(1470/1475, Şirvan mahalının Bərgüşad k. – 1520) – şair.
Dahi ədib Füzulinin ustadlarından sayılan görkəmli Azərbaycan şairi Həbibi təqribən 1470-75 illərdə Şirvan mahalının 1867 ildən Göyçay qəzasına daxil olmuş indiki Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Əsl adı mənbələrdə çəkilməyən Həbibi rəvayətə görə uşaqlıqda çobanlıq etmiş və təsadüf nəticəsində gənc yaşlarında Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gətirilmişdir. Sonralar Şah İsmayıl Xətainin sarayında böyük nüfuz qazanmış, hətta Məlik üş-şüara olmuşdur. Çaldıran döyüşündən (1514) sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Müasir tədqiqatçılar bunu Osmanlı sultanı I Səlimin o vaxt Səfəvilərin paytaxtı olan Təbriz şəhərini tutması ilə əlaqələndirirlər. Akademik Həmid Araslıya (1902–83) görə, Həbibi 1514 ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sultanı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1700 incəsənət xadimindən biri idi.
Övliya Çələbi Həbibini I Səlimin saray əyanı kimi təsvir etmişdir. Müasir tədqiqatçılar buna əsaslanaraq güman edirlər ki, türk və fars ədəbiyyatı ilə yaxından maraqlanan sultan Həbibini sarayını tərk etdiyinə görə məyus qalmış Şah İsmayıldan qorumağa çalışırdı.
Mənbələrdə I Səlimin dövründə vəfat etdiyi bildirilən Həbibinin dəqiq ölüm tarixi məlum deyil. Övliya Çələbinin qeydlərinə görə, o, Sütlücədə yerləşən Cəfərabad xanəgahında dəfn edilmişdir.
Əsərlərini doğma Azərbaycan dilində, aydın üslubda yazan, hürufilik və təsəvvüf kimi mövzulardan bəhs edən, sənətkarlığı ilə Füzulini belə heyran edən, onu əsərinə nəzirə, təxmis yazmağa sövq edən, Kişvəri ilə dostluq edən Həbibinin şeirləri yüksək poetik işləmələri, həyatın incə duyğuların tərənnümü ilə fərqlənir. Lakin Həbibinin divanı dövrümüzədək gəlib çatmamışdır. Ədəbi irsindən yalnız 50-yə qədər şeiri (qəsidə, qəzəl, müsəddəs, tohid, qitə və sair) məlumdur. Şeirlərində insan ləyaqətini, mənəvi gözəlliyi, məhəbbəti tərənnüm etmişdir. Həbibinin şeirlərində hürufiliklə bağlı motivlər də öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.
Həbibinin yaradıcılığı Azərbaycan şeirinə, Şah İsmayıl Xətai, Füzuli və başqalarının yaradıcılığına, ümumiyyətlə, türkdilli poeziyaya güclü təsir göstərmişdir. Şeirlərinin xalq ifadə tərzinə yaxın olan dilində mürəkkəb ərəb və fars tərkibləri qismən azdır.
Öz dövrünün görkəmli Azərbaycan şairlərindən biri olan Həbibiyə Çakəri Sinan Çələbi, Səfayi Çələbi, Cəlalzadə Mustafa Çələbi, Həyati Çələbi, Tutmaçı kimi XVI əsr şairlərinin nəzirələr yazmaları onun Osmanlı poeziyasında da tutduğu yerin əhəmiyyətini göstərir.
Mənbə: Əzizağa Məmmədov. Füzulini heyran edən şairimiz // Həbibi. Şeirlər. Bakı, “Şərq-Qərb”, 2006, s. 4-16;
Azərbaycan ədəbiyyatı tarixi, III cilddə, I cild, Bakı, 1960;
Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. “Ozan”, Bakı, 1998.