Martın 4-5-də əsən güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əsən güclü külək ən çox rabitə və elektrik təsərrüfatına ziyan vurub. Belə ki, xətlərdə yaranan nasazlıq səbəbindən Göyçay rayonunun 12 yaşayış məntəqəsinin elektrik enerji ilə təchizatında fasilə yaranıb. Habelə, rayon ərazisində 40-dan çox ağac aşıb, 2 evə və 1 avtomobilə ziyan dəyıb.
Rayon icra hakimiyyəti yanında fövqəladə hallar komissiyası aidiyyəti qurumların nümayəndələri ilə birlikdə dəymiş zərərin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Hazırda rayon ərazisində aşan ağacların kəsilərək götürülməsi, avtomobillərin hərəkətinin təmin edilməsi və əhalinin elektrik enerjisi ilə təminatının bərpası üçün tədbirlər görülür.