Əl-hac Hüseyn Əfəndi əş-Şəkəristani əl-Qaraqoyuni əş-Şirvani ən-Nəqşibəndi (1824, Şirvan xanlığının, Sərdərin mahalının Şəkər k. – 1880, Ağsu r-nu) – din xadimi.
Atası Həsən Ağakişi oğludur. Hacı Hüseyn Əfəndi Külüllü k.-də tədris və irşad fəaliyyəti göstərən Şeyx Hacı Əhməd Əfəndiyə intisab etmiş, zahiri elmlərlə yanaşı, Nəqşibəndiyyə məktəbindən qaynaqlanan batini biliklərə də yiyələnmişdir. Mürşidi 1855 ildə Tambova sürgün edilərkən Hacı Hüseyn Əfəndi təsəvvüfi fəaliyyətə hazır idi. O, xilafənamə almaqla bərabər, şeyxinin zahiri və batini təhsil görmüş qızı Hacı Gülpəri ilə evlənmək şərəfinə də nail olmuşdur. Bu zaman şeyxlərin təqib olunması ilə əlaqədar uzun müddət təsəvvüfi fəaliyyət gizli həyata keçirilirdi. Səbəb Dağıstan və Çeçen xalqlarında Nəqşibəndiyyə müridlərinin liderlik fəaliyyəti və ruslarla müharibə aparan türklərdə həmin təriqətin üstünlük təşkil etməsi idi. Lakin 1856 ildə Krım müharibəsi, 1859 ildə Qafqaz müharibəsi başa çatıb. İmperiyanın radikal siyasətində yumşalma və yerli nüfuz sahibləri ilə razılaşma nəzərə çarpır.
Beləliklə, Hüseyn Əfəndinin fəaliyyəti genişlənir. 1863 ildə Hacı Hüseyn Əfəndi Bərgüşad dairəsinin İnçə k.-də (Göyçayda) yaşayır və təsəvvüfi fəaliyyətlə məşğul olurdu. Hacı Qəhrəman bəyin vəfatından sonra Şirvan müridlərinin əksəriyyəti yenidən Hacı Hüseyn Əfəndinin ətrafında toplaşır. Odur ki, onu “Nəqşibəndiyyə təriqətinin Şeyxi, Arif, Ali (şəxslərin) qütbü” kimi vəsf etmişlər.
Hüseyn Əfəndi 1880 ildə (h.1297) vəfat etmişdir. O öz yerinə qardaşı Hacı Əhməd Əfəndidən və şeyxin özündən zahiri və batini təhsil görmüş Hacı Süleymanın irşad etməsini istəmiş, ailəsini və kitablarını ona əmanət etmişdir.
Hüseyn Əfəndi Qaraqoyunluda, Nazırçay sahilində (Ağsu r-nu) dəfn edilmişdir. Qəbri üzərində türbə ucaldılmışdır. Lakin çayda sel sularının artması nəticəsində kəndin ümumi qəbiristanlığı zərər çəkmişdir. Odur ki, 1907-09 illərdə şeyxin oğlu Mustafa Şah tərəfindən qəbrin və türbənin yeri dəyişdirilmişdir. Xıdırlı müridlərinin Ələtdən gətirdiyi ağ əhəng daşlarından memar Bakılı Xələf “Ağ Gümbəz” türbə kompleksini inşa etmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpək yolu, 2014, s. 98-99.