Göyçayın tarixinə aid maraqlı faktlardan biri nüfuzlu Azərb. türk tayfalarından olan Qacarların yaratdığı dövlətin (1796–1925 illər) şahzadəsi olan Fərhad Mirzə Qacarın Göyçayda olması ilə bağlıdır. Fətəli şahın nəvəsi, görkəmli sərkərdə, vəliəhd Abbas Mirzənin oğlu, dövrünün görkəmli ziyalısı olan Fərhad Mirzə Qacar (1818-88) 1875-76 illərdə Şimali Azərb.-na gələrək buradan Həcc ziyarətinə gedib. Abbas Mirzənin oğlu Fərhad Mirzə Qafqaz Azərb.-nına qədəm qoyan ilk şahzadə olduğundan, ona dövlət səviyyəsində, çox yüksək hörmət edirdilər.
1875 ilin 8 sentyabrında başlayan səfər 1876 il martın 29-u başa çatıb. 233 gün çəkən səyahətin 117 günü dayandıqları yerlərdə, 116 günü isə bilavasitə quru və su yollarında keçmişdir. Bu səfər zamanı olduğu yerlər haqqında təəssüratı və qarşılaşdığı hadisələr barədə Fərhad Mirzə sonradan “Səfərnamə” əsərini yazıb.
Səfərin Şimali Azərb.-na aid hissəsi Fərhad Mirzə və heyətinin Bakıya gəmi ilə daxil olması ilə başlanır. Fərhad Mirzəni Bakıda “Əkinçi” qəzetinin çıxmasına yaxından kömək edən, qubernator Staroselski qarşılayıb. Bakıdan sonra 20-24 oktyabr 1875 il tarixində Şamaxı–Ağsu–Göyçay–Ağdaş–Mingəçevir istiqamətində hərəkət edən Fərhad Mirzə qubernator Staroselski ilə birlikdə Göyçaya gəlib və burada təntənəli şəkildə qarşılanıb. Onun şərəfinə Göyçayda atəşfəşanlıq təşkil edilib və şəhərin mərkəzi küçələrindən birinə Fərhad Mirzə Qacarın adı verilib. Şahzadəyə Göyçay ş.-inin xəritəsini də verirlər ki, öz adını daşıyan küçəni xəritədə də görə bilsin. Şahzadə Şirvan ərazisini seyr etdikdən sonra şeirlə “Şirvana Şərvan deyirlərmiş, yəni şər ocağı. Amma bura xeyrəvandır” deyib.
Mirzə Fətəli Axundov Qafqaz canişininin tərcüməçisi olduğundan, Fərhad Mirzə Qacarı səfər boyu müşayiət edib və görüşlərdə onun tərcüməçisi olub. Bir faktı da qeyd etmək lazımdır ki, Mirzə Fətəlinin qızı Fərhad Mirzənin qardaşı Bəhmən Mirzənin oğlunun həyat yoldaşı idi. Fərhad Mirzə Qacarla görüşə “Bəhmən Mirzənin oğlu Xanbaba xan öz oğlu, Mirzə Fətəli Axundovun yeddiyaşlı nəvəsi Mənsur Mirzə ilə gəlmişdi. Həmin görüşdə şahzadə Fərhad Mirzə onda Axundovun zəkasının təsiri göründüyünü bildirmişdir”.
Fərhad Mirzə Məkkə ziyarətindən sonra geri qayıdarkən 1876 il martın 26-da “Əkinçi” qəzetinin naşiri, milli şüurun oyanışında mühüm rol oynayan Həsən bəy Zərdabi ilə Bakıda görüşü zamanı deyib: “Qəzet sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsaydı, İranda da xeyli oxucusu tapılardı”.
Həsən bəy də burada farsdilli əhalinin az olduğunu söyləyib. Şahzadə bir də deyib ki, Zərdabi ifadəsi heç məlum deyil və Zərdabın harada yerləşdiyi məlum olmur… Şirvani təxəllüsü yazsaydın, bu, məlum, məşhur ərazidir. Həsən bəy bildirir ki, bu vaxtadək belə tanınmışam və Şirvani olmaq xanzadələrin haqqıdır… Əgər dəyişdirməli olsaq, gərək dövlətdən izin alaq və çətin ki, izin verələr. Daha sonra şahzadə qeyd edib ki, Zərdab Göyçay qəz.-da bir kənddir və Həsən bəyin əsli ordandır…
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, s. 73-74