Göyçay şəhərinin Natəvan küçəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Potu kəndinin sakini Kərimli Orxan Akif oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Orxanın şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümündə keçirilən açılış mərasimində rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, “Şəhid Ailələrinə Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin işçiləri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə Göyçayın Şəhidlər xiyabanında Orxan Kərimlinin məzarını ziyarət edib, üstünə çiçəklər düzüblər.
Bulağın açılışında rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunacağını vurğulayıb.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçayın Potu kəndində anadan olub. 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsində cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. 2020-ci il oktyabrın 10-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.