XX əsrin əvvəllərində Bakı quberniyasında ipək istehsalında irəliləyiş müşahidə olunurdu. Canlanma əsasən xaricdən gətirilən sağlam və məhsuldar barama toxumlarının hesabına idi. Azərb.-da istehsal olunan baramanın 85-90%-i Türkiyədən gətirilən ipəkqurdlarından hasil olunurdu. 1900 ildə Göyçay qəz.-na İstanbul firmaları olan “Levaş oğlu” 6500 qutu, Konstandimdis 5000, Kavumdis 2000, Damac firması 2500 qutu barama toxumu paylamışdı. Həmin il Göyçay qəz.-sında Türkiyədən gətirilmiş və Bağdad növü adlanan 20-25 qutu barama satılmışdı. Qeyd etmək lazımdır ki, bu növ barama toxumu həm ucuz başa gəlirdi, həm də yerli şəraitə tez uyğunlaşırdı.
Göyçay qəz. ipəkçilik sahəsində Bakı quberniyasında aparıcı rol oynayırdı. 1898 ildə Göyçayda ipək məhsulları sərgisi təşkil edilmişdi. Göyçay qəz. həm də quberniyanın digər qəz. keyfiyətli barama toxumu ilə təchiz edirdi. 1910 ildə Bakı quberniyasında yetişdirilən 58 400 qutu barama toxumunun hamısı Göyçay qəz. yetişdirilmişdi.
1903 ildə ipək sənayeçilərinin qurultayında tut bağlarının sahəsinin artırılması qərara alındı. Bundan sonra Göyçay qəz. çəkil sahələri 5000 desyatinə qədər artırılır ki, bu sahədə də sonralar 5800 pud quru barama əldə olunmuşdu.
Göyçay məktəbinin müəllimi N.D.Kələşovun yazdığına görə, adətən qalın olduğundan barama qurduna xar tut və şah tutun yarpağı verilmir, ipəkqurdunun əsas yemi olan çəkil ağacı isə aşağıdakı qaydada artırılırdı: çəkil istilikdə toxum vasitəsilə artırılır. Çəkil əkiləcək yer yazda əkilir, peyinlə gübrələnir, sonra toxum əkilir. Növbəti yaza qədər çəkillərin boyu 1 arşına çatır. Növbəti yazda “toxmaçar” adlanan bu ağaclar Göyçay bazarında 1000 ədədi 35-40 qəpiyə satılır. Özünün şitili olmayanlar onu alıb öz plantasiyalarında bir-birindən 1,5 arşın aralı əkir və müntəzəm suvarırlar. Onun yazdığına görə, çəkil ağacları hər 5-7 ildən bir peyinlə gübrələndikdə daha çox məhsul verir.
1911 ildə Göyçayda Pata firmasının barama toxumu idarəsi açılır. Firmanın yetişdirdiyi barama qurdu toxumu Tiflisdə, Qafqaz ipəkçilik stansiyasında yoxlanışdan keçəndən sonra yerli bazarlarda satışa çıxarılır. Qeyd edək ki, ipəkçiliyin inkişafında 1900 ildə Göyçayda təşkil olunmuş baramaçılıq məktəbi də əhəmiyyətli rol oynadı.
Mənbə: Ə.Əhmədov. “XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı quberniyasında ipəkçiliyin inkişafı”. Bakı, Universitetinin xəbərləri, 2009, s. 108, 111.