil. Belə barbarlığı bəşəriyyət heç daş dövründə də görməyib”; “Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib”.
Qantəmirin yaradıcılığının səciyyəvi cəhətlərindən biri də onun ümumi mənəvi-əxlaqi, siyasi-ictimai mövzularla yanaşı, yaşadığı gerçək mühiti, məişəti, güzəranı, ilk növbədə şəhər həyatını, dövrünün Bakı mühitini detalları və sərrast müşahidələri ilə təsvir etməsidir. Buna görə də bolşevizmin sərt düşməni olan Qantəmiri siyasi motivli, əslində, antisovet ruhlu nəsrlə yanaşı, ədəbiyyatımızda, XX əsrin 60-70-ci illərində yenidən dirçəlmiş və ədəbi prosesin əsas istiqamətlərindən biri olmuş şəhər nəsrinin də ilk nümayəndələrindən hesab etmək olar.
Göyçayın Potu kəndində anadan olmuş, ədəbi yaradıcılığa hələ universitetdə oxuduğu illərdə başlayan şair Abdulla Faruq (Abdulla Musa oğlu Əfəndiyev) səkkiz yaşında olarkən əmisi, tanınmış müəllim Əbdülkərim Əfəndiyevin himayəsinə keçərək onun tərbiyəsini alıb. 1917-1921 illərdə ilk təhsilini burada alandan sonra Bakı Müəllimlər Seminariyası və ADU-nun tarix-ictimaiyyət fakültəsini bitirir. Bir müddət müəllimlik edən, Moskvada aspiranturanı bitirən Abdulla bir müddət elm və təhsil müəssisələrində işləyib. “Kommunist” qəzeti redaksiyasında, “Qızıl Şərq” mətbəəsində, Baş Mətbuat İdarəsində çalışıb, “Ədəbiyyat qəzeti” və “Şərq qadını” jurnalları redaksiyasında çalışıb.
Hələ tələbəlik illərində şair öz şeirlərini bir sıra qəzet və jurnallarda çap etdirir. Əsrin nəbzini tutmağı bacaran yeni duyğulu mübariz bir şair kimi A.Faruqun şeirləri mərdlik və qəhrəmanlıq motivlərinin güclülüyü etibarilə diqqəti cəlb edir. Öz şeir və məqalələri ilə geriliyə və bürokratizmə qarşı mübarizə aparan, hər cür yeniliyi təbliğ etməyə çalışan A.Faruq ürəyi odlu şair idi. Doğma yurdun gözəlliklərini öz şeirlərində ön plana çəkən şairin sağlığında kitabları, habelə dövri mətbuatda yüzdən çox şeiri, onlarla poeması və tərcümələri çap olunub. 1930 illərdə, sovet rejiminin ən sərt dövründə latın əlifbasından kirilə keçidi tənqid edən A.Faruq əsl ziyalı mövqeyi ortaya qoyub. Əlifba islahatı ilə bağlı etirazına görə cəzalandırılaraq, Böyük Vətən müharibəsinin başlandığı ilk günlərindən cəbhəyə göndərilir. Şair cəbhədə döyüşdüyü vaxtlarda da müxtəlif şeirlər yazaraq azərbaycanlı balaları döyüşə ruhlandırırdı. Döyüşlərin birində ağır yaralanan A.Faruq hərbi xəstəxanada müalicədən sonra yenidən cəbhəyə qayıdarkən “Yolumu gözlə” şeirini yazıb “Ədəbiyyat qəzeti” redaksiyasına göndərir. Həmin şeir qəzetin sentyabr 1943 il tarixli sayında dərc olunur. Vətənpərvər şair Abdulla Faruq yaradıcılığının çiçəkləndiyi dövrdə – 1943 ildə cəbhədə qəhrəmanlıqla həlak olur. Abdulla Faruq əsasən ictimai məzmunlu, sosial pafoslu əsərlər müəllifi kimi tanınsa da, yaradıcılığında həzin, lirik duyğuları ifadə edən, daxili aləminin, həssas qəlbinin ifadəsi olan əsərlərin də müəllifidir.
Abdulla Faruq ədəbi tənqidimizdə əsasən sovet sistemini səmimiyyətlə bəyənən şair hesab olunsa da, onun bəzi şeirlərini oxuyanda ictimai-siyasi motivli mətnləri ilə təzad aydın hiss olunur. Belə bir təəssürat yaranır ki, əgər Qantəmir öz antisovet pafos və duyğularını ironiya ilə pərdələyirdisə, Abdulla Faruq bunu lirik-psixoloji motivlərlə gizləyir. Bədbin duyğularını həssas qəlbin çırpıntıları kimi təqdim edir. Aşağıdakı şeiri bu baxımdan səciyyəvi hesab etmək olar:
Öylə bir xəyalın hökmündəyəm ki,
Ruhuma dar gəlir səmalar mənim.
Bəzən buludların üzərindəki
Boşluqlar istərəm ola məskənim.
Bəzən cəbhələrdə qanad çalıram,
Bəzən xəyalımdan keçir uzaqlar…
Bəzən təbiətdən ilham alıram,
Şerimdə canlanır dumanlı dağlar.
Dumanlı dərələr ruh verir mənə,
Oxucum, qəlbimi açıram sənə.
Mətndən göründüyü kimi, Abdulla Faruq ümumən kütləyə, geniş mənada ictimaiyyətə, kütləvi oxucu obrazına deyil, öz həmdəm müsahibinə, öz oxucusuna (oxucum), onu düzgün, doğru anlayacaq sirdaşına müraciət edir. Bəzən isə şair ümumən oxucudan, mühitdən, kütlədən uzaqlaşır və özünə müraciət edir, hisslərini özü ilə bölüşür:
Otuz ildir ərzə qədəm basdığım,
Yol uzun, arzu çox, ömür yarıdır…
Başqa bir şey deyil mənim yazdığım –
Sahilsiz qəlbimin dalğalarıdır.
Abdulla Faruq böyük şair Rəsul Rza Moskvada olduğu dövrdə məktublaşmış, ondan yaradıcılıq məsləhətləri almış, eyni zamanda həyati məsələləri müzakirə etmişlər. Arxivində toplanmış xatirələri, məktubları, əlyazmaları şairin xarakerinin geniş auditoriyaya məlum olmayan tərəflərini, fərdi, munis cizgilərini aşkarlayır. Bu mətnlər onun tam sovetpərəst deyil, düşüncəli, mahiyyəti qavrayan və reallığı qəbul etmək məcburiyyətində qalan şəxsiyyət olduğunu göstərir. Şairin 100 illiyinə həsr olunmuş biblioqrafik topluda verilmiş, sovet kəndinə həsr olunmuş aşağıdakı şeirin də ikimənalı olması aydın sezilir (Abdulla Faruq–100. Bakı–“MBM”–2011. 88 səh. – s.31):
Köhnə kəndi salıb tora,
Kolxoz minib traktora.
Hər gün seldən qüvvət alır,
Çiçəklənir kənddə şura.
Nəyə mənqədi şəhirmən,
Deyəcək bu məqalədir.
Şura adı çəkiləndə
Mehdi durur tənqid edir.
Haray qanmazlar əlindən,
Dil anlamazlar əlindən.
Mən dinləmək istəyirəm
Sözü fələgin öz dilindən.
Göründüyü kimi, şair onun sözünün həqiqi mənasını anlamayan dil anlamazlardan gileylənir. Şairin arxivindəki maraqlı bir bölmə də dini şeirlərdir. Dini ədəbiyyat kimi dəyərli olan sinəzən və növhələrdən ibarət bu şeirlərin ilk ikisinin son bəndində Zaur, üçüncüdə Məhzun, dördüncüdə Fəna, beşincidə Fariğ təxəllüsü yazılıb. Tədqiqatçılar həmin şeirin Abdulla Faruqa aid olduğunu güman edirlər. Şairin dini etiqadını göstərən həmin şeiri təqdim edirik:
NÖVHƏ
Kərbəlayə gəldi şün peyğəmbər aşura günü.
Gördü bərpadır o şöldə məhşər aşura günü.
Gördü bir yandan gəlir həmən nayənsər səsi,
Ərzə cıxmış bir tərəf həmən mübariz nərəsi,
Bir tərəfdə öldürürlər bir qəribi-bikəsi,
Cəm olub yuz mindən artıq ləşkər aşura günü.
Nizəyə təkyə qılıb bir şah, boynunda kəfən,
Üz qoyub dərgahi-həqqə ki, xudayi-olimən.
Bu Huseyn, bu Kərbəla, bu Şumr, bu nazikbədən,
Bu xədəngü nizəvü bu xəncər aşura günü.
Ol bədən ki, bəsləmişdi can içində dustlər,
Gördü düşmüş parə-parə qan içində dustlər.
Açdı peyğəmbər başın meydan icində, dustlər,
Ağladı vallahi kəlla göglər aşura günü.
Kaş ki viran olaydı bu sipehrü bədsəbat,
Ağlayanda nəş dövründə susuz ləqrənbənat.
Axdı əşki-dideyi-Zeynəb kimi abi-Fərat,
Ləblərini əmdi ətşan Əsqər aşura günü.
Məst edib piri-muğan yetmiş iki məstanəni,
Məclisi-rindanədə nuş etdilər peymanəni.
Kərbəladə gördülər çün tələti-cananəni,
Düşdülər mədhuş, bixud yeksər aşura günü.
Şad Əbu Süfyan olub, qaldı peyəmbər rəncdə,
Oynadı bəxti-Yezidi-bihəya şeş-pəncdə.
Matə düşdü şah, piyadə ömrüsə şətrəncdə
Xalidən saldı vəziri eşqə aşura günü.
Qıldı cilvələmə nuri-Xuda mişkatdə,
Oynadı rindan kəhinə təxteyi-zərratdə.
Kaş zərrin, vilayət qaldı çox şəbbatdə.
Pənc-şeşdən xali oldu şeşdər aşura günü.
Fariğ oldu Şümri-laməzhəb cigəri-şahdən,
Əldə xəncər xeyməgahə gəldi qətligahdən.
Nə peyğəmbərdən həya etdi, nə xof Allahdən,
Hər nə bildi eylədi ol kafər aşura günü.
Şairin yaradıcılığı məzmunca olduğu kimi, janr etibarilə də rəngarəng və ziddiyyətlidir. Klassik vəznli bu şeirlə yanaşı, Abdulla Faruq yüngül vəznli, musiqi havasına uyğun “Pepo havasına”, “Gözəl bahar” kimi nikbin şeirlərin də müəllifidir. Yaradıcılığının parlaq mərhələsində, hökumətin tələbə gənclərə münasibətini tənqid etdiyinə görə tərənnüm etdiyi partiyadan çıxarılır və cəza olaraq göndərildiyi cəbhədə 37 yaşında həlak olur.
Zəngin həyat yoluna, ictimai fəaliyyətə və parlaq ədəbi yaradıcılığa malik böyük şair Rəsul Rza (biblioqrafik məlumata bax: Rəsul Rza) Göyçayda həm ata, həm ana tərəfdən Azərbaycanın tanınmış maarifpərvər nəslindən olan ailədə anadan olmuş və ziyalı mühitində formalaşmışdır.
Rəsul Rzanın atası, qədim Bayat boyunun Şahsevən tayfasının Məmmədxanlılar nəslindən Məmməd xan Məmmədyar oğlunun nəticəsi İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edib və ticarətlə məşğul olub, 1915 ildə Bakıda vəfat edib və burada dəfn olunub.
Atasının vəfatından sonra 6 yaşlı Rəsul Göyçayda məktəbə gedir və maddi sıxıntılarla üzləşir, on dörd yaşında oxumaqla yanaşı, həm də şəhər kitabxanasında işə başlayır. 1925 ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olur, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra anasının yanına qayıdır. Atasını erkən itirən Rəsul poetik istedada malik anası Məryəmin və yaxın qohumlarının himayəsində boya-başa çatır, ziyalı ailə mühiti sayəsində zəngin dünyagörüşü, ədəbi duyumu olan gənc kimi formalaşır. Rəsul öz tərcümeyi-halında yazırdı ki, onun ata evinə qəzet və jurnallar, o cümlədən “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” kimi nəşrlər gələrdi. Bütün bu amillərin Rəsulun mənəvi tərbiyəsində mühüm rolu olub. O, uşaqlıqdan ədəbiyyat, incəsənət və mədəniyyət söhbətlərinin getdiyi bir ailədə tərbiyə alıb.
Rəsul Rza 1930 ildə Bakıya, orada yaşayan böyük bacılarının yanına köçür. Bakıda bədii yaradıcılıqla yanaşı, R.Rza təhsilini də davam etdirir, bir sıra təhsil müəssisələrində təhsil alır.
1920-30-cu illərdən fəal şəkildə bədii yaradıcılığa və ədəbi fəaliyyətə başlayan Rəsul Rza Tiflis Azərbaycan ədəbi mühiti ilə də əməkdaşılıq edir, 1927-ci ildə Gürcüstan Yazıçılar İttifaqının nəzdində Azərbaycan Türk Bölməsinin nəşri olan “Qığılcım” almanaxında onun Rəsul Göyçaylı imzası ilə “Bu gün” adlı ilk şeiri dərc olunur. Bu dövrdən ardıcıl çap olunmağa başlayan R.Rza XX əsrin 30-cu illərinin əvvəllərində “Qadınlar”, “Çinar”, “Almaniya”, “Madrid”, “İnqaleyso” adlı antifaşist şeirlər yazaraq oxucuların rəğbətini qazanır.
1934-cü ildən Azərbaycan YB-nin üzvü, 1938-ci ildən, 28 yaşından sədri olan Rəsul Rza 1941 ilin axırlarında Krıma gedib Azərb. Diviziyasında cəbhə qəzeti “Döyüşən Krım”da hərbi müxbir işləməyə başlayır. Müxbir kimi mütəmadi ön cəbhə xəttinə gedən şair cəbhə həyatının çətinliklərini mənən yaşayır, bütün bunlar onun şeirlərində öz təkrarsız ifadəsini tapır. Müharibə təəssüratları onun bir çox şeir və hekayələrində əks olunub.
“Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” adlı məcmuələri, Cənubi Azərb.-da olan qardaşlara həsr etdiyi “Hilal” adlı poeması oxucuların diqqətini cəlb edib. Bu dövrdəki əsərlərinin və ümumən zamanın ədəbi pafosunu Rəsul Rzanın yalnız ictimai-siyasi deyil, mənəvi-fəlsəfi məna daşıyan aşağıdakı misraları dolğun ifadə edib və bir sıra digər şair və yazıçıların, ümumən öncül şəxslərin leytmotivinə çevrilib:
Mübarizə bu gün də var,
yarın da.
Mən də onun ən ön sıralarında.
Dövrün ictimai pafosu və ruhuna uyğun olaraq, R.Rza beynəlxalq mövzulara da müraciət etmiş və yüksək sənətkarlığı ilə seçilən “Almaniya” poemasını, “Təyyarədə düşüncələr”, “Hindistan dəftərindən”, “İraq xatirələri”, “Yaponiya motivləri”, “Praqa dəftəri”, “Çapey”, “Cəlladları durdur”, “Madrid”, “Həbəşistan” və s. kimi əsərlər yazmışdır.
50-ci illərdə R.Rza yaradıcılığı rəngarəng fəlsəfi motivlər daşıyıcısına çevrildi. Bu dövrdən başlayaraq, “Qoca timsah”, “Çörək satan qızlar”, “Göy at”, “Dana və balaca qız” və başqa əsərləri şairin yeni yaradıcılıq axtarışlarını, ilk növbədə ictimai mövzulara marağını əks etdirirdi. “Qoca timsah” şeirində quyruğuna humanizm nişanı taxmış qoca timsah kiçik balıqları udur, onları aldadıb dibsiz mədəsinə salır. Bu zaman qoca timsah riyakarlıqla deyir ki, onun qarnı azadlığın görünməmiş cənnətidir. Qoca timsah xırda balıqları udduqca gözlərindən yaş axır. Çünki o, özünün dediyi kimi, “humanist“dir. Qoca timsah azadlıq, humanizm, bərabərlik haqda şüarlar söyləyib, kiçik dövlətləri qəsb edən, müstəmləkəyə çevirən, dilini, mədəniyyətini məhv edən müstəmləkəçi, hegemon dövlətlərin ümumiləşmiş obrazıdır.
Şairin Azərbaycanın azadlığı, bütövləşməsi arzuları isə Təbriz mövzusunda yazdığı şeirlərində əksini tapmışdır:
Təbrizin yolları oyum oyumdur,
Yanıq dağdan qalxan duman olaydım,
Həsrət könüllərə ümid olmasam,
Barı heç olmasa güman olaydım.
Şair 1961 ildə Nəriman Nərimanova həsr etdiyi “Xalq həkimi” poemasını, 70-ci illərdə “Dünən, bu gün və sabah”, “1418”, “Üzü küləyə” poemalarını yazıb. R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsiri bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi.
R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Bu silsilənin özünəməxsusluğu onun Şərq və Qərb, milli və bəşəri ənənəni birləşdirməsi, Avropa simvolizmini Azərbaycan klassik poeziyasına xas rəmzi motivlərlə sintez etməsidir. Azərbaycan poeziyasında böyük ədəbi hadisə olan bu əsəri dəyərləndirən görkəmli şair Nazim Hikmət Rəsul Rzanın poeziyada yeni, bənzərsiz bir kəşf etdiyini və özü özünü ötüb keçdiyini söyləmişdir. Silsilənin ”Uvertüra” adlanan ilk şeiri oxucunu rəng, səs, söz, avazın sinkretik vəhdətindən ibarət bir atmosferə salır. Bu mühitdə müxtəlif anlayışlar mifopoetik tərzdə çulğaşır, rənglər insan duyğuları ilə həmahəng məzmun kəsb edir, bununla da mövcud anlayışların alt mənaları ifadə olunur:
Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdımizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
bir səbəb görən var.
Kim bilir, kim sınamış,
kim bunu ilk dəfə demiş.
Qara – matəm,
qırmızı – bayram,
sarı nifrət rəmzi imiş.
Kim bilir keyfinin nə vaxtında,
kim olmuş, rəngləri belə damğalayıb,
belə ayıran…
Rəsul Rzanın poeziyasında novatorluq yalnız “Rənglər”dəki simvolik-fəlsəfi məzmunlu mətnlərdə deyil, ənənəvi mövzuların bədii təfsirində də aşkarlanır. Bu baxımdan şairin “Vətən” mövzusunun orijinal, lirik-psixoloji təfsiri olan əsərindən aşağıdakı fraqment diqqətəlayiqdir:
Vətən dedim,
Xəfif yeldən titrəyən
yarpağına Vətən dedim.
Yanıq, quru,
göy kəklikli,
boz qumrulu
torpağına Vətən dedim.
Dağlarının köpük duman
duvağına Vətən dedim.
Şairin yaradıcılığının sözün yığcamlığından, məcaz və rəmzlərin konseptuallığından ibarət poetik orijinallığı Rəsul Rzanın “Qarabağ silsiləsi”ndə özünəməxsus tərzdə meydana çıxır. 1968-ci ildə yazılmış silsilədəki “Sənin adın” parçasında şair sözün alt mənalarını aktuallaşdırarq, sanki fəhmlə çox sonrakı faciəli hadisələri görmüş və ifadə etmişdir:
Sənə Qarabağ dedilər,
Bəlkə, “qara bax!” dedilər,
dağlarında
yaylayan qarına görə,
Bəlkə, “Qara bağ” dedilər,
kölgəli bulaqlarına görə.
Bəlkə,
dodaqları susuzluqdan
cadar-cadar yolçu,
ətəyində duman sürünən,
ağ zirvəsi arandan görünən
Kirsə baxıb,
həsrətlə, ümidlə
dedi: – Qara bax!
Qara bax!
O gündən adın qaldı
Qarabağ.
Adın qədimdir,
xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
qürurla doldurur qəlbimi.
Ömrün yollarında arzuları yağır olmuş,
möhnətdən, dözümdən
qarabağır olmuş,
alnıaçıq, üzüağ yaşayan,
Səksəkəli ürəyində
arzusunu, ümidini daşıyan
insanlar dedilər:
“Silinsin tarixdən
nəsillərin qara baxtı!”
Şeirdəki “səksəkə”, “qara baxt”, “arzu, ümid”, “xalqımın mübarizə tarixi”, “yağır olmuş arzular”, “möhnətdən, dözümdən qarabağır olmuş” kimi ifadələr məhz şairin gördüyü, duyduğu alt proseslərin və gələcək faciələrin fəhmlə əyan olmuş işarətləridir.
Lakin Rəsul Rza məcazlarla kifayətlənməmiş və şeirlərdən birini – “Tonqal yerində çiçək” şeirini Xankəndidə qondarma “məhkəmədən” sonra vəhşicəsinə diri-diri yandırılmış üç nəfər azərbaycanlıya həsr etmişdir:
“Kabab yanar köz üstdə!”
Burda torpaq yanmışdı
qapqara.
Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
Havadan asılmışdı
yanmış ət qoxusu.
Gözlərdə közərmişdi
qurbanlıq olmaq qorxusu.
Torpaq dözdü
atəşin ağrısına,
inciyinə…
Qarabağ mövzusu şairin “Şuşam mənim” şeirində də davam edir, vətənimizin bu müqəddəs məkanı həm milli qürur, mərdlik, həm mədəniyyət və sənət, gözəllik beşiyi kimi anılır:
Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
İncə mahnılar yuvası,
Pənahların yadigarı,
Alagözlü,
qarasaçlılar diyarı…
Vətənin əsas atributu olan torpaq Rəsul Rza yaradıcılığında çoxmənalı bədii obrazdır. Bu obrazın məzmunu özündə bir sıra anlayışları – vətən, yurd, oba və həm də insanın güc və qüvvət mənbəyi, elə-obaya bağlılığı kimi anlayışları ehtiva edir. “Mən torpağam, məni atəş yandırmaz…” deyən şair ana torpağın təbii, mənəvi, estetik məna tutumunu ustalıqla açır.
Lakin Rəsul Rzanın təbiət obrazlarını göz önünə gətirdikdə onun yaradıcılığında çinar obrazının, Göyçayın rəmzlərindən olan bu sakral ağacın xüsusi yer tutduğunu görərik. Çinar Rəsul Rza poeziyasında nəinki Göyçayın, bütövlükdə Azərbaycanın, ümumən ana təbiətin, vətənin, insanlığın bir simvoludur. Çinar şairin yaradıcılığında insanın kökünü, əzəlini, bu gününü, gələcəyini bəlirləyən məfhumdur. Bundan əlavə, çinar milli mənliyin, mədəniyyətin ayrılmaz bir parçasıdır. Şairin əsərlərində çinar hər şeydən əvvəl onun uşaqlıq xatirələri ilə bağlanır:
Anam Qaradolaq obasındandı,
Kürün sağ sahilindən.
Yaşayırdıq Göyçayın
çinarlı bir küçəsində.
Hələ uşaq idim mən.
Hərdən yazbaşı
aranın yumşaq gecəsində,
babam gözlərini yumar,
xəyala dalardı…
Rəsul Rza üçün çinar həm milli, həm şəxsi özünüdərkin, zaman və məkan anlamının, yaşamaq haqqının mənasını aşkarlayan mistik bir varlıqdır, sirlərin açarıdır:
Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz xan çinarın yaşını.
Gecə qara, durdum düşündüm bir az,
Dedim, nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi, dedi: – Bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam.
Mən kökümlə bu torpağa bağlıyam.
Rəsul Rzanın vətəndaş təəssübkeşliyi, milli amallara və ana dilinə bağlılığı onun yaradıcılığının və fəaliyyətinin əsas leytmotivlərini və mahiyyətini təşkil edir. Gənc yaşlarında, 1939 ildə AYB-nin sədri olduğu vaxt Respublikanın Baş Sovetinin (o dövrün terminologiyası ilə) iclasındakı cəsarətli çıxışında dilin yabançı sözlərdən təmizlənməsi, ana dili və digər türk dillərindən alınmış sözlər hesabına yeni anlayışların adlandırılmasını gündəmə gətirməsi onun milli kimliyə, mədəniyyətə olan sevgisinin təzahürü idi. Rəsul Rzanın hətta rəsmi orqan olan “Kommunist” qəzetinin də ana dilində olan sözləri rus kəlmələri ilə əvəzləməsinə qarşı çıxması, əslində, böyük cəsarət tələb edən bir milli təəssübkeşlik aksiyası idi. Böyük şairimiz İmadəddin Nəsiminin məzarının aşkarlanıb tapılması da şairin milli məramından gələn hadisə idi.
Şairin şeirlərində lirik-psixoloji pafos, fəlsəfi dərk üstünlük təşkil etsə də, ictimai-siyasi mövqe və kəsərli söz, ittiham və çağırış tonu da kifayət qədər aydın və əhəmiyyətli mövqedədir. Lakin bütövlükdə şairin yaradıcılığı fəlsəfi mahiyyətlidir və həyatın axarı, zamanın keçəriliyi, ömrün faniliyi ifadə olunur:
Olmasın, olmasın
Könül qaranlığı.
Ömrün qəmli günləri
Damcı-damcı süzülür
Arzuma, ümidimə.
Arxada qalan illər
İncikli yollar boyu
Uzaqlaşıb qərq olur
Xatirələr gölünün
Dumanlı sükutuna.
Hər gün yaxınlaşdırır
Axır mənzilə bizi.
Sahilini gostərir,
Artıq ömür dənizi.
Lakin bədbinlik keçir, deyilən sözün, xeyirli əməlin əbədiliyi və nəticədə azadlığını insan özü qazanır, vuruşlarda, mübarizədə:
Keçməlisən bu qəm dolu
ağır yolu, çətin yolu.
Vuruşlarda qazanacaq
azadlığı insan oğlu.
Rəsul Rza öz yaradıcılığında da keçmişdən bu günə, əzəldən axıra gələn bu idrak yolunu keçir – uşaqlıq çağı, ana qucağı, gənclik, ahıllıq dövrü, “dünya yuxusuzdur… ölüm ömrü pusur, ağlaya bilmirəm”, “raketlər xaraba qusur, ağlaya bilmirəm” kimi metaforik tapıntılar poeziyamız üçün yenilik, təsvirçilikdən uzaqlaşmaq idi.
Böyük şair, vətənpərvər ziyalı Rəsul Rzanın novatorluğu, modernist yazı çaları öz dövrünü nə qədər qabaqlasa da, o, xalqın mədəniyyətini, ana dilinin saflığını heç bir vəchlə arxa palna keçirməmiş, əksinə, yeniliyin zəminini xalq ənənəsində görmüşdür. Şair şeirində də bu meyarı önə çəkir:
Aydındır şeirin dili,
İstəyərsən sevincdən,
İstəyərsən qəmdən yaz,
Elə aydındır bu dil,
Nadan yüz yol oxusun,
Yenə bir şey anlamaz.
Bununla şair həm də “Rənglər”in məzmun dərinliyini və poetik mükəmməlliyini anlamayanlara da üzünü tutur.
Rəsul Rzanın “İnsan qəlbi”, “Xatirələr”, “Unutmayın”, “Kefli İsgəndər”, “Mən torpağam”, “Məhəmməd Hadi”, “Ömürdən səhifələr”, “Təbrizim mənim” və digər şeirləri poeziyamızda yeni iz açmış, məktəb yaratmış, altmışıncılar nəslinin qaynağı olmuşdur.
Bir sıra tərcümələri ilə də tanınan şairin lirik-epik əsərləri, “Ömür keçdi, gün keçdi”, “Tənhalığın sonu”, “Anamın gəlin qızı”, “Bir gün də insan ömrüdür”, “Qızılgül olmayaydı” poemaları bu janrın milli ədəbiyyatımızdakı klassikası hesab edilir.
Rəsul Rza ədəbi mühitdə fəal mövqe tutub və ədəbiyyatımızın istedadlı nümayəndələri Əli Kərim, Fikrət Sadıq, Fikrət Qoca, Ramiz Rövşən, Mövlud Süleymanlı və bir çox başqalarını da haqsız hücumlardan qoruyaraq, ədəbiyyatımızda yeni yaradıcılıq meyillərinin yaranmasında böyük rol oynamışdır. Həyatı boyu doğma yurdu Göyçaya bağlı olmuş, yerli gənc şairlərə nəsihət vermiş, burada ədəbiyyat dərnəyi yaratmış Rəsul Rzanın unudulmaz xatirəsi bu gün də həm eloğluları, həm də bütün azərbaycanlılar üçün əzizdir.
R.Rzanın həyat yoldaşı Rəfibəyli Nigar Xudadat bəy qızı (1913-1981) məşhur Rəfibəylilər nəslindəndir. “Ana səsi” (1969), “Günəşdən gənclik istədim” (1974), “Bir həzin axşamda düşsəm yadına” (1982), “Şanlı nəsillərin yadigarıyam” (1993) və digər kitabların müəllifi, Azərb.-ın Xalq şairidir.
“Azadlıq yanğısı” ilə yaşayan və yaradan ədib, böyük ziyalı Ənvər Məmmədxanlı qələmə sarıldığı dövrdən oxucu diqqətini çəkən, bu gün də var olan və gələcəkdə də var olacaq ölməz əsərlərin müəllifidir. Nəsillər bir-birini əvəz edəcək və hər yeni nəslin nümayəndələri arasında onun oxucuları olacaq və bu oxucuların iç dünyasının, daxili aləminin formalaşmasında, zənginləşməsində Ənvər Məmmədxanlı bədii irsinin də əvəzsiz rolu olacaqdır. Qələm dostlarının, doğmalarının onun haqqında, yaradıcılığı barədə fikirləri, xatirələri Ə.Məmmədxanlının istedadlı yazıçı, kamil dramaturq və ssenarist olmaqla yanaşı, müdrik, vüqarlı, təmiz, həssas bir insan olduğunu göstərir.
Müasir ədəbiyyatımızın ideya-bədii zənginliyi, janr-üslub müxtəlifliyi onun inkişafında mühüm xidmətlər göstərən hər bir sənətkarın təkrarsız yaradıcılığı ilə müəyyən olunur. Ədəbiyyata “Burulğan” əsəri ilə gələn Ə.Məmmədxanlı elə ilk əsərindən özünün böyük yaradıcılıq imkanlarını aşkarlamış və ədəbi- bədii prosesdə öz özünəməxsus mövqeyi ilə seçilmişdir. Onun üslubunu təsvir etdiyi həyata münasibəti təyin edir. O, həyat hadisəsini gözəllik mövqeyindən qiymətləndirdiyindən və daha çox gözəlliyin özünü bədii təhlilə cəlb etdiyindən lirik-romantik üslub əsas təsvir və tərənnüm vasitəsinə çevrilir. Onun romantikası öz mənbəyini gözəllikdən alır və realizmin dərinləşməsinə xidmət edir.
Yaradıcılığa başladığı ilk dövrlərdən bu estetik meyar onun əsərlərinin əsas təyinedici əlaməti kimi özünü göstərir.
“Burulğan”da yazıçı 1930 illərin gənc nasirlərindən fərqli olaraq, istehsalat prosesindən, neft hasilatını artırmaqdan, sənayeni inkişaf etdirməkdən daha çox, insanların mənəvi çətinliklərini, daxili təlatümlərini əks etdirir. Yazıçı istehsalat, fəhlə, sənaye mövzusunda yazdığı hekayələrində sadəcə istehsalatdan yox, insan sərgüzəştindən, insan taleyindən yazırdı. “Bir adanın sərgüzəşti” hekayəsində əsas qəhrəman Həmidin həyat tarixçəsinin səhifələrində məhrumiyyət və çətinliklərdən keçərək romantik arzularına çatan bir insanın taleyini əks etdirməklə 30-cu illər nəsri üçün orijinal bir obraz yaratmışdır.
Göründüyü kimi, Ənvər Məmmədxanlı yaradıcılığının ilk nümunələrindən başlayaraq öz ilhamını canlı həyatdan almış, onu məhz müasirliyin ən aktual problemləri düşündürmüş və bu da onun romantikasını qidalandırmışdır. Onun “Bakı gecələri” adlı ilk povesti, “Əfsanəvi dağlar”, “Karvan dayandı”, “Qaralmaz günəş”, “Afaq” və s. hekayələri öz dərin insani ideyası, emosional təsir gücü ilə diqqəti cəlb edir. “Bakı gecələri” 1935 ildə yazılıb. Ədib bu ilk povestini yazanda cəmi 22 yaşı vardı. Lakin əsərin kamilliyi, bədii dəyəri və təsir gücü artıq Ə.Məmmədxanlıdan yaradıcılıq yönü müəyyənləşmiş bir yazıçı kimi danışmağa imkan verir. Bu əsərdə gənc yazıçı Bakını yalnız əmək qəhrəmanlarının, yeni həyat qurucularının fəaliyyət meydanı, hadisələrin baş verdiyi sadəcə bir məkan kimi deyil, qədim mədəniyyəti, nadir təbiəti, özünəməxsus kəskin ziddiyyətləri olan, sürətlə dəyişib təkmilləşən, inkişaf edən ictimai münasibətlər şəhəri kimi təqdim edirdi. Ənvər Məmmədxanlı XX əsr Azərbaycan nəsrində lirikanın ilk və gözəl nümunələrini yaradanlardan biri, bəlkə də, birincisidir. Bu xüsusiyyəti onun əsərlərindən bəhs edənlərin çoxu qeyd etmişdir. M.Rzaquluzadə 1939 ildə Mikayıl Manafoğlu imzası ilə çap etdirdiyi “Məmmədxanlı Ənvərin yaradıcılıq yolu” adlı məqaləsində gənc yazıçını bizdə lirik-psixoloji, emosinal nəsrin banisi adlandırmış, 1981 ildə yazdığı məqaləsində professor Abbas Zamanov Ənvər Məmmədxanlı yaradıcılığını bu yöndən dəyərləndirmişdir. “Bakı gecələri” povestində bu keyfiyyət özünü aydın şəkildə göstərir. Ədibin əsərlərini, xüsusilə ilk povestini oxuduqda aydın olur ki, Bakının özü də, gecəsi də, gündüzü də onun üçün gözəldir, əzizdir, təsirli və sirayətedicidir. Bakıda yaşamayan, ömründə bircə dəfə onu görməyən həssas oxucu bu şəhərə laqeyd qala bilməz. Realist təhkiyə ilə romantik təsvirin müvəffəqiyyətlə qovuşduğu povest ictimai həyatın tamamilə yeni bir mərhələyə qədəm qoyduğu çox mürəkkəb bir zamanda bəzən kifayət qədər baş çıxarmadıqları hadisələrin burulğanında çırpınan, zümrüd quşu kimi odlara yanan, lakin təzədən canlanan, əvvəlkindən də qüvvətli qanadlar kəsb edərək inkişafın ənginliklərinə qoşan gəncliyin intibahını özünəməxsus tərzdə əks etdirir (Bəkir Nəbiyev). Kənddən Bakıya gəlmiş tələbə gəncin düşdüyü vəziyyət, keçirdiyi daxili təlatümlər, psixoloji dəyişikliklər povestdə bədii həllini sənətkarlıqla tapmışdır. “Bakı gecələri” XX əsrin 30-cu illərində yaranan bir çox nəsr əsərlərindən yalnız mövzusu deyil, dil-üslub baxımından da seçilir. XX əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəlində ədəbiyyata gələn gənc nasirlərin böyük əksəriyətinin ilk əsərlərinin mövzusunu Sovet hakimiyyəti uğrunda gedən mübarizə, vətəndaş müharibəsi, kənddə kolxoz quruculuğu, Sovet dövrünün təbiri ilə desək, “sinfi düşmənlərin tör-töküntülərinə” qarşı ayıq-sayıq mübarizə aparan yeni cəmiyyət qurucularının fədakarlığı təşkil edirdi. Bu əsərlərin böyük əksəriyyətində insanlar dost və düşmən, ağlar və qırmızılar, əzən və əzilən siniflərin nümayəndələri olaraq sinfi qütblərə bölünürdülər. Belə bir ədəbi mühitdə Ənvər Məmmədxanlı gəncliyin romantikasını, sevgisini nəsrə gətirdi. Müxtəlif ailələrin, insanların məhəbbətə, həyata münasibətini qələmə alan Ənvər Məmmədxanlı “Bakı gecələri”ndə gənclərin ürəyinin döyüntüsünü, xəyallarını, iztirablarını oxuculara çatdıra bildi. 30-cu illərin digər nəsr əsərləri ilə müqayisədə bu əsərdə yazıçı təhkiyəsi və daxili monoloqlar üstünlük təşkil edir. Əsərin sonunda verilən yazılma tarixinə nəzər salmasan, 60-cı illərdə yazıldığını, 60-cı illərin ədəbi nəslinin qələmindən çıxdığını düşünərsən.
Bu əsər XX əsrin əvvəllərinin nəsri ilə 60-cı illərin yeni yaranan nəsri arasında bir ədəbi körpü oldu. “Bakı gecələri” 30-cu illər nəsrində yeni keyfiyyətin yarandığı ədəbi hadisə idi. Başdan ayağa nəğmə təsiri bağışlayan “Bakı gecələri”ndə, təbii ki, müəllifin şəxsi həyatından ştrixlər də vardır. Amma bu əsər bütün gənclərin qəlbinin nəğməsidir.
Ə.Məmmədxanlının hekayələri ilk baxışda sadə görünən, lakin çoxcəhətli həyat lövhələrini, mürəkkəb insan talelərini əhatə edən, kompozisiya qurmağın, ardıcıl bədii təhkiyənin ümumi qayəyə uğurla xidmət edən təfərrüatlarını seçib mənalandırmağın, bütün bunları lirik-psixoloji təsvirin məcrasına yönəltməyin mükəmməl nümunələri ilə zəngindir.
Müasir intellektə, incə, həssas qəlbə, cəmiyyət və insanlar qarşısında vəzifə borcu və məsuliyyət duyğusuna malik olan bütöv səciyyəli qəhrəmanları Ə.Məmmədxanlı sevə-sevə təsvir edir. Yazıçı surətləri müstəqim yolla təqdim etməkdən, onlara xarakteristikalardan ibarət hazır yarlıqlar yapışdırmaqdan uzaqdır. Oxucu onun öz əsərlərində kimlərinsə yaxşı və ya, əksinə, pis olduğunu söylədiyinin şahidi olmur. Yaxşılar və pislər əsərin məzmunundan, obrazların əməllərindən, hərəkətlərindən, insanların münasibətindən müəyyən olunur.
Şaxtalı gecədə, çölün düzündə, körpəsi donmasın deyə, bütün paltarlarını öz əynindən çıxarıb körpəsini bürüyən, daha heç nəyə gümanı gəlməyəndə isə büzüşüb bükülərək bədəninin son hərarəti, qəlbinin axırıncı döyüntüləri ilə körpəsini məhv olmağa qoymayan ana (“Buz heykəl”) bir bədii obraz olaraq bu üsulla yaradıldığı üçün oxucunun nəzərində bir heykəl kimi ucalır. Yaqut (“Bakı gecələri”), İlyas (“Ayrıldılar”), Odunçu oğlu (“Karvan dayandı”), Sürəyya (“Qızıl qönçələr”) oxucu yaddaşına məhz bu vasitə ilə həkk olunur.
Uzun illər dərslik və müntəxəbatlara düşən “Buz heykəl”, “Sevinc”, “Ananın ölümü”, “Qızıl qönçələr” hekayələri digər hekayə və oçerkləri, yol qeydləri Ə.Məmmədxanlının Azərbaycan ədəbiyyatına bəxş etdiyi mükəmməl sənət nümunələridir.
1941–1945 illər müharibəsi dövründə bir müddət Təbrizdə xidmət etmiş Ə.Məmmədxanlının yaradıcılığında cənub mövzusu xüsusi məhəbbətlə əks olunmuşdur. “Karvan dayandı”, “Qızıl qönçələr” və “Baş xiyabanda” hekayələri məhz həmin illərin məhsuludur.
Mirzə Fətəli Axundov haqqında yazdığı romanı hansı səbəbə görəsə tamamlamadı. Romanın mətbuatda yalnız bir neçə fəsli dərc olunmuşdu. Dərc olunan fəsillər Ə.Məmmədxanlının XVIII-XIX əsrlər Azərbaycan tarixi barədə dərin məlumatı olduğunu göstərir. O, mövzu ilə əlaqədar uzun müddət arxivlərdə işləmiş, həmin dövrü mükəmməl öyrənmişdi. Romanın yazılmış, lakin dərc olunmamış hissələri ərəb əlifbası ilə əlyazma halında yazıçının arxivindədir.
Ə.Məmmədxanlının nəsr yaradıcılığının zirvəsi, heç şübhəsiz, tamamlaya bilmədiyi “Babək” romanıdır. Yazıçı ömrünün son iyirmi ilində Babək mövzusu üzərində işləyirdi. Seçdiyi mövzulara həmişə son dərəcə ciddi və tələbkar yanaşan yazıçı tarixi hadisələri, Babəkin şəxsiyyətini, dövrün siyasi, fəlsəfi, dini cərəyanlarını dərindən öyrənir, Azərbaycan, türk, rus dilində tədqiqatlarla, ərəb, fars və yunan qaynaqlarından tərcümələrlə yaxından tanış olur. IX əsr Azərbaycan, eləcə də Şərq mühitini dərindən öyrənən Ə.Məmmədxanlı Babək dünyasına daha yaxından bələd olur, bu mövzu onun üçün doğmalaşırdı. Bu bələdlik, mərhəmlik sənətkarın yaradıcı təxəyyülünə qida verir, o, epoxanın əyani mənzərəsini, müxtəlif insan talelərini, o dövr həyatının dəqiq ayrıntılarını, siyasi çarpışmaların, dini axtarışların inandırıcı səhnələrini təsəvvüründə canlandırmağı bacarırdı. Babək dünyasının qiyabi sakini olduğu təqribən iyirmi illik bir müddətdə Ənvər Məmmədxanlı bu mövzuda müxtəlif janrlarda əsərlər yaratmışdı. Lakin, şübhəsiz, onun Babək mövzusunda yaradıcılıq axtarışlarının əsas yönü roman üzərində illər boyu davam edən zəhməti ilə bağlıdır. Təəssüf ki, yazıçı bu romanı tam şəkildə işləyib oxuculara təqdim edə bilmədi. Onun arxivindən ədəbiyyatımız üçün son dərəcə qiymətli olan romanın birinci hissəsi tapıldı. Bu hissənin əlyazmasının sonunda bitirilmə tarixi kimi 1984 il göstərilib. Buradakı hadisələr Babəkin yalnız gənclik illərini əhatə edir. Amma bununla bərabər, “Babək” heç cür yarımçıq və natamam əsər hesab edilə bilməz.
Ə.Məmədxanlı roman üzərində işlədiyi illər ərzində Babək mövzusunda kinossenari yazmışdı. 1974 ildə tamamlayıb kinostudiyaya təqdim etdiyi ssenari əsasında “Babək” filmi çəkildi.
Həmin ssenari əsasında çəkilən ikiseriyalı “Babək” filminin ssenarisi həqiqi proza səciyyəsindədir. Əgər “Babək” romanının 1-ci hissəsində Babəkin gənclik illəri təsvir olunursa, ssenaridə onun azadlıq uğrunda apardığı mübarizə öz əksini tapır. Odur ki, romanın birinci hissəsi ilə ssenari bir tam kimi qavranılır. Yəni ssenari romanın davamı təsiri bağışlayır.
Məhz buna görə də Ənvər Məmmədxanlı yaradıcılığını dərindən bilən Xalq yazıçısı Anar roman və ssenarini birlikdə Babək haqqında dastan adlandıraraq ssenarini “Babək” romanının 2-ci hissəsi kimi təqdim etmişdir. Əsəri oxuyan oxucu bunu bütöv bir əsər kimi qavrayır. Çünki ssenaridəki hadisələr elə bil romanın davamıdır və eyni obrazlar hər iki əsərdən keçir. Bu qiymətli əsərin (romanın və ssenarinin) nəşri və oxuculara çatdırılmasında Anarın xidməti təqdirəlayiqdir.
Anar yazır ki, romanla ssenarini vahid bir dastan kimi oxuculara təqdim etməyimizin bir səbəbi də var: “Əsərin hər iki hissəsini ümumi bir vəhdətə birləşdirən böyük bir ideal, müqəddəs bir amal – Azadlıq ideyası və ya Ənvər Məmmədxanlının özünün çox sevdiyi ifadəni işlətsək – “Azadlıq yanğısı”. Bu və ya digər dərəcədə hamını sıxan mənəvi əsarət dövründə Ənvər Məmmədxanlı bu əsəri azadlıq eşqinə və azadlıq eşqi ilə yaratmışdı.
Ənvər Məmmədxanlı yaradıcılığında dram əsərlərinin xüsusi yeri vardır.
Azərbaycanın teatr sənəti tarixində parlaq iz qoyub getmiş rejissor, professor Mehdi Məmmədov deyirdi ki, Ənvər Məmmədxanlının səhnə əsərləri “Milli dramaturgiyamızın realist ənənələrini yaşadan müasir həyatın, sənətin mühüm, mürəkkəb problemləri ilə səsləşən sanballı dramlar, böyük çərçivəli dramatik tablolardır.
1945 ildə İranda məşum şah rejimi cənubi Azərbaycan xalqının azadlıq hərəkatını boğduqdan sonra xalqın başına gələn dəhşətli faciələri gərgin dramatik səhnələrdə göstərən “Od içində” pyesi oxucunu və tamaşıçını inandırır ki, ictimai ədalətsizliyə və milli zülmə qarşı mübarizəyə qalxmış Xalqın əzmi qırılan deyil.
“Şərqin səhəri” pyesi uzun zaman repertuardan düşməmişdir. “Kəllə və Qızılgül” pyesi komediya janrında yazılmışdır. Ə.Məmmədxanlının 1975 ildə bitirdiyi” Xürrəmilərin ağ şahini” adlı 3 hissəli tarixi dramı Babək hərəkatına həsr edilmişdir.
“Şirvan gözəli”ndə oxucular və tamaşıçılar Ə.Məmmədxanlının dramaturji istedadının yeni bir xüsusiyyəti ilə tanış olurlar. Onun komik vəziyyətlər yaratmaq, komik konfliktin açılmasında lirik çalara yer vermək, idealın bərqərar olması üçün gülüşdən incə bədii vasitə kimmi faydalanmaq bacarığı bu əsərin mahiyyətini müəyyən edir. “Şirvan gözəli”nin Aşqabad, Tula, Ufa, Kazan şəhərlərində tamaşıçılar tərəfindən dərin rəğbət duyğusu ilə qarşılandığına dair o dövrün qəzetlərində xeyli məlumat dərc edilmişdir.
Azərbaycan kinematoqrafiyasının inkişafında Ə.Məmmədxanlının özünəməxsus xidmətləri var. “Bəxtiyar”, “Babək” filmlərinin ssenariləri Azərbaycan kino sənətinin ən yaxşı nümunələrindədir. “Yeddinci yol”, “Dağ meşəsindən keçərkən”, “Ananın çırağı” kinonovellaları da Ə.Məmmədxanlı qələminin məhsuludur.
Ə.Məmmədxanlı həm də tərcümə ilə məşğul olmuş, bir sıra dünya klassiklərinin əsərlərini dilimizə məharətlə tərcümə etmişdir.
Yazıçının bir çox əsərləri nəşr olunmamışdır. Həyata, insanlara böyük həssaslıqla yanaşan, mühitdəki mürəkkəb prosesləri daxilən yaşayan və “Həyatım ağrıyır” ifadəsinin müəllifi olan böyük yazıçı Ənvər Məmmədxanlının, əsərlərin əksər hissəsini, gündəliyinin qeydlərinin, demək olar ki, hamısını ərəb əlifbası ilə yazan ədibin zəngin arxivi tədqiqatçıların yolunu gözləyir.
Görkəmli ziyalı, ədib, nasir, dramaturq, tərcüməçi, ictimai xadim Anar məşhur Məmmədxanlılar və Rəfibəylilər sülaləsinin nümayəndələri, poeziyamızın korifeyləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlmiş, orta təhsilini 10 illik musiqi məktəbində, məşhur Bülbül adına məktəbdə almış, 1955 ildə həmin məktəbi gümüş medalla bitirərək, təhsilini ADU-nun Filologiya fakültəsində davam etdirmişdir. Yaradıcılığa yeniyetməlik yaşlarından başlayan Anar ilk bədii yazılarını – ”İki dəniz” hekayəsini və Amerika həyatından bəhs edən pyesini 1952 ildə Şuşada yay aylarında yazmışdır. “Keçən ilin son gecəsi” və “Bayram həsrətində” adlı ilk mətbu hekayələri 1960 ildə “Azərbaycan” jurnalında dərc olunmuş və öz yeniliyi, üslub fərqliliyi ilə oxucuların və mütəxəssislərin diqqətini cəlb etmişdir.
Ədəbiyyata nəsrlə gələn Anar dram əsərləri, şeir və ssenarilər də yazmış, tərcüməçiliklə məşğul olmuşdur. Anarın məzmun və formaca çoxşaxəli və zəngin yaradıcılığının qaynaqları ilk növbədə keçən əsrin əvvəllərindəki milli satirik-realist ədəbiyyat, mollanəsrəddinçilər məktəbi, aktual ədəbi-mədəni mühiti isə 1950 illərin ortalarından başlayan mülayimləşmə prosesi kontekstində keçmiş sovet xalqları ədəbiyyatında meydana çıxan, sosialist realizmi meyarlarından fərqli ədəbi cərəyan, altmışıncılar nəsli adlanan yeni, demokratik, azadfikirli yaradıcılıq meyli və təbii ki, yetişib formalaşdığı ailə mühiti olmuşdur.
Tədricən altmışıncılar ədəbiyyatının aparıcı simalarından birinə çevrilən Anar ədəbiyyata yeni tipli qəhrəmanlar, ictimai mövqeyi ilə deyil, öz təkrarolunmaz fərdiliyi ilə seçilən, cəmiyyətin nümunəvi üzvlərinə rəğmən, əksinə, sovet cəmiyyətinə daxilən asi olan azad şəxsiyyətlər gətirmişdir. Bu yeni personajlara uyğun olaraq, əsərlərin mövzusu, süjet xətti də cahanşümul, ictimai mübarizələri, mənfi və müsbət personajların toqquşmasını deyil, şəxsiyyətin daxili aləmində cərəyan edən ağrılı prosesləri, psixoloji sarsıntıları, öz varlığına dalan insanın ideoloji ehkamlara əsaslanan cəmiyyətlə toqquşmasını əks etdirirdi. Anarın belə qəhrəmanları “ağ liman” həsrəti ilə yaşayır, “beşmərtəbəli evin altıncı mərtəbəsinə” can atır, ancaq bu toqquşmada ictimai və mental qadağalara boyun əyib məğlub olurlar.
Anarın əsərlərinin mənəvi-psixoloji, bir çox məqamda təhtəlşüur motivlərə köklənməsi onun hekayə, povest və romanlarının poetikasına da dərindən təsir edir, əsərdə psixoloji təhlil, şüur axını, süjet həllinin alternativliyi izlənir. “Mən, sən, o və telefon”, “Gürcü familyası”, “Asqılıqda işləyən qadının söhbəti” və 50-60-cı illərə aid digər hekayələrində, “Ağ liman”, “Dantenin yubileyi”, “Macal” kimi ilk povestlərində, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında aşkarlanan bu xüsusiyyətlər bədii nəsrimizdə insan xarakterinin bədii təhlilini dərinləşdirmiş, bütövlükdə müasir nəsrimizin inkişafında böyük rol oynamışdır.
Lakin Anar cəmiyyətin problemlərindən, sovet gerçəkliyinin tənqidindən də uzaq olmayıb, sovet rejiminin sərt mərhələsində belə kommunist ideologiyasını, totalitar idarəçiliyi satirik tənqidə məruz qoymaqdan çəkinməyib. Yazıçının 1970 ildə dərc olunmuş “Yaxşı padşahın nağılı” hekayəsi, sovet urbanizasiyasının şiddətləndiyi, insanın təkləndiyi və “özü ilə görüşə” vaxt tapa bilmədiyi həyat tərzini əks etdirən “Macal” povesti, “Molla Nəsrəddin – 66”, “Molla Nəsrəddin – 86” və “Molla Nəsrəddin yüz on il sonra” silsilələri, “Şəhərin yay günləri” pyesi mollanəsrəddinçilər məktəbinin tənqidi-satirik realizmi məcrasında sosial gerçəkliyin, o cümlədən milli-etnik ehkamların ifşa olunduğu, satirik tənqidə məruz edildiyi əsərlərdir. Bu baxımdan, sovet totalitar rejiminin, bu rejimdəki müstəbid obrazının məsxərəyə qoyulduğu, 1970 ildə, sovet rejiminin qüdrətli dövründə dərc olunmuş siyasi pamflet olan “Yaxşı padşahın nağılı”nı ayrıca qeyd etmək istərdik.
Anar milli ədəbiyytaımızda fəlsəfi fantastik mətnin də yaradıcısı hesat oluna bilər, onun “Əlaqə” və “Otel otağı” povestləri, məşhur “Ağ qoç, qara qoç” bu baxımdan diqqəti cəlb edir. Bu əsərlərdə fantastika ictimai-mənəvi meyarlar və sosial ziddiyyətlərlə çulğaşıq mifopoetik bir aləm yaradır.
Anar öz yaradıcılığı ilə milli ədəbiyyatda memuar janrını da yüksək səviyyəyə qaldırmış, memuarlarında şəxsi xatirələr, konkret insanlarla bağlı əhvalatlar geniş tarixi, ictimai-mədəni və mənəvi-fəlsəfi siqlət kəsb etmişdir. Bu əsərlərdən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ”Unudulmaz görüşlər” kitabını, Nazim Hikmət haqqında Azərbaycanda və Türkiyədə nəşr edilmiş ”Kərəm kimi” sənədli romanını, valideynlərini itirdiyi ağır günlərə həsr olunmuş ”Sizsiz” xatirə romanını, Ənvər Məmmədxanlıya həsr olunmuş ”Həyatım ağrıyır” xatirə povestini, Rəsul Rzanın həyat və yaradıcılığı barədə ”Mübarizə bu gün də var” kitabını milli memuar janrının klassikası hesab edə bilərik.
Anarın memuarlarına məzmun və formaca yaxın olan esseləri də ədəbi prosesimizdə və yaddaşımızda əhəmiyyətli yer tutan əsərlərdəndir. Bu əsərlər eyni zamanda ədəbiyyat tariximizin, milli və dünya ədəbiyyatının klassiklərinin, sənət xadimlərinin, klassik mətnlərin yeni dərki baxımından böyük dəyərə malikdir. Bu kimi esse və memuar mətnlərindən ”Dədə Qorqud dünyası”, Nəsimi haqqında ”Şairin hünəri”, Xətai haqqında ”Şairin zəfəri”, Füzuli haqqında ”Şairin kədəri”, M.C.Məmmədquluzadə haqqında ”Anlamaq dərdi”, Cəfər Cabbarlı haqqında ”Azad bir quşdum”, S.Vurğun haqqında ”Vurğunluq”, bunlardan başqa, ”Nəsrin fəzası”, ”Xalçanın hikməti”, ”Muğamın əbədiliyi”, ”Ekran pəncərəsi”, ”İçərişəhər” esselərini, Üzeyir Hacıbəyli, Şövkət Məmmədova, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə, Səttar Bəhlulzadə, Mircavad Cavadov, Tahir Salahov, Toğrul Nərimanəyov, habelə Mevlana, Yunis İmrə, Orxan Vəli, F.H.Dağlarca, Əziz Nesin, Çingiz Aytmatov, Oljas Süleymenov, R.Taqor, E.Heminquey, F.Fellini, V.Mayakovski, D.Şostakoviç, K.Simonov, Y.Yevtuşenko və başqaları haqqında yazıları xüsusi qeyd edə bilərik.
Anarın bir sıra ölkələrə etdiyi aşağıdakı səfər təəssüratları da öz informativ məzmunu, müəllifin kulturoloji, fəlsəfi, tarixi müşahidələri ilə diqqətəlayiqdir: ”4 ay Türkiyədə”, ”Gəzməyə qürbət ölkə”, ”Fransa mayı”, ”Qürbət mənim içimdə”, ”Xəzərdən Xəzərə”, ”Təbrizin yolları dolamba dolan”, ”Durna yolu”, Azərbaycanın müxtəlif bölgələrinə həsr olunmuş ”Qədim Gəncə, yeni Gəncə”, ”Qarabağ şikəstəsi”, ”Naxçıvan naxışları”, ”Şəki şənliyi” və s. mütəfəkkir ədibin baxışı və analitik müşahidələri ilə yaxın və uzaq dünya mənzərəsini göz önündə canlandırır və özümüzlə müqayisəyə imkan yaradır.
1962-1964 illlərdə Moskvada Ali Ssenari kurslarında, 1971-1972 illərdə Rejissor emalatxanasında təhsilini davam etdirmiş, ssenarist və rejissor diplomları almış, 1964-1967 illərdə Dövlət Radio və Televiziya Komitəsində Uşaq şöbəsinin, daha sonra İncəsənət şöbəsinin müdiri vəzifəsində çalışmış Anarın səkkiz pyesi – ”Keçən ilin son gecəsi”, ”Qaravəlli”, ”Adamın adamı”, ”Şəhərin yay günləri”, ”Səhra yuxuları”, ”Sizi deyib gəlmişəm”, ”Təhminə və Zaur”, ”Telefon gecələri” Milli Akademik Dram Teatrında və Azərbaycanın bütün dövlət teatrlarında səhnəyə çıxmış, ”Zəncir” (”Qaravəlli”) Moskvada Miniatür Teatrında, ”Təhminə və Zaur” İstanbulda Bələdiyyə Teatrında, ”Səhra yuxuları” Moldaviyada Kişinyovun Akademik Dram Teatrında, ”Şəhərin yay günləri” Tatarstanda Qazanın Kamal adına Dövlət Dram Teatrında, ”Zəncir” Polşada Poznan şəhərində, ”Telefon və üçü” (Anarın hekayəsi əsəsında bolqar dramaturqunun yazdığı pyes) Bolqarstanda, Razqradda, ”Şəhərin yay günləri” Qırğızıstanda, Türkmənistanda, Ermənistanda tamaşaya qoyulmuşdur. ”Qaravəlli” pyesi əsasında özbək bəstəkarı Kələntərovun yazdığı musiqili komediya Daşkəndin Muqimi adına Teatrında oynanmışdır.
Fikrət Əmirovun ”Nəsimi dastanı” baletinin, Vasif Adıgözəlovun ”Aldın payını, çağır dayını” musiqili komediysının libretto müəllifi olan Anarın film yaradıcılığı da onun fəaliyyətinin geniş, əhatəli, aktual və xüsusi tədqiqata layiq dəyərli bir hissəsidir. Onun ssenariləri əsasında bir çox tammetrajlı bədii film çəkilmişdir (”Torpaq. Dəniz. Od. Səma”, rejissoru Şamil Mahmudbəyov, ”Gün keçdi”, rejissoru Arif Babayev, ilk ikiseriyalı Azərbaycan filmi ”Dədə Qorqud”, rejissoru Tofiq Tağızadə, ”Ötən ilin son gecəsi”, ”İmtahan”, rejissoru Gülbəniz Əzimzadə, ”Əlaqə”, rejissoru Cahangir Zeynalov, ”Təhminə”, ”Otel otağı”, rejissoru Rasim Ocaqov, ”Cavid ömrü”, ”Sübhün səfiri”, rejissoru Ramiz Həsənoğlu). ”Dantenin yubileyi” filmini öz ssenarisi əsasında Anar özü və Gülbəniz Əzimzadə çəkmişlər, iki seriyalı ”Üzeyir ömrü” və iki seriyalı ”Qəm pəncərəsi” filmlərinin həm ssenari müəllifi, həm quruluşçu rejissoru Anardır. Bir sıra televiziya tamaşalarının, filmlərinin və sənədli filmlərin ssenari müəllifidir (”Evləri köndələn yar”, ”Nigarançılıq”, ”Bu – Səttar Bəhlulzadədir”, ”Bu – Cavaddır”, ”Daş saatın səsi”, ”Dədə Qorqud dünyası”, ”Çinar ömrü” və s.).
Anarın yaradıcılığında türk xalqlarının Ana kitabı olan “Kitabi Dədə Qorqud” xüsusi yer tutur. Onun bu mövzuda memuar xarakterli ”Dədə Qorqud dünyası” əsəri, ”Dədə Qorqud ensiklopedyiyası”nın təşəbbüskarı və Ön sözünün müəllifi olduğunu, ”Dədə Qorqud” ikiseriyalı tammetrajlı film və ”Dədə Qorqud dünyası” TV filminin ssenari müəllifliyini və digər təşəbbüslərini ayrıca qeyd etməliyik.
Anarın bir sıra əsərləri xarici ölkələrin teatrlarında səhnələşdirilmiş, bəzi əsərləri əsasında xaricdə filmlər çəkilmişdir: ”Mən, sən, o və telefon” hekayəsi əsasında ”Mosfilm”də ”Hər axşam 11-də” filmi çəkilmişdir (ssenari E.Radzinski, rejissor S.Samsonov). Bu hekayə əsasında Türkiyədə də bədii film çəkilmişdir. Türkiyədə ”Dantenin yubileyi” povesti əsasında ”Aktyorun əsgisi” adlı bədii film çəkilmişdir. Moskva Mərkəzi televiziyası ”Mən, sən, o və telefon” hekayəsini və iki müxtəlif quruluşda ”Keçən ilin son gecəsi” hekayəsini (birində Həmidə xala rolunu Fadeyeva, o birində Dobrjanskaya ifa etmişlər) ekranlaşdıraraq 1-ci proqramla nümayiş etdirmişdir. Bu telekanalın 1-ci proqramı ilə Moldaviya Dövlət Teatrının ”Səhra yuxuları” tamaşası da göstərilmişdir. Tallin televiziyasının ekranlaşdırdığı ”Dantenin yubileyi” tamaşasında Kəbirlinski rolunu SSRİ Xalq artisti Yuri Yarvet ifa etmişdir.
Anar haqqında da filmlər çəkilmişdir. Rejissor Ramiz Həsənoğlu müxtəlif illərdə Anara həsr olunmuş iki televiziya filmi çəkib (”Anarla üz-üzə” və ”Anarlı anlar”), Anarın altı il müddətində AzTV-də apardığı ”Poeziya” verilişində Azərbaycan, türk və türkmən şeirinin görkəmli nümayəndələrinin yaradıcılığı işıqlandırılıb. Əsərlərinə məşhur bəstəkarlar tərəfindən musiqilər bəstələnmişdir.
Anarın fəaliyyətinin milli mündəricəli mühüm bir hadisəsi də onun 1968 ildə “Qobustan” incəsənət toplusunu yaratmasıdır. Sovet ədəbiyyatının “məzmunca sosialist, formaca milli” mədəniyyət meyarının əksinə olaraq, Anar uzun illər baş redaktoru olduğu bu jurnalda mədəniyyətimizin, sənət və ədəbiyyatımızın mahiyyətcə milli məzmununu, ortodoksal sovet ideologiyasının qəbul etmədiyi demokratik, milli və xəlqi səciyyəsini təbliğ etmişdir.
Həm Azərbaycan, həm rus dilində eyni dərəcədə sərbəst yazan Anar tərcüməçiliklə də fəal məşğul olmuşdur. O, V.Şekspirin Akademik Milli dram teatrında tamaşaya qoyulmuş ”Fırtına” pyesini, A.Blokun, V.Mayakovskinin, S,Yeseninin və B.Pasternakın (Pasternakı dilimizə ilk dəfə Anar çevirib) şeirlərini, eləcə də başqa şairlərin əsərlərini, müxtəlif dövrlərə aid nəsr əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Anarın geniş oxucu kütləsinin diqqətini cəlb edən, dərin fəlsəfi-mənəvi mətləbləri və müasirliyin aktual ictimai-əxlaqi məsələlərini yüksək bədii səviyyədə əks etdirən müxtəlif ölkələrdə nəşr olunan onlarla kitabı, kəskin ictimai problemləri əks etdirən satirik nəsr əsərləri və dramları, insanın daxili zənginliyini aşkarlayan lirik-psixoloji mətnləri və milli mənliyimizin, mədəniyyətimizin, tariximizin müxtəlif məsələlərinə həsr olunan esse və memuarları milli mədəniyyətimizin əvəzolunmaz tərkib hissəsidir.
Bütövlükdə Anar imzası və şəxsiyyəti tək ədəbiyyat yox, milli şüur hadisəsidir, mədəniyyət hadisəsidir və mənəvi sərvətimizdir! Sovet rejiminin kəsərli vaxtında sosialist ideologiyasının və ideoloji məzmunlu sovet əxlaq kodeksinin xilafına olan idealları və personajları ədəbiyyata gətirmiş, dünyaya hökm edən sovet imperiyasıını əsərlərində məsxərəyə qoymuş, milliliyi zahirdə deyil, mahiyyətdə aşkarlayan hekayə, povest və romanları, fəlsəfi publisistikası, filmləri, “Qobustan” dərgisi ilə milli mənlik şüurumuza təkan vermiş, Qarabağ yaddaşını qəlblərə həkk etmiş böyük ziyalı – Azəbaycan, türk aləmi, dünya ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndəsi Anarın yaradıcılığı bu gün də aktualdır və sabah da aktual olaraq qalacaqdır.
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərim Göyçayda fəhlə ailəsində anadan olmuş, erkən vaxtdan ədəbiyyata marağı yaranmış və 1948 ildə bu maraq sayəsində ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Ancaq maddi çətinliklərə görə yataqxanaya ehtiyacı olan gələcək şair az sonra Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçib. Ədəbiyyata olan ciddi həvəsi nəticəsində III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955 ildə oranı fərqlənmə diplomu ilə bitirib.
İlk mətbu əsəri 1948 ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuş, “İlk simfoniya” poeması Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında mükafata layiq görülmüşdür. “İki sevgili” adlı ilk kitabı da 1958 ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rus dilində nəşr edilmişdir.
Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında fəaliyyətə başlayan Əli Kərim şeir şöbəsinin müdiri olmuşdur. Bu dövrdən fəal ədəbi yaradıcılıqla məşğul olan Əli Kərim poeziyamıza yeni üslub, ifadə tərzi və bədii-estetik duyum gətirmişdir. Lirik-psixoloji şeiri dərin müşahidəçiliklə birləşdirən şairin şeirləri və poemaları tərənnüm obyektinə fəlsəfi və eyni zamanda lirik-psixoloji, idraki və duyğulu, ilk növbədə isə səmimi münasibətlə seçilmişdir. Əli Kərimin yaradıcılığı, poeziyası ilə şəxsiyyəti arasında da heyranedici bir vəhdət olmuş və akademik Tofiq Hacıyev bu xüsusiyyəti dəqiq ifadə etmişdir: “Ə.Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətlərdəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: “Babəkin qolları”nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir”. Görkəmli alim bu xüsusiyyətlərin şairin fərqli əsərlərində orijinal tərzdə təzahür etdiyini göstərir: “Babəkin qolları”nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; “Heykəl və heykəlin qardaşı” poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, heykəlidir. “Gül və çörək”, “Sevirəm”, “Bomba üstündə ev”, “Çiçəklər iclasda” kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir” (Tofiq Hacıyev).
Əli Kərimin bütövlükdə poeziyamızda yeni mərhələ açmış lirik-psixoloji şeirləri və poemalarının maraqlı bir xüsusiyyəti onların həm də ictimai məzmun daşıması ilə bağlıdır. Onun “Qayıt…”, “Ağlağan söyüdün altından axan”, “İki sevgi”, “Qaytar ana borcunu” və digər şeirləri insan qəlbinin dərinliklərini, fərdi duyğuları, psixoloji məqamları aşkarlamaqla yanaşı, həm də mənəvi-əxlaqi məzmun daşıyır, ümumiləşərək fəlsəfi mənaları ifadə edir. Bununla bərabər, bu iki məzmun qatının çulğaşması əsərlərin estetik dəyərini azaltmır. Bu baxımdan “Daş” şeiri şairin yüksək poetikliyə və həm də məna çoxqatlılığına malik səciyyəvi əsərlərindədir:
Düşünməyin ki, daş yox oldu,
Daş çevrilib bir ox oldu,
Oldu qılınc,
Güllə,
Mərmi,
Dayanmadı fikir kimi,
Atom oldu…
Əli Kərim “Qaytar ana borcunu”, “Qayıt”, “Gül və çörək”, “Sevirəm”, “Bomba üstündə ev”, “Çiçəklər iclasda”, “Babəkin qolları”, “Atamın xatirəsi”, “Analar ağlar”, “Metronun yaylı qapıları”, “Gəl, Azərim”, “Habil”, “Van Qoqun günəşi”, “Kürə yağış yağırdı”, “Daş”, “Həmişə səfərdə”, “Bəzən haqq qazanır insan öləndə”, “Xirosimada məktəbsiz uşaq”, “Şəhidliyin zirvəsi” kimi əsərlərində izlənən bu xüsusiyyət bütövlükdə poeziyamız üçün yenilik idi. Şairin bu üslubunu rəmzlər üzərində qurulmuş klassik şeirlə modern poeziya prinsiplərinin orijinal vəhdəti təcrübəsi hesab edə bilərik. Əli Kərimin bu şeir üslubu ilk növbədə aşağıdakı bədii forma və vasitələrin orijinal tərzdə istifadəsinə əsaslanırdı: simvolizm, metaforiklik, assosiativlik, lirik psixologizm, azadfikirlilik və sairə.
Əli Kərim poeziyasında həm də mifopoetik düşüncəyə və müəyyən qədər klassik poeziyada izlənən insan və kainat, ərzani və rəbbani arasında vəhdət fəlsəfəsinə uyğun xüsusiyyət izlənilir. “Qayıt” şeirində lirik qəhrəmanın hiss və duyğularının kosmik məzmun kəsb etməsi buna bir nümunədir:
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun.
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi –
Yenə olduğutək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!
Şairin digər bir məşhur əsərində, “İki sevgi” şeirində isə iki əks anlayış – ülvi sevgi, eşq, vəfa motivləri həm öz ilkin mənasında işlənir, həm də ictimai məzmun kəsb edir, ülviyyətdən uzaq olan insanların dar daxili dünyasının və əxlaqının ifadəsi oxucuya daha dərindən təsir edən xüsusiyyət kimi aşkarlanır:
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz, – deyən kimi.
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm…
Nöqtə, nöqtə və nöqtə.
Əli Kərimin yaradıcılığında tarixi şəxsiyyətlərə – Babəkə, Füzuliyə, Nəsimiyə, Müşfiqə, S.Vurğuna, R.Rzaya həsr etdiyi şeirlər də xüsusi yer tutur. Bu əsərlərdə də fərdi motivlər ümumiləşərək geniş məzmun qazanır, milli, tarixi, ictimai, mənəvi mətləblərin ifadəsinə xidmət edir.
Bəzən şairin əsərinin leytmotiv mənası gərgin lirik-psixoloji təhlildən keçərək əldə olunur, şair əsərin məzmununu mənəvi axtarışların müxtəlif qatlarından keçirir, oxucunu idraki cəhətdən gərginləşdirir və əsas fikrini mətnin sonluğunda aşkarlayır:
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!
Əli Kərim yaradıcılığının mövzu dairəsi kimi, istifadə etdiyi poetik vasitələr, məcazlar, rəmzlər, təşbehlər də orijinal və təsirlidir. Əsərlərinin poetikası məzmuna və lirik qəhrəmanın xarakterinə uyğun, səmimi və təsirlidir:
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn kimi bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim,
O utanıb öz ölümündən.
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
Əli Kərim poeziyasının mahiyyəti onun öz yaradıcılığında lirik şeirin başlıca tələbinə – lirikanın müəllifin dəruni duyğularının, daxili aləminin səmimi ifadəsi olması tələbinə uyğunluğu ilə bağlıdır. Fitrətdən şair olan, “ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrilən… ilhamı doğuluşundan buxov üzü görməyən” (Tofiq Hacıyev) Əli Kərim məhz buna görə həyatını yaradıcılığından ayırmayıb və “Vəsiyyət”ində əbədiyyətdə də özünə kağız və qələm arzulayıb:
Tabutuma
Bir az kağız qoyun,
bir dənə də qələm.
Hayıf bu yaşda
heç nə,
heç nə deməmişəm.
İndi imkan olsa,
bir dənə də mahnı çaldırsınlar.
Şeirlə mahnının möcüzəsilə
Ayılmağa
çox dəli bir ümidim var.
38 yaşında vəfat edən böyük şairin bu ümidi doğrulub, onun əsərləri bu gün də sevə-sevə oxunur, tədris və tədqiq olunur. Xatirəsinə doğma yurdu Göyçayda park salınıb, heykəli ucaldılıb, bir çox yerlərdə adını daşıyan küçələr və poeziya klubları var.
1927 ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuş İsgəndər Coşqun Göyçayda orta təhsil aldıqdan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə daxil olmuş və 1949-cu ildə bitirmişdir. Poeziyaya həvəsi olan İsgəndər Coşqunun ilk şeiri dövrün ruhuna uyğun olan “Mavzoleydə” şeiri olmuş və institutu yeni bitirmiş gənc şairin əsəri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. Şeir yaradıcılığını ədəbi fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən İsgəndər Coşqun 1952 ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955 ildə bitirmişdir.
1962 ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmiş, eyni zamanda fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Yaradıcılığında poeziya ilə yanaşı, dramaturgiya da əhəmiyyətli yer tutmuşdur.
1954 ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqunun “Gəmidə söhbət”, “Qığılcımlar”, “Mən atamı düşünərkən”, “Nəğmə dolu ürək”, “Uzaq ulduzlar” və s. kitabları çap olunub. Lirik duyğuları ifadə edən şeirlərlə yanaşı, sovet ənənəsinə xas ideoloji mövzulara da müraciət etmişdir. “Bakı Komissarları” pyesi 1986 ildə tamaşaya qoyulub. Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib. S.Vurğunun “Komsomol poeması” əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. 1991 ildə ona “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Bir sıra şeirlərinə musiqi bəstələnmiş, sözlərinə bəstələnmiş bəzi nəğmələr dillər əzbəri olmuşdur. Bu nəğmələrdən bəstəkarı Emin Sabitoğlu olan “Gənclik nəğməsi” uzun illər məşhur müğənnilərin repertuarından düşməmiş və bu gün də efirlərdə, konsertlərdə səslənməkdədir:
O arzular ovlağı,
Ömrümün hər varağı…
Unudulmaz heç zaman
Gəncliyimin ilk çağı.
Dönər aylar, fəsillər,
Bir də dönməz o illər.
Bir gün qanad açarıq,
Yuvamızdan uçarıq.
İlk uşaqlıq çağından
Şirin söhbət açarıq.
Xoş xəyallar həmdəmi,
Yox kədəri, yox qəmi.
Bu dünyada bəzəkdir
Gəncliyimin hər dəmi.
Qələmini müxtəlif janrlarda sınayan İsgəndər Coşqun vətənpərvər mövzulu və təntənəli pafoslu şeirlər də yazmış və bu ritmik mətnlərə də bəstəkarlar mahnı bəstələmişlər. İsgəndər Coşqunun “Hər Vətən deyəndə mən” şeirinə Oqtay Kazıminin bəstələdiyi nəğmə şairin bu tip şeirlərinə nümunədir:
Hər Vətən deyəndə mən
Yadıma ömrümün ilk çağı düşür,
Mehriban anamın qucağı düşür.
Hər Vətən deyəndə mən
Ucalır gözümdə o qəlbi dağlar,
Yoluma gül səpir bağçalar, bağlar.
Hər Vətən deyəndə mən
Kəpəzdən, Qoşqardan ötüşür yolum,
Göygölün boynuna dolanır qolum.
Hər Vətən deyəndə mən
Laylamı Kür çalır, nəğməmi Xəzər,
Aylarım, illərim ömrümü bəzər.
Hər Vətən deyəndə mən
Əyninə al-əlvan don geyir Bakı.
Səsimə səs verib, can deyir Bakı.
Hər Vətən deyəndə mən,
Gəzirəm Şirvanı, Mili, Muğanı,
Bağrıma basıram Azərbaycanı.
Nəğməkar şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun 1996 il dekabr ayının 10-da vəfat edib və öz vəsiyyətinə uyğun olaraq, Əli Kərimin məzarı yanında dəfn olunmuş, Göyçay rayonunda Əbədiyaşar ədiblər kompleksində büstü ucaldılmışdır.
Göyçayın Alıkənd k.-də dünyaya gəlmiş, Göyçay şəhərində orta məktəbi bitirmiş görkəmli şair və jurnalist İbrahim Göyçaylı (İbrahim Məmməd oğlu Əsgərov) 1953 ildən Bakıda ADU-nun (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. Ali təhsil aldıqdan sonra mətbuatda müxbir kimi fəaliyyətə başlayıb. Sonrakı dövrdə də fəaliyyyəti mətbuat orqanları, televiziya və radio ilə bağlı olmuşdur. Azərb. Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət” qəzetində baş redaktor, Azərb. Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-2007 illərdə baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib. Radioda qırx illik fəaliyyəti dövründə milli radionun inkişafında böyük xidməti olub.
Nəğməkar şair adlanan, 100-dən çox şeirinə mahnı bəstələnən İbrahim Göyçaylının yaradıcılığı Azərbaycan lirik şeiri ənənəsində formalaşıb, klassik və müasir poeziyamıza xas insani sevgi, vətən məhəbbəti, doğma yurdun mənzərəsi, mənəvi dəyərlər, fəlsəfi anlayışlara həsr olunub. Şairin əsərlərində başlıca amal insan sevgisi, insana hörmətdir. Bu baxımdan şairin orijinal ritmik quruluşa layiq “Qoymayın qızları kədərlənməyə” şeiri diqqətəlayiqdir:
Qoymayın qızları kədərlənməyə,
Ürəyə xal düşər,
Hissə xal düşər.
Dünyada bircə qız kədərlənərsə,
Dəyişər rəngini,
Dəyişər səhər.
Qoymayın qızları kədərlənməyə,
Ağacdan yarpaq da saralar düşər,
Bir sevinc kürləşər,
Çəkilər göyə,
İllərin səfindən bir bahar düşər.
Şairin yaradıcılığında tərənnüm etdiyi fərdi mənəvi anlayışlar onun əsərlərində geniş məna qazanır, sonsuz zaman və məkan məhvərinə daxil edilir, şəxsi tale, lirik qəhrəmanın duyğuları geniş tarixi perspektivə “min ilin tənhalığına” daxil edilir:
Günlər sənsizlikdən bezib, yorulub,
Ayları, illəri çapar, əzizim.
Təkliyin əlindən məni almasan,
Ürəyim üzülər, qopar, əzizim.
Bu sevda gecikən amandı, ahdı,
Gəlib ildırımtək gözümdə çaxdı.
Bu odu söndürmək, vallah, günahdı,
Sinəmi oymasın qubar, əzizim.
Mənim tənhalığım min ildi, bəlkə,
Ömrüm bu dünyada gəzəri kölgə.
Səni axtarmışam mən ölkə-ölkə,
Məni tənhalıqdan qurtar, əzizim.
Ümumən, şairin yaradıcılığında şəxsi motivlər, hiss və duyğular kainata, mühitə, təbiətə şamil edilir, təbiət və lirik mən arasında psixoloji parallelizm yaranır və bunun nəticəsində şəxsi motivlər geniş fəlsəfi məna və məzmun qazanır. “Bu gecə” şeiri bu baxımdan şairin səciyyəvi mətnlərindəndir:
Çağlayır bu gecə sevda qanımda,
Ovcumun içində ruhum da oyaq.
Bu xoş saatımda, bu xoş anımda
Elə bil heç səhər açılmayacaq…
…Elə bil əlləri saçımda gəzir,
Baxışı üzümdə sığal yel kimi.
Mən ona vurğunam, o mənə əsir,
Axır ürəyimə, axır sel kimi.
İndi dünya mənim, bu gecə mənim,
İndi qol-boyunam məhəbbətimlə.
Min illik günümə bu gecə qənim,
Aldım qisasımı mən həsrətimdən.
Bəzi hallarda şair öz duyğularını vətən sevgisi, vətən təbiəti ilə bağlayır, vətənin təbiəti, çiçəyi, çəməni gözəllik, səadət rəmzi olur:
Səpsin işığını yoluma göylər,
Çiçək də, çəmən də sevinsin bu gün.
Xoşbəxtəm yurdumun baharı qədər,
Xoşbəxtəm sən məni sevdiyin üçün.
Göyçayda doğulmuş, burada formalaşmış şairin yaradıcılığında doğma yurd Göyçay motivləri, bu qədim diyarın rəmzi olan çinar ağacı həm mövzu, həm də ilham mənbələrindən biridir. Yurduna dərindən bağlı olan şair uzaqlarda çinar gördükdə də ilhamlanır, doğma diyarı yada düşür, çinarla birgə qəribsəyir və bu hissləri əsərlərinə gətirir:
Göylərə baş vuran çinar,
Ay çinar,
Bir söylə, sən hara,
Bu yerlər hara?
Sənin Göyçay kimi bir vətənin var,
Necə gəlib çıxdın sən uzaqlara.
Lakin şairin dünyanı və özünü dərki bununla məhdudlaşmır, doğma yurd onu böyük vətənə və ümumən bəşəri mövzulara yönəldir. Şair dövrün bəşəri problemlərinə toxunur, planetar miqyasda düşünür və özünü ifadə edir, özünü məsul sayır:
Çəkərəm dünyanın haqsız qəmini,
Ovunmaz günlərə ilim neyləsin?
Göylərdən ələndi dərd ki, yağıştək,
Yanar ocağımda külüm neyləsin?
Yağan yağışlara isindi ahım,
Çəkildi özünə,
Çəkildi ruhum.
Günahsız yol üstə nədi günahım?
Taleyi nigaran könlüm neyləsin?
Qanlı Yanvardan başlamış qarşılaşdığımız faciələrə reaksiya verən, onları daxilən, əzabla yaşayan şair haqqın zəfərinə, ədalətin yerini tutacağına olan inamını itirmir və qələbə əzmi ilə yaşayıb-yaradır:
Ey ulu ruhumuz, ey ana torpaq,
Səbrin uca olsun bu qəm-qüssədən.
Bir gün həqiqətin qalxar ayağa,
Bir gün öz haqqına
Çatarsan, Vətən!
Qələbəyə inamı heç vaxt sarsılmamış şairin ruhu bu gün, torpaqlarımızın azad olduğu gün şaddır və o yaşasaydı, zəfər nəğmələrini yazardı.
“Dalğalar qoynunda”, Yadigar sözlər”, “Gözlərinin işığında”, “Qərənfil işığı”, “Qoymayın qızları kədərlənməyə”, “Ulduzlar nədən danışır”, “Vaxt soruşsa”, “Песня голубой вершины” (Москва), “Uzaq haraylara isinmir ürək”, “Ümiddən uzun gecə”, “Lirika”, “Ümid yeri”, “Yaşadığım bu dünya”, “Fikrimin sabahı”, “Ömrümüz su kimi” kitabları dərc olunmuş, şeirlərinə yüzdən yuxarı mahnı bəstələnmiş İbrahim Göyçaylının yaradıcılığı oxucular və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Şairin Rusiyada, Gürcüstanda, İranda kitabları çap olunub.
1964 ildən SSRİ Jurnalistlər İttifaqqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş İbrahim Göyçaylı səmərəli fəaliyyətinə və yaradıcılığına görə 2006 ildə prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 2007 ildə uzun sürən xəstəlikdən sonra vəfat edən məşhur şair İbrahim Göyçaylının xatirəsi doğulduğu rayonda da əziz tutulur. Hazırda Göyçay ş.-nin küçələrindən biri onun adını daşıyır.
Göyçay ədəbi mühitində formalaşmış tanınmış şair, dramaturq Feyruz Dadaş oğlu Məmmədov 1940 il iyul ayının 4-də I Ərəb kəndində sadə kəndli ailəsində anadan olub, burada orta məktəbi bitirərək, Göyçay Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. Uşaqlıqdan ədəbiyyata marağı olan Feyruz hələ kiçik yaşlarından şeir yazmağa həvəs göstərib, 15 yaşında yazdığı “Ana” şeiri festivalda 1-ci yerə layiq görülüb.
Texnikumda oxuduğu vaxt da bədii yaradıcılığa davam edib, Göyçay Mədəniyyət Evində bədii rəhbər olarkən texniki tərəqqiyə, didaktika məsələlərinə həsr olunmuş ilk pyeslərini qələmə alıb. 1961-1967 illərdə Dövlət İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində təhsil alıb. Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Xalq Yaradıcılığı Evində xalq yaradıcılığı şöbəsinin müdiri işləyib.1983 ildə təbiəti mühafizə sərgisinin direktoru təyin edilən Feyruz Məmmədov müxtəlif mövzulu pyesləri ilə oxucu kütləsinin və teatrsevərlərin diqqətini cəlb edib.
Onun 1970-80 illərdə Musiqili Komediya Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı və digər teatrlarda səhnələşdirilən “Tələ quran özü düşər”, “Ac qulağım, dinc qulağım”, “Sirli dəyirman”, “Dəli dünya”, “Meşədə döyüş”, “Ayrılıq”, “Taleyin cəzası”, “Anasının gül balası”, “Ayrılırıq, vəssalam”, “Təlxəyinnağılı”, “Ənağırcəza” və s. pyesləri uzun müddət teatrların repertuarından düşməyib. Dram əsərlərində əsasən ictimai, mənəvi-əxlaqi mövzuları gündəmə gətirən müəllifin yaradıcılığında tənqidi pafos, yumor və satira da güclüdür. Dramaturqriya karlığı, əqidəsizliyi, xəyanəti, ikiüzlülüyü ifşa edir, dramatic səhnələrlə saxtakar xislətli personajların mahiyyətini açıb göstərir. Lakin müəllif bununla kifayətlənmir və pyeslərində şöhrətpərəst, ikiüzlü mənfi personajlara qarşı əqidəli, safniyyətli, cəmiyyətə faydalı olmağa çalışan müsbətx arakterləri qoyur. Bu baxımdan onun 1980 ildə Musiqili Dram Teatrında səhnələşdirilən və Moskva ş.-də qızıl medal ilə təltif olunan “Sirli dəyirman” əsəri mövzu aktuallığı, süjetin dinamikliyi, konfliktin gərginliyi, müsbət idealın aydın ifadəsi ilə seçilir.
Yüzlərlə müxtəlif janrlı şeirin, qəzəl, rübai, poemaların, 20-dən artıq pyesin müəllifi olan Feyruz Məmmədovun bir çox şeirlərinə mahnılar bəstələnib. Feyruz Məmmədov şeirlərində də mənəvi dəyərləri, dostluq, ana, yurd, vətən məhəbbətini tərənnnüm edir. “Ana” şeirində ana məhəbbətinin saflığı, ana məğrurluğu, ana zəhməti tərənnüm edilir, ana borcunun ödənilməzliyi vurğulanır:
Rəssam olsaydım əgər mən sənin əksini,
Ağ vərəq üstə yox, asimana çəkərdim.
Heykəltaraş olsaydım ürəyiminy ağından,
Heykəlini tökərdim.
Fəqət nə edimki, mən
Kiçik şeir yazmaq gəlir əlimdən.
Şairin yüksək dəyər verdiyi anlayışlardan biri də həqiqi dostluq, dost sədaqəti, dost vəfasıdır. Bu dəyərləri pyeslərində də ifadə edən şair dostluğun həm səadət, həm də məsuliyyət olduğunu xalq poeziyası üslubunda yazdığı şeirlərində dilə gətirir:
Dosta vəfa, dosta dözüm gərəkdir,
Dosta verrəm, bilsəm gözüm gərəkdir.
Yaxşı bir dost ömrə-günə bəzəkdir,
Dost yolunda candan keçib neçə dost.
Dostun dərdi hər bir dərddən ağırdır,
Dost möhnəti dost qəlbini ağrıdır.
Nə böyük dərd, nə dözülməz ağrıdır,
Dar ayaqda dostu qoyub, qaça dost.
Feyruz Məmmədovun poetic əsərləri bəstəkarları da cəlb etmiş, onun şeirlərinə bəstələnmiş “Çinarlar şəhəri”, “Şirvana gəl”, “Körpə balam dil açır”, “Xəzərin sahilində”, “Səninlə olsam” və s. mahnılar bu gün də populyardır. Feyruz Məmmədov uşaq ədəbiyyatı ilə də məşğul olub, “Tənbəl”, “Sual-cavab”, “İynə deyil tikandır” və digər bu kimi uşaq əsərləri yazıb.
Yaradıcılığı geniş öyrənilməyən F.Məmmədovun əsərləri haqqında məqalələr dərc olunub, 2004 ildə “Ürəyi işıqlı insan” kitabı çapdan çıxıb.
İstedadlışair, dramaturq, mədəniyyət xadimi Feyruz Məmmədov 2002 ilin 27 noyabrında vəfat edib.
İstedadlı nasir, dramaturq, publisist, ssenarist olan Əli Səmədli haqqında söz düşəndə ilk növbədə görkəmli uşaq yazıçısı olması xatırlanır. İlk müəllimi atası, adlı-sanlı kənd müəlimi Səmədov Qafur Hacı İmaməli oğlu olan Əli uşaqlıqdan ziyalı mühitində böyüyüb, ədəbiyyata maraq göstərib, məktəb dövründə şeir yazmağa başlayıb.
Peşəkar yaradıcılığa keçən əsrin əllinci illərindən başlayan Əli Səmədlinin ilk mətbu əsəri 1959 ilin mayında “Ədəbiyyat və incəsənət” qəzetində çap olunan ”Unuda bilmirəm” adlı hekayəsi olmuşdur. Bu dövrdən mətbuatda ardıcıl olaraq hekayələrlə çıxış edən yazıçının ”Artıq tamah baş yarar”, ”Hərənin bir ulduzu”, “Kibrit çöplərinin macərası”, “Sehrli xalça”, “Siçanların toyu” və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Uşaqlar üçün müxtəlif janrlı əsərlərin müəllifi olan Əli Səmədlinin “Aqil babanın nağılları” adlı ilk kitabı 1962 ildə nəş olunmuş, müəllifinə böyük şöhrət gətirmişdir. Bu kitabla uşaq ədəbiyyatı onun yaradıcılığının əsas istiqamətini təşkil etmiş, ardıcıl olaraq, “Tərgül və Zərgül”, “Sehrli xalça”, “Qarlı gündə”, “Çinar ömrü uzun olur”, “İnnab ağacı”, “Bənövşə bəndə düşə” və digər əsərləri dərc olunmuş, Qərb və Şərq xalalarının dillərinə tərcümə edilərək kütləvi tirajlarla nəşr edilmişdir.
Nağıl, nağıl-pyes janrlarının kamil ustası, nağıl-pyesin ədəbiyyatımızda yaradıcısı olan Əli Səmədli bu janrlarla məhdudlaşmamış, demək olar ki, bütün ədəbi növlərdə və əksər janrlarda qələmini sınamış və uğur qazanmışdır. Dramlarına maraq xüsusilə böyük olmuş, pyesləri, demək olar ki, bütün teatrlarda səhnələşdirilmiş və fenomenal uğur qazanmışdır. Yalnız onu demək kifayətdir ki, ”Artıq tamah baş yarar” nağıl-pyesi 1964-1983 illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulmuşdur. Bundan əlavə, televiziya ilə də əməkdaşlıq etmiş, bir sıra telefilmi və teletamaşası uzun illər ekranlarda göstərilmişdir.
Əli Səmədlinin uşaq əsərləri də forma və məzmunca rəngarəng və zəngindir. Kiçikyaşlılar üçün nağıl, məzhəkəvi pyeslərlə yanaşı, yazıçı milli-tarixi mövzulara da müraciət etmiş, Babək, Şeyx Şamil, Cavad xan, general və şərqşünas Sadiq bəy Ağazadə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi general Həzi Aslanovun həyatından bəhs edən povestlər nəinki uşaq və gənclər, eyni zamanda yaşlı oxucuların da rəğbətini qazanmış əsərlərdir. Müxtəlif janrlarda eyni dərəcədə kamil əsərlər yazan Əli Səmədli memuar janrında da qələmini sınamış, “Ömrümə düşən işıq” kitabında həyatı boyu rastlaşdığı insanlar haqqında xatirələrini bölüşmüşdür. Onun yaradıcılığında nağıl janrı xüsusi yer tutur, uşaqlar tərəfindən sevilə-sevilə oxunan yüzlərlə nağıl, nağıl-pyeslər ona “Naığılçı baba” adını qazandırıb. İyirmidən çox dilə tərcümə edilən əsərləri müxtəlif ölkələrin ədəbi ictimaiyyəti və oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Artıq tamah baş yarar”, “Sarıtel xanım”, “Ölüm hökmü”, “Robot qadın”, “Toyda Çelentano oxuyur”, “Hərənin bir ulduzu”, “Barışıq olmayacaq” və sairə pyesləri Azərbaycanın və digər ölkələrin teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Əli Səmədli məhsuldar yazıçı olmuşdur. Görkəmli yazıçı Qılman İlkin Əli Səmədli haqqında məqaləsində yazır ki, “Adətən, müxtəlif janrlarda çıxış edən yazıçılar bu janrların birində müvəffəq olurlar. Onu uşaqlar üçün yazan yazıçı da adlandırırlar. Doğrudur, o, uşaqlar üçün də yazıb, ədəbiyyata da uşaq yazıçısı kimi daxil olub. Ancaq mən deməzdim ki, o yalnız uşaq yazıçısıdır. Onun tarixi mövzuda yazılmış “Barışıq olmayacaq”, “Qara bulud” əsərləri göstərdi ki, o, böyüklər üçün də yazmağı bacarır”.
Onun müasir mövzularda yazdığı əsərlər də həyatı müşahidə qabiliyyəti və müşahidə etdiyi həyat həqiqətini ustalıqla bədii ədəbiyyata gətirmək bacarığını göstərir. Bu baxımdan güclü bədii təsir gücünə və mənəvi-əxlaqi mündəricəyə malik “Qanlı bənövşə”, “Gecikmiş bahar” diqqəti cəlb edir. Yazıçının “Palıd ağacının ruhunda yaşayan adam” hekayəsində Babəkin, “Qara bulud”da isə Cavad xanın obrazı canlandırılır. Bu əsərlərdə xalqımızın azadlıq mübarizəsi, vətən sevgisi, doğma elə-obaya sədaqət hissləri tərənnüm olunur.
Əli Səmədlinin satirik əsərləri içərisində “Üç qulac kəndir”, “Zəhər”, “Mən necə poliqlot oldum”, “Paulyusun təsbehi” öz ictimai mündəricəsi və poetik kamilliyi, xalq gülüşünün xoş ovqatı ilə seçilir, satirik hekayə janrının ən yaxşı nümunələri ilə bir cərgədə dayanır. “Üç qulac kəndir”, “Zəhər” hekayələrində isə satirik ruh, sarkazm önə çıxır.
Əli Səmədlinin yaradıcılığında şeirlər də əhəmiyyətli yer tutur. Orta məktəb illərində müxtəlif mövzulu şeirlər yazsa da, ədəbiyyata nəsrlər, uşaq nağılları ilə gəlmiş, sonradan hekayə, povest, pyes, ssenari müəllifi kimi tanınmışdır. Yaradıcılığının yetkin çağında yenidən şeir yazmağa başlayan Əli Səmədlinin poetik mətnləri də oxucular və mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır. Əli Səmədlinin uzun illər sonra şeirə qayıtması haqqında Xalq şairi Fikrət Qoca yazırdı: “Kimin qəlbində poeziya odu varsa, o, mütləq şeir yazacaq. Şeir o zaman yazılır ki, onu yazmaya bilmirsən… Dostum Əli Səmədlinin şeirləri nəzəri cəlb edir və həvəslə oxunur”.
Müəllifin uğurlu şeirləri içərisində “Məktublarım” diqqəti cəlb edir. Bu şeiri oxuyanda fikirləşirsən ki, Əli Səmədli nağıl, pyes, hekayə yazmayıb, yalnız şeir yazsaydı da, ədəbiyyatımızda mövqe qazanar, özünəməxsus yer tutardı:
Dəniz sənə yazdığım
Məktubun ağ vərəqləri,
Sətirləri dəli-dolu dalğalar,
Səsim dalğaların
həzin nəğmələri,
Eşit nəğmələrimi, gözəl!
Yay bitəcək, payız gələcək,
Payızın qızıl yarpaqlarında
Yazacam sənə məktublarımı.
Göndərməyə bir əsim külək
istəyəcəm Tanrıdan.
Oxu məktublarımı, sulara,
yazdıqlarımı.
Bütövlükdə isə, Əli Səmədli ilk növbədə Azərbaycan uşaq ədəbiyyatının klassiki, bu sahədə böyük uğur qazanmış, uşaq ədəbiyyatı janrlarını yeni səviyyəyə qaldırmış görkəmli sənətkardır. O, eyni zamanda doğma yurdu Göyçay haqqında da xeyli sayda yüksək bədii səviyyəli əsərlər yazmış sənətkardır. 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərmiş, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifi olan Əli Səmədlinin yurd sevgisi həm onda təzahür edib ki, o, Göyçayda “Arvan” alı kitabxana-muzey açaraq öz şəxsi kitabxanasını (iyirmi mindən artıq kitab), yüzlərlə tarixi-etnoqrafik əşyasını, uzun illər ərzində topladığı xeyli rəssamlıq və heykəltəraşlıq əsərlərini uşaqlara hədiyyə edib.
Azərbaycanın mərkəzi rayonlarından biri, keçmiş qəza mərkəzi olan Göyçayın daxilində də müəyyən ədəbi mühit formalaşıb, yerli şairlər, söz-sənət adamları, ədəbiyyat müəllimləri özünəməxsus ədəbi çevrədə ünsiyyətdə olublar. Keçən əsrin ortalarından Göyçayda xüsusilə qaynar ədəbi proses cərəyan edib və bu prosesdə yuxarıda adlarını çəkdiyimiz şair və yazıçıların müəyyən qismi bu və ya digər şəkildə iştirak edib. Lakin 1950-60 illərdə görkəmli ədiblərin Bakıya köçməsi ilə bir müddət Göyçay ədəbi mühitində müəyyən durğunluq yaranıb.
1960 illərdə şair Mehdi Mehdiyevin “Pöhrələr” adlı ədəbi birlik yaradaraq istedadlı gəncliyi cəlb etməsi ilə ədəbi mühitdə yenidən canlanma başladı. İstedadlı şair Mehdi Mehdiyevin özü də fəal yaradıcılıqla məşğul idi, “Qalibiyyət bayrağı”, “Yeni həyat” qəzetlərində, “Kirpi” jurnalında dərc olunan şeirləri mövzu aktuallığı və bədii keyfiyyəti ilə seçilir, oxucuları cəlb edirdi. Onun Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr etdiyi “Ana” şeirindən bir bənd heykəlinə həkk olunmuşdu:
Yarasını sağaltmışıq insanın da, torpağın da,
Lakin xalqım unutmayıb bizdən ayrı düşənləri,
Kədərlənib yad etmişik hər Qələbə bayramında
Cəbhələrdə vətən deyib həlak olan hər əsgəri.
Lakin həmin ədəbi birliyin fəaliyyəti uzun sürmədi, Mehdi Mehdiyevin qəfil vəfatından sonra birlik dağıldı.
60-cı illərdə yaradıcılığa başlayan Aydın Kərimov ADU-nu bitirdikdən sonra mətbuatda çalışmışdır. Həmin dövrdən şeirləri qəzet və jurnallarda müntəzəm çap olunan Aydın Kərimov 1965 ildən Azərb. Yazıçılar İttifaqının üzvü idi və İttifaqın göndərişi ilə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olmuşdur. Şeirləri mərkəzi mətbuatda, keçmiş sovet respublikalarında rus və başqa dillərdə çap olunmuşdur. 1960 ildə bəstəkar Şahid Əbdülkərimovun onun sözlərinə bəstələdiyi “Sevgilimə könül verdim” mahnısı indiyədək müğənnilərin repertuarından düşmür. 1967 ildə “Neft daşları” qəzetinə redaktor təyin edilən Aydın Kərimov 1970 ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. Son 20 ildə Göyçayda yaşamış, “Kirpi” jurnalının bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. “Qətl yerində qətl” sənədli romanı 2007 ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş Aydın Kərimov 2022 ildə vəfat etmişdir.
1970 ildə Göyçayda “Yeni həyat” qəzetinin redaksiyası nəzdində Əli Kərim adına Poeziya Klubu təsis edilmişdir. Klubun yaradıcısı və fəxri sədri böyük şair Rəsul Rza, məsul katibi “Yeni həyat” qəzetinin şöbə müdiri, istedadlı şair, publisist Məzahir Əhmədoğlu idi. Klub üzvləri ayda bir dəfə qəzet redaksiyasında toplaşar, yazdıqları əsərləri müzakirə edər və bəyənilənləri M.Əhmədoğlu Bakıya, Xalq şairi Rəsul Rzaya göndərər, onun xeyir-duasından sonra şeirlər işıq üzü görərdi. R.Rza Göyçaya hər gəlişi zamanı redaksiyaya gələr, Klubun fəaliyyəti ilə maraqlanardı. 1978 ildə R.Rza Klub üzvlərinin çap olunan şeirləri barədə mətbuatda məqalə ilə çıxış etmiş, şeirləri bəyəndiyini, gənc yazarların doğru yolda olduqlarını qeyd etmişdi. Həmin dövrdə qəzetin səhifələrində Səfərəli Sarvan, Mövsüm Hüseynov, Alıkişi Səfərov, Qara Süleymanov, Ədalət Əsgəroğlu, Mahir N.Qarayev, Ətraf Alməmmədoğlu (Sərraf), Əkbər Əlioğlu, Adil Məmməd, Südabə Əhmədova (Sərvi) müntəzəm olaraq çıxış edərdilər.
Poeziya Klubunun məsul katibi Məzahir Əhmədoğlu orijinal, bədii cəhətdən mükəmməl şeirlərlə çıxış etməklə yanaşı, həm də Klub üzvlərinə məsləhətlər verər, onların inkişafı qayğısına qalardı. Sonralar Məzahir Əhmədoğlu publisistika sahəsinə keçdi və respublikanın ən məşhur publisistlərindən biri kimi tanındı. Həmin illərdə Sumqayıt ş.-də yaşayan göyçaylı istedadlı gənc şair Sabir Adil vaxtaşırı Klubla əlaqə saxlayar, yeni şeirlərini göndərərdi.
Xalq şairi R.Rzanın vəfatından sonra Kluba Məzahir Əhmədoğlu rəhbərlik etməyə başladı. Ötən əsrin 90-cı illərinə kimi Klub müntəzəm fəaliyyət göstərməkdə davam edirdi. Ədalət Əsgəroğlu, Mahir Qarayev Bakıya köçsələr də, Klubla əlaqələrini kəsmirdilər. Məzahir Əhmədoğlu “Yeni həyat” qəzetindən çıxdıqdan sonra Poeziya Klubu fəaliyyətini dayandırdı. Klub üzvləri ilk günlərdən öz yaradıcılıqları ilə fərqlənməyə, orijinallığa, yeniliyə, öz yollarını tapmağa çalışır və çox vaxt da buna nail olurdular. Oxucular da onları üslubundan tanıyır, vəzn etibarilə də heca vəzni ilə yanaşı, sərbəst şeirdən də istifadə edirdilər.
Səfərəli Sarvan sərbəst şeirə üstünlük verir, yığcam əsərlərlə özünü ifadə edirdi, lakin ilk kitabını görə bilmədi, kitabı çıxanda o, artıq dünyasını dəyişmişdi.
Məzahir Əhmədoğlunun şeirləri dərin, fəlsəfi fikirlərlə zəngin, üslub kamilliyi ilə seçilir, oxucunu düşündürür:
Yuxunuza üsul-üsul qonaram,
O dənizə bir qağayı olaram,
Göy üzündə qanad açıb donaram,
O gecənin gözlərinə baxarsan.
Ulduzlara əlim çatmaz, bilirəm,
O kədəri ona görə sevirəm;
Səsi donmuş yağışlardan keçirəm,
O nəğmənin qollarında yataram.
Ədalət Əsgəroğlunun şeirləri isə özünəməxsus deyim tərzi ilə fərqlənir:
Günah dara çəkir məni,
Aman vermir ağlamağa,
Başıma bəladı dilim,
Sirri qoymur saxlamağa.
Fələk kimdir ərk elədim,
Ərk eylədim, gör neylədi,
Dönə-dönə görk eylədi,
Cürətim yox qarğımağa.
Kədər atı yorğa çapır,
Ha qaçıram, məni tapır.
Könlüm-gözüm açıq qapı,
Əlim gəlmir bağlamağa.
Təəssüf ki, istedadlı şair Ədalət Əsgəroğlu yaradıcılığının çiçəkləndiyi dövrdə dünyasını vaxtsız dəyişdi.
Mahir N.Qarayevin şeir və poemaları barədə Xalq şairi Ramiz Rövşən yazır: “Bu əsərlər Müşfiqdən üzübəri ana dilimizdə yazılmış ən gözəl lirik poemalarla bir sırada durmağa layiqdir. Bu əsərlərdə insan ürəyinin ən gizli, ən məhrəm duyğularından tutmuş, ən böyük milli dərdlərimizə, bəlalarımızacan hər şey öz əksini tapıb”.
Mahirin “Dəmir Qapı Dərbənd” silsiləsindən IX bölümü – “Dözüm”ü oxumaq kifayətdir ki, onun poetik dünyasının sakini olasan:
Dərddən demə, qardaş:
çəkilməz dərdimə,
tikilməz qəlbimə yazığın gəlsin,
dözəndə – səbrimə,
bezəndə – qəbrimə yazığın gəlsin;
tanrısız dünyanın bəndəsi yazıq,
şəhərlisi yazıq, kəndlisi yazıq,
hayıfdı bu nəslin 37-si,
əsrin 41-nə yazığın gəlsin!
Ətraf Alməmmədoğlu (Sərraf) Poeziya Klubunun üzvləri arasında öz təmkini, təvazökarlığı ilə seçilirdi. O illərdən uzun müddət keçib, o, indi respublikanın tanınmış şairlərindəndir, 20-yə yaxın kitabın müəllifidir, öz oxucuları, yeni əsərlərini həsrətlə gözləyənlər var. Yaşa dolub, səbirlə, təmkinlə yaradıcılığının zirvəsinə doğru gedir, hər yeni şeirində inkişafda olduğu görünür, hiss olunur. Xarakteri olduğu kimi qalıb. Sakit, təvazökar. Poeziyaya, sözə də münasibəti dəyişməyib. Gəncliyində sözə necə məsuliyyətlə yanaşırdısa, sədaqətlə xidmət edirdisə, indi də elədir:
Dəfələrlə səhv elədim,
Kimliyimi bilənəcən.
Nə qədər yol qət elədim,
Məndən mənə gələnəcən.
Hiyləsindən, kələyindən,
Yağışından, küləyindən,
Keçdim illər ələyindən,
Bəlkə, yenə ələnəcəm?
Gah qınadı, gah da öydü,
Gah qaldırdı, gah da əydi,
Ömür elə-belə şeydi,
Sınanırıq ölənəcən.
Əkbər Əlioğlu şeirdə də, nəsrdə qələmini sınayıb. Maraqlı şeirləri, hekayələri var. “Kərkicahansız Gülcahan, yaxud əsirin əsəri “povesti maraqla qarşılanıb. Oxucular onun şeirlərini, povest və hekayələrini istedadlı qələm əhlinin əlindən çıxmış bədii əsərlər kimi müsbət qarşılamışlar. Lakin ədəbi mühitdə o, daha çox folklor tədqiqatçısı, elmi-ədəbi, tənqidi məqalələr müəllifi kimi tanınır. Onun akademik Məmməd Cəfər, Nobel mükafatı laureatı Markez, dünya şöhrətli Ç.Aytmatov, Əli Kərim, Anar, Fikrət Qoca, S.Səxavət, Ə.Xələfli, G.Pənah, Mahir Qarayev, Ətraf Sərraf, Qulu Xəlilov, Mirəli Seyidov, Adil Məmməd, Məzahir Əhmədoğlu və b. haqqındakı məqalələri elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, təqdir olunmuşdur.
Əli Kərim adına Poeziya Klubunun üzvlərindən olan Adil Məmməd həm şair, həm də publisist kimi tanınır. O nədən yazır-yazsın, fərqi yoxdur, duyğuları yazdığı misralar, sətrlər arasından özü boy verir. Son zamanlarda “filoloji fantaziyalar” dövriyyəyə daha çox daxil olur və ədəbiyyat adına çeşidli gedişlər edilir. Lakin Adil Məmməd bütün səmimiyyətilə deyir:
Nə getməyə yerim var,
Nə də qalmağa üzüm.
Qulağa inanmıram,
Zəif görür də gözüm.
…Rahatlığım, dincliyim
Hansı küncə qısılıb?
Ürəyimin dərdləri
Kirpiyimdən asılıb.
Ürəyim pıçıldayır:
Hələ bu harasıdı,
Yağış yüklü o bulud
Gözümün qarasıdı.
…Sərhədlə əzablanmış
Bir balaca ölkəyəm,
Mən bir azca işığam,
Bir azca da kölgəyəm.
…İllərdir öz-özümlə
Yola getmirəm nədən?
Nə sayaq dil tapsınlar
Azad ruh, kölə bədən?
Bu, bütün ədəbi-nəzəri variasiyalardan kənarda, ömür sərhəddini bəlləməkdir. Şair həm gözünün tutduğu, ondan da o yana var olan geniş məkanı, ucsuz-bucaqsız ərazini, həm də bu genişliyin bir balaca nöqtəyə dönüşdüyü anı hiss edir, həm insanı yola salan, həm də əlindən tutub saxlayan sərhədi fəhm edir.
Əli Kərim adına Poeziya Klubunun fəaliyyəti dayanandan sonra da r-n qəzetində ara-sıra şeirlər, hekayələr, publisistik, elmi-tənqidi yazılar, yeni kitablar haqqında resenziyalar çap olunurdu. 90-cı illərdə Əbülfət Mazalı, Ülfət Qarabağlı, Abil İslam və b. yazarların şeirləri “Göyçay” qəzetində işıq üzü görürdü. 2004-2006 illərdə qəzetin redaktoru olan Adil Məmməd “Ədəbiyyat dərnəyi” yaratmaq üçün rayon yazarlarına müraciət etdi. Həmin dövrdə ayda bir dəfə yerli yazarların uğurlu yazıları vaxtaşırı qəzetdə çap olunmağa başladı. Həmin dövrdə Əkbər Əlioğlu şeir və ədəbi-tənqidi məqalələrlə, Hafız Rüstəmli, Elza, Məhəbbət Göyçaylı, Nicat Kərimov, Səfər Qəmiyev şeirlərlə, Adil Məmməd şeir və publisistik yazılarla çıxış edirdi. Həmin yazılar “Ədəbi mühiti yaşadaq” rubrikası ilə açılan səhifədə işıq üzü görürdü. 2006 ildə Adil Məmməd redaktorluqdan çıxdıqdan sonra həmin dərnək fəaliyyətini dayandırdı. Uzun fasilədən sonra – 2018 ildə qəzetdə yenidən “Ədəbi mühiti yaşadaq” rubrikası altında yazılar verilməyə başladı.
Ədəbiyyat səhifəsində uzun illər qələm təcrübəsi olan İlqar Əhmədoğlu, Aqil Kəngərli, Adil Məmmədlə yanaşı gənc yazarların da yazıları nəşr olunmağa başladı. Yeni imzalar içərisində Könül Həyatın şeirləri uğur qazandı, az bir zaman içində o, rayon oxucuları tərəfindən tanındı.
Göyçaylı yazarlardan Pərviz Yəhyalı bədii yaradıcılığa 90-cı illərin 2-ci yarısından başlasa da, çap olunmağa tələsmir. 2000 illərin əvvəllərində bir neçə hekayəsi və povesti qəzet və jurnallarda nəşr olunaraq oxucuların mühakiməsinə verildi və rəğbətlə qarşılandı. Lakin uzun müddət çap olunmaqdan imtina etdi. 2020 ildən başlayaraq həm əvvəllər yazdığı, həm də yeni hekayələrini sosial şəbəkələrdə oxuculara təqdim etdi. Həmin hekayələr qısa bir zamanda öz oxucularını tapdı. Tezliklə respublikanın hüdudlarını aşdı. Həmin hekayələr artıq Gürcüstandakı soydaşlarımız tərəfindən gürcü dilinə çevrilərək qonşu xalqın oxucularının mühakiməsinə verilmişdir. Mətbuatda da son dövrlərdə Pərvizin bir neçə hekayəsi işıq üzü gördü. Orijinal, bədii cəhətdən bitkin, dil və üslub baxımından kamil olan bu hekayələr göstərir ki, Pərviz Yəhyalı yaradıcılığının kamillik dövrünə qədəm qoymuşdur.
2022 ildə Rəsul Rzanın Ev-muzeyində muzeyin direktoru Solmaz Həsənova və AYB-nin üzvü Adil Məmmədin təşəbbüsü ilə eyni zamanda iki qrup yaradıldı: Rəsul Rza adına Ədəbiyyat Klubu və Gənc Yazarlar dərnəyi. Ədəbiyyat Klubunun fəaliyyət planı Yazıçılar Birliyinə, Gənc Yazarlar dərnəyinin fəaliyyət planı regional Mədəniyyət İdarəsinə təqdim edildi. Hər ikisi bəyənildi.
2022 ilin iyun ayından Ədəbiyyat Klubunun məşğələləri ayın ortasında, Gənc Yazarlar Klubunun məşğələləri isə ayın sonunda keçirilir. Klubun və dərnəyin rəhbəri Adil Məmməddir. Klubun məşğələlərində Göyçayda yaşayan yazarlar Əkbər Əlioğlu, Aqil Kəngərli, Könül Həyat, Şəmsiyyə Qaramanlı, Humay Əsgərova, Aynur Əliyeva və başqaları ilə yanaşı, Bakı şəhərində yaşayan İlqar Əhmədoğlu və Ətraf Sərraf da iştirak edirlər. “Gənc Yazarlar” dərnəyinin üzvləri kollecin, tam orta məktəblərin tələbə və şagirdləri, Gənclər Mərkəzində və orta məktəblərdə çalışan istedadlı gənclərdir. Gənc yazarlar arasında Nərgiz Səmədzadənin hekayələri diqqəti daha çox çəkir. Dərin müşahidə qabiliyyətinə malikdir. “Ömür yolu” adlı hekayələr kitabını nəşrə hazırlayır.
Tanınmış yazıçı-publisist Məzahir Əhmədzadə “Gənc yazarlar” birliyinin məşğələlərində vaxtaşırı iştirak edir və gənclərə dəyərli məsləhətlər verir.
Rəsul Rza adına Ədəbiyyat Klubunun fəaliyyəti çoxşaxəlidir. Klubun fəaliyyətinin bir istiqaməti Rəsul Rza irsinin öyrənilməsinə və təbliğinə yönəlib. Həmçinin, klubda Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin öyrənilməsi və gənc nəslə çatdırılması, Göyçay doğumlu sənətkarların irsinin tədqiq və təbliğ edilməsi, yeni kitabların müzakirəsi, görkəmli yazarların yubileylərinin keçirilməsi nəzərdə tutulub. Digər istiqamət isə Göyçayda yaşayan yazarları bir araya gətirmək, yeni əsərlərini müzakirə etmək, nəşrə hazırlamaq, yaymaq və s. kimi işlər görməkdir.
“Gənc Yazarlar“ dərnəyinin məqsədi isə əlinə yenicə qələm alan gənclərin içərisindən istedadlıları aşkar etmək, onlara qayğı göstərmək, məsləhətlər vermək, klassik və müasir Azərb. ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının ən dəyərli nümunələri əsasında ədəbi-bədii, estetik zövqlərini formalaşdırmaqdır. Hazırda Göyçay ədəbi mühiti canlı həyatını yaşayır. Göyçayda, Bakıda göyçaylı yazarların ədəbi dərnəkləri, yaradıcılıq qrupları fəaliyyət göstərir. Bu qruplarda istedadlı yazarlar toplanıb, onlar yazdıqları əsərləri həmkarları ilə birlikdə müzakirə edir, özünəməxsus yaradıcılıq laboratoriyasında formalaşaraq inkişaf edirlər.
Ədəbi qruplardan biri – yaradıcısı və rəhbəri şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Abil İslam olan və internet üzərindən yaradılmış “Göyçaylı yazarlar” qrupudur. Həmsədri Südabə Sərvi olan qrupun əsas məqsədi göyçaylı yazarları gələcək nəsillərə tanıtmaq, onların canlı ünsiyyətinə şərait yaratmaq, əsərlərinin müzakirəsini keçirməkdir.
Qrupun rəhbəri Abil İslam, həmsədr Südabə Sərvi, üzvləri Nuranə Nur, Aqil Kəngərli, Ətraf Sərraf, Əhməd Əsgər, Adil Məmməd, Əkbər Əlioğlu, Anar Məcidzadə, Sahib Bəxtiyar, Şəmsiyyə Qaramanlı, Gülmaya Feyruzqızı, Əfşan Yusifqızı, Vasif Ayan, Qalib Nuri, Elvin Firudinoğlu, Səfərəli Sarvan, Sabir Adil, Məzahir Əhmədoğlu, Mahir Qarayev, Həsən Lütfi, Emin Mahmudov, Rafiq Akif, Könül Həyat, Firudin Göyçaylı, Vüsal Eyvaz, Nuranə Rafaelqızı, Elvin Ömərov, Ülviyyə Rəhimqızı, Vahid Şahinoğlu, Günel Sabirqızı (İsayeva), Aslan Əsədovdur.
Bu qrupun özəlliyi ondadır ki, burada rəhmətə getmiş göyçaylı ədiblərin – Qafur Əfəndiyev, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylı, Əli Səmədli, Emin Mahmudov, Aydın Kərimov, Feyruz Məmmədov, Faiz Göyçaylı, Fətəli Sahub, Ədalət Əsgəroğlu, Əhmədov Ağaməhəmməd Şövkət oğlu və digərlərinin yaradıcılığına da münasibət bildirilir, təbliğ olunur.
Qeyd etməliyik ki, “Göyçaylı yazarlar” qrupunun rəhbəri Abil İslam özü də istedadlı şair və publisist, jurnalistdir. Abil İslamın yaradıcılığının əsas mövzuları – doğma yurd, vətən, xalq, eləcə də fəlsəfi, mənəvi, əxlaqi mətləblərdir. Şair Abi İslam ilhamını, mənəvi gücünü doğma torpaqdan, Göyçayın mübarizələr dolu tarixindən alır:
Mən barsız, kölgəsiz budaq deyiləm,
Köküm var, heç kimə calaq deyiləm.
Çağrılmayan yerdə qonaq deyiləm,
Əlvida deməyə tələsmə hələ.
Şair yurddaşlarının vətən savaşını dilə gətirir, dost, düşməni ayırd edən eloğlularının vətən, yurd sevgisini tərənnüm edir, ana torpağın şəhid qanları ilə vətən olduğunu, torpağımızın, yurdumuzun şəhid qanı ilə müqəddəsləşdiyini bildirir və orijinal bədii vasitələrlə şeirin oxucuya təsir gücünü artırır:
Torpağımda bitən lalə
Mərd qanından rəng alıbdır.
Babəkimin qılıncından
Düşmən qorxub tük salıbdır.
Göyçay ədəbi mühitinin fəal və istedadlı nümayəndəsi, bir neçə kitab müəllifi olan Aqil Kəngərlinin yaradıcılığında publisistika ilə yanaşı poeziya da əhəmiyyətli yer tutur. Onun şeir yaradıcılığı əsasən mənəvi-fəlsəfi motivlərə, vətənpərvərlik mövzusuna həsr olunmuşdur. Şairin “Vətən, torpağını vermərəm yada” şeiri bu baxımdan xarakterikdir:
Əldə silah keşiyində durmuşam,
Vətən, torpağını vermərəm yada.
Hər kiçik zərrəni Cənnət bilmişəm,
Vətən, torpağını vermərəm yada.
Koroğlu şimşək tək çaxıb bu yerdə,
Cavad xanın qanı axıb bu yerdə,
Xətai bayrağın taxıb bu yerdə,
Vətən, torpağını vermərəm yada.
Göyçayda dini mövzuda yazan şairlər də az deyil. Onlardan Hacı Yaşar Göyçaylı (Hüseynov Yaşar Əlisurət oğlu) 1958 ildə anadan olub. Ötən əsrin 90 illərindən imzası mətbuatda görünməyə başlayıb. Beş kitabın müəllifidir. Şeirlərinin böyük əksəriyyəti dini mövzudadır. İlahi sevgini tərənnüm edən Hacı Yaşarın dünyəvi mövzularda da şeirləri vardır.
Göyçay ədəbi mühitinin nümayəndələrindən gənc yaşında rəhmətə getmiş istedadlı yazar Əhmədov Ağaməhəmməd Şövkət oğlu ziyalı ailəsində doğulmuş, ilk təhsilini Göyçay şəhər 5 saylı məktəbində almış, tam orta təhsilini isə 7 saylı məktəbdə tamamlamışdır. 1971-1976 illərdə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsində təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra təyinatı üzrə bir müddət Ucar r-n Təhsil Şöbəsində, sonra isə həmin r-nun Qiyabi orta məktəbində çalışmışdır. Təyinat müddəti bitdikdən sonra Göyçay r-nunun Mirzəhüseynli k. məktəbinə göndərilmişdir. O bu məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etməklə bərabər, dərs hissə müdiri vəzifəsini də icra etmişdir. Ağaməhəmməd Əhmədov r-n ziyalıları ilə daim təmasda olmuş, buradakı ədəbi mühitlə qaynayıb-qarışaraq püxtələşmiş və rayonun ictimai-mədəni həyatına müəyyən töhfələr vermişdir. Zamanında rayonun nüfuzlu dövri mətbuatı olmuş “Yeni həyat” qəzeti ilə davamlı əməkdaşlıq etmişdir. Bundan başqa, o, respublika səviyyəli mətbuatda da öz imzası ilə görünməyə müvəffəq olmuşdur. O, sağlığında ikən “Kirpi” jurnalında satirik hekayəsini dərc etdirmiş, “Sovet kəndi” qəzetində Xalq yazıçısı Süleyman Rəhimovun yaradıcılığına həsr olunmuş yubiley məqaləsi ilə çıxış etmişdir. Onun satirik hekayəsi Respublika dövlət televiziyasında istedadlı aktyorların ifasında səhnələşdirilmiş şəkildə təqdim olunmuş və həmin nümayiş çoxsaylı tamaşaçıların rəğbətini qazanmışdır. Ağaməhəmməd Əhmədovun “Cavanlıq” adlı hekayələr kitabı vəfatından sonra, 2023 ildə işıq üzü görmüşdür.
Göyçay ədəbi-mədəni mühitində formaılaşmış bir sıra tanınmış yazarlar respublika və xarici ölkələrin ədəbi təşkilatları tərəfindən mükafatlandırılmışlar. Bunlardan şair-publisist, tarixçi, AYB və AJB üzvü, İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvü, “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə” , “Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və s. diplom və fəxri fərmanlar laureatı, 8 kitab müəllifi, Prezident təqaüdçüsü Aqil Kəngərli; şair-publisist, pedaqoq, Əməkdar müəllim, AYB-nin üzvü, jurnalist Adil Məmməd; şair, yazıçı, tərcüməçi, AYB-nin üzvü Mahir Qarayev; yazıçı-publisist, AJB-nin üzvü, “Qızıl qələm” və “Ali Media Mükafatı” laureatı Məzahir Əhmədoğlu; yazıçı-publisist, AYB üzvü, Prezident təqaüdçüsü, 7 kitab müəllifi Südabə Sərvi; şairə, AYB üzvü, Prezident təqaüdçüsü, bir neçə kitab müəllifi Nuranə Nur; tarixçi, publisist, nasir, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Pərviz Yəhyalı; şair, publisist, jurnalist, AYB-nin və Azərb. Jurnalistlər Birliyinin üzvü Məcidzadə Anar Feyruz oğlu; şair, filoloq, AYB-nin üzvü Namiq Hadi; şair, yazıçı-ssenarist, Azərb. Yazıçılar İttifaqının üzvü Sabir Adil; şair, publisist, AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı Kərimov Aydın və başqaları ölkə miqyasında tanınan ədiblər kimi fəaliyyət göstərirlər.
Göyçay əhalisi sözə-sənətə böyük dəyər verir və qələm əhlinə diqqət və qayğısını əsirgəmir. Bu baxımdan Rəsul Rzanın Ev-muzeyi, Əli Kərim adına Göyçay ş. parkı, bu parkda salınmış “Əbədiyaşar ədiblər” Kompleksi qədirbilən göyçaylıların şeirə, sənətə olan diqqət və qayğısının əyani nümunəsidir.
Asif Hacılı,
filologiya e.d., professor
Adil Məmməd,
Əməkdar müəllim