Göyçayda Azərbaycan Ordusunun hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi İntiqam Bəxtiyar oğlu Şirəliyevin şəhadətə yüksəlməsinin ikinci ildönümündə vaxtilə təhsil aldığı Potu kənd tam orta məktəbin girişində quraşdırılan barelyefinin açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək şəhidin məzarını ziyarət edib, üstünə tər çiçəklər düzüblər.
Barelyefin açılışında çıxış edən icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad edib. Bu Qələbənin asan olmadığı, İntiqam və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb.
Qeyd olunub ki, illər keçsə də, bizə Qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadacaq, gələcək nəsillər də onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər.
Şəhidin ailə üzvləri şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.
Mərasimində şəhidin şərəfli həyat yolundan da danışılıb. Qeyd edilib ki, İntiqam Şirəliyev 1997-ci il oktyabrın 8-də Göyçayın Potu kəndində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 2019-ci il dekabrın 7- dən N saylı hərbi hissədə müddətdən artıq xidmətə başlayıb. Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb. 2020-ci il sentyabrın 29-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.