(1470/1475, Şirvan mahalının Bərgüşad k.-1520) – şairi. Dahi ədib Füzulinin ustadlarından sayılan görkəmli Azərbaycan şairi Həbibi təqribən 1470-75 illərdə Şirvan mahalının 1867 ildən Göyçay qəzasına daxil olmuş indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur.
Əsl adı mənbələrdə çəkilməyən Həbibi rəvayətə görə uşaqlıqda çobanlıq etmiş və təsadüf nəticəsində gənc yaşlarında Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur. Çaldıran vuruşmasından (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Sənətkarlığı ilə Füzulini belə heyran edən şairin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeiri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir.
Həbibinin yaradıcılığı Azərbaycan şeirinə (Şah İsmayıl Xətai, Füzuli və başqaları), ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şeirlərinin xalq ifadə tərzinə yaxın olan dilində mürəkkəb ərəb və fars tərkibləri qismən azdır.
Mənbə: Əzizağa Məmmədov. Füzulini heyran edən şairimiz // Həbibi. Şeirlər. Bakı, “Şərq-Qərb”, 2006, s.4-16.