(20.5.1935, Göyçay ş.) – alim, Azərb.da ekoloji təhsilin yaradıcılarından biri, coğrafiya e.d.(1987), prof.(1989), Əməkdar müəllim (2000).
1958 ildə ADU-nun Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmiş və 1960 ildə “İqtisadi coğrafiya” ixtisası üzrə aspiranturasına qəbul edilmişdir. 1965 ildə namizədlik, 1987 ildə isə Sankt-Peterburq Universitetində “Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1982 ildən BDU-da “Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” kafedrasının (2015 ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır) müdiridir.
Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisi məsələlərinə həsr olunmuşdur. 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifidir. Azərb.-ın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifidir. Azərb.-da ekologiyaya həsr edilmiş bir çox toplu və məcmuələrin müəllifi və elmi redaktorudur. Azərbaycanın əhalisi, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir çox proqramın tərtibində iştirak etmişdir. Ş.Y.Göyçaylının təşəbbüsü və səyi nəticəsində ilk dəfə Azərbaycanda “Coğrafiyaçı-ekoloq” ixtisası yaradılmışdır. Ş.Y.Göyçaylı 20-dən çox namizədlik dissertasiyasının rəhbəri, 4 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətində İqtisadi və Sosial Coğrafiya bölməsinin rəhbəri, Elm və texnika Komitəsi yanında Ekologiya komissiyasının üzvü, Coğrafiya üzrə ixtisaslaşmış müdafiə şurasının həmsədri, AAK.-da Yer elmləri bölməsi üzrə ekspert şurasının, BDU-nun Böyük Elmi Şurasının üzvüdür. Resp. elmi konfranslarında, beynəlxalq konqreslərdə və simpoziumlarda, xüsusilə MAB-6, Abitat-II Beynəlxalq konfransların işində əməli fəaliyyət göstərmiş və məruzələrlə çıxış etmişdir.
Beynəlxalq Elmi İnkişaf və Beynəlxalq Ekologiya akademiyalarının həqiqi üzvüdür. Ş.Y.Göyçaylı müvafiq nazirliklərin fəxri fərmanları ilə təltif olunmuş, 2000 ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 2009 ildə BDU-nun 90 illik yubileyi ilə bağlı “Şöhrət” ordeni ilə təltif edilib.
Əsərləri:
Regionların tətqiq edilməsinin metodoloji problemləri, Bakı, 2004;
Coğrafi ekologiyanın nailiyyətləri və problemləri, Bakı, 2005;
3. Xəzərdə monitorinq aparılmasının aktual problemləri, Bakı, 2005.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013. s. 52-53;
http://ecosoil.bsu.edu.az/az/content/vqi_gyayl